Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Məmmədrza Vəkilov
(1864-1944)
Məmmədrza Mənsur oğlu Vəkilov 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. O, 1887-ci ildə Tiflis klassik gimnaziyasını bitirir. M.Vəkilov 1893-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirərək Azərbaycana qayıdır.
Azərbaycanda həkimlər iki qrupa bölünürdü: xəstəxanalarda fəaliyyət göstərən həkimlər və ailə həkimləri. Tibbi xidmətlər pullu olduğundan sadə əhali həkim köməyindən məhrum idi. Belə vəziyyətdə vaxtaşırı yoluxucu xəstəliklər yayılır, epidemiyalar minlərlə insanın həyatına son qoyurdu. Mütərəqqi tibb işçiləri problemi kompleks şəkildə həll etməyi təklif edir, yoxsullara pulsuz tibbi yardımın göstərilməsinin vacibliyini vurğulayırdılar.
1900-cü ildə Bakı şəhər Duması ilk dəfə olaraq "kasıblar üçün həkim" vəzifəsinin ştatlarını təsdiq etdi. Bu vəzifəni icra edən həkim sahə həkimi olmalı və ona ayrılan şəhər sahəsində yaşayan kasıblara pulsuz tibbi kömək göstərməli idi. Öz sənədlərini təqdim etmiş onlarca namizəddən duma komissiyası cəmi 2 nəfəri bəyəndi. Onlardan biri Məmmədrza Vəkilov idi. 120 minlik əhalisi olan Bakı şəhərində "qara camaat"-a pulsuz tibbi köməyi maaşları şəhər büdcəsindən ödənilən cəmi iki həkim göstərməli idi. Vəzifə borclarında deyilirdi ki, onlar xəstələrə onların evində və ya ambulator şəraitdə gecə və ya gündüz tələb olunan tibbi köməkliyi göstərməlidirlər. Arxivlərdə qalmış xəstələrin qeydiyyatı jurnalları göstərir ki, "kasıblar üçün həkim"-lər gündə 12 saat işləyirdilər. Faktik olaraq 1 ay ərzində bir həkim orta hesabla 1100 xəstəyə kömək göstərmişdir. Belə iş rejiminə təkcə öz işini sevən həkim tab gətirə bilərdi.
İşə sevgisi, prinsipiallığı ilə seçilən M.Vəkilov qısa müddət ərzində şöhrət qazanmışdır. Lakin onun dumaya təqdim etdiyi raportlar göstərir ki, "kasıblar üçün həkim" vəzifəsinin yaradılması problemi həll etmədi. Xüsusi tibb məntəqəsinin olmaması üzündən xəstələr icarəyə götürülmüş mənzillərdə qəbul edilir, bu isə tələb olunan köməyi göstərməyə imkan vermirdi. Gərgin iş qrafiki xəstələrə tam tibbi köməyin göstərilməsini mümkünsüz edirdi. Həkim onun yanına gəlmiş xəstəni müayinə edir, xəstəliyini aşkarlayır, məsləhətlər verir, lakin müalicə prosesinin necə getməsinə nəzarət edə bilmirdi. Həkimin köməkçilərinin olmaması, müasir tibbi avadanlığın verilməməsi ən xırda əməliyyatları keçirməyə imkan vermirdi, bu isə cərrahiyyədən imtina edilməsinə gətirib çıxarırdı. Vəziyyəti düzəltmək üçün şəhərin həm tibb sahəsinin təşkilində, həm də sanitar vəziyyətinin dəyişilməsində köklü dəyişikliklər aparılmalı idi.
1902-ci ilin əvvəllərində o, Bakı şəhər Dumasına "Bakı şəhərində xəstəxanadan kənar tibbi xidmətin təşkilində islahatlar" adlı layihə təqdim etdi. Layihənin əsas məğzi ondan ibarət idi ki, həm tibbi struktur dəyişilməli, həm də xəstəliklərin yayılmasına imkan yaradan səbəblər aradan qaldırılmalıdır. Şəhərin müxtəlif hissələrində müalicəxanalar açılmalıdır ki, sadə insanlar onlara müraciət edə bilsinlər. Müalicəxananın ştatında həkimdən başqa onun köməkçiləri də olmalı, həmçinin, nəzdində əczaxana fəaliyyət göstərməli idi. Müalicəxanalar xüsusi binalarda tibbi avadanlıqla təchiz edilmiş formada fəaliyyət göstərməli idilər.
Həmçinin, layihədə Vəkilov göstərirdi ki, tibb işçiləri təkcə müalicə etməməli, müxtəlif vasitələrlə sağlam həyat tərzinin təbliğatını aparmalıdırlar. Bunun üçün əhali arasında mühazirələr təşkil edilməli, qəzet və jurnallarda müvafiq rubrikalar fəaliyyət göstərməli, tələb olunanda şəhər küçələrində tibbi xarakterli elanlar vurulmalı idi. Öz layihəsinə təkliflər paketi əlavə edən Vəkilov şəhərdə azı 6 müalicəxananın açılmasını bildirir, onların əhatə edəcəyi sahələri göstərirdi. Hər müalicəxanada 1 həkim, 1 feldşer, 1 mamaça olmalı idi.
Təqdim olunan layihə elə səlis və diqqətlə hazırlanmışdı ki, duma 1902-ci ilin mayında layihəni təsdiqlədi. Şəhərdə 4 sadə tipli pulsuz müalicəxana (hər birində 1 həkim, 1 feldşer, 1 mamaça) və 2 mürəkkəb tipli müalicəxana (hər birində 1 həkim, 1 feldşer, 1 mamaça, 1 qadın həkimi və 1 göz həkimi) təşkil edildi. Müalicəxanalar açıldığından "kasıblar üçün həkim" vəzifəsi ləğv edildi. Pulsuz müalicəxanada xəstəyə tələb olunan köməyi göstərmək mümkün olmadıqda isə həkim xəstəyə Mixaylov şəhər xəstəxanasının ambulatoriyasına təyinat verməli idi.
3-cü şəhər pulsuz müalicəxanasının baş həkimi kimi fəaliyyət göstərən M.Vəkilov bu vəzifədə 1908-ci ilədək çalışmışdır. O, dönə-dönə bildirirdi ki, şəhərdə mövcud sanitar durum qənaətbəxş deyil və bu məsələ şəhər rəhbərliyinin diqqətindən yayınır. M.Vəkilov statistik hesablamalar apararaq göstərmişdir ki, şəhərdə xəstəlikdən vəfat edən insanların 3/5 hissəsi yoluxucu xəstəliklərin qurbanı olur. Hər dəfə müxtəlif səbəblərdən onun təkliflərinin baxılması yubadılırdı.
1907-ci ildə şəhərdə başlamış vəba epidemiyası tezliklə M.Vəkilovun haqlı olduğunu sübut etdi. Epidemiya ilə mübarizə üçün şəhərdə müvəqqəti sanitar-epidemioloji təşkilat yaradılsa da, artıq gec idi: minlərlə insan bu xəstəliyin qurbanı oldu. Epidemiya qurtarandan sonra Məmmədrza Vəkilov Bakı şəhər upravasının həkim- sanitar şöbəsinin üzvü seçildi, şəhərdə 4 sanitar həkimi ştatı açıldı. Yoluxucu xəstəliklərlə mübarizədə bu tədbirlərin kifayət etməyəcəyini bildirən həkim epidemiyaların qarşısını almaq üçün ardıcıl olaraq sanitar tədbirlərin həyata keçirilməsini, sadə insanların su ilə təchizatı probleminin həll olunmasını tələb edirdi.
1909-cu ildən başlayaraq M.Vəkilov 1-ci şəhər pulsuz müalicəxanasının baş həkimi vəzifəsində çalışmağa başlamışdır. 1908-ci və 1912-ci illərdə həkim- terapevt Mixaylov şəhər xəstəxanasının baş həkimi vəzifəsinə təqdim olunub, lakin təklifdən imtina edib. 1913-cü ildə artıq Bakıda 10 pulsuz müalicəxana fəaliyyət göstərirdi, lakin bu kifayət deyildi: hər gün həkim 90-100 xəstə qəbul edir, təxminən 20-30 xəstə kömək almadan evə qayıdırdı. Üstəlik müalicəxanada xüsusiləşdirilmiş tibbi kömək göstərmək imkanı yox idi. M.Vəkilov əczaxana işçilərinin tibbi təhsilə malik olmalarının vacibliyini vurğulayırdı.
Sovet hakimiyyəti illərində pulsuz müalicəxanalar rayon poliklinikalarına çevrilmişdir. "Xalqın həkimi" kimi qəbul edilən M.Vəkilov S.M.Əfəndiyev adına 2-ci şəhər poliklinikasında ömrünün axırınadək fəaliyyət göstərmiş, həmişə xalqın hörmət və sayğısını görmüşdür.
Məmmədrza Vəkilov 1944-cü ildə Bakı şəhərində vəfat edib.