Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Mehdi Hüseynzadə
(1918-1944)
Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Hənifə Bakının köhnə məhəllələrindən birində böyüyüb boya-başa çatmışdı. O uzun illər Bakı şəhəri milisinin cinayət-axtarış idarəsində işləmiş, əməliyyatların birində quldur gülləsindən həlak olmuşdu. Artıq orta məktəbdə oxuduğu dövrdə Mehdinin rəssamlıq qabiliyyəti özünü büruzə vermiş və hamı ona mütləq rəssam olmağı məsləhət görmüşdür.
Orta məktəbi bitirdikdən sonra Mehdi Hüseynzadə Azərbaycan rəssamlıq məktəbinə daxil olmuş və 1936-cı ildə oranı bitirmişdir. Lakin çılğın gənc həyatda öz yolunu axtarmaqda davam edirdi. O, əvvəlcə Bakıda V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. Bir az keçdikdən sonra Leninqrada (indiki Sankt-Peterburqa) yollanan Mehdi müvəffəqiyyətlə Xarici Dillər İnstitutuna daxil olmuş və burada oxumuşdur. II Dünya müharibəsi başlayanda o hələ təhsilini başa vurmamışdı.
1941-ci ildə ordu sıralarına çağırılan Mehdi Hüseynzadə ali təhsilli olduğundan ona hərbi məktəbə daxil olmaq təklif edilir. O, Tbilisi piyada hərbi məktəbinə daxil olur və qısamüddətli kursları bitirdikdən sonra leytenant rütbəsini alır.
1942-ci ilin avqustunda Mehdi Hüseynzadə Azərbaycanlılardan ibarət 223-cü milli atıcı diviziyaya təyinat alır. Qeyd etmək lazımdır ki, müharibədən əvvəl milli diviziyalar yaratmaq ideyasına mənfi yanaşan sovet dövlətinin rəhbərliyi müharibənin ilk dövründə ağır məğlubiyyətlər şəraitində milli diviziyaların yaradılmasına icazə vermişdi. Mehdi Hüseynzadə 223-cü diviziyanın
1041-ci atıcı alayında tağım komandiri vəzifəsində döyüşə atılır.
1942-ci ilin son aylarında almanlar Qafqaz istiqamətində yeni, daha möhtəşəm və güclü hücuma başlayır. Hərbi aviasiya və tanklarda üstün olan almanlar Bakıya-neft mədənlərinə doğru irəliləyirdilər. Onların qarşısında milli Azərbaycan diviziyaları dayanırdı. Çox vaxt aviasiya və artilleriya dəstəyi olmadan, tanklar sarıdan korluq çəkən, cüzi döyüş sursatı ehtiyatına malik olan bu diviziyalar vətən qarşısında borcu axıradək yerinə yetirirdilər. Diviziyalarımız böyük itkilər verirdilər. Onlarda 14-12 min döyüşçü əvəzinə, 150-200 döyüşçü qalmışdı. Belə diviziyalar geriyə-Azərbaycana qaytarılır, burada yeni döyüşçü və zabitlərlə təmin edilir və yenidən döyüşə göndərilirdilər. Kerç döyuşlərində ağır itkilər vermiş 77-ci diviziya, Feodosiya desant əməliyyatında ağır itkilər vermiş
396-cı diviziya, Mozdok döyüşlərində ağır itkilər vermiş 402-ci diviziya şan-şöhrət qazanmış və düşmənin Azərbaycana doğru hər addımını cəhənnəmə çevirmişdilər.
Ön xətdə vuruşan Mehdi Hüseynzadə 1942-ci il dekabrın ortalarında evə-doğmalarına göndərdiyi məktubda yazırdı: "Mən cəbhədən yazıram. Burada ağır döyüşlər gedir. Faşistlərin dəhşətli cinayətlərinin sayı-hesabı yoxdur. Mən sizə söz verirəm ki, son damla qanımadək vuruşacaq, sizin adınızı batırmayacağam. Həlak olsam, qəhrəman kimi həlak olacağam. Siz hələ mənim barəmdə eşidəcəksiniz. Hələlik, sağ olun". Bu onun doğmalarına göndərdiyi son məktubu idi. Bu dövrdə sovet hərbi hissələri əks-hücuma keçmişdilər: düşmənin Stalinqrad ətrafında cəmləşmiş böyük hərbi qruplaşmasını mühasirəyə almağa cəhd edirdilər. 223-cü diviziyanın 1041-ci alayı Stalinqrad yaxınlığında yerləşən Kalaç şəhəri istiqamətində irəliləyirdi. Almanlar ara-sıra əks-həmlələr təşkil edir, mühasirə halqasını yarmağa çalışırdılar. Dekabrın 29-da böyük qüvvə ilə hücuma atılan düşmən leytenant Mehdi Hüseynzadənin rəhbərlik etdiyi tağımın mövqelərini hədəfə almışdı. Ağır döyüşdən sonra tağım məhv edildi, lakin geri çəkilmədi. Həmin gün Mehdi Hüseynzadənin adı SSRİ Müdafiə Nazirliyinin arxiv məlumatlarına həlak olanlar sırasında salındı. Şahidlər onun səngəri yanında ağır mərminin partladığını görmüş və Mehdinin həlak olduğunu zənn etmişdilər. Hərbi hissə geriyə çəkildiyindən onu torpağın altından çıxarmağa imkan olmamışdı.
Lakin Mehdi həmin döyüşdə sağ qalmışdı. Ağır yaralanmış sovet leytenantı alman əsgərləri tərəfindən səngərdən çıxarılmış və əsir düşərgəsinə göndərilmişdi.
Məlumdur ki, müharibənin ilk dövründə almanlar minlərlə əsirləri ya güllələyir, ya da konslagerlərə göndərirdilər. Lakin SSRİ-nin tərkibinə daxil olan respublikaların Avropada yaşayan mühacir liderləri 1941-ci ilin sonunda Almaniyanın siyasi rəhbərliyi ilə görüşmüş və sovetlərə qarşı vuruşmaq əzmində olan döyüşçüləri milli legionlara yazıb cəbhələrə göndərməyi təklif etmişdilər. Belə legionlardan biri də Azərbaycan legionu idi. Bu legiona daxil olan və Azərbaycanlılardan təşkil edilən hərbi hissələrin döyüşçüləri sovetlərdən bu və ya digər zülmlər görmüş və həm özlərinin, həm repressiya olunmuş doğmalarının, həm də vətənlərinin qisasını SSRİ-dən almağa çalışırdılar. Lakin legionun tərkibində elələri də var idi ki, onlar konslagerdən yaxa qurtarıb, partizanların yanına qaçmaq arzusu ilə faşistlərlə əlaqə yaradırdılar. Hər halda, legionun yaradılması minlərlə azərbaycanlını ölümdən xilas etmişdi. Ukraynada əsir düşərgəsində saxlanılan Mehdi Hüseynzadə Azərbaycan legionu tərkibinə yazılmışdı. Hələ müharibədən əvvəl alman dilini öyrənmiş zabit almanların ona etibarından istifadə edərək legionun tərkibində antifaşist qrup yaratmışdı. Legion Polşada təlimlər keçdikdən sonra İtaliya ilə Yuqoslaviya arasında yerləşən və o dövrdə İtaliyanın ərazisi sayılan Triyest şəhərinə göndərilir. Burada Mehdi və yoldaşları qaçmaq imkanı qazanırlar və yerli partizanlara qoşulurlar.
1944-cü ilin əvvəlində bir neçə sınaq tapşırığını yerinə yetirən Mehdi partizan briqadası tərkibində Azərbaycanlılardan ibarət kəşfiyyat qrupu yaradır və fəaliyyətə başlayır. O, "Mixaylo" adı ilə tanınırdı. Hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə şöhrət qazanan Mixaylo inanılmaz qəhrəmanlıqlar göstərirdi. Alman zabiti paltarında düşmənlər arasında sərbəst hərəkət edən azərbaycanlı partizan kəşfiyyat məlumatları toplayır, təxribat qrupunun başında qərargahları, körpüləri, hərbi eşelonları, döyüş sursatı anbarlarını minalayıb partladırdı. Onun başçılıq etdiyi qrup İtaliyanın Udine şəhərindəki həbsxanaya hücum etmiş və 700 hərbi əsiri azad etmişdi. Partizan hissələri Yuqoslaviya Xalq Ordusu adı altında birləşdiriləndə Mehdi Hüseynzadə onun tərkibində 31-ci partizan diviziyasının kəşfiyyatçı-təxribat qrupunun komandiri təyin edilmişdi. Qrupun tərkibinə azərbaycanlılar Tağı Əlizadə ("İvan Çyornıy" təxəllüsü ilə tanınırdı), Sadıq Nadirli, Cavad Həkimli, Mikayıl Qulubəyov, Fərrux Sultanov ("Fedya" təxəllüslü), Qədir İsgəndərov, Rza Orucov, Ənvər Məmmədov, Şamil Üryanov, Vəli Ləzgiyev, Qasım Əmrahov, gürcü David Tatuaşvili, rus Qriqori Dyaçenko, ukraynalı Viktor Ponomarenko, Jenya Zaporojets, italiyalı Mario daxil idilər.
Mehdi Hüseynzadənin başçılıq etdiyi kəşfiyyatçı-təxribat qrupunun fəaliyyəti almanları lərzəyə salmış, onun rəhbərinin adı isə dillər əzbəri olmuşdu. Mehdi Hüseynzadə və onun tabeliyində olan kiçik qrupun komandiri Tağı Əlizadənin ("İvan Çyornıy") başına almanlar böyük mükafat qoymuşdular. Lakin cəsur partizanlar düşmənə ağır zərbələr vururdular. Qorisiya şəhərinin Rençe kəndində pusquya düşərək son damla qanınadək vuruşmuş Tağı Əlizadə həlak olanda və onun meyidi almanların əlinə keçəndə Mehdi Hüseynzadə silahdaşları ilə birgə əməliyyat hazırlayıb meyidi ələ keçirir və torpağa tapşırır.
1944-cü il noyabrın 16-da o dövrkü Yuqoslaviyanın tərkib hissəsi olan Sloveniyanın Vitovle kəndində pusquya düşən Mehdi Hüseynzadə axıradək vuruşur, son gülləsi ilə özünü vurur. Heç kəs, hətta almanlar belə, əfsanəvi partizanın ölümünə inanmır, onu Vitovle kənd qəbiristanlığında dəfn edir və qarovul qoyurlar. Partizan Şamil Üryanovun başçılıq etdiyi qrup qarovulu məhv edib Mixaylonun cəsədini kənddən çıxarır və noyabrın 19-da Çepovani kəndində torpağa tapşırır.
Kəşfiyyat-təxribat qrupu isə Ənvər Məmmədovun başçılığı ilə Sloveniya sovet qoşunları tərəfindən azad edilənədək fəaliyyət göstərir. Maraqlıdır ki, Vitovle və Çepovani kəndləri Mehdi Hüseynzadənin doğma diviziyası, 223-cü milli Azərbaycan atıcı diviziyası tərəfindən azad edilmişdir.
1957-ci il aprelin 11-də Mehdi Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.