Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Həbib bəy Səlimov
(1881-1920)
Həbib bəy Hacı Yusif oğlu Səlimov 1881-ci ildə Naxçıvanda anadan olub. I Dünya müharibəsində o, igidliyi ilə fərqlənir və komandanlığın diqqətini cəlb edir. Az bir vaxtda Həbib bəy podpolkovnik rütbəsinədək yüksəlir. Lakin o, hərbi təhsilini davam etdirmək qərarına gəlir, Rusiya ordusunun ən yüksəksəviyyəli hərbi təhsil ocağı olan Baş Qərargahın Nikolayev Hərbi Akademiyasına daxil olur. Olduqca çətin imtahanlardan uğurla keçən Səlimov təhsil illəri zamanı özünü hərb elminə yaxından bələd peşəkar zabit kimi göstərir. Hərbi Akademiyanı müvəffəqiyyətlə bitirən polkovnik Həbib bəy Rusiya imperiyası və onun ordusu parçalandıqdan sonra Azərbaycana gəlir.
Ölkədəki ağır vəziyyətlə tanış olan Səlimov hökumətin adına ürək ağrısı ilə belə bir raport yazır: "1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün. 2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır".
Müsəlman Korpusu tərkibində ilk döyüşlərdəcə fərqlənən Həbib bəy Azərbaycana gəlmiş Nuru paşanın diqqətini cəlb edir və o, sərkərdəmizi Qafqaz İslam Ordusunun Azərbaycan hissələrinin qərargah rəisi təyin edir. Bakı istiqamətində Azərbaycan-türk qoşunlarının azadlıq yürüşündə Səlimov Cənub qrupunun komandanı təyin olunur və ən ağır Gəncə-Bakı istiqamətində dəmir yolu boyunca irəliləmək əmri alır. Nəvai, Ağbulaq, Ələt stansiyalarını azad etdikdən sonra Bakıya doğru irəliləyir, Bakının düşmənlərdən təmizlənməsində şəxsi fəallıq göstərir. Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli, döyüş texnikasını yaxşı bilən, igid sərkərdə" kimi xatırlanır.
Milli Ordunun Baş Qərargah və Dəftərxana rəisi Həbib bəyə təşkilatçılıq qabiliyyəti və Milli Ordunun yaradılmasında xüsusi səylərinə görə 1919-cu ilin fevralında general-mayor rütbəsi verilib. O, 1918-1920-ci illərdə milli ordumuzda xidmət edən, milliyyətcə Litva tatarı general-leytenant Məmməd bəy Sulkeviçdən sonra ikinci general idi ki, ali hərbi təhsili vardı.
1919-cu ilin iyulunda Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən rus silahlı qüvvələri bolşeviklərin təhriki ilə silahlı qiyam qaldıraraq cənub bölgəsini Rusiyaya birləşdirmək barəsində bəyanat verirlər. Qiyamçıları yerlərinə oturtmaq üçün təcili surətdə təşkil edilən briqadaya komandan təyin olunan Səlimov onları darmadağın edir, qənimət kimi götürdüyü 1 təyyarəni, 24 topu və 60 pulemyotu Azərbaycan ordusunda istifadəyə verir. Bu uğurlu əməliyyatdan sonra o, Muğan və Lənkərana qısa müddətə vali təyin edilir.
1920-ci il martın 22-də-Novruz bayramı axşamı Ermənistan silahlı qüvvələri və qiyamçı ermənilər Şuşa, Laçın, Xankəndi, Xocalı, Əsgəran və başqa yaşayış məskənlərinə generallar Dro Kanayan, Doli Qazar və Droqonun başçılığı ilə hücum edirdilər.
Dərhal Qarabağa göndərilən Səlimov teleqramda yazırdı: "Təkrar edirəm, məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda müharibə gedir". Hərbi nazirin əmri ilə tərkibində 20 minə yaxın əsgər və zabit olan Qarabağ Ərazi Qoşunları təşkil olunur və onlara H.Səlimov komandan təyin edilir.
Təpədən-dırnağadək silahlanmış düşmən hücumunun qarşısı alınır, ona ağır zərbələr vurulur. Bundan sonra Azərbaycan hərbi hissələri aprelin 3-də əks-hücuma keçir. 12 günlük ölüm-dirim savaşında erməni qüvvələri darmadağın edilir, generallar Dəli Qazar və Droqon öldürülür, Dro qaçmaqla canını qurtarır. Qarabağın bütün məntəqələri üzərində yenidən üçrəngli bayrağımız dalğalanır.
Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək demişdi: "Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz".
1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Səlimovun şöhrəti Qarabağ döyüşlərindən sonra bütün Azərbaycana yayılır. Cümhuriyyət dövrünün on görkəmli sərkərdələrindən biri, general-mayor Həbib bəy Səlimov nə kabinet, nə də məiyyət generalı olmuşdur. Milli ordumuzun ilyarımlıq fəaliyyətində daim ön cəbhədə vuruşmuş, fitri hərbi istedadı ilə Azərbaycanın müstəqilliyinə təcavüz etmək istəyən silahlı düşməni məhv etmişdir. Ömrü boyu vətənə sədaqətlə xidmət edən general ailə qurmağa belə vaxt tapa bilməmişdir.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası qoşunları tərəfindən işğal edilir. Minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya mühacirətə gedir. Səlimov vətənini tərk etməkdən imtina edir və Azərbaycanda qalır. Həbib bəyin bilik və bacarığından faydalanmağa çalışan sovetlər onu Naxçıvana hərbi komissar təyin edirlər. Lakin Səlimov Rusiyanın yeritdiyi siyasətə, Azərbaycanda rəhbər vəzifələrə qeyri-millətlərin nümayəndələrinin, ilk növbədə ermənilərin təyin edilməsinə, tədricən Azərbaycan Ordusunun rus-erməni hissələri ilə əvəz olunmasına qarşı kəskin etiraz edir.
1920-ci il sentyabrın 1-də həbs olunan general Həbib bəy Səlimova qarşı yalançı ifadələr toplanmağa başlayır. Tədqiqatçı Ş.Nəzirlinin Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində aşkar etdiyi cinayət işi Səlimovun ömrünün son aylarını öyrənməyə imkan verir. Ona qarşı irəli sürülən bütün böhtançı ittihamları general rədd edirmiş. Belə olanda cəlladlar yeni ittihamlar irəli sürürlər. O, 1918-ci ildə türk generalı Nuru paşa ilə bərabər bolşeviklərə qarşı döyüşlər aparmaqda, Muğanda bolşevik qiyamını yatırmaqda, Cümhuriyyət Ordusunun təşkil olunmasında, Sovet hökumətinə qarşı nifrət bəsləməkdə, Sovet vaxtı Azərbaycan xan və bəyləri ilə oturub-durmaqda ittiham edilir və "əksinqilabçı" adlandırılır. Səlimov bütün sadalananları qürurla təsdiqləyir və onları cinayət əməlləri deyil, vətən qarşısında borcun yerinə yetirilməsi kimi qəbul etdiyini bildirir. Üç ay yarım həbsxanada verilən işgəncələr generalın mübariz ruhunu qıra bilmir və o əvvəlki kimi Sovet hökumətini əslində qanunsuz, işğalçı hökumət hesab etdiyini bildirir.
XI Qızıl Ordunun hərbi tribunalı general-mayor Həbib bəy Yusif oğlu Səlimovu güllələnməyə məhkum edir, əmlakının isə müsadirə olunması barədə qərar çıxarır. 1920-ci il dekabrın 30-da saat 10:30-da Səlimovu güllələyirlər. Əmlakının müsadirəsi zamanı məlum olur ki, məşhur generalın heç evi də yox imiş, o, qardaşının ailəsi ilə birgə yaşayırmış və iki qardaşın iki desyatin torpağı və üç desyatin dədə-baba bağ sahəsi var imiş (1 desyatin-11 kv. m).