Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-92

Azərbaycan tarixindən yüz şəxsiyyət-92

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Rəşid Behbudov

(1915-1988)

Rəşid Məcid oğlu Behbudov 1915-ci ildə Tiflis şəhərində dünyaya göz açmışdır. Onun atası, əslən şuşalı olan Məcid Behbudov Azərbaycan xalq mahnılarının mahir bilicisi və ifaçısı kimi tanınmışdır. Orta məktəbi Tiflisdə bitirdikdən sonra Rəşid elə buradaca 1930-cu ildə ifaçılıq fəaliyyətinə başlamışdır.

1938-ci ildə  Rəşid Behbudov Yerevan filarmoniyasının rəhbərliyindən dəvət alır. O zaman bir çox Azərbaycan sənətçiləri bu şəhərdə yaşamış və işləmişdir. Onların yaratdıqları həmin əsərlərin bir çoxunu indi ermənilər öz adlarına çıxırlar.

Rəşid Behbudov 1938-ci ildən Yerevan filarmoniyasının solisti olmuş, həmçinin, Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda azərbaycanlının yaşadığı Yerevanda onun hər konserti alqışlarla qarşılanırdı. Bununla belə, gənc müğənni erməni mədəniyyət xadimlərinin qısqanclığı ilə üzləşirdi. Burada Azərbaycanlı sənətçinin inkişafı üçün şəraitin olmadığını görən müğənni Bakıya köçür. Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəşid Behbudov gərgin əməyi sayəsində 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olur. O, həmçinin, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də çıxış etməyə başlayır. Rəşid Behbudovun bir müğənni kimi təkcə Azərbaycanda deyil, ondan kənarlarda da tanınması məhz bu teatr və filarmoniyanın adı ilə bağlı olmuşdur.

Azərbaycan xalq mahnılarının, Azərbaycan bəstəkarlarının vokal əsərlərinin SSRİ-də, həmçinin, xarici ölkələrdə populyarlaşmasında Rəşid Behbudovun xidmətləri böyükdür. Bununla bərabər, onun repertuarına SSRİ və dünya xalqlarının, eləcə də özünün mahnıları da daxil idi. O, dünyanın bir çox ölkələrində ya qastrollarda olduqda və ya tədbirlərdə iştirak etdikdə həmin ölkənin dilində azı bir-iki mahnı oxuyurdu. Belə ki, onun repertuarında 50-dən artıq xarici mahnı var idi.

Zəngin çalarlı gözəl səsə  malik olan müğənni lirik tenor idi. Peşəkar musiqiçilər qeyd edirlər ki, onun ifaçılığına hisslərin təbiiliyi və dolğunluğu, həmçinin səmimilik xasdır. Əksər Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizəetmə xüsusiyyəti Rəşid Behbudovun yaradıcılığında özünü orijinal şəkildə göstərmişdir. Onun ifa etdiyi hər bir musiqi əsəri tamaşa təəssüratı bağışlayır, dinləyci sanki həmin musiqi əsərində söylənilənləri öz gözləri ilə görürdü. R.Behbudovun ifasında məşhur opera partiyaları özünəməxsus tərzdə elə bir sənətkarlıqla səslənir ki, ondan sonra bu partiyalar ya "Rəşidin mahnıları", ya da "Rəşidin partiyası" adı ilə tanınırdı. Belə ki, o, Azərbaycan Opera və Balet Teatrında F.Əmirovun "Sevil" operasında Balaş, Ü.Hacıbəylinin "Arşın mal alan" operasında Əsgər partiyalarının ən mahir ifaçısı idi. Opera ustası kimi o, Moskva Dövlət Musiqili Teatrına dəvət almış və bir müddət orada çalışmışdır.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-92

 

Rəşid Behbudov kino aktyoru kimi də özünü sınamışdır. 1945-ci ildə onun iştirakı ilə çəkilən "Arşın mal alan" bədii filmində o, baş rolu ifa etmişdir. Kim dünyanın hər yerində, onlarca ölkədə nümayiş etdirilmiş, baş rolun ifaçısına böyük şöhrət gətirmişdir. Gözəl aktyor ansamblı, Şərq əlvanlığı, Azərbaycan musiqiləri bu filmi şedevr əsərlərdən birinə çevirmişdir. Azərbaycan kinosu məhz bu filmlə (rejissor - R.Təhmasib) dünya ekranlarına çıxmışdır.

1958-ci ildə R.Behbudov "Sevimli mahnı" bədii filmində çəkilmişdir. Ona əsl tamaşaçı məhəbbəti qazandıran kino əsəri "Bəxtiyar" bədii filmi olmuşdur. Sadə bir azərbaycanlı oğlanın səsi və işgüzarlığı sayəsində hamı tərəfindən sevilən müğənni olmasına həsr edilən bu filmin bir çox parçaları avtobioqrafikdir və R.Behbudovun sənət yolunu qismən də olsa əks etdirir. Kinofilmdə onun ifasında səslənmiş mahnılar tezliklə xalq arasında populyarlıq qazanmışdır. 1974-cü ildə Rəşid Behbudov "1001-ci qastrol" bədii filmində çəkilmişdir.

Azərbaycan Opera və Balet Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının yazılmamış qanunlarına əsasən, onlar klassik musiqi əsərlərinin ifasını tələb edirdilər. R.Behbudov isə klassik musiqi ilə bərabər, xalq mahnılarını, eləcə də estrada janrında yazılmış mahnıları da ifa etmək istəyirdi. Qeyd etmək lazımdır ki, bu tipli mahnıları ifa etmək üçün Azərbaycanda o dövrdə xüsusi musiqi ocağı yox idi. 1957-ci ildə Rəşid Behbudov Azərbaycan Dövlət Konsert Ansamblının yaradılmasına nail oldu. Burada o xoşladığı və xalq tərəfindən rəğbətlə qarşılanan janrlarda mahnılar yaratmaq imkanı qazandı. O, həmin ansamblın ilk rəhbəri olmuş və 1959-cu ilədək bu vəzifədə çalışmışdır. Sovet rejiminin sərt və mənasız qanunları çərçivəsindən çıxmaq, azad, sərbəst yaratmaq istəyi onu müxtəlif yollar axtarmağa vadar edirdi.

1959-cu ildə R.Behbudova SSRİ xalq artisti fəxri adı verilmişdir. 1966-cı ildə Rəşid Behbudov özünün təşkil etdiyi Azərbaycan Dövlət Mahnı Teatrını yaradır və özü də teatrın həm solisti, həm də bədii rəhbəri olur. O dövrdə SSRİ-də bu səpkili teatr yox idi. Teatrda musiqi və estrada sənətinin müxtəlif janrları ilə balet, pantomima və s. üzvi surətdə birləşdirilirdi. Hal-hazırda "səhnə şousu", "musiqi perfonmansı" və bu kimi əcnəbi terminlərlə bildirilən musiqi-tamaşa janrını ilk dəfə R.Behbudov Azərbaycan səhnəsinə gətirmişdir. Teatrda hazırlanan hər bir mahnı, doğrudan da, tamaşa kimi qəbul edilirdi. Bəli, o, musiqinin gələcək inkişaf mərhələlərini qabaqcadan, uzaqgörənliklə duymuşdu. Maraqlıdır ki, teatrda hazırlanan bir çox mahnılar kiçikmetrajlı süjetli film kimi lentə köçürülürdü. Bu tip filmlərə hal-hazırda "klip" və "videoklip" deyilir.

Rəşid Behbudov Albaniya, Bolqarıstan, Belçika, Misir, Efiopiya, Hindistan, Çin, Finlandiya, İraq, İran, Türkiyə, Çili, Argentina və s. ölkələrdə qastrollarda olmuş, onun iştirakı ilə keçirilən konsertlər irqindən və milliyyətindən asılı olmayaraq bütün insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

1987-1988-ci illərdə Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda, onu boğmaq məqsədi ilə mürtəce qüvvələr "Qarabağ problemi" adlı uydurma problem ortaya atanda, Ermənistandan milyonlarla soydaşımız qovulanda Rəşid Behbudov böyük sarsıntılar keçirdi. Əslən qarabağlı olan, uzun müddət Ermənistanda fəaliyyət göstərmiş, xalqların dostluğuna səmimi-qəlbdən inanmış bir insana həmin hadisələr olduqca böyük əzab verdi və onun səhhətinə mənfi təsir göstərdi. Nəticədə görkəmli müğənnimiz 1988-ci ildə vəfat etdi və Fəxri xiyabanda dəfn olundu.

20 dekabr 2015
GO BACK