Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-42

Azərbaycan tarixindən yüz şəxsiyyət-42

 

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Mirzə Hüseyn Əfəndi Qayıbzadə

(1830-1917)

Mirzə Hüseyn Qayıbzadə 1830-cu ildə Qazaxda anadan olub. Hüseyn 6 yaşında yetim qalır və onu əmisi İbrahim əfəndi öz himayəsinə götürür. Məktəbdə təhsil almış Qayıbzadə öz bilikləri ilə seçilir və 17 yaşından Salahlı kənd məktəbində dərs deməyə başlayır. Onun barəsində soraq Tiflisə çatanda Zaqafqaziya müsəlmanları idarəsindən yoxlama gəlir və doğrudan da, onun öz şagirdlərinə dərin biliklər verməsini təsdiqləyir.

1858-ci ildə Qafqaz canişini knyaz A.Baratinski Mirzə Hüseyn Qayıbzadəni Tiflis müsəlman məktəbinə Şərq dilləri müəllimi vəzifəsinə təyin edir. Tiflisin kitabxanalarında gecə-gündüz çalışan Qayıbzadə burada Qafqazın o dövrkü ziyalıları ilə tanış olur. Onların arasında maarifçi Mirzə Fətəli Axundzadə, alman filoloqu Adolf Berje, gürcü maarifçiləri İlya Çavçavadze, Mixail Kipiani də var idi.

Onun ən yaxın dostu və məsləkdaşı M.F.Axundzadə idi. Aralarında böyük yaş fərqi olan bu iki ziyalımız Azərbaycan xalqının maariflənməsi sahəsində böyük işlər görmüşdü. Onlar azərbaycanlı tələbələrin Rusiya hərbi və mülki məktəblərinə qəbul olunmasına çalışır, bu tələbələrin təhsillərini başa vurub Azərbaycana qayıtmaları üçün əməli işlər görürdülər. Onların fəaliyyəti sayəsində 1875-ci ildə Tiflisdə kasıb müsəlman uşaqları üçün məktəb açılmışdı.

1860-cı ildə Axundzadənin vasitəsilə Qayıbzadə Baş Qərargahın zabiti N.Stoletovla tanış olur. Stoletov ona rus dilini, Qayıbzadə isə Stoletova Azərbaycan və fars dillərini öyrətməyə başlayır. Sonralar N.Stoletov Şipka dağ keçidini qoruyan hərbi hissələrin komandanı kimi bütün Rusiyada məşhurlaşır. O, ömrünün sonlarınadək Azərbaycan dilini unutmamış və imkan düşən kimi bu dildə danışmağa çalışmışdır.

Qafqaz tarixini araşdıran Qafqaz Arxeoqrafiya Komissiyası təşkil ediləndə Axundzadə və Qayıbzadə Azərbaycan tarixinə aid sənədləri  toplayır, onları ərəb və fars dillərindən rus dilinə çevirir və komissiyaya təqdim edirdilər. Məhz onların fəaliyyəti sayəsində komissiyanın nəşr etdirdiyi sənədlər toplusu ("Qafqaz Arxeoqrafiya Komissiyasının aktları" adı ilə 12 cilddə çap olunub) Azərbaycan tarixinə aid bir çox sənədləri itib-batmaqdan xilas edib. M.F.Axundzadə və M.H.Qayıbzadə xalqımızın ilk arxeoqrafları, yəni qədim yazılı tarixi sənədləri toplayıb elmi dövriyyəyə daxil edən alimlər sayılırlar.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-42

 

Qori müəllimlər seminariyasında Şərq dillərindən dərs deyən Qayıbzadə sonralar Tiflis mədrəsəsində şəriət dərsləri və Azurbaycan dilini tədris edir. 1879-cu ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin açılışı Qayıbzadənin həyatında ən böyük sevinc olur.

1879-1884-cü illərdə o, seminariyada dərs deyir, burada təhsil alan azərbaycanlı tələbələrə dəstək olmağa çalışır.

1884-cü ildə Rusiyanın rəsmi dairələri Mirzə Hüseyn Qayıbzadəyə Zaqafqaziya sünni müsəlmanlarının müftisi vəzifəsini tutmağı təklif edirlər. Çox götür-qoydan sonra Qayıbzadə razılığını verir. O deyirdi: "Mən heç bir vaxt ruhani olmamışam və heç bir dini ayin icra etməmişəm. Lakin mənə təklif olunan vəzifəni qəbul edirəm. Çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edirəm".

Tutduğu yüksək vəzifədən istifadə edən Qayıbzadə təhsil sahəsində böyük işlər görmüşdür. Onun ilk tədbiri Rusiya imperiyası maarif naziri qraf İ.D.Delyanovun 1884-cü il aprel əmrinə qarşı mübarizəsi olmuşdur. Belə ki, şovinist nazir həmin əmrdə yazırdı: "Məhəmməd dininə mənsub olanlar ali tipli xalq məktəblərinə ən zəruri hallarda buraxılsın və institutu bitirən müsəlman müəllimlərinə şəhər məktəblərində işləmək hüququ verilməsin". Şəxsi nüfuzu və vəzifə səlahiyyətlərindən istifadə edən Qayıbzadə bu əmrin icrasına qarşı çıxır, Azərbaycanlı tələbələrin ali məktəblərə qubul etdirilməsinə nail olurdu.

Azərbaycanlıların təhsil alması sahəsində Qayıbzadəyə ən yaxın köməkliyi dostu, bütün Qafqazın şiə müsəlmanlarının başçısı şeyxülislam Əbdüssəlam Axundzadə göstərmişdir.

Qafqazın azərbaycanlılar yaşayan bir çox lgələrində onlarca kənddə ibtidai məktəb açılmışdı. Qayıbzadə məvacibinin əsas hissəsini Azərbaycanlıların Rusiya məktəblərində təhsil almasına sərf edirdi. Belə ki, 5 il ərzində o öz hesabına 43 nəfər azərbaycanlı seminaristi oxutmuşdu. Onların arasından Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Teymur bəy Bayraməlibəyov, Məmmədağa Vəkilov, Səfərəli bəy Vəlibəyov və başqaları kimi Azərbaycanın bir çox görkəmli elm və mədəniyət xadimri çıxmışdır.

Seminariya tələbələri Mirzə Hüseyn Qayıbzadədən Azərbaycanın bölgələrindən folklor nümunələri yığıb gətirmək tapşırığı almış, onları alman dilinə tərcümə etdirib A.Berje vasitəsilə Avropada nəşr etdirmək mümkün olmuşdur. M.H.Qayıbzadə "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” əsərinin müəllifidir ki, burada bir çox Azərbaycan şairlərinin əsərləri toplanmışdır.

Rus dilində olan dərslikləri Azərbaycan dilinə tərcümə etdirən Qayıbzadə özü də bir neçə dərsliyin müəllifidir. Bunlardan "Ariflərin şəriət qanunları" kitabında o, islam dininin əsaslarından bəhs edir. "Yeniyetmələr üçün elmin əsasları" və "Dünyəvi hesab  elminin məsələləri" əsasən kənd  məktəbləri üçün nəzərdə tutulmuşdur. "Nümunəyi-ləhceyi-Azərbaycan" isə o zaman ən geniş yayılmış əlifba kitabı idi. "Tövsiyənamə" əsərində Qayıbzadə təbabət elminin əsasları, ağır xəstəliklərə qarşı hansı profilaktik təbdirlərin görülməsi barəsində ətraflı məlumat verirdi.

Qori seminariyasının Azərbaycan şöbəsində ilahiyyat dərsinin tədrisinə Rusiya məmurlarından icazə almasını Qayıbzadə ən böyük uğurlarından sayırdı. Öz vətəndaşlıq mövqeyinə görə məmurlar tərəfindən təqib olunan Seyid Əzim Şirvani köməklik üçün Qayıbzadəyə müraciət  etdikdə o, S.Ə.Şirvaninin təqiblərdən yaxa qurtarması və işlə təmin olunmasında əlindən gələni etmiş və ədalətin bərpasına nail olmuşdu.

1901-ci ildə Bakıda H.Z.Tağıyevin qızlar gimnaziyası açılanda ona ilk brik teleqramı göndərənrdən biri də Qayıbzadə olmdur.

Maarif sahəsindəki fəaliyyətinə və o cümlədən də bir sıra çox qiymətli dərsliklər yazılmasına görə Rusiya və İran ordenləri ilə təltif edilən Qayıbzadənin ən böyük mükafatı xalqın ona böyük hörmət və məhəbbəti idi.

Mirzə Hüseyn Qayıbzadə 1917-ci ildə Tiflis şəhərində vəfat etmiş və dostu Mirzə Fətəli Axundzadənin yanında dəfn olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının qurulması bir çox tarixi həqiqətləri bərpa etməyə və o cümlədən də Qayıbzadənin fəaliyyətini layiqincə qiymətləndirməyə imkan verdi.

13 sentyabr 2015
GO BACK