Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-81

Azərbaycan tarixindən yüz şəxsiyyət-81

 

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Mustafa Topçubaşov

(1895-1981)

Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuşdur. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə əsasən 40 min erməni İrandan və 80 min erməni Türkiyədən Azərbaycana köçürülmüş, onların böyük qismi İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvanda yerləşdirilmişdir. Rusiya məmurları Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq, gələcəkdə İrəvanı erməniləşdirib erməni dövlətinin paytaxtı elan etmək planlarını gizlətməmişdilər. Buna baxmayaraq XIX əsrin sonlarında İrəvanda minlərlə azərbaycanlı ailəsi yaşayırdı.

İlk təhsilini İrəvanda aldıqdan sonra Mustafa Kiyev Universitetinin tibb fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir. 1920-ci ildə Azərbaycana qayıdan Topçubaşov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator kimi fəaliyyətə başlayır. 1923-cü ildə o, assistent təyin edilir və 1930-cu ilədək bu vəzifədə çalışır. Bu dövrdə Topçubaşov patoloji məsələlər, cərrahi problemlərlə dərindən maraqlanırdı. Onun tibbdə seçdiyi istiqamət  öddaşı  xəstəliklərinin müalicəsi, periferik iflic xəstəliyinin və  portal hipertenziyanın xüsusiyyətləri və müalicə üsullarının araşdırılması ilə bağlı idi. Bu istiqamətdə Topçubaşov hamını heyrətləndirən orijinal diaqnostika və cərrahi üsul kəşf edir.

1937-ci ildə M.Topçubaşov dünyada ilk dəfə olaraq analgeziyanın müalicə üsulunu kəşf edir. Bu üsuldan indi də geniş istifadə olunur. 1940-cı ildə cərrah Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülür. 1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum edir. Sovet dövlətinin tərkib hissəsi olan Azərbaycanın faşizmin bəşəriyyət üçün necə böyük təhlükə törətdiyini yaxşı anlayan minlərlə oğul və qızları könüllü olaraq cəbhələrə yollanır. Azərbaycanın bütün iqtisadiyyatı cəbhə üçün işləməyə başlayır. Azərbaycanın tibb işçilərinin də faşizm üzərində qələbənin qazanılmasında böyük rolu olmuşdur. Cəbhəyə göndərilən hərbi hissələr həkim, feldşer, tibb bacısı və sanitar kadrları ilə burada təmin edilir, bütün lazımi tibbi avadanlıq və vasitələrlə təchiz olunurdu.

Müharibə illərində Bakı şəhərində 70 iri hərbi hospital yaradılmışdı. Bütün cəbhələrdən bura minlərlə yaralı gətirilirdi. Gecə-gündüz çalışan Azərbaycan həkimləri minlərlə yaralını sağaltmağa nail olmuşdular. Mustafa Topçubaşov hərbi-səhra cərrahiyyəsinin yeni-yeni üsullarını icad etməklə bərabər, hospitallarda keçirdiyi əməliyyatlarla minlərlə yaralını ölümdən xilas etmişdir.

Hərbi həkim kimi fədakar fəaliyyətinə görə M.Topçubaşov 1943-cü ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

1945-ci ildə M.Topçubaşov Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. 1945-ci ildə Azərbaycan SSR Eksperimental Tibb İnstitutunun direktoru təyin edilən M.Topçubaşov 1948-ci ilədək bu vəzifədə çalışmışdır. M.Topçubaşovun 1949-cu ildə icad etdiyi bir aparat insanın bədəninin daxilinə düşmüş kənar əşyaların aşkarlanıb aradan qaldırılmasına imkan verirdi.

 

1949-cu ildə cərrahın bu aparat barəsində rus dilində yazdığı kitab SSRİ alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Alim təkcə ölkə daxilində deyil, SSRİ-dən kənarda da elmi tədbirlərdə iştirak edir, onun nailiyyətləri dünya alimləri tərəfindən yüksək qiymətləndirilirdi. Bolqar həkim və alimlərinə əməli köməklik göstərmiş M.Topçubaşov 1951-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Onun elmi işləri Avropa dillərinə tərcümə edilirdi.

1951-1956-cı illərdə M.Topçubaşov Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. İkinci dəfə bu vəzifəyə alim 1969-cu ildə seçilmiş və həyatının son günlərinədək bu vəzifədə çalışmışdır.

Respublikada böyük hörmət sahibi olan Mustafa Topçubaşov dəfələrlə deputat seçilmişdir. 1955-1959-cu və 1967-1971-ci illərdə o, Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Parlamentin sədri kimi məsul vəzifədə çalışan M.Topçubaşov xalqın bir sıra problemlərinin həllində yaxından iştirak etmişdir.

1960-cı ildə M.Topçubaşovun elmi fəaliyyəti Sovet İttifaqı miqyasında yüksək qiymətləndirilmişdir. O, SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilmişdir. Həmin ildə ona həm də Azərbaycanın Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri adı verilmişdir. Tibb sahəsində ən yüksək pillələrə qalxmasına baxmayaraq məşhur cərrah yorulmadan elmi tədqiqatlarını davam etdirirdi. 1961-ci ildə onun rus dilində çap olunmuş "Portal hipertenziya və onun cərrahi müalicəsi" kitabı tibb elmində inqilab kimi qiymətləndirilir. Alim-cərrah yeni, daha optimal üsul təklif etməklə minlərlə xəstəyə qısa müddət ərzində şəfa tapmaq imkanı verirdi. Bir çox ölkələrdən minlərlə həkim və xəstələrdən gələn təşəkkür məktubları və teleqramlar buna sübutdur.

1975-ci ildə görkəmli həkim və alim M.Topçubaşova SSRİ-nin ən yüksək mükafatı-Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir. Bu dövrədək o artıq 4 dəfə Lenin ordeni, 5 digər orden, onlarca medalla təltif edilmişdi.

1976-cı ildə o, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiya heyətinin üzvü seçilmişdir. Bu, Azərbaycanın ilk ensiklopediyası idi. Bəzi çatışmazlıqları nəzərə almasaq, ensiklopediyanın tərtib edilməsi Azərbaycanın elmi-ictimai həyatında böyük hadisə idi. M.Topçubaşov bu ensiklopediyanın əsasən tibb elminə aid olan, tibb terminlərini şərh edən məqalələrini toplayır, onların səviyyəsinə görə cavabdehlik daşıyırdı.

Bununla belə, elmi fəaliyyətini davam etdirən alim ömrü boyu topladığı təcrübəsini həmkarları ilə bölüşmək məqsədi ilə elmi əsərlər yazır və çap etdirirdi. "Tibbdə uzun müddətli analgeziya" (1979), "Ətraf mühit və sağlamlıq" (1979), "Ürək-damar xəstəlikləri və onların qarşısının alınması" (1980) kimi əsərləri elmi ictimaiyyətin böyük diqqətinə səbəb olmuşdur. Alimin son əsəri "Xüsusi cərrahlıq" adlı kitabı olmuşdur. "Ətraf mühit və sağlamlıq" kitabında o uzaqgörənliklə bildirmişdir ki, ekoloji problemlərin artması insanların səhhətinə mənfi təsir göstərir, ayrı-ayrı fərdlərin deyil, hətta xalqların sağlamlığının pisləşməsinə səbəb olur. O, həyəcan təbili çalaraq ekoloji problemlərə yol verməməyə çağırır, mövcud problemlərin hamılıqla aradan qaldırılmasının vacibliyini bildirirdi.

Mustafa Ağabəy oğlu Topçubaşov 1981-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

20 noyabr 2015
GO BACK