Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-28

Azərbaycan tarixindən yüz şəxsiyyət-28

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Sadıq bəy Əfşar

(1533-1610)

Azərbaycan Səfəvilər dövlətinin hökmdarları ölkədə elm, təhsil və mədəniyyətin inkişafına böyük diqqət yetirmişlər. Əsası hələ XV əsrdə qoyulmuş Təbriz miniatür məktəbi onların səyi ilə daha da inkişaf etmişdir. Ümumiyyətlə, bu dövrdə miniatür janrının inkişafı kitaba olan böyük maraqla izah olunur. Hər bir imkanlı və mədəni adam şəxsi kitabxanasında olan kitabların sayı və mövzusunun genişliyi ilə qürrələnərmiş. I Şah İsmayıldan başlayaraq Səfəvi şahları və qızılbaş əmirləri elm və incəsənətə hamilik edərmiş. Onların saraylarında müxtəlif sənət əsərlərinin ən yaxşı əlyazma nümunələri saxlanılan kitab evləri varmış.

Şah kitabxanaları çox zəngin olurdu. Kitab evi həm də bir sıra ixtisaslaşdırılmış şöbələrdən ibarət böyük bədii emalatxana idi. Burada yeni kitablar yazılır, qədim və köhnə kitabların üzü köçürülərək çoxaldılır, onlara miniatür janrında çəkilmiş rəsmlər əlavə olunurdu. Belə emalatxanalarda dövrün ən böyük sənətkarları çalışardılar. Səfəvi şahlarının ilk kitabxanasının başçısı Kəmaləddin Behzad Təbrizə ən məşhur miniatürçü rəssam və xəttatları dəvət edərmiş. Sonralar onun bu ənənəsi davam etdirilir. I Təhmasibin dövründə kitabxana zənginləşdirilir, II İsmayılın dövründə tamamilə yenidən qurulur. I Abbasın dövründə isə Təbriz Səfəvi kitabxanasına hətta "çiçəklənən kitab evi" deyirmişlər. İncəsənətlə məşğul olan sənətçilər adətən böyük şəhərlərdə yaşayar, ən məşhurları şah kitabxanasının ətrafında toplanarmışlar. Kitab köçürənlər arasında çoxlu yüksək ixtisaslı xəttat və mirzələr olarmış. O dövrdə kitabların üzünün koçürülməsi geniş yayıldığı üçün xəttatlıq da inkişaf etmişdi.

Təbriz miniatür məktəbi Şərqin təsviri incəsənətində xüsusi bir istiqamət yaratmışdı. Bu məktəb nümayəndələrinin əsərlərində hadisələr geniş təsvir edilir, süjetli səhnələr yaradılırdı. Miniatürlərdə Azərbaycan təbiətinin xüsusiyyətləri duyulurdu. Bədii xəttatlıq da çox inkişaf etmişdi. Təbriz bədii miniatür ustaları geniş şöhrət qazanmışdılar. Onlardan XVI əsrin sonu-XVII əsrin əvvəllərində ən məşhuru Sadıq bəy Əfşar olmuşdur.

Sadıq bəy Əfşar 1533-cü ildə Təbrizdə anadan olmuşdur. Sadıq bəy Azərbaycanın məşhur Əfşarlar tayfasından idi və atası qızılbaş sərkərdələrindən olub. Məktəb və mədrəsədə təhsil aldıqdan sonra Sadıq bəy səyahətə çıxmaq istəyini bildirib. 20 yaşında ikən dərviş sifəti ilə Hindistandan tutmuş Misirə qədər Şərq ölkələrinə səyahət edib. O bir müddət Suriyanın Hələb, İraqın Bağdad, İranın bəzi şəhərlərində əyan saraylarında yaşayıb və xəttat kimi işləyib. Qəzvində olduğu zaman gəncin rəsmə olan marağını və istedadını görən dövrün miniatürçü rəssamı Müzəffər Əli 1568-1576-cı illərdə rəssamlıq sənətinin sirlərini ona öyrədib. 

 Sadıq bəyin yaradıcılığında əsas yeri miniatür və portret janrı tutur. Dövrün tarixçisi İsgəndər bəy Münşi nəqqaşlar içərisində möcüzə yaradanlar sırasında Sadıq bəyi xüsusi qeyd edir. Şair Qoruri isə yazırdı ki, Sadıq bəyin rəsm əsərləri 3 tümən (1 tümən-100 min qızıl pul) dəyərində idi, Hindistanda daha baha satılırdı. Onun çəkdiyi portretlər obrazların canlılığı və reallığı, xarakterlərin ifadəliliyi ilə seçilirdi. Sadıq bəyin əl işi olan bir neçə rəsm əsəri dövrümüzə qədər gəlib çatmışdır və onlar dünya muzeylərində mühafizə olunur. "Əmir" (Boston İncəsənət Muzeyi, ABŞ), "Teymur xan türkmən" (M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq, Rusiya), "İstirahət edən dərviş"  (Gülüstan muzeyi, Tehran, İran), "Süvari dərviş" (Milli kitabxana, Paris, Fransa) rəsm əsərləri dünya miniatür sənətinin ən nadir incilərindən sayılır.

II Şah İsmayılın dəvəti ilə saray kitabxanasında xidmət etməyə başlayan Sadıq bəy burada tərtib edilən bir çox əsərlərə miniatürlər çəkmişdir. "Gərşasbnamə"-nin əlyazmasına çəkdiyi miniatürlər hal-hazırda Londondakı Britaniya muzeyində qorunur. 1576-1577-ci illərdə Firdovsinin "Şahnamə" əsərinə də rəsmləri o çəkmişdir.

Ə.Süheylinin 1593-cü il tarixli əlyazmasına çəkdiyi miniatürlər (döyüş və məişət səhnələri, saray həyatından epizodlar, təbiət mənzərələri) Təbriz miniatür məktəbinin ən yaxşı nümunələrindəndir.

 

Rəssamlığa aid biliklərini Sadıq bəy özünün "Qanun üs-suvar" əsərində əks etdirmişdir. Bu əsərdə Şərq rəssamlığının nəzəriyyəsi öz əksini tapmışdır. O, rəssamlıq sənətinin qayda-qanunları, texnikası və texniki vasitələri barədə fikir və düşüncələrini yazmış, incəsənətin gerçəkliyi əksində forma və məzmunun, nəzəriyyə və təcrübənin vəhdətindən bəhs etmişdir.

Sadıq bəy, həmçinin, Azərbaycan və fars dillərində elm, rəssamlıq, ədəbiyyat problemlərinə dair onlarca dəyərli əsərin müəllifidir. "Şərhi-hal", "Zibdət ül-kəlam", "Cəngnamə" ("Fəthnameyi-Abbasi-namdar"), "Risaleyi-müəmma" kimi mənzum əsərləri onun dərin biliyə və geniş dünyagörüşünə malik bir sənətçi olduğundan xəbər verir.

Sadıq bəy zəmanəsinin istedadlı şairi kimi də tanınmışdır. Onun "Sadiqi" təxəllüsü ilə yazdığı lirik şeir, qəzəl və qəsidələri "Divan"-da toplanmışdır. Sadıq bəy Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri altında "Səd və Səid" adlı bir əsər də yazmışdır.

I Şah Abbas Səfəvilərin Təbriz kitabxanasını idarə etməyi Sadıq bəyə tapşırmışdır.

Sadıq bəyin 1599-cu ildə yazdığı "Məcmə ül-xəvas" təzkirəsi orta əsr Azərbaycan ədəbiyyatşünaslığının ən yaxşı nümunələrindən biridir. Bu əsərdə müəllif Azərbaycanın 400-dən çox alim, şair və rəssamı haqqında məlumat vermiş, onların əsərlərini şərh etmişdir. Azərbaycan dilində yazılmış bu əsərdə bir çox vətən şairlərimizin dövrümüzə qədər gəlib çatmamış əsərləri barədə müfəssəl məlumat vardır. Belə ki, kitabda Ətiqi Şirvani, Mövlana Şərif Təbrizi, Pirqulu bəy, Mir Məhəmməd Evoğlu, Fikri Ordubadi kimi Azərbaycan şairlərinin yaradıcılıqları işıqlandırılmışdır.

Azərbaycan ərazilərinin Səfəvi-Osmanlı müharibələri zamanı dağıdılması xalqın mədəni sərvətlərinə ağır zərbələr vurmuşdur. Çoxlu incəsənət, ədəbiyyat nümunələri, memarlıq abidələri dağıdılıb məhv edilmişdir. Azərbaycanın bir çox mədəniyyət xadimi doğma yurdlarını tərk edib, dövlətin digər şəhərlərinə köçmək məcburiyyətində qalırlar. Belə bir şəraitdə I Şah Abbas paytaxtı İsfahana köçürür və saray  kitabxanasını da burada yerləşdirir.

XVII əsrin əvvəllərində Təbriz miniatür məktəbinin nümayəndələri İsfahan şah sarayına dəvət olunurlar. Onlar zəngin Təbriz məktəbinin qədim ənənələrinə sadiq qalaraq yeni İsfahan rəssamlıq məktəbini yaradırlar. Bu zaman məhz Sadıq bəyin yaradıcılığı İsfahan miniatür məktəbinin formalaşmasında mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, İsfahan miniatür məktəbinin məşhur xəttat-miniatürçüsü Əli Rza Təbrizi onun şagirdi olmuşdur.

125 il ömür sürmüş Əli Rza Təbrizi yüzlərcə əsər yaratmış, Məşhəddə şiələrin səkkizinci imamı Musa ər-Rzanın məzarı ornamentinin tərtibatı üzərində işləmişdir. Sadıq bəy Əfşardan sonra Səfəvilərin İsfahan kitabxanasına da məhz o başçılıq etmişdir.

Sadıq bəy Əfşar 1610-cu ildə İsfahan şəhərində vəfat etmişdir.

Səfəvilərin böyük zəhmət hesabına kitabxanalarına topladıqları nadir əlyazmalar sonralar baş vermiş hərbi-siyasi hadisələr nəticəsində müxtəlif şəhərlərə paylanmışdır. Onların əksəriyyəti Ərdəbil şəhər kitabxanasında toplanmışdır.

1828-ci ildə Rusiya-İran müharibələri zamanı Cənubi Azərbaycana soxulmuş rus qoşunları Ərdəbil şəhərini aldıqdan sonra qoşun komandanı general İ.Paskeviçin əmri ilə Ərdəbil kitabxanasında olan əlyazmalar talanaraq Rusiyaya aparılmışdır və indiyənədək də Rusiyanın muzeylərindədir.

18 avqust 2015
GO BACK