Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-75

Azərbaycan tarixindən yüz şəxsiyyət-75

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Aslanov Həzi Əhəd oğlu

(1910-1945)

Həzi Aslanov 1910-cu il yanvarın 2-də Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Həzi 1924-cü ildə Azərbaycan komandirlər məktəbinə daxil olur. Təhsil illərində bilik və bacarığı ilə seçilən Həzi kursda birinci imiş. Nəzəri və praktik məşğələlərdə daim qabaqcıl olan Həzi SSRİ-nin Leninqrad şəhərinə göndərilir və orada təhsilini davam etdirir. O dövrkü sovet  qoşunlarının ən müasir tankları sayılan BT-5 və BT-7, T-26 tanklarını mükəmməl öyrənən Aslanov 1930-cu ildə təyinatını SSRİ-nin Qərb hərbi dairələrindən birinin tank hissələrinə alır.

SSRİ-nin Avropa ilə həmsərhəd bölgələri Qərb hərbi dairəsinə daxil idi. Bu istiqamət ən təhlükəli hesab olunur, burada yerləşən hərbi hissələrə ən yaxşı zabitlər göndərilirdi. Aslanovun komandirlik etdiyi hərbi hissələr daim öz döyüş hazırlığının səviyyəsi ilə seçilirdi.

1941-ci ildə faşist Almaniyasın qoşunları SSRİ-yə hücum edəndə ilk zərbə Qərb hərbi dairələrinə vuruldu. SSRİ-nin siyasi və hərbi rəhbərliyinin səhvləri ucbatından sovet hərbi hissələri ağır vəziyyətə düşdü, bir çox yerlərdə almanlar tərəfindən mühasirəyə alındı. Hərbi aviasiya və tank hissələri sarıdan korluq çəkən sovet qoşunları ağır döyüşlərlə geri çəkilməli oldu.

H.AsIanov müharibənin ilk günlərindən başlayaraq döyüşlərdə iştirak etmiş, dəfələrlə fərqlənmiş, medallarla təltif edilmişdir. 1941-ci ilin yayında müharibəni kapitan rütbəsində qarşılayan Aslanova artıq 1941-ci ilin sonuna podpolkovnik rütbəsi verilmişdir. Moskva ətrafında aparılan döyüşlərdə Aslanov ilk ordeninə layiq görülmüşdür. Belə ki, onun komandanlıq etdiyi tank taboru almanların mühasirəsinə düşmüş iri sovet hərbi birləşməsini mühasirədən çıxarmışdır. Mühasirəni yararkən Aslanovun taboru düşmənə sarsıdıcı zərbələr vurmuşdur. O həmçinin artıq partladılmaq üçün hazırlanmış 50 avtomaşın mə və sursatı mühasirədən çıxarmağa nail olmuşdur. Bu igidliyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.

1942-ci ilin ağır döyüşlərində yüksək hərbi qabiliyyəti ilə fərqlənən Aslanov 55-ci tank alayının komandiri təyin edilir və Rostov və Taqanroqda göstərdiyi şücaətlərə görə yeni orden və medallarla təltif olunur. Aslanovun sərkərdəlik məharətini görən ali komandanlıq onu öz hissəsi ilə müharibənin ən ağır nöqtəsinə-Stalinqrad şəhərinə göndərir. Stalinqrad şəhəri alınardısa, almanlar Volqa çayını nəzarətdə saxlar və SSRİ-nin Asiya hissəsinə keçə bilərdi. Bu səbəbdən də Stalinqrad mühüm strateji əhəmiyyətə malik idi. Odur ki müharibənin ən ağır döyüşləri bu şəhərin payına düşür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-75

 

1942-ci ilin payızında burada müdafiə olunan sovet hərbi hissələri noyabr ayında əks-hücuma keçirlər. Əks-hücum nəticəsində başda feldmarşal Paulyus olmaqla düşmənin 30 minlik qruplaşması mühasirəyə alınır. Onları mühasirədən çıxarmaq üçün Hitler ora feldmarşal Manşteynin başçılığı ilə böyük tank qüvvələri göndərir. Bu tank qüvvələrinin qarşısında təkcə Aslanovun tank alayı dayanırdı. Əgər o geri çəkilsəydi, Paulyusun qoşunları mühasirədən çıxmaq imkanı qazanardılar. Qüvvələr nisbətinin qeyri-bərabər olmasına baxmayaraq, Aslanov döyüşü qəbul edir və sovet qoşunlarının əsas hissələri köməyə gələnədək mövqelərindən çəkilmir. Bu igidliyə görə o, SSRİ-nin ən ali mükafatı-Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Onun alayı "qvardiya tank alayı" adlandırılaraq sovet qoşunlarının say-seçmə hissələri sıralarına daxil edilir.

Stalinqrad vuruşmasından sonra xeyli irəliləyən sovet qoşunları Kursk şəhəri yaxınlığında almanlar tərəfindən dayandırılır. 1943-cü ilin yayında bu dəfə Rusiyanın bu şəhəri uğrunda ağır döyüşlər başlanır. Almanlar təşəbbüsü ələ keçirməyə, sovet qoşunları isə düşmən müqavimətini qırıb irəliləməyə çalışırlar. Ən dəhşətli toqquşma Kursk yaxınlığında yerləşən Proxorovka kəndi yanında baş verir. Burada hər iki tərəfdən 1200 tank üz-üzə gəlir. Uzaq və yaxın məsafələrdən bir-birlərinə atəş açan tankçılar mərmiləri qurtardıqda tanklarını düşmən tankına çırpırmışlar. Kursk döyüşlərində Həzi sonralar "Aslanov fəndi" adını almış fəndini tətbiq  etməyə  başlayır. Belə  ki,  o, tankların tamamilə yeni düzülüş və döyüş formasını təklif edir və bu üsulun tətbiqi düşmən üzərində qələbə qazandırır. İndiyənədək də hərbi məktəblər və akademiyalarda "Aslanov fəndi" adlanan həmin üsulu gələcək zabitlərə öyrədirlər.

Mahir sərkərdəlik qabiliyyətinə görə Aslanov SSRİ-nin paytaxtı Moskva şəhərinə göndərilir və orada Zirehli Tank Qoşunları Akademiyasını uğurla bitirir. Beləliklə, artıq polkonik Aslanova iri tank birləşmələrinə komandanlıq etmək hüququ verilir. 1944-cü il döyüşlərində polkovnik Həzi Aslanov 35-ci qvardiya tank briqadasının komandiri vəzifəsində Belorusiya şəhərlərini işğalçılardan azad edir. O döyüşlərdə Həzinin briqadası düşmənə sarsıdıcı zərbələr vurur, böyük sayda hərbi texnika və ləvazimat qənimət gotürür. Buna görə ona tank qoşunları qvardiya general-mayoru rütbəsi verilir. Həm sovet sərkərdələri, həm də almanlar o zaman onu "cinah zərbələrinin ustası" adlandırırmışlar.

1944-cü il iyunun 23-30-da məhz Aslanovun briqadası ilk olaraq Berezina çayını keçmiş və Pleşen şəhərini, eləcə də 508 digər yaşayış məntəqəsini düşməndən azad etmişdir. Bu döyüşlərdə fərqlənən Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuş və sənədləri rəhbərliyə göndərilmişdir.

Belorusiya tam azad ediləndən sonra Aslanov briqadası ilə Pribaltikaya göndərilir. Onun briqadası İ.X.Baqramyanın tabeliyinə verilir. Əslən Azərbaycandan olan, Şəmkirin Çardaqlı kəndində böyüyüb başa çatmış bu nankor erməni generalı azərbaycanlılara həmişə xor baxmış, bacarıqlı azərbaycanlılara qısqanclıq və paxıllıqla yanaşmışdır. Bu zaman döyüşlər Litva, Latviya, Estoniya ərazilərində gedirdi. Bu döyüşlərdə Aslanovun briqadası xüsusilə fərqlənmişdir.

1945-ci il yanvarın 24-də Mitava (indiki Yelqava) şəhəri yaxınlığında Həzi Aslanov ağır yaralı elan olunur: guya, onun yanında top mərmisi partlamışdır. Müharibə iştirakçıları bilirlər ki, insanın yanında top mərmisi partlayanda partlayış dalğası və yüzlərcə qəlpə onun bədənini tanınmaz hala salır. Yaralanan anda Aslanovun əynində olmuş gödəkçə Azərbaycan Tarixi Muzeyində qorunur və həmin gödəkçənin yalnız ürək nahiyəsində cəmi bir dəlik vardır. Aslanovun müəmmalı şəkildə yaralanmasının səbəbləri indiyənədək araşdırılmayıb.

Tibbi sənədlərdən aydın olur ki, Aslanovun yarası ölümcül deyilmiş və ona vaxtında yardım göstərilsəydi, həyatını xilas etmək olarmış. Lakin Aslanova adicə sarğı qoyulur, cərrahi əməliyyat isə qeyri-müəyyən, daha doğrusu, gülünc səbəblərdən ləngidilir. Nəticədə Həzi Aslanov qan itkisindən keçinir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında təqdimat sənədləri isə naməlum səbəbdən itirilir. Yalnız 1991-ci ildə, ölümündən 46 il sonra xalqımızın igid oğluna ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Müharibə illərində general-mayor Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı medalı, Lenin ordeni, 3 dəfə Qırmızı Bayraq, 2 dəfə Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 dəfə Qırmızı Ulduz ordeni, həmçinin, müxtəlif medallarla təltif edilmişdir.

Həzi Aslanov Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın hərb tarixinə Həzi Aslanov cəsur döyüşçü, görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk və yeganə azərbaycanlı, tank qoşunlarının tətbiqinin yeni üsul və metodlarını yaratmış şəxs kimi daxil olmuşdur.

8 noyabr 2015
GO BACK