Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Məhəmməd Əmin Rəsulzadə
(1884-1955)
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər oğlunu təhsil almaq üçün Bakıdakı 2 saylı rus-tatar məktəbinə qoyur. Məktəbin direktoru, Azərbaycanın görkəmli ziyalılarından biri Sultanməcid Qənizadə məktəbdə elə bir şərait yaratmışdır ki, imperiya mühitində tələb olunan biliklərlə bərabər şagirdlər vətənləri, doğma dilləri və tarixləri haqqında ətraflı məlumat alırdılar.
Bakı texniki məktəbinə qəbul olunan Rəsulzadə dərslərinə hazırlaşmaqla bərabər siyasi fəaliyyət üçün də vaxt tapırdı. Artıq 1902-ci ildə o, "Müsəlman Gənclik Təşkilatı" adı ilə tanınan və əsasən gənc müsəlman tələbələrdən ibarət olan inqilabi dərnək yaratmış və onun başçısı olmuşdur. Gənclərdə milli şüuru oyatmağı qarşısına məqsəd qoyan bu dərnək 1902-1903-cü illərdə intibahnamələr tərtib edir və yayırdı. Rəsulzadə 1904-cü ildə Müsəlman Sosial-Demokrat "Hümmət" qrupunun təşkil edilməsində yaxından iştirak etmişdir. Onun 1904 - 1905-ci illərdə çap etdirdiyi məqalələri sübut edir ki, o, Azərbaycan xalqı qarşısında duran tarixi vəzifələri aydın dərk edirdi. Belə ki, "Hümmət", "Təkamül", "Şərqi-Rus" qəzetlərində çap etdirdiyi məqalələrində o, xalqa vicdan, söz, mətbuat, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqlarının verilməsini tələb edirdi. Rəsulzadə həmçinin vətəndaşların canlarının və əmlaklarının toxunulmazlığının dövlət tərəfindən təmin olunması tələbi ilə də çıxış edirdi.
Rəsulzadənin məqalələrində Rusiyanın Azərbaycanda həyata keçirdiyi milli qırğın siyasəti kəskin şəkildə pislənilirdi. Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi kimi şəxslərlə tanışlıq, "Türkləşmək, islamlaşmaq və müasirləşmək" məfkurəsi güclü təsir göstərmişdir. 1906 - 1907-ci illərdə "Təkamül" qəzeti ilə sıx əməkdaşlıq edən Rəsulzadə silsilə məqalələrində millətlərə, xalqlara, tayfalara, siniflərə, insanlara hüquq bərabərliyi və azadlıq tələb edirdi. Bu tələblərini o, "İnsanlara hürriyyət, millətlərə istiqlal!" şüarı ilə ifadə edirdi. 1907-ci ildə Şimalı Azərbaycanda inqilabı çıxışlar yatırılmış, mürtəce qüvvələr tərəfindən ziyalılarımıza qarşı təqiblər gücləndirilmişdir. Cənubi Azərbaycanda isə əksinə, inqilab genişlənməkdə idi. M.Ə.Rəsulzadə İrana mühacirət edir.
1908-1911-ci illərdə Cənubi Azərbaycanda baş verən inqilabda fəal iştirak edən, Səttarxan və Bağırxanla bərabər çalışan Rəsulzadə hətta 1910-1911-ci illərdə Tehranda ilk gündəlik qəzet olan "İrani nou" ("Yeni İran") qəzetini çap etdirir, xalqın milli-demokratik oyanışına çalışırdı. Həmin dövrdə o, Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasının yaradılmasında iştirak etmiş, partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdir.
Demokratik ənənələrə sadiq qalan Rəsulzadə İran parlamentinin yaradılmasını arzulayırdı. Lakin 1911-ci ildə Rusiya və İngiltərədən dəstək alan şah rejimi əksinqilabi çevriliş edib inqilabı boğur. Rusiya tərkibində olan Şimali Azərbaycana qayıtmağa icazə ala bilməyən Rəsulzadə bir çox inqilabçılar kimi Türkiyəyə mühacirət edir.
Rəsulzadə Türkiyədə Ə.Topçubaşov və Ə.Ağaoğlu ilə "Türk ocağı" təşkilatına daxil olur. O, burada "Türk yurdu" jurnalında Cənubi Azərbaycan türklərinin mübarizəsinə həsr olunmuş silsilə məqalələrlə çıxış edir. Türkiyədə yaşadığı dövrdə Rəzulzadə türkçülük ideyaları ilə yaxından tanış olur. O, Şeyx Cəmaləddin Əfqaninin "Milli birlik fəlsəfəsi" adlı əsərini türk dilinə tərcümə edib çap etdirir.
1913-cü ildə Rusiya imperiyasında imperatorların mənsub olduğu Romanovlar nəslinin 300 illik yubileyi təntənə ilə keçirilir. Yubiley münasibətilə II Nikolay siyasi mühacirlərə ölkəyə qayıtmağa icazə verir. Azərbaycana qayıdan Rəsulzadə çox keçmir ki, "Müsavat" partiyasının sədri seçilir. Partiya fəal siyasi mübarizə xəttini tutur və nüfuzu günü-gündən artır.
1915-ci ildə Rəsulzadə "Açıq söz" qəzetini nəşr etdirməyə başlayır. Onun "Milli dirilik" adlı silsilə məqalələri ictimaiyyət tərəfindən müsbət qarşılanır. Məqalələrində o, "millət" anlayışının tərifini verərək dini deyil, dil və mədəniyyət birliyini nəzərdə tuturdu. Milli barışıq olmadan milli istiqlalı qazanmaq qeyri-mümkündür. Rəsulzadə Azərbaycan siyasi publisistikasının ən görkəmli nümayəndələrindəndir. O, 1903-1920-cı illər ərzində dövri mətbuatda 1200-dən artıq məqalə ilə çıxış etmişdir.
Tədricən "Müsavat" partiyası Azərbaycanda milli-azadlıq mübarizəsinin önünə keçir. 1917-ci ildə Rusiyada imperiya dağılan zaman partiya demokratik Rusiya dövləti tərkibində Azərbaycan üçün "Milli-məhəlli muxtariyyət" tələb edir.
1917-ci ildə Qafqaz müsəlmanlarının Bakıda, Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultaylarında Rəsulzadə Kazan tatarlarının lideri Əhməd Salikovun "Milli-mədəni muxtariyyət" prinsipinə qarşı "Milli-məhəlli muxtariyyət" prinsipini irəli sürür. Səsvermə nəticəsində Salikovun təklifi 291, Rəsulzadənin təklifi 446 tərəfdar toplayır. Bu həm Rəsulzadənin Rusiyanın türkdilli xalqları arasında olan böyük nüfuzundan, həm də onun təklif etdiyi ideyanın üstünlüklərindən xəbər verirdi. Rəsulzadə milli-məhəlli muxtariyyəti milli istiqlal yolunda əsaslı addım kimi qiymətləndirirdi. O deyirdi: "Milli istiqlala malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz". Maraqlıdır ki, Rusiya respublikasını idarə edəcək Müəssislər Məclisinə seçkilər keçiriləndə Rəsulzadə həm Azərbaycandan, həm də Türküstan ərazisindən (o vaxt Qazaxıstan və Orta Asiya vahid şəkildə bu adla mövcud idi) deputat seçilir.
1917-ci ilin iyununda "Müsavat" partiyası N.Yusifbəylinin başçılıq etdiyi "Türk ədəmi-mərkəziyyət” partiyası ilə birləşir. Rəsulzadə birləşmiş partiyanın sədri seçilir.
1917-ci ilin oktyabr ayında çevriliş nəticəsində Peterburqda hakimiyyətə gələn bolşeviklər Müəssislər Məclisini ləğv edirlər, keçmiş Rusiya imperiyasının sərhədləri çərçivəsində sovet dövləti yaratmağa başlayırlar. Bu zaman onlar bütün fəndlərə əl atır, o cümlədən silah işlətməkdən də çəkinmirlər. Bir çox digər ziyalılarımız kimi Rəsulzadə Tiflisdə Zaqafqaziya Seyminin deputatı, müsəlman fraksiyasının sədri qismində onun işində iştirak edirdi. O, Qafqazın Rusiya tərkibindən çıxıb müstəqil federativ dövlət yaratmasının və Türkiyə ilə dostluq münasibətləri qurulmasının tərəfdarı idi.
“Müsavat”-ın böyük nüfuzunu görən bolşevik-erməni qüvvələri 1918-ci ilin mart ayında Bakıda soyqırımı törədirlər. Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən "Müsavat"ın qərargahı və "Açıq söz" qəzetinin redaksiyası dağıdılır.
Zaqafqaziya Seymi dağıldığı zaman Rəsulzadə Batum şəhərində Osmanlı imperiyası ilə bərabər keçirilən konfransda iştirak etdiyindən 1918-ci il mayın 27-də qiyabi yolla Azərbaycan Milli Şurasının sədri seçilir. Mayın 28-də İstiqlal bəyannaməsi imzalananda Rəsulzadə və Məhəmməd Həsən Hacınski yenicə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti adından Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayırlar. İyunun 4-də imzalanan bu müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana tələb olunan bütün köməkliyi edəcəyini vəd edirdi.
1918-ci ilin iyununda Milli Şuranın müvəqqəti olaraq istefasına razılıq verən Rəsulzadə Azərbaycan nümayəndə heyətinin başında İstanbula yollanır və X.Xasməmmədov və A.Səfikürdski ilə bərabər İstanbul beynəlxalq konfransında iştirak edir. O, həmçinin, bir sıra Osmanlı rəsmiləri ilə danışıqlar aparır. Bakının taleyi ilə bağlı gizli Rusiya-Almaniya sövdələşməsindən xəbərdar olan Rəsulzadə Bakının Azərbaycanın paytaxt şəhəri olacağını vurğulayır, onun tezliklə bolşevik-erməni qüvvələrindən azad edilməsi üçün yardım istəyir.
1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası işini bərpa edəndə Rəsulzadə onun bütün fəaliyyətini Azərbaycan parlamentinin yaradılması istiqamətində aparır. Nəticədə, dekabrın 7-də parlament fəaliyyətə başlayır. Parlamentin 1-ci iclasında dövlətin daxili və xarici siyasətinin istiqamətləri haqqında Rəsulzadə proqram xarakterli nitq söyləyir. Azərbaycan parlamentində "Müsavat" fraksiyasına məhz o rəhbərlik etmiş və Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunlarının qəbulunda həlledici rol oynamışdır.
Azərbaycan torpaqlarını parçalamaq istəyənlərə qarşı Rəsulzadə amansız mövqe tutmuşdu. Azərbaycanın tərkib hissəsi olan Borçalıya iddialarını bildirən gürcü nümayəndəsi Azərbaycan hökumətini "qan tökməklə" hədələyəndə Rəsulzadə ona kəskin cavab vermişdi: "Nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar". Ermənilərin Qarabağa hücumları Azərbaycan ordusu tərəfindən müvəffəqiyyətlə alınanda bəzi parlament üzvləri toqquşmalara son qoyub "Qarabağ məsələsi" üzrə danışıqlara başlamağı təklif edəndə isə Rəsulzadə bildirmişdi: "Bizim fikrimizcə və hökumətin fikrinə görə, Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik". Mövcudluğu dövründə Azərbaycan Cümhuriyyəti bir qarış torpaq belə verməmişdir və bu işdə Rəsulzadənin müstəsna xidmətləri olmuşdur.
1919-cu ildə yenidən "Müsavat" partiyasının sədri seçilən Rəsulzadə dəfələrlə parlamentdə mövcud olan ayrı-seçkiliyə son qoymaq tələbi ilə çıxış etmişdir. 1920-ci il aprelin 27-də Sovet Rusiyasının qoşunları Azərbaycana hücum edəndə bir çox deputatlar hakimiyyəti bolşeviklərə təhvil verməyi təklif etmişdilər. Rəsulzadə qətiyyətlə buna qarşı çıxmış, xalqı müqavimətə qaldırmağı təklif etmişdi. Lakin parlament təslim olmağı qərara alır.
Sovet qoşunları Azərbaycanı işğal edəndə Azərbaycanı tərk etməkdən imtina edən Rəsulzadə "Müsavat"-ın gizli mərkəzini yaradır və müstəqillik uğrunda mübarizəni təşkil etməyə çalışır. Sovetlər onun hər addımını izləyir və o, tez-tez ünvanını dəyişməyə məcbur olurdu.
1920-ci il avqustun 17-də Rəsulzadə Lahıc kəndində həbs olunur, lakin İ.Stalinin göstərişi ilə azad edilərək Moskvaya aparılır. Vaxtilə Bakıda inqilabi fəaliyyətlə məşğul olan İ.Stalin onun köməyini görmüşdü və o bu yaxşılığı unutmamışdı. Moskvadan Rəsulzadə Sankt-Peterburqa göndərilir, oradan isə gizli yolla Finlandiya ərazisinə keçir. Artıq 1922-ci ildə o, Türkiyəyə gəlir və burada siyasi mühacir həyatına başlayır.
Rəsulzadə mühacirətdə olan azərbaycanlıları vahid mərkəzdən idarə etmək məqsədi ilə İstanbulda Azərbaycan Milli Mərkəzi və "Müsavat" partiyasının xarici bürosunu yaradır. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı təsis olunur. Bu təşkilat Sovet imperiyası tərəfindən zəbt edilmiş xalqların ümumi mübarizəsini təşkil etməli idi. Onun fəal mühacir həyatı sovetləri təlaşa salır və onlar Türkiyə hökumətindən Rəsulzadənin fəaliyyətinin qarşısını almağı təkidlə tələb edirlər. Nəhayət, 1931-ci ildə Rəsulzadə Türkiyəni tərk etməli olur.
1932-cı ildə Polşaya gələn Rəsulzadə burada da sovetlərə qarşı mübarizəni təşkil etməklə məşğul idi. 1934-cü ildə onun təklifi ilə Brüsseldə Qafqaz konfederasiyası yaradılır. Bu konfederasiyaya Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının nümayəndələri daxil idi. Onlar ölkələrini azad etdikdən sonra vahid konfederasiya yaratmağı planlaşdırırdılar.
1936-cı ildə Varşavada "Müsavat"-ın konfransını keçirən Rəsulzadə "Şəxslər–müvəqqəti, ideologiya-əbədidir" sözləri ilə azadlıq uğrunda mübarizə ideologiyasının qələbə ilə nəticələnəcəyinə əminliyini bildirir.
II Dünya müharibəsi başlayanda Rəsulzadə Fransaya, İsveçrəyə, İngiltərəyə və nəhayət, Rumıniyaya keçir. O, 1942-ci ildə Almaniyaya gələrək Milli Azərbaycan Komitəsini yaradır. Azərbaycanın bolşeviklərdən azad ediləndən sonra müstəqillik əldə etməsi məsələsi istiqamətində Almaniya rəhbərləri ilə danışıqlar aparır. Hitler buna kəskin etiraz etdikdə Rəsulzadə Almaniyanı tərk edib Rumıniyaya qayıtmalı olur.
1945-ci ildə gizli olaraq Almaniyanın Münhen şəhərinə gələn Rəsulzadə burada "Azərbaycan demokrat birliyi" adı ilə antifaşist təşkilatı yaradır. Bu təşkilat azərbaycanlı əsirləri əsir düşərgələrindən qaçırdır, sonra isə elə Rəsulzadənin yaratdığı "Türkiyə-Azərbaycan" cəmiyyətinin köməyi ilə Türkiyəyə göndərirdi.
1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirir. Bütün azərbaycanlı mühacirləri birləşdirmək məqsədi ilə o, 1949-cu ildə Azərbaycan Kültür Dərnəyi yaratmaq qərarına gəlir. 1952-ci il-də Münhendə Ümumi Qafqaz Konfransı keçirilir və yenidən Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının sovetlərə qarşı birgə mübarizə aparacağı haqqında qərar qəbul edilir. 1953-cü il mayın 28-də Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin 35 illiyi münasibətilə "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət edir.
Mühacirətdə olduğu dövrdə Rəsulzadə "Yeni Qafqaziya", "Azəri-türk", "Odlu yurd", "Qurtuluş", "Müsavat bülleteni", "Azərbaycan" jurnallarını və "İstiqlal" qəzetini nəşr etdirmişdir.
Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat etmiş və Ankara şəhərinin Əsri qəbiristanlığında dəfn olunmuşdur.