Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-56

Azərbaycan tarixindən yüz şəxsiyyət-56

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Müslüm Maqomayev

(1885-1937)

MüslüMəhəmməd oğlu Maqomayev 1885-ci ildə Çeçenistanın Qroznı şəhərində sadə azərbaycanlı ailəsində anadan olmuşdur. Onun valideynləri əslən Azərbaycanın Qax rayonundandır. Ailə Qroznı şəhərinə köçmüş və Məhəmməd kişi burada dəmirçixanada işləmişdir. Qroznı şəhərində ikiillik şəhər məktəbini bitirdikdən sonra 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Müslüm Maqomayev burada 5 il ərzində təhsil almışdır.

Seminariyada oxuduğu dövrdə o, musiqiyə böyük maraq göstərmiş, burada ilk əsərlərini yazmışdır. Onun yazdığı kiçikhəcmli musiqi əsərləri musiqi müəllimlərinin diqqətini cəlb etmiş, ona musiqi sahəsi üzrə fəaliyyət göstərmək tövsiyə edilmişdir. M.Maqomayev seminariyada Üzeyir Hacıbəyli ilə tanış olmuş, onunla dostlaşmış və onlar bu dostluğu ömürlərinin sonunadək saxlamışlar.

1905-ci ildə seminariyanı bitirdikdən sonra Müslüm Maqomayev təyinatla Şimali Qafqazın Bekoviç kəndində, sonra isə Lənkəran şəhər məktəbində müəllimlik etmişdir. Maarifpərvər musiqi xadimi olaraq o, dərs dediyi şəhər məktəbində xor, dram dərnəyi, orkestr təşkil etmiş, bir çox xalq mahnılarını nota salmışdır. Onun musiqi istedadı çıxış yolu axtarır və getdikcə aydın olurdu ki, M.Maqomayev musiqisiz yaşaya bilmir, musiqi onun bütün fikrini məşğul edirdi.

1911-ci ildə Bakıya köçən Muslüm Maqomayev bir ara Sabunçuda müəllim işlədikdən sonra Azərbaycan Opera Teatrına skripkaçı qəbul edilmişdir. Bu teatr o dövrdə Azərbaycan peşəkar musiqi sənətinin qərargahı, düşünən beyni kimi qəbul edilirdi. Burada çalışan sənət ustaları öz sahələri üzrə fəaliyyət göstərməklə kifayətlənmir, Azərbaycanda klassik musiqinin inkişafı, onun milli musiqi ilə sintezi yollarını düşünürdülər. Teatrda M.Maqomayev Üzeyir Hacıbəylinin on yaxın silahdaşlarından biri kimi Azərbaycan musiqili teatrının təşəkkülü və inkişafı istiqamətində işləməyə başlamışdır. Həmçinin o, Hüseynqulu Sarabski, Hənəfi Terequlov və başqa musiqi xadimlərimizlə birgə fəaliyyət göstərmişdir.  1912-ci ildən başlayaraq ömrünün axırınadək Müslüm Maqomayev opera tamaşalarına dirijorluq etmişdir.

1916-cı ildə Müslüm Maqomayev özünün ilk operası olan "Şah İsmayıl" operasını yazmışdır. Operanın musiqisinin çox hissəsini muğamlar təşkil edirdi. Əsərin 1924 və 1936-cı illərdəki formalarında müəllif muğam improvizasiyalarını azaltmış, əsərə reçitativ, rəqslər daxil etmiş, çoxsəsli xor nömrələrini artırmışdır. Onun "Şah İsmayıl" operası XX əsrin 20-ci illərinədək Azərbaycan operalarına xas improvizasiya prinsipindən kamil opera formasına keçid mərhələsi hesab edilir və bununla Azərbaycan opera sənətinin inkişafı tarixində əhəmiyyətli yer tutur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müslüm Maqomayev Azərbaycan musiqi sənətinin inkişafı sahəsində gərgin işləmişdir. O, 20-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığı incəsənət şöbəsinin və Azərbaycan Radio Verilişləri İdarəsində musiqi şöbəsinin müdiri işləmişdir. Bu vəzifələrdə o, geniş  xalq  kütlələrinin musiqi təhsili məsələlərinə böyük diqqət yetirmişdir. İnzibati vəzifələrdə çalışması onun bəstəkarlıq fəaliyyətinə xələl gətirirdi, lakin bununla belə işlədiyi illərdə o, klassik musiqinin xalq arasında sevilməsində, kütləvi mahnıların klassik musiqi ilə milli musiqinin sintezi əsasında yazılmasında böyük işlər görmüşdür.

XX əsrin 30-cu illərində bəstəkar Azərbaycan Opera və Balet Teatrının direktoru, bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışmışdır. Müslüm Maqomayev bir çox görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə birlikdə incəsənətdə realist ənənələrin, yeni mövzuların bərqərar olmasına, Avropa klassik musiqi janrları və formalarından istifadə edilməsinə səy göstərmişdir.

Müslüm Maqomayevin bəstəkarlıq üslubunun formalaşmasında xalq mahnılarını toplayıb işləməsinin əhəmiyyətli rolu olmuşdur. 1927-ci ildə onun ümumi redaktəsi ilə "Azərbaycan türk el nəğmələri" məcmuəsi nəşr edilmişdir. Bununla o, bir çox nadir Azərbaycan mahnılarının qorunmasını, nəsildən-nəslə ötürülməsini təmin etmişdir. Hal-hazırda ermənilərin özününküləşdirmə yə çalışdığı musiqi və mahnıların bir çox artıq o dövrdə bu məcmuədə Azərbaycan musiqi nümunələri kimi göstərilmiş və tanımışdır.

Azərbaycan kütləvi mahnı janrının yaradıcılarından olan bəstəkar "Yaz", "Tarla"  "Bizim kənd",  "Yarış"  və  s.  mahnılar  bəstləmişdir. Onun kiçikhəcmli orkestr əsərlə (rapsodiya, rəqs, marş, fantaziyalar) Azərbaycan proqramlı simfonik musiqinin ilk nümunələrindəndir.    Belə əsərlər arasında 1928-ci ildə yazdığı "Azərbaycan çöllərində", 1930-cu ildə yazdığı "Azad olunmuş Azərbaycan qızının rəqsi", "Dərviş", "Pişdə ramədi-çahargah" fantaziyalarını, 1933-cü ildə  yazdığı "Pionerlər marşı", "Azərbaycan radiosu marşı" ("RV-8" adı ilə də tanınır) "Şəlalə" simfonik pyesini və s. əsərləri göstərmək olar.

1935-ci ildə Müslüm Maqomayevin böyük yaradıcılıq  müvəffəqiyyəti olan "Nərgiz" operası ictimaiyyətin diqqətini cəlb etmiş, musiqi mütəxəssislərinin yüksək qiymətinə layiq görülmüşdür. Bu əsər Azərbaycan musiqili teatrının inkişafında mühüm mərhələ təşkil edir. Ölkəmizdə Sovet hakimiyyəti uğrunda kəndlilərin mübarizəsini əks etdirən bu əsər inqilabi mövzulu ilk sovet operalarındandır. Doğrudur, opera siyasi sifariş əsasında yazılıb, lakin bu onun musiqi dəyərinə xələl gətirmir. Klassik opera ənənələri əsasında bəstələnmiş "Nərgiz" operasının musiqi dili Azərbaycan xalq musiqisi intonasiyaları ilə aşılanmışdır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında "Nərgiz" böyük müvəffəqiyyət qazanmışdır. Müəllif 1936-cı ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Müslüm Maqomayev həmçinin "Ölülər", " 1905-ci ildə" dram tamaşalarına, "Azərbaycan incəsənəti", "Bizim raport" və s. sənədli filmlərə musiqi bəstələmişdir. O həmçinin 300-dən artıq xalq mahnı və rəqslərini nota salmışdır. Onun son əsəri "Xoruz bəy" musiqili komediyasına yazmağa başladığı musiqi idi, lakin bu iş tamamlanmamış qalmışdır. Müslüm Maqomayev 1937-ci ildə Nalçikdə qastrol zamanı vəfat edib, Bakıda dəfn olunub.

30 sentyabr 2015
GO BACK