Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-63

Azərbaycan tarixindən yüz şəxsiyyət-63

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-63

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Nəcəf bəy Vəzirov

(1854-1926)

Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ildə Qarabağın Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini elə Şuşada, dini məktəbdə alan Nəcəf bəy daha sonra Bakıya gəlmiş və 1868-ci ildə Bakı realnı gimnaziyasına daxil olmuşdur.

Realnı gimnaziyaları texniki təhsil verir, şagirdləri texniki peşə üzrə hazırlayırdı. Maraqlıdır ki, öz həmyaşıdları arasında dərin biliyi ilə seçilən Nəcəf bəy özündən yaşca böyük olan mütəfəkkirlərlə, maarifpərvər insanlarla təmasda olmuş, bu onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir. Gimnaziyanın müəllimi işləyən Həsən bəy Zərdabi ilə tanış olan və onun təsiri ilə Azərbaycan peşəkar teatrının yaradılması prosesinə cəlb edilən Nəcəf bəy bu işdə fəal iştirak etmişdir. 1873-cü ildə Bakıda görkəmli ədib M.F.Axundzadənin "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının ilk dəfə tamaşaya qoyulmasında N.Vəzirovun böyük zəhmətləri olmuşdur.

1874-cü ildə gimnaziyanı müvəffəqiyyətlə bitirən N.Vəzirov həmin ildə Moskvaya gedir və orada Petrovski-Razumovski adına Meşə və Torpaqşünaslıq Akademiyasına daxil olur. Təbiətcə lirik olan Nəcəf bəy akademiyada oxuduğu müddətdə bir çox mütərəqqi rus ziyalıları ilə əlaqə yaratmışdır. Görkəmli rus yazıçısı V.Q.Korolenko ilə dostluq edən N.Vəzirov ədəbi əsərlərdə mövcud problemlərin qabarıq formada göstərilməsini öyrənmiş, ədəbi əsərlərin təsiredici qüvvəsindən istifadə edərək sosial problemlərə ictimaiyyətin diqqətinin cəlb edilməsinin vacibliyini anlamışdır. O hətta "İmdadiyyə" adlı gizli cəmiyyət də yaratmışdır ki, bu cəmiyyət mənfur çar məmurlarına qarşı mübarizə aparmalı, insan hüquqlarının tapdalanmasının qarşısını almalı idi.

Nəcəf bəy Vəzirov ilk əsərlərini təhsil illərində yazmışdır. Təəssüf ki, 1873 - 1874-cü illərdə yazdığı "Əti sənin, sümüyü mənim", "Qaragünlü", 1876-cı ildə yazdığı "Gəmi lövbərsiz olmaz" əsərləri itirilmiş və dövrümüzə qədər gəlib çatmamışdır. Tənqidçilərin qeydlərindən məlum olur ki, "Əti sənin, sümüyü mənim" əsərində dini məktəblərdəki təhsil üsulu və fiziki cəzalar, "Qaragünlü" faciəsində isə köhnə əxlaq qanunları və qadın hüquqsuzluğu tənqid olunub. 1875-ci ildə yazdığı "Ev tərbiyəsinin bir şəkli" komediyasında müəllif kübar bir ailənin misalında bir çox zadəgan ailələrinin tüfeyli həyat tərzini tənqid edib. 1878-ci ildə akademiyanı bitirərək Azərbaycana qayıdan Nəcəf bəy Vəzirov uzun müddət ölkəmizin müxtəlif bölgələrində meşəbəyi işləyib. O öz elmi təcrübələrini "Palıd" adlı elmi əsərdə toplayıb.

Ədəbi fəaliyyətinə davam edən yazıçı və dramaturq 1890-cı ildə iki böyük əsər yazıb. "Daldan atılan daş topuğa dəyər" və "Sonrakı peşmançılıq fayda verməz" pyeslərində ailə-məişət ixtilafları, köhnə adət və ənənələr, mövhumatı törədən mühit ifşa edilərək tənqid olunub. Birinci əsərdə müəllif avamlıq və cadugərliyi tənqid atəşinə tutub, avam insanlarla bərabər, dələduzları da ifşa edib. İkinci əsərdə tənqid hədəfi kimi gəlin-qayınana münasibətləridir. 1891-ci ildə yazdığı "Adı var, özü yox" pyesində Nəcəf bəy mülkədar həyatını geniş və bədii cəhətdən daha mükəmməl təsvir edib. Pyesdə varlı, lakin savadsız bəy, onun tüfeyli həyat sürən oğlu, onların vətənlərinə və insanlara heç bir xeyir verməməsi tənqid olunub.

1895-ci ildə Bakıya köçən N.Vəzirov burada imtahan verib, vəkillik vəsiqəsi alır və məhkəmələrdə vəkil işləməyə başlayır. Bununla bərabər o, Azərbaycan, Rusiya və Qərbi Avropa klassiklərinin dram əsərlərinin səhnəyə qoyulmasında rejissor kimi çalışıb. 1895-ci ildə yazdığı "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qənbər") komediyasında müəllif var-dövlət ehtirasının insani münasibətləri saxtalaşdırmasını Hacı Qənbər surətində ümumiləşdirmişdir. Mövzusu tacir həyatından götürülmüş əsərin ideyası acgözlük və tamahkarlığın tənqididir.

 

1896-cı ildə  Nəcəf bəy Vəzirovun yazdığı "Müsibəti-Fəxrəddin" əsəri humanizmi, yüksək bəşəri idealları tərənnüm edir. Bu əsər Azərbaycan ədəbiyyatında ilk faciədir. Fəxrəddin və Səadət kimi maarifçi gənclərin obrazları yaradılmış bu əsər Azərbaycanın bədii və ictimai fikir tarixində xüsusi yer tutur. Faciənin konflikti yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur. Əsərin əvvəlində müəllif onun ikinci adı kimi bu atalar sözünü də vermişdir: "Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı". Faciə hadisələrin yüksək dramatik gərginliyi, güclü konflikti və qüvvətli ümumiləşdirməsi ilə diqqəti cəlb edir.

Əsərin qəhrəmanı Fəxrəddinin söylədiyi sözlər maarifpərvər insanların simvolu kimi səslənir: "Məni müsəlman qardaşın nadanlığı qəm dəryasına qərq eyləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil?". "Yağışdan çıxdıq, yağmura düşdük" və "Müsibəti-Fəxrəddin" əsərləri uzun müddət təkcə Azərbaycanda deyil, digər Qafqaz teatrlarında, həmçinin Orta Asiya, Volqaboyu vilayətləri və İran teatrlarının səhnələrində oynanılmışdır.

1900-cü ildə tamamlanmış "Pəhləvanani-zəmanə" pyesi Azərbaycan ədəbiyyatında burjuaziyanın daxili aləmini ifşa edən ilk əsər kimi qəbul edilmişdir. Ədəbiyyatımızda neft Bakısı haqqında yazılmış ilk əsər olan bu komediyada işbaz dələduzlar ifşa olunurlar. "Vay şələküm-məəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911) əsərlərində ailə və əxlaq problemlərinə toxunulmuşdur.

"Keçmişdə qaçaqlar" (1912), "Pul düşkünü Hacı Fərəc" (1914) pyesində çarizmə, yerli zülmkarlara, yaltaq və satqınlara qarşı vətəndaş nifrəti özünü büruzə verir.

Nəcəf bəy Vəzirovun fransız ədəbiyyatından təbdil şəklində qələmə aldığı daha iki komediyası vardır: Molyerin "Xəsis" komediyasının təbdili-"Ağa Kərim xan Ərdəbili" və fransız xalq hekayəsi “Vəkil Patelen”-in təbdili olan "Dələduz" komediyaları.

1903-cü ildə Bakı şəhər Dumasına katib seçilən Nəcəf bəy sonralar şəhər maarif şöbəsi rəisinin müavini işləyib. 1905-ci ildən o, "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" qəzetlərində "Dərviş" imzası ilə felyetonlar yazmağa başlayır.

Nəcəf bəy Vəzirov "Əkinçi" qəzetində fəal iştirak edib. 1905-1918-ci illərdə dərc etdirdiyi publisistik məqalə və felyetonlarında o, çar hökumətinin milli qırğın siyasətini ifşa edir, ermənilərin torpaqlarımıza olan iddialarını rədd edir, erməni millətçilərinin çar məmurlarının əlində oyuncaq olaraq onların əmrləri ilə fəaliyyət göstərdiyini bildirir. Bununla bərabər müəllif sosial problemlərdən söz açıb, Bakı fəhlələrinin həyatının ağırlığından şikayətlənib. Cənubi Azərbaycanda şah və onun məmurlarının qurduğu qəddar rejimə, mövcud özbaşınalıqlara etiraz bildirən publisist Təbrizdə Səttarxanın rəhbərliyi ilə başlamış milli-azadlıq hərəkatını alqışlayıb.

1913-cü ildə Bakıda Nəcəf bəy Vəzirovun yaradıcılığının 40 illiyi münasibətilə təntənəli gecə keçirilib.

İmperiyanın parçalanmasını sevinclə qarşılayan Nəcəf bəy Azərbaycan Xalq Cümhuriyyəti, sonra isə sovet dövründə fəaliyyətini davam etdirib. Sovet hakimiyyəti qurulduqdan sonra o, Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. "Təzə əsrin ibtidası", "Pul düşkünü Hacı Fərəc" pyesləri elə bu dövrlərdə-XX əsrin 20-ci illərində yazılıb. Bu ilk Azərbaycan sovet pyeslərində müəllif  həmin  sosial problemlərə toxunub, bolşevik rejiminin bu problemləri aradan qaldıracağına ümid etdiyini bildirib.

Əsərləri bir çox dillərə tərcümə edilən ədib Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamışdır. Onun "Mehdi xan Tabasarani" adlı əsəri yarımçıq qalmışdır.

Nəcəf bəy Vəzirov 1926-cı ildə Şamaxını Çuxuryurd kəndində vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

14 oktyabr 2015
GO BACK