Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-57

Azərbaycan tarixindən yüz şəxsiyyət-57

 

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Bəhruz Kəngərli

(1892-1922) 

Bəhruz (Şamil) Şirəli bəy oğlu Kəngərli1892-ci ildə Naxçıvanda zadəgan ailəsində anadan olub. Uşaqlıqda ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmişdir. Bəhruzu yüksək əl qabiliyyətinə görə Tiflisdə yerləşən Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbinə qəbul etmişlər. 1910-1915-ci illərdə o burada təhsil almış, rəssamlığın bir çox istiqamətlərində gücünü sınamışdır. Bəhruz Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk dövründə mollanəsrəddinçi rəssam O.Şmerlinqdən dərs alan Bəhruz hər hansısa bir hadisənin və ya obyektin mahiyyətini bir baxışla anlamaq və onu təsvir etmək vərdişlərinə yiyələnmişdi.

Karikatura və satirik rəsmlər çəkməyə başlayan rəssam çox keçmir ki, rəssamlığın digər janrlarında da işləməyə başlayır. Onun akvarel və yağlı boyalarla işlədiyi mənzərələr rənglərin əlvanlığı, boyaların rəngarəngliyi, təsvirin reallığı ilə insanı valeh edir. Gücünü portret janrında sınamaq istəyən Bəhruz dostlarının bir neçə uğurlu təsvirini yaratmışdır. Onun çəkdiyi ilk portretlər sırasında müəllimi rəssam O.Şmerlinqin və tələbə yoldaşı- L.Qudiaşvilinin portretləri on mükəmməlləridir. O, eyni zamanda təsadüfi, sadə insanların portretlərini də çəkmişdir. Belə əsərlər arasında "Qoca kişi" portreti diqqəti daha çox cəlb edir.

Bəhruz Kəngərlinin məişət səhnələrini təsvir edən rəsm əsərləri böyük, çox kompozisiyalı quruluşu, hər bir obrazın səlis işlənməsi ilə tamaşaçının diqqətini cəlb edir. Belə əsərlər sırasında "Toy", "Elçilik" və s. süjetli rəsmlər xüsusilə seçilir.

1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük sərgisi keçirilmişdir. Orada göstərilən rəsmlər həmyerlilərini heyran etmişdir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan təbiətinin gözəllikləri, çəkdiyi insanların cizgilərindəki müdriklik bu rəsm əsərlərinin diqqəti cəlb edən cəhətləri idi. Süjetli əsərlər də maraqla qarşılanmışdır. O vaxt “İqbal” qəzeti sərgi və onun müəllifi haqqında uzaqgörənliklə yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır".

Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa möhlət tapmış rəssam 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort və s. çəkmişdir.

Kəngərlini insanlarda onların daxili aləmi maraqlandırırdı. O, insanların zahirini təsvir etməklə onların daxili dünyasını açıb göstərməyə çalışırdı.

Dövrün qabaqcıl ziyalılarının, sadə adamların B.Kəngərli tərəfindən işlənmiş portretləri ilk növbədə məna dərinliyi ilə tamaşaçının diqqətini cəlb edir. Bu portretlər həm də yüksək bədii zövqlə işlənmişlər. Onların arasında "Yaşlı kişi", "Gürcü" portretləri xüsusilə seçilir.

Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində əsasən təbiət gözəllikləri əks edilmişdir. "Şəlalə", "Dağlıq mənzərə", "İlanlıdağ ay işığında", "Günəş batarkən", "Ağrı  dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Əshabi-kəhf dağı" və s. mənzərələr bu qəbildən olan əsərlərdir.

"Payız", "Bahar" adlı rəsm əsərlərində ilin fəsillərinin xüsusiyyətləri, Azərbaycan təbiətinin hər fəsildə gözəl olması göstərilir.

Azərbaycan xalqının tarixi-memarlıq abidələrini təsvir edən Kəngərli onların vasitəsilə xalqımızın möhtəşəm keçmişindən söz açır. Rəssamın mədəniyyət abidələri təsvirləri arasında "Mömünə xatın türbəsi" adlı əsəri öz möhtəşəmliyi ilə seçilir. Bəhruz Kəngərli həm də Azərbaycan teatr rəssamlığının banilərindəndir.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-57

 

O dövrdə teatrlarda peşəkar rəssamlar yox idi, dekorasiya və geyimlər bir çox hallarda artistlərin özləri tərəfindən seçilir və yaradılırdı. Bəhruz Kəngərli XX əsrin 10-cu illərində Naxçıvan teatrında Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhimbəy Haqverdiyevin "Pəri-cadu" pyesləri əsasında hazırlanmış tamaşalara bədii tərtibat vermiş və geyim eskizləri çəkmişdir, Azərbaycan Cümhuriyyətinin yaradılmasını rəğbətlə qarşılayan Bəhruz Kəngərli milli müstəqil dövlətimizin mövcud olduğu illərdə k işlər görmüşdür.

Eyni zamanda 1918-1920-ci illərdə o, yaradıcılığından da qalmamış, boyakarlıq və qrafika əsərləri yaratmışdır. Əsl Azərbaycan vətəndaşı, vətənpərvər bir insan olan Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir etmiş, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Rəssam bu əsərləri ilə azərbaycanlıları onlara qarşı edilən vəhşilikləri unutmamağa çağırır, eyni zamanda, dünya ictimaiyyətinə incəsənət əsərləri vasitəsilə Azərbaycan həqiqətlərini çatdırmağa can atırdı.

Mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarca qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsi baxımından deyil, tarixi sənəd kimi də dəyərlidir. Bəhruz Kəngərli portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Zəngəzurun Sovet Rusiyasının əli ilə Ermənistana verilməsi, Naxçıvan və Qarabağa edilən təcavüzlər, minlərlə vətənpərvər insanın qətlə yetirilməsi, Azərbaycanın talanması, xalqın öz tarixindən və mədəniyyətindən uzaqlaşdırılması rəssama ağır təsir göstərmişdir. Öz hisslərini cilovlaya bilməyən rəssam onları yaratdığı əsərlərlə büruzə vermişdir.

Olduqca məhsuldar işləyən rəssamın 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgisində onun 500-dən artıq əsəri nümayiş etdirilmişdir.

Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət  Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskvada Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanır.

Bəhruz Kəngərli 1922-ci ildə Naxçıvanda vəfat etmişdir.

2 oktyabr 2015
GO BACK