Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-71

Azərbaycan tarixindən yüz şəxsiyyət-71

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.



Şeyx Məhəmməd Xiyabani

(1880-1920)

Məhəmməd Xiyabani 1880-ci ildə Cənubi Azərbaycanın mərkəzi şəhəri Təbrizdə anadan olmuşdur. Atası Hacı Əbdülhəmid tacirliklə məşğul olduğundan şəhərdən-şəhərə köçürdü.  Məhəmməd  ilk  təhsilini  Xamnə  şəhərində  məktəbdə almışdır.

O dövrdə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə  İran dövlətinin tərkibində olsa da,  vətənimizin hər  iki  hissəsi arasında sıx əlaqələr mövcud idi. Cənubi Azərbaycandan gəlmiş minlərlə fəhlə Bakının neft mədənləri və zavodlarında işləyir, Şimali Azərbaycandan sənaye malları, Cənubi Azərbaycandan isə ərzaq malları gətirib-aparan tacirlər qızğın ticari fəaliyyət göstərirdilər. Tacir Hacı Əbdülhəmid Şimali Azərbaycandan keçərək Rusiyanın Port-Petrovsk (indiki Mahaçqala) şəhərinə gəlmiş və burada ticarət məntəqəsi açmışdı. Oğlu Məhəmməd atasına bu işlərdə kömək edirdi. O hələ yeni-yetməlik çağlarından belə  nəticəyə gəlmişdi ki, Rusiya və onun tərkibində olan Şimali Azərbaycanda çap  olunan ədəbiyyatı oxumaq üçün rus, Avropada çap olunan ədəbiyyatı oxumaq üçünsə fransız dilini öyrənmək vacibdir.

Təbrizə qayıtdıqdan sonra Məhəmməd mədrəsədə ruhani təhsili almışdı. Bu sahədə fəaliyyətini davam etdirərək o, müctəhid dərəcəsinə çatmışdı. Bununla bərabər Şeyx Məhəmməd rus və fransız dillərini də öyrənmişdi. Dərin bilikləri sayəsində Təbrizin Talibiyyə mədrəsəsinə işə qəbul edilən Şeyx Məhəmməd burada nücum elmindən (astronomiya) dərs deyir. Vətəninin ağrı-acılarına şərik olan gənc şah rejiminin özbaşınalıqlarına, xarici şirkətlərin İranın daxili işlərinə qarışmasına, ölkənin səfalət içində olmasına qarşı çıxış edir.

O dövrdə İranın iqtisadi və mədəni mərkəzlərindən biri olan Təbriz ölkədəki inqilabi hərəkatlarda da mərkəz rolunu oynayırmış. Təsadüfi deyil ki, 1905-1911-ci illər İran inqilabının əsas hadisələri Cənubi Azərbaycanda cərəyan etmiş, Təbriz inqilabın mərkəzi olmuşdur. Şeyx Məhəmməd İran inqilabı dövründə siyasi həyata qədəm qoymuş, inqilabın fəal iştirakçılarından olmuşdur. 1908-1909-cu illərdə Təbrizdə baş verən döyüşlərdə o, Səttarxanın başçılığı altında iştirak etmiş, Təbrizin Xiyaban məhəlləsinin müdafiəsini təşkil edib qalib gəldiyinə görə Xiyabani adını qazanmışdır.

Xalq arasında böyük nüfuza malik olan Şeyx Məhəmməd Xiyabani 1909-cu ildə Azərbaycan milli əncüməninin (yerli özünüidarəetmə orqanı) üzvü seçilmişdir. Bu sahədəki fəaliyyət onun hörmətini artırmış və o, 2-ci çağırış İran Məclisinə deputat seçilmişdir. Bu dövrdə Şeyx Məhəmməd demokratik islahatlar keçirilməsi məqsədi ilə yaradılan İran Demokratik Firqəsinə (İDF) üzv yazılmışdır. Lakin məlumdur ki, Rusiya və İngiltərə dövlətlərindən kömək alan mürtəce şah rejimi ək-sinqilabi çevriliş etmiş, inqilabı silah gücünə boğmuşdur. Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdır.

1911-ci ildə mühacir kimi Rusiya ərazisinə keçən Xiyabani Bakı, Port- Petrovsk, Tiflis şəhərlərində yaşamışdır. Burada o, inqilabi fikirlərin necə yayılmasının, gizli siyasi təşkilatların fəaliyyət göstərməsinin, Azərbaycan ziyalıları arasında milli-azadlıq ideyalarının yaranmasının şahidi olmuşdur.



1914-cü ildə Şeyx Məhəmməd Xiyabani Təbrizə qayıdaraq ədəbi-fəlsəfi dərnək yaratmışdır. Əslində bu dərnəyin üzvləri şah rejiminə qarşı mübarizə yolları barəsində düşünür, gizli siyasi fəaliyyətlə məşğul olurdular. Tərəfdaşlarının sayını artıran Xiyabani getdikcə fəaliyyət sahəsini genişləndirir. O, İran Demokratik Firqəsinin Azərbaycan əyalət komitəsinin sədri seçilir.

1917-ci ildə Rusiyada fevral inqilabının baş verməsi və çar hakimiyyətinin devrilməsi Şeyx Məhəmməd Xiyabani tərəfindən rəğbətlə qarşılanmış və alqışlanmışdır. Onun başçılıq etdiyi komitə açıq fəaliyyətə başlamışdır. İlk növbədə inqilabi ideyaların xalq arasında yayılmasına önəm verən Xiyabani bu sahədə fəaliyyətini genişləndirir. 1917-ci il aprelin 9-da İran Demokratik Firqəsinin Azərbaycan əyalət komitəsinin rəsmi nəşr orqanı olan "Təcəddüd" ("Yeniləşmə") qəzeti çap olunmağa başlayır. Qəzetdə Xiyabaninin və komitənin digər üzvlərinin məqalələri çap olunur, şah rejiminin iç üzü açılır, şah məmurlarının xarici şirkətlərlə iyrənc sövdələşmələri pislənilir. Lakin komitənin fəaliyyəti çox vaxt İran Demokratik Firqəsinin Tehranda oturan liderləri tərəfindən məhdudlaşdırılırdı. Cənubi  Azərbaycanda baş verən hadisələrdən bixəbər olan, onlara gec reaksiya verən və öz proqramlarında azərbaycanlıların maraqları ilə az hesablaşan bu liderlər, Xiyabaninin fikrincə, komitənin fəaliyyətinə əngəl törədirdilər.

Belə olduğu halda firqə üzvləri 1917-ci il avqustun 24-də İDF Azərbaycan əyalət komitəsinin geniş iclasında Azərbaycan Demokratik Firqəsi (ADF) müstəqil elan edilir, Xiyabani partiyanın mərkəzi komitəsinin sədri seçilir. ADF Cənubi Azərbaycan ərazisinə yeridilmiş Antanta qüvvələrinə qarşı mübarizə aparmaqla bərabər, onların milli ədavət siyasətinə qarşı da çıxış edirdi. Belə ki, avropalılardan kömək alan erməni silahlı dəstələri aysorlarla birləşərək Cənubi Azərbaycanın şimal-qərbində Azərbaycan türk əhalisinə qarşı soyqırım siyasətini həyata keçirir, kəndləri yandırırdılar. Xiyabaninin təklifi ilə yaradılan silahlı dəstələr dərhal Şərəfxan, Səlmas, Urmiya istiqamətlərinə yeridilir, buradakı quldur dəstələrini dağıdır və bununla da qətl-qarətlərin qarşısı alınır.

Bu dövrdə Xiyabani özünün sehdir siyasi-neft zəri platformasını açıqlayır. "Təcəddüd məsləki" adlandırdığı bu platforma imperialist ölkələrinin İrandakı ağalığına, şah hakimiyyətinə, feodal geriliyinə, sosial ədalətsizliyə qarşı yönəlmişdi. Xiyabaninin tələbi əsl xalq hakimiyyət sisteminin təşkil edilməsi idi.

1917-1920-ci illərdə öz platformasını dinc yolla həyata keçirməyə çalışan Xiyabani bunun mümkünsüzlüyünü anlayır. Şimali Azərbaycanda yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin başının üstünü almış qara buludların mövcudluğu göstərirdi ki, mürtəce qüvvələr öz məqsədlərinə nail olmaq üçün heç nə ilə hesablaşmırlar. Belə şəraitdə ADF silahlı üsyana hazırlaşmağa başlayır.

Üsyana başçılıq etmək üçün ilk növbədə ictimai idarə heyəti təşkil olunur.

1920-ci il aprelin 7-də Təbrizdə başlayan üsyan sürətlə bütün Cənubi Azərbaycana yayılır. Hər yerdə şah tərəfdaşları tutduqları vəzifələrdən qovulurlar. İctimai idarə heyəti faktik olaraq müvəqqəti hökumət kimi fəaliyyət göstərməyə başlayır. İyunun

23-də onun əsasında Milli Hökumət təşkil edilir, Xiyabani Milli Hökumətin sədri seçilir. Cənubi Azərbaycan "Azadistan", yəni Azadlıq ölkəsi adlanmağa başlayır. Yeni iş yerlərinin açılması, pul islahatının keçirilməsi, bank-maliyyə sisteminin yaradılması, bələdiyyə seçkilərinin keçirilməsi istiqamətində işlər aparılır, torpaq islahatı başlanır. Həmçinin səhiyyə, maarif və ədliyyə sahələrində tədbirlər həyata keçirilir.

Milli-azadlıq və demokratik hərəkat İngiltərənin İrandakı rəsmi nümayəndələrini və İran hökumətini təşvişə salmışdı. Hərəkatın getdikcə genişlənməsi, Milli Hökumətin tədbirlərinin xalq arasında rəğbətlə qarşılanması onları qorxudurdu. Nəticədə, birgə səylərlə hərəkatı silah gücünə boğmaq qərara alınır.

1920-ci il sentyabrın 12-də Cənubi Azərbaycana hücum başlanır. Azsaylı fədai dəstələri müqavimət göstərsələr də, qüvvələr nisbəti qeyri-bərabər olduğundan Təbriz şəhəri tutulur, axıra qədər müqavimət göstərən Xiyabani həlak olur.

Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi hərəkat məğlub olsa da, o, Azərbaycan xalqının imperialist ağalığına, şahlıq rejiminə qarşı, milli istiqlaliyyət uğrunda mübarizə tarixində mühüm yer tutur. İran ərazisində yaşayan Azərbaycanlıların milli özünüdərk prosesinin inkişafında Xiyabaninin əvəzsiz xidmətləri olmuşdur.

30 oktyabr 2015
GO BACK