Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-73

Azərbaycan tarixindən yüz şəxsiyyət-73

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-73

 

Mikayıl Müşfiq

(1908-1939)

Mikayıl Müşfiq (Mikayıl İsmayılzadə) 1908-ci ildə Xızı kəndində anadan olmuşdur. Atası Ə.İsmayılzadə hörmətli müəllim və istedadlı şair imiş. Yetim qalan Müşfiq yaxın qohumlarının himayəsində böyümüşdür. Təhsilini rus-azərbaycan məktəbində almış Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə bərabər, rus dilini də mükəmməl öyrənmişdir.

1920-1927-ci illərdə Müşfiq Bakı darül-müəllimində, 12 nömrəli ikidərəcəli məktəbdə oxumuşdur. Bu məktəblər müəllim peşəsinə yiyələnməyə imkan verirdilər. Savadsızlığın ləğvinə böyük diqqət yetirən sovet hakimiyyət orqanları yeni təhsil ocaqlarının açılmasına hər cür şərait yaradırdılar. Məktəblərin proqramı sovet hakimiyyətinə sadiq şəxsiyyətlər yetişdirmək istiqamətində qurulmuşdu.

Mikayıl Müşfiq V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. 1931-ci ildə institutun dil və ədəbiyyat şöbəsini bitirərək Bakı məktəblərində müəllimlik etməyə başlayır. 

M.Müşfiq ilk şeirlərini 20-ci illərin ortalarından çap etdirməyə başlamışdır. Tənqidçilər gənc şairin böyük istedadını qeyd etməklə yanaşı, şeirlərində lirikanın üstün olduğunu ona irad tuturdular. Şairə məsləhət görürdülər ki, o, Azərbaycanda sovet hakimiyyətinin qurulmasını daha qabarıq göstərməyə çalışsın. Onun işıq üzü görmüş ilk şeir toplusu Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunmuş "Bir gün" kitabı olur. Kitab o dövrün ictimai mühiti tərəfindən mühüm hadisə kimi qarşılanır. Tənqidçilər qeyd edirdilər ki, müasirlik, xəlqilik, humanizm Müşfiq poeziyasının canında və qanındadır.

Məhəbbət lirikası Müşfiqin poeziyasında mühüm yer tuturdu. Onun "Sənin gözlərin", "Ulduzlar", "Şirin qız", "Yenə o bağ olaydı", "Ürək", "Maral", "Sənin gülüşlərin", "Nə deməkdir?" kimi şeirləri dillər əzbəri idi. Yaradıcılığına xas coşqun hiss, həyəcan, gələcək arzusu ilə qanadlanan xəyal onun şeirlərinə romantik bir vüsət verirdi. 1930-cu ildə işıq üzü görmüş "Küləklər" kitabı Azərbaycan poeziyasına bənzərsiz bir lirik şairin gəldiyini göstərirdi. Lakin respublikanın rəhbərliyi inqilab, xalqlar dostluğu, qadın azadlığının tərənnümü, beynəlxalq imperializmin ifşası və s. problemlərə həsr olunmuş şeirlər tələb edirdi.

1932-ci ildə Mikayıl Müşfiq Azərbaycan xalqının ağır keçmişindən və yeni həyat quruculuğundan bəhs edən "Buruqlar arasında", 1933-cü ildə "Əfşan", "Çoban", "Dağlar faciəsi", 1935-ci ildə "Səhər", "Sındırılan saz" və s. poemalarını yazır. Tələb olunan mövzulara həsr olunmalarına baxmayaraq, bu poemalarda epik vüsətlə yanaşı, lirika da qüvvətli idi. 1932-ci ildə işıq üzü görmüş "Günün səsləri" şeirlər kitabında toplanmış şeirlərin də əsas "qüsuru" kimi lirikanın mövzunu üstələməsi göstərilirdi. 1934-cü ildə Müşfiqin "Şeirlər" kitabı çap olunur. O bu kitabda özünü bir daha epik lövhələr, lirik ricətlər ustası kimi göstərmişdi.

Müşfiq poeziyası orijinal sənətkarlıq xüsusiyyətləri ilə fərqlənir və diqqəti cəlb edir. Yüksək emosionallıq, qeyri-adi ahəngdarlıq və yığcamlıq Müşfiq şerinin əsas bədii keyfiyyətləridir. Lakin bu lirika, ümumiyyətlə, şairin bütün istedadı sovetlərə işləməli, sovetlərin ideologiyasını dəstəkləməli idi. Hər halda, o dövrdə respublikanı idarə edən şəxslər belə düşünürdülər. Ancaq şair onların istədikləri kimi ola bilmirdi. O, dövrlə ayaqlaşmağa, hisslərini gizlətməyə, tələb olunan istiqamətdə şeirlər yazmağa çalışırdı. 1936-cı ildə hətta hind xalqının milli istiqlaliyyət uğrunda mübarizəsinə həsr olunmuş "Azadlıq dastanı" poemasını yazır. Poemada ingilis imperialistlərinin ifşa olunması rəhbərlik tərəfindən yaxşı qarşılanır, lakin poemadakı bəzi ifadələr şairin bolşevik imperializminə işarə etməsini göstərmişdir. Bu isə artıq həyəcan siqnalı kimi qəbul edilmiş, Müşfiqin adı "qara siyahı”lara salınmışdı.

M.Müşfiq uşaqlar üçün "Pambıq", "Bir may", "Pioner", "Məktəbli şərqisi", "Zəhra üçün", "Pioner sarayı" kimi şeirlər yazmışdır. Uşaqlar üçün nəzərdə tutduğu "Qaya", "Vuruşmalar" poemaları, "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları da xalq arasında ona böyük populyarlıq qazandırmışdır.

 

Müşfiqin əsərləri SSRİ xalqları dillərinə tərcümə olunmuşdur. Müşfiq şifahi xalq ədəbiyyatına da, klassik ədəbiyyata da yaxşı bələd olmuş, ənənələri davam və inkişaf etdirmişdir. Onun Firdovsi, Ömər Xəyyam, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko və S.Y.Marşakdan gözəl bədii tərcümələri var.

1937-ci ildə Mikayıl Müşfiq 11-ci kitabını-"Çağlayan"-ı çapa hazırlayır. Lakin bu zaman respublikada artıq repressiya küləkləri tüğyan edirdi. "Mədəni inqilab", "Din  əleyhinə mübarizə", "Rədd olsun tar!", "Rədd olsun kamança!" şüarları altında keçirilən kampaniyalarda milli-mənəvi dəyərlərə hücumlar təşkil edilir, xalqın mənliyinə böyük zərbə vurulurdu. Əlifbanın dəfələrlə dəyişdirilməsi, məktəblərdə ruslaşdırma siyasətinin aparılması son nəticədə Azərbaycan xalqının özünəməxsus cəhətlərini məhv edib, onun "sovet xalqı" anlayışı ilə bildirilən mücərrəd kütlənin tərkib hissəsinə çevrilməsi məqsədini güdürdü.

Kommunist partiyasının diktaturasına qarşı mübarizə aparanlar, sovetlərin siyasətini tənqid edənlər repressiyalar burulğanında məhv edilirdi. Özünü dünyada ən azad dövlət, ən humanist cəmiyyət kimi təbliğ edən bir ölkədə hər an insan haqları və azadlıqları pozulur, ölkənin "doğma" vətəndaşları ilə qeyri-insani rəftar edilirdi. Kütləvi repressiyalar açıq-fikirli, istedadlı, qabaqcıl ziyalılara, təcrübəli və qabiliyyətli dövlət və  hərbi xadimlərə qarşı yönəlmişdi. Bir çox hallarda sadə insanlar da repressiyaların qurbanları olurdular. Azərbaycan SSR-in hüquq-mühafizə orqanlarına rəhbərlik edən Qriqoryan, Markaryan, Sumbatov-Topuridze, Malyan və başqaları on minlərlə Azərbaycanlını məhv etmiş və ya sürgünə göndərmişdilər. Repressiyalar nəticəsində Azərbaycan xalqı özünün yüksək intellektual səviyyəli, milli ruhlu iki nəslinin ən görkəmli nümayəndələrini itirmişdir. "Xalqa xəyanət", "əksinqilabi fəaliyyət", "müsavatçılarla əlaqə", "xarici dövlətlərə casusluq" damğaları ilə minlərlə Azərbaycan ziyalısı məhv edilmişdir. H.Cavid, Ə.Nəzmi, Ə.Cavad, T.Şahbazi, S.Mümtaz, Ü.Rəcəb və daha neçə-neçə sənət və elm adamının məhv edilməsi Azərbaycan xalqının inkişafına ağır zərbə vurmuşdur.

Cəfəng, uydurma bəhanələrlə həbs edilənlər arasında Mikayıl Müşfiq də olmuşdur. Şairə olmazın işgəncələr verilmiş, qondarma ittihamlar irəli sürülmüş, nəhayət, ölüm cəzası kəsilmişdir. 1939-cu il martın 12-də bu dəhşətli hökm icra edilmişdir: XX əsrin ən görkəmli Azərbaycan şairlərindən Mikayıl Müşfiq llələnmişdir.

3 noyabr 2015
GO BACK