Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-68

Azərbaycan tarixindən yüz şəxsiyyət-68

 

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Cəfər Cabbarlı

(1899-1934)

Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 22-də Abşeronun Xızı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 3 yaşında ikən atasını itirmiş Cəfəri yoxsulluq içində yaşayan, paltar yumaq və çörək bişirməklə pul qazanan anası böyüdüb boya-başa çatdırmışdır. Bakıdakı 7-ci "rus-tatar" (Azərbaycan) məktəbində təhsilini başa  vurduqdan sonra o, 1917-ci ildə Bakı politexnik məktəbinə daxil olmuş və buranı 1920-ci ildə bitirmişdir.

1915-ci ildən yaradıcılığa başlayan C.Cabbarlı lirik və sosial ədalətsizliyi tənqid edən şeirlər, hekayələr və pyeslər yazmışdır. Onun ilk çap edilmiş əsəri "Məktəb" jurnalında işıq üzü görmüş "Bahar" şeri sayılır. 1915-1916-cı illərdə o, "Babayi-Əmir" jurnalında bir sıra satirik şeirlərlə çıxış etmiş və hətta onlardan birində Bakı şəhər Dumasının üzvlərini tənqid etdiyinə görə jandarm idarəsi tərəfindən bir müddət təqib olunmuşdur.

1915-ci ildə qələmə aldığı "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş" pyesində, 1916-cı ildə yazdığı "Aslan və Fərhad", "Mənsur və Sitarə" hekayələrində, 1917-ci ildə yazdığı "Solğun çiçəklər" pyesində müəllif sosial ədalətsizliyi və cəmiyyətdə çox kəskin şəkildə mövcud olan qadın hüquqsuzluğunu tənqid etmişdir. 1918-ci ildə tamamladığı "Nəsrəddin şah" tarixi dramında Cəfər Cabbarlı XIX əsrin sonlarında İranda, o cümlədən onun tərkibində olan Cənubi Azərbaycanda baş vermiş hadisələri təsvir etmiş, Nəsrəddin şahın öldürülməsini haqsızlığa qarşı xalq üsyanı kimi qiymətləndirmişdir.

Azərbaycan Cümhuriyyəti dövründə  xüsusilə  coşqun  ictimai  və  ədəbi fəaliyyət göstərən ədib bu dövr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olmuşdur.

1918-ci ildə 19 yaşlı Cəfər Cabbarlı Azərbaycan parlamentinin stenoqrafı və "Müsavat"ın gənclər təşkilatının rəhbəri olmuşdur. Onun "Sevdiyim" və "Azərbaycan bayrağına" adlı iki şeri müstəqil Azərbaycanın dövlət bayrağına həsr edilmiş və o zaman "Azərbaycan" qəzetində çap olunmuşdur. Şairin "Yaşıl donlu, al yanaqlı, mavi gözlü sevdiyim" adlandırdığı milli bayrağa sevgisi müstəqil ölkəsinə olan sevginin tərənnümü idi.

C.Cabbarlı 1919-cu ildə yaradılmış "Yaşıl qələm" ədəbi birliyinin üzvü olmuş, şair və dramaturq kimi məhsuldar yaradıcılıq fəaliyyəti göstərmişdir. "Sevimli ölkəm" şerində Azərbaycanın müstəqilliyini alqışlayan şair "Salam" şerində türkləşmək, islamlaşmaq və müasirləşmək ideyalarını irəli sürmüşdür. Bakının erməni-bolşevik qüvvələrindən azad olunmasına həsr etdiyi "Bakı müharibəsi" dramı dəfələrlə tamaşaya qoyulmuşdur. Bu əsər qardaş türk və Azərbaycan  xalqlarının  azadlıq  mübarizəsinə  həsr  edilmiş  trilogiyanın  tərkib hissəsi kimi yazılmışdır (1-ci və 2-ci hissələri "Ədirnə fəthi" və "Trablis müharibəsi" adlanırdı). Sonrakı dövrlərdə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra trilogiya "mücərrəd romantizm təzahürü” kimi tənqid edilmiş və hətta qadağan olunmuşdur. 1919-cu ildə yazdığı pyesində müəllif burjua cəmiyyətində zəhmətkeş insanların əzilməsini təsvir etmiş, qaniçən mülkədarların törətdikləri haqsızlıqlar nəticəsində ölkənin hər şeyi, o cümlədən müstəqilliyi itirməsi təhlükəsini göstərmişdir.

Sovet hakimiyyəti qurulanda Azərbaycanda qalıb xalqı üçün çalışmağı üstün tutan Cəfər Cabbarlı 1922-ci ildə "Oqtay Eloğlu" pyesində öncə yazdığı "Aydın"da qaldırdığı məsələyə bir daha qayıtmışdır. İnsanpərvərliyin və şəxsiyyət azadlığının ön plana çəkildiyi hər iki pyes Sovet Azərbaycanının rəhbərlərinin gözündə ədibə bir növ bəraət qazandırmışdır.

 

1923-cü ildə Bakı Teatr Texnikumunda təhsil alan Cəfər Cabbarlı 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. 20-ci illərin ortalarında "Kommunist" qəzetində tərcüməçi və ədəbi işçi kimi çalışdığı zaman ədib tarixi mövzuya bir daha müraciət etmiş və "Qız qalası" poemasını yazmışdır. Sonralar bu poema əsasında görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli eyniadlı balet bəstələmişdir. Bu dövrdə müəllif "Məhkum Şərqə" adlı bir şeir də yazmış və Şərq xalqlarını azadlığa səsləmişdir.

1928-ci ildə Cəfər Cabbarlı məşhur "Od gəlini" pyesini qələmə almışdır ki, o, Azərbaycan ədəbiyyatında ilk qəhrəmanlıq dramıdır. Azərbaycan xalqının ərəb işğalçılarına və yerli feodallara qarşı mübarizəsindən bəhs edən, dini fanatizm əleyhinə yönəlmiş, azadfikirlilik ideyaları ilə aşılanmış bu pyes xalqı istiqlaliyyət uğrunda mübarizəyə səsləyən əsərlərdəndir.

C.Cabbarlının yaradıcılığında qadın azadlığı məsələsi əsas yerlərdən birini tutur. O bu mövzuda əvvəlcə bir neçə hekayə-1924-cü ildə "Gülzar" və "Dilarə", 1927-ci ildə isə "Dilbər" hekayələrini qələmə alır və nəhayət, "Sevil”-i yazır. İlk dəfə 1928-ci ildə tamaşaya qoyulmuş "Sevil" pyesində qadının sosial-mənəvi köləlikdən xilas olması problemi ön plana çəkilmişdir. Sovet hakimiyyəti illərində geniş təbliğ edilən bu əsər əsasında bədii film və film-opera çəkilmiş, görkəmli bəstəkar Fikrət Əmirov opera bəstələmişdir. C.Cabbarlı "Almaz" (1931) pyesində də qadın azadlığı məsələsinə toxunmuşdur.

Xalqın Cabbarlı yaradıcılığında ən çox sevdiyi əsərlərdən olan "1905-ci ildə" pyesini yazıçı 1931-ci ildə yazıb tamamlayıb. Bu əsər Azərbaycan xalqının ən ağrılı problemlərindən birinə - ermənilərin Azərbaycana qarşı torpaq iddialarına həsr olunmuşdur. Sovet hakimiyyəti illərində yazıldığından əsərdə ilk baxışdan xalqlar arasındakı "əbədi dostluq"dan bəhs edilir. Lakin Cabbarlının sənətkarlığı ondadır ki, o, Rusiyanın rəsmi dairələrinin ermənilərə fitva verməsini, onları silahlandırıb azərbaycanlılara qarşı yönəltməsini çox böyük ustalıqla qələmə almışdır. Müəllif fitnəkar milli nifaq siyasətinin necə acınacaqlı nəticələr verməsini ürək ağrısı ilə açıb göstərmişdir.

Cəfər Cabbarlının XX əsrin 30-cu illərində yaratdığı əsərlərin əksəriyyəti yeni sovet quruluşunun yaradılmasına həsr olunmuşdur. Belə ki, 1932-ci ildə tamaşaya qoyulmuş "Yaşar" pyesində Azərbaycan kəndində yeniliklə köhnəliyin mübarizəsi öz əksini tapmışdır. Əsərdə  elmin kəndə köməyi məsələsi qabarıq şəkildə göstərilmişdir. "Dönüş" pyesində isə C.Cabbarlı sənətkarın ictimai mövqeyi məsələsini ön plana çəkmişdir. Əsərin baş qəhrəmanı Gülsabah adlı rejissor olmasına baxmayaraq əsər sanki avtobioqrafik xarakter daşıyır. Əsərdə baş qəhrəman köhnəliyi ətalət və mühafizəkarlıq adlandıraraq qətiyyətlə rədd edir və yeni həyat qurmağa can atır. Real həyatda isə Cəfər Cabbarlı böyük mənəvi iztirablar keçirirdi. Bu dövrdə Azərbaycanda artıq kollektivləşmə siyasəti günü- gündən sürətlənir, insanlar zorla kolxoz və sovxozlara üzv yazılırdılar. Bu siyasətə qarşı müqavimət də gündən-günə genişlənirdi. Hətta üsyanlar da baş vermişdi. Belə şəraitdə sovet rəhbərləri mövcud problemləri müvəqqəti problemlər, mübarizə aparanları isə köhnəliyin tərəfdarı olan mürtəce qüvvələr adlandırırdılar. Cabbarlı yaxşı anlayırdı ki, sovet rejiminin apardığı mübarizə onun xalqının mənəvi köklərini baltalayır, onu "sovet xalqı"-nın amorf, öz adət-ənənələrindən qoparılmış bir tərkib hissəsinə çevirir. Həqiqəti yazacağı təqdirdə necə böyük təqiblərə məruz qalacağını yaxşı anladığından o, mücərrəd, ilk baxışdan Azərbaycana dəxli olmayan, uzaq bir bölgəyə həsr olunmuş əsər yazmağa başlayır. "Əfqanıstan" adlı bu pyes onun son və yarımçıq qalmış işlərindən olur.

Cəfər Cabbarlının dramaturgiyasının əsas məziyyəti onun xalq həyatı ilə üzvi surətdə bağlı olmasıdır. Onun yaratdığı güclü xarakterlər, müsbət və mənfi obrazlar silsiləsi, personajların canlı, koloritli dili Cabbarlı dramaturgiyasına ümumxalq məhəbbəti qazandırmışdır.   Yeniliyə doğru irəliləyən insanları alqışlayan ədib onların dolğun obrazlarını öz əsərlərində canlandırmağa çalışmışdır. Yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının inkişafına böyük təsir göstərmiş Cəfər Cabbarlının əsərlərinin təsiri ilə Azərbaycanda yeni nəsil dramaturqlar yetişmişdir.

Onun ədəbi irsi, heç şübhəsiz, Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutur. Azərbaycan teatrının inkişafında da Cabbarlının böyük xidmətləri var.

1929-cu ildə Azərbaycan Dövlət Dram Teatrına bədii hissə müdiri təyin edilən dramaturq teatrla birlikdə qastrollarda olmuş, səhnə üçün Şekspirin "Hamlet" və "Otello", Şillerin "Qaçaqlar", Bomarşenin "Fiqaronun toyu", Afinogenovun "Qorxu", Slavinin "Müdaxilə" əsərlərini  tərcümə etmişdir. Onun  L.Tolstoy və M.Qorkidən çox gözəl tərcümələri var. İstedadlı teatr rejissoru olan Cabbarlı, həmçinin, "Şahsənəm" operasının librettosunu yazmışdır. O, kino sənətinə böyük maraq göstərmişdir. Cəfər Cabbarlı "Hacı Qara", "Sevil", "Almaz", "1905-ci ildə", "Ölülər" kinofilmləri üçün ssenarilər yazmış və ilk üç filmin həm də rejissoru olmuşdur.

Ədəbi-tənqidi məqalələrində Cabbarlının Azərbaycan klassik və sovet ədəbiyyatı, teatr sənəti barəsində qiymətli mülahizələri var. 1932-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülən ədib 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. Cabbarlının son əsəri-"Firuzə" hekayəsi ölümündən sonra, 1935-ci ildə işıq üzü görmüşdür. 

Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də qəfildən, 35 yaşında ikən Bakıda vəfat etmişdir.

24 oktyabr 2015
GO BACK