Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Səttarxan
(1867-1914)
Səttarxan (əsl adı Səttardır) Hacı Həsən oğlu 1867-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Məmmədxanlı (indiki Mincəvan) mahalında anadan olub. Xırda ticarətçi olan atası Hacı Həsən hökumətə qarşı tədbirlərdə həmişə iştirak edib. Böyük qardaşı İsmayıl inqilabi hərəkatda iştirak etmiş və mürtəce qüvvələr tərəfindən öldürülmüşdür.
XX əsrin başlanğıcında İran dövlətinin tərkibində olan Cənubi Azərbaycanda şah rejiminin daxili və xarici siyasətinə qarşı narazı qüvvələrin sayı günü-gündən artırdı. Belə ki, vergilərin çoxalması, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə çevrilməsi ilə əlaqədar sosial tarazlığın pozulması xalqın narazılığına səbəb olurdu. Rüşvətxorluq, dövlət pullarının mənimsənilməsi, möhtəkirlik dövləti getdikcə daha artıq tənəzzülə uğradırdı.
Haqsızlıqları görən Səttar gənc yaşlarından ayrı-ayrı nümayişlərdə iştirak edir və bu səbəbdən hətta 1882-1883-cü illərdə həbsxanada cəza da çəkməli olur. Gənc Səttar zəhmətkeş kütlələri daim müdafiə etdiyinə görə xalq onu hörmətlə "Səttarxan" adlandırırdı. O dövrdə şah rejiminə qarşı xalq müxtəlif mübarizə üsulları tətbiq edirdi. Onlardan biri də qaçaqçılıq hərəkatı idi. Belə ki, bəzi narazı adamlar dağlara qaçır, silah əldə edir, mürtəce qüvvələrə, zalımlara hücumlar edirdilər. Qaçaq kimi fəaliyyətə başlayan Səttarxan da tədricən tərəfdaşlarının sayını artırmış və silahlı partizan dəstəsi yaratmışdı.
1905-ci ildə Səttarxan ümumən İranda, o cümlədən də Cənubi Azərbaycanda genişlənən inqilabi hərəkata qoşulur. Əvvəl inqilabçılar konstitusiya (məşrutə) tələb edir, nümayişlər, müqəddəs yerlərdə etiraz aksiyaları keçirirlər. Yerlərdə demokratik idarəetmə orqanları-əncümənlər seçilir.
Azərbaycan şəhərlərinin əncümənləri birləşərək "Azərbaycan Əyalət Şurası" təşkil edirlər. "İctima-iyyune-amiyyun" sosial-demokrat qrupunun üzvlərindən seçilən "Gizli mərkəz" adlı qurum onun idarəetmə orqanı olur. Xalq arasında böyük nüfuza malik olan Səttarxan 1906-cı ildə Təbrizin Əmirəxız məhəlləsi mücahidlərinin başçısı və "Həqiqət" əncüməninin üzvü olmuşdur. Səttarxan fədai dəstələrinin sayını artırmağa çağırır və onlara daim hərbi təlimlər keçir.
1906-cı ildə Müzəffərəddin şahın konstitusiya haqqında qəbul etdiyi qanun xalqı sakitləşdirsə də, onun vəfatından sonra Məhəmmədəli şahın bu qərarı ləğv etməsi xalqı yenidən mübarizəyə qaldırır.
1907-ci il fevralın 8-də Təbrizdə ilk silahlı üsyan baş verir. Şəhərdə real hakimiyyət Azərbaycan Əyalət Şurasının əlinə keçir. İranda parlament (məclis) yaradılanda Azərbaycandan seçilmiş nümayəndələr onun işində fəal iştirak edirlər. Təbriz şəhəri İran inqilabının mərkəzinə çevrilir. Azərbaycan Əyalət Şurası sosial- iqtisadi tədbirlər həyata keçirir, insanların vəziyyəti nisbətən yaxşılaşır. İri şəhərlərdə dünyəvi elmləri tədris edən yeni məktəblər açılır. 1907-ci ilin sonunda şah konstitusiyanı imzalamaq məcburiyyətində qalır. Lakin o, gizli şəkildə Rusiya və İngiltərədən köməklik alaraq əksinqilabi çevrilişə hazırlaşır.
1908-ci il iyunun 23-də şah qoşunları İran məclisinə hücum edir, inqilabçılara divan tutulur. Onlar İran vilayətlərində inqilabı boğduqdan sonra Azərbaycana üz tuturlar. Onların əsas hədəfi Təbriz şəhəri idi. Şəhərdə inqilabı boğmağa cəhd göstərən 40 minlik şah qoşunu və irticaçı qüvvələrlə inqilabçılar arasında ağır döyüşlər başlayır. Artıq iyulun 1-də şəhər mühasirəyə alınır, şəhərdə aclıq başlayır. İyulun 18-də Səttarxan gözlənilmədən hücuma keçir və düşmənə güclü zərbə vurur. Bu xəbər inqilabçıları ruhlandırır, bütün Azərbaycandan fədailər Təbrizə axışmağa başlayır, müxtəlif üsullarla mühasirədən keçib Səttarxanla birləşirlər. Qüvvələri bir mərkəzdən idarə etmək məqsədi ilə Səttarxan, Bağırxan, Əli Müsyö, Hacı Əli Davafuruş və Mir Haşım xandan ibarət "Hərbi şura" yaradılır.
Təbrizin Əmirəxız məhəlləsində küçə vuruşmaları zamanı Səttarxanın rəhbərliyi altında fədai dəstələri əksinqilabi qüvvələrə ağır zərbələr endirir, onları geri çəkilməyə məcbur edirlər. Avqustda şah qoşunlan geri çəkilir və İranın mərkəzi əyalətlərindən köməyə yeni qüvvələrin gəlməsini gözləməyə başlayır. Öz qüvvələrini səfərbər edən Səttarxan 20 min döyüşçü toplayaraq geniş əks-hücuma başlayır. Oktyabrın 12-dək döyüşlər davam edir. Oktyabrın ortalarında Təbriz azad olunur.
Xalq və vətən qarşısında xidmətlərinə görə Azərbaycan Əyalət Şurası Səttarxana "Sərdari-milli" (millətin sərkərdəsi) adı verir, döyüşdə fərqlənənləri təltif etmək üçün Səttarxan medalı təsis edir. Dünya mətbuatında həmin illərdə Səttarxan "İnqilabçı İran qoşununun başçısı", "İranın Hannibalı" adlandırılır.
1908-ci ilin noyabrından 1909-cu ilin yanvarına qədər gedən döyüşlərdə Səttarxanın dəstələri tədricən bütün Cənubi Azərbaycanı şah qoşunları və mürtəce qüvvələrdən təmizləyir. Şimali Azərbaycandan, Volqaboyu ərazilərdən, Orta Asiyadan, Türkiyədən inqilabçılara kömək göstərirdilər. Kömək qeyri-rəsmi xarakter daşıyırdı, buna baxmayaraq bu ölkələrdən silah, ərzaq, pul gətirilir, yüzlərcə könüllü Azərbaycan inqilabçılarına qoşulurdu. Təbriz döyüşlərində Şimali Azərbaycandan gəlmiş 800 döyüşçü vuruşurdu. Milli ziyalılarımız mətbuatda, milli burjuaziya isə maliyyə vəsaiti ilə inqilabçıları dəstəkləyirdilər.
Səttarxanın qələbələri İran inqilabını yenidən canlandırır, lakin Rusiya və İngiltərənin böyük narahatlığına səbəb olur. Onlar şah rejiminə güclü kömək göstərirlər. 1909-cu ilin aprelində Rusiya qoşunları Təbrizə girir. Azərbaycan Əyalət Şurası fədailərə vuruşu dayandırmaq və silahları gizlətmək əmri verir. Buna baxmayaraq 1909-cu ilin iyulunda şah devrilir, Tehranda mülkədar-burjua dairələri öz hökumətlərini yaradırlar.
1910-cu ilin aprelində yeni liberal mülkədar-burjua hökumətinin dəvəti ilə başda Səttarxan və Bağırxan olmaqla 100 nəfərlik fədai dəstəsi Tehrana gedir. Tehran əhalisi Səttarxanı böyük təntənə ilə qarşılayır. Lakin irtica qüvvələri Təbriz üsyanının qəhrəmanlarına qəsd hazırlayıbmışlar.
1910-cu il avqustun 7-də yeni hökumətin qoşunları, Tehran polisi və İran ermənilərindən təşkil edilmiş dəstələr Səttarxanın fədai dəstəsinə qəfil hücum edir. Fədailər 6 min nəfərlik düşmənlə döyüşdə məğlub olur, atışma zamanı Səttarxan ağır yaralanır və uzun sürən xəstəlikdən sonra vəfat edir.