Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-58

Azərbaycan tarixindən yüz şəxsiyyət-58

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-58

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Hacı Zeynalabdin Tağıyev

(1823-1924)

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda İçərişəhər deyilən yerdə anadan olmuşdur. Atası Məhəmmədtağı başmaqçı olduğundan ailəsi çox kasıb yaşayırmış. Ailəsinə kömək məqsədi ilə Zeynalabdin də kiçik yaşlarından atasının emalatxanasında işləməyə başlayır. 15 yaşına çatdıqda atası onu bənna yanına fəhlə qoyur. Çox keçmir ki, oğlanın fərasətini görən bənna onu özünə köməkçi teyin edir. Bir az pul qazandıqdan sonra Zeynalabdin ticarətlə də məşğul olmağa başlayır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır: götürdüyü torpaqdan neft fontan vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur- 32 milyon pud (1 pud - 16  kq).

Müqayisə üçün xatırladaq ki, Nobel qardaşları şirkəti ildə 28 milyon pud neft hasil edirdi. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçimiz oldu.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsinin başlanğıcı olur. Toxuculuq fabriklərini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir.

Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir. 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Port-Petrovsk (indiki Mahaçqala) şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etdirmişdir.

Tağıyevin fəaliyyət sahələrindən biri də rabitə ilə bağlı olmuşdur. Telefon xətlərinin çəkilişində əsas mövqelər onun şirkətinə məxsus idi. O həm də daşınmaz əmlakın alınıb-satılması ilə məşğul olurdu. Tağıyev həmçinin Port-Petroskda tikiş fabriki, Moskvada ticarət müəssisələri açmışdır.Onun metal emalı və gəmi təmiri zavodları da var idi.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-58

 

Bakıda elektrik xətləri çəkən “Elektrosila” səhmdar cəmiyyətinin direktorları arasında Tağıyev yeganə azərbaycanlı olmuşdur. 1903-cü ildə onun təklifi ilə milli sahibkarlarımızdan ibarət yaradılmış yeni ittifaq Xəzər yanacaqdoldurma donanmasında milli kapitalı bu sahənin əsas qüvvəsinə çevirdi. Yeyinti sənayesinə diqqət yetirən Tağıyev üzüm bağları saldırmış, üzümçülük təsərrüfatları yaratmış, Mərdəkanda elektrik dəyirmanı tikdirmişdır. Onun "Kür-Xəzər gəmiçilik cəmiyyəti" xarici nəqliyyat şirkətləri ilə rəqabət aparırdı.

Tağıyevin bank kontoru kredit müəssisələri sırasına daxil olmuşdur. 1914-cü ildə onun yaratdığı Bakı Ticarət Bankı yeni sənaye müəssisələrinin maliyyələşdirilməsi, yerli sahibkarlara maddi dəstək verilməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

1879-cu ildə Bakı şəhər Dumasının üzvü seçilən Tağıyev şəhərsalma məsələlərinə böyük diqqət yetirir. 1905-ci ildə Tağıyev şəhər özünüidarəetmə sistemində müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunmasını təklif etmişdir. 1904-cü ildə Şollar - Bakı su kəmərinin tikintisinə şəxsi vəsaitindən də xeyli pul ayırmış, ingilis mütəxəssislərini bu kəmərin çəkilməsinə dəvət etmişdir.

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik tədbirləri xalqın yaddaşına əbədi həkk olunmuşdur.

Bakıda ilk teatr binasını o inşa etdirmiş, müsəlman qızları üçün ilk təhsil məktəbi, Abşeronda fəhlələr üçün ilk qəsəbə saldırmışdır (burada abad evlərdən başqa, ambulatoriya və məktəb də var idi). Onun vəsaiti hesabına kitablar, o cümlədən Seyid Əzim Şirvaninin, Sultanməcid Qənizadənin, Nəriman Nərimanovun və başqalarının kitabları çap edilmiş, onlardan bəziləri Tağıyevin hesabına xarici dillərə tərcümə və nəşr olunmuşdur. Tağıyev 1895-ci ildə "Kaspi" qəzetini və nəşriyyatını alır. "Kaspi" nəşriyyatında çap edilən ilk kitab "Quran" olmuşdur (Azərbaycan dilində). O, maarifçiliklə məşğul olan digər qəzet və jurnalların nəşrlərinə də böyük sərmayələr qoymuşdur.

Milli kadrların hazırlanmasında Tağıyevin müstəsna xidmətləri olmuşdur. O, öz hesabına tələbələri Rusiyanın müxtəlif ali məktəblərində oxudurdu. Onun köməyini almış şəxslər arasında Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyli, Behbud ağa Cavanşir, Lütfəli bəy Behbudov, Nəsib bəy Yusifbəyli, Mirzə Davud Hüseynov, Maxac Daxadayev, Mir Həsən   Vəzirov, Xudadat bəy Məlikaslanov, Şövkət Məmmədova, Ruhulla Axundov və onlarca başqalarını göstərmək olar.

1902-ci ildə Şamaxı zəlzələsi zamanı Tağıyev bu şəhərin əhalisinə böyük köməklik göstərmişdir. Tağıyev yeni tipli təhsil ocaqlarını ərəb, fars, rus, türk dilində kitablarla, tədris vəsaiti və məktəb avadanlığı ilə təmin etdirirdi. Onun "Nəşri-maarif", "Nicat" cəmiyyətləri kitab və dərsliklərin çap edilməsində qabaqcıl yerləri tuturdu. O həmçinin Bakı texniki məktəbində 12 yoxsul müsəlman tələbəni öz hesabına oxudurdu. Bakıda texniki-kommersiya və peşə məktəblərinin açılmasına, onlarda kabinet və laboratoriyaların təşkil edilməsinə əlavə yardım göstərirdi. Tağıyev öz hesabına yaşlılar üçün rus dili kursları təşkil etmişdi.

 

1905-1911-ci illərdə Cənubi Azərbaycanda baş verən hadisələr zamanı Tağıyev inqilabçılara maliyyə köməkliyi göstərmişdir. O, İranda, Türkiyədə, Hindistanda, Misirdə və başqa müsəlman ölkələrində məktəblərə, xeyriyyə cəmiyyətlərinə böyük vəsaitlər keçirmiş, Rusiya müsəlmanlarına da yardımını əsirgəməmişdir. Tağıyev Moskva, Peterburq, Odessa, Vladiqafqaz, Tiflis, Kutaisi, Xarkov, Mahaçqala, Həştərxan şəhərlərində, eləcə də Krımın, Sibirin, Volqaboyu ərazilərin müxtəlif şəhərlərində türk dilində məktəblərin açılışına böyük həcmdə sərmayə qoymuşdur. Dərbənddə qızlar məktəbi onun sərmayəsi sayəsində fəaliyyət göstərmişdir. Tağıyev Peterburqda gözəl bir məscid inşa etdirmişdir. Maraqlıdır ki, Misir məktəblərində Tağıyevin müsəlman dünyasının görkəmli xeyriyyəçisi kimi tanınmasına həsr edilən dərslər keçilmişdir.

Türkçülük mövqeyindən çıxış edən Tağıyev bəzən Rusiya rəsmi dairələrinin əleyhinə getməkdən də çəkinmirdi. O, Balkan müharibəsi zamanı osmanlılara pul yardımı göstərmiş, I Dünya müharibəsi gedişində ermənilərin vəhşiliklərindən ziyan çəkmiş Osmanlı vilayətlərinə köməklik əlini əsirgəməmişdir.

Tağıyev hətta gizli fəaliyyət göstərən "Müsavat" partiyasına da yardım etmişdir. 1918-ci il mart hadisələri zamanı Azərbaycan dəstələrini təmin edən Tağıyev əhali Abşeron kəndlərinə çəkiləndə İrandan dəniz yolu ilə ərzaq gətirtdirib onu pulsuz olaraq camaata paylatmışdı. İsmayıl bəy Qaspralının "Tərcüman" qəzetinin Qafqazda yayılmasına öz yardım əlini uzatmış Tağıyev 1917-ci ildə Qafqaz müsəlmanlarının qurultayına pul köməkliyi göstərmişdi. 

1918-ci ildə Azərbaycanın müstəqillik qazanması xəbərini sevinclə qarşılayan Tağıyev Azərbaycan Xalq Cümhuriyyətinin bütün tədbirlərində fəal iştirak etmişdir. O, hökumət başçısı N.Yusifbəyliyə yazdığı təkliflər paketində qeyd edirdi: "Siyasi müstəqillik yalnız maliyyə və iqtisadi müstəqillik əsasında mümndür. Bunsuz siyasi mənada azad vətəndaşlar sənaye və ticarət baxımından özlərinin daha güclü qonşularının quluna çevrilirlər".

Sovet hökuməti Tağıyevin bütün əmlakını milliləşdirdi, lakin N.Nərimanovun təkidi ilə ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. N.Nərimanov onu həmişə-Bakıda olanda da, Moskvada işlədiyi zaman da himayə etmiş, hətta dünyasını dəyişəndə haqqında qəzetlərdə nekroloq çap olunmasını tələb etmişdir. N.Nərimanov Tağıyevi iqtisadi proseslərin gedişinə cəlb etmək məqsədi ilə yazırdı ki, o hətta respublika üçün Qərb ölkələrindən kredit ala bilər: "Qərbi Avropa ona daha çox etibar edər, nəinki bizə. Əgər o, kredit açarsa, həmin pullara Qərbi Avropadan bizə lazım olan hər şeyi əldə edə bilərik". Lakin Moskva bu təklifləri rədd etdi.

1924-cü ildə Mərdəkandakı bağında vəfat edən Hacı Zeynalabdin Tağıyev elə həmin kənddə öz vəsiyyəti ilə axund Əbu Turabın məqbərəsi yanında dəfn edilib. N.Nərimanovun ölümündən sonra Tağıyevin adı tariximizdən silinmiş, onun ailəsi isə təqib olunmuşdur.

4 oktyabr 2015
GO BACK