Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Məhəmmədhüseyn Şəhriyar
(1906-1988)
Məhəmmədhüseyn Hacı Mirağa oğlu Şəhriyar 1906-cı ildə Təbrizdə vəkil ailəsində anadan olmuşdur. Şəhriyar uşaqlıq illərini Heydərbaba dağının ətəklərindəki Xoşginabda və Şəngilavada keçirmişdir. İbtidai və orta təhsilini Təbrizdə mədrəsədə almış, daha sonra Tehran universitetinin tibb fakültəsinə daxil olmuşdur. Burada Sürəyya adlı bir tələbə qızı sevmiş, onunla evlənmək istəmiş, bu isə qızın varlı qohumlarının qəzəbinə səbəb olmuşdur. Onlar universitetin rəhbərliyinə təzyiq göstərmiş və Şəhriyar sonuncu kursda təhsilini yarımçıq qoymağa məcbur olmuşdur.
M.Şəhriyar 1932-1935-ci illərdə dövlət qulluqçusu kimi Nişapurda, Xorasanın müxtəlif şəhərlərində və Məşhəddə çalışıb. 1934-cü ildə atasını, az keçmiş isə anasını itirən Şəhriyar "Atamın matəmində" və "Eyvay anam" kimi böyük təsiredici qüvvəyə malik şeirlərini yazıb. 1935-ci ildə Tehranda kənd təsərrüfatı bankında işə düzələn şair ömrü boyu maddi ehtiyac içində yaşayıb. 1953-ci ildə o, Təbrizə qayıdıb.
Şairin ilk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, iki hissədən ibarət "Heydər-babaya salam" poeması, "Azərbaycan dilində əsərləri" toplusu çapdan çıxıb. Şəhriyarın şeirlərində klassik Azərbaycan şairlərinin yaradıcılığı dərin iz buraxmışdır. Şair S.Ə.Şirvaninin "Gəlim" rədifli qəzəlinə ana dilində nəzirə yazmışdır. Şairin fars dilində yazdığı "Yoxdur" rədifli qəzəli isə məzmunca M.P.Vaqifin məşhur "Bayram oldu" qoşmasını xatırladır. Şəhriyarın "Yetim" şeri isə M.Ə.Sabirin "Ey dərbədər gəzib ürəyi qan olan çocuq" misrası ilə başlanan satirası ilə səsləşir.
M.Şəhriyar şeirlərini Azərbaycan və fars dillərində yazırdı. Hər iki dildə yüksək sənətkarlıqla yaratdığı əsərlərdə şair klassik Azərbaycan və fars şeri ənənələrini yeni poetik axtarışlarla üzvi vəhdətdə birləşdirmişdir. Şairin farsca yazdığı lirik şeirləri XIV əsr məşhur qəzəl ustası Hafizdən sonra İran lirikasının ən gözəl nümunəsi sayılır. Şəhriyarın farsca lirikasında qəzəl janrı əsas yer tutur. "Sızlayır əhvalıma sübhə qədər tarım mənim" misrası ilə başlanan "Mənim" rədifli qəzəlində şair həmin qəmli günlərini təsvir edib.
M.Şəhriyarın ictimai məzmunlu şeirləri daha çoxdur. Belə şeirlərində o, ölkədəki zülm və ədalətsizliyi, ictimai bəlaları yana-yana qələmə alıb.
Şair "Elm və hikmət", "Kəmalülmülkün ziyarəti" məsnəvilərində yaradıcı ziyalıların acınacaqlı taleyindən bəhs edir. "Gecənin əfsanəsi", "Qardaşım oğlu Hüşəngə" məsnəviləri fəlsəfi məzmun daşıyır. "Eynşteynə müraciət" adlı kiçik poema təsiri bağışlayan məsnəvisində şair bəşəriyyət üçün taleyüklü məsələ olan atom bombasından söz açaraq xalqları uzaqgörənliklə ayıq-sayıq olmağa çağırır.
Sovet Azərbaycanına rəğbət hissi ilə yanaşan şair onun tarixini öz tarixi kimi qəbul edirdi. Onun 1943-cü ildə yazdığı "Stalinqrad qəhrəmanları" poeması müharibə mövzusundadır. Şair alman faşistlərini şər rəmzi olan Əhrimənə bənzədir, onlar üzərində qələbə çalan qəhrəmanları alqışlayır. Şairin "Divani-türki" adlı kitabında ana dilində yazdığı şeirləri toplanmışdır. "Türkün dili" adlı şerində o öz ana dili haqqında deyirdi: "Türkün dilitək sevgili, istəkli dil olmaz".
Məhəmmədhüseyn Şəhriyar ana dilindəki bir sıra şeirlərini Şimali Azərbaycanda yaşayan ədib qardaşlarına-Süleyman Rüstəmə, Məmməd Rahimə, şərqşünas alim Rüstəm Əliyevə mənzum məktub şəklində yazmışdır. Şairin "El bülbülü", "Döyünmə-söyünmə", "Gözüm aydın" kimi şeirlərində Sovet Azərbaycanındakı qardaşları ilə görüşmək istəyi ifadə olunmuşdur. Onun "Ayrılıq" şeri bu baxımdan xüsusilə əhəmiyyətlidir: Bizi yandırır yaman ayrılıq, Bu darıxdıran duman ayrılıq, Başa sovurur saman ayrılıq, Aman ayrılıq, aman ayrılıq.
Ömrü boyu Şimali Azərbaycanı və onun paytaxtı Bakını görmək həsrəti ilə yaşayan şairə İranın şah rejimi Sovet Azərbaycanına qısa müddətə getməyə icazə vermiş, lakin sonra qadağan etmişdir. Ümidlə səfərə hazırlaşan Şəhriyara bu qadağa ağır təsir etmişdir və o bunu "Qafqazlı qardaşlar ilə görüş" şerində göstərmişdir. Şairin S.Rüstəm, M.Rahim, B.Vahabzadə, N.Xəzri ilə mənzum yazışması ədəbi-bədii xüsusiyyətlərinə görə də maraqlıdır. Bu məktublarda qardaşlıq və məhəbbət hissləri, ayrılıq həsrəti səmimi və təsirli ifadə edilir.
M.Şəhriyarın ana dilində yazdığı məşhur şeirlərindən biri də "Səhəndiyyə"-dir. Cənubi Azərbaycanın Səhənd dağına müraciətlə yazılmış bu şeirdə şair doğma yurdun gözəlliklərindən danışır.
Şəhriyarın 1954-cü ildə yazdığı "Heydər-babaya salam" poeması bütün müasir Cənubi Azərbaycan poeziyasında yeni mərhələdir. Poemada Şəhriyar Cənubi Azərbaycanın təbiətinin gözəllikləri, xalqın adət və ənənələri. ana yurduna tükənməz odlu məhəbbəti əlvan poetik boyalarla, canlı xalq dilində tərənnüm etmişdir. Poemanın ən böyük məziyyəti onun xəlqiliyindədir. Əsərdə müasir Cənubi Azərbaycan kəndinin sosial ziddiyyətləri, xalqın acınacaqlı həyatı ürək ağrısı ilə təsvir edilmiş, onun kədər və sevinci, arzu və nisgili əks olunmuşdur. Şairin bu poeması Cənubi Azərbaycan və milli həyatımız barəsində poetik bir ensiklopediya təsirini bağışlayır. Heydərbaba dağına müraciət formasında yazılmış poema iki hissədən ibarətdir. Poemanın məhz dağa müraciətlə yazılmasını şair belə izah edir: "Dağ göylərə yaxındır. O, təbiətin şah əsərlərindən biridir. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün Yer üzünə yayaraq hamının qulağına çatdırmağı təkcə o bacarır". Əsərdə xalqımızın faciəli taleyi, tarixi ədalətsizlik, Azərbaycanın ikiyə bölünməsi ilə bağlı məsələlər də diqqəti cəlb edir. Poemanın ən başlıca xüsusiyyətlərindən biri xalqın gələcəyinə dərin inam hissinin ifadəsidir. Şair Heydərbaba dağının timsalında bütöv Azərbaycanı ümumiləşdirərək xalqın mərd oğulları sayəsində öz səadətinə qovuşacağına inanır. Poema xalq danışıq dilində yazılmışdır. Əsərin əsas ideyası vətənpərvərlik, doğma yurda sonsuz məhəbbət hisslərinin aşılanmasıdır. Poema Cənubi Azərbaycanda anadilli poeziyaya geniş yol açmışdır. Cənubi və Şimali Azərbaycanda ona çoxlu nəzirələr yazılmışdır.
Şəhriyarın yaradıcılığı İraq və Türkiyədə də şöhrət qazanmışdır. 1978-ci ildə İranda şah rejimi devrildikdən sonra yerli hökumət şairə təqaüd təyin etmişdir.
Müasir Cənubi Azərbaycan və İran ədəbiyyatının on böyük nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyar 1988-ci ildə Təbrizdə vəfat etmiş və məşhur "Şairlər qəbiristanlığı"-da dəfn edilmişdir.