Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-26

Azərbaycan tarixindən yüz şəxsiyyət-26

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 


I Şah Abbas

 

(1513-1576)

Azərbaycan Səfəvilər dövləti XVI əsrin sonunda dərin böhran keçirirdi. Zəif və  iradəsiz şah Məhəmməd Xudabəndənin dövründə feodal pərakəndəliyi güclənmiş, bundan istifadə edən xarici dövlətlər Səfəvi torpaqlarına hücumlar təşkil etməyə başlamışdılar. Hörmüz limanında möhkəmlənən portuqallar Səfəvi dövlətinin Qırmızı dəniz, Fars körfəzi və Hind okeanına birbaşa çıxışını bağlamışdılar. Özbəklər daim Xorasana hücum edir, Səfəvi torpaqlarının şərq ərazilərini zəbt etməyə çalışırdılar. Ən böyük təhlükəni isə osmanlı orduları yaratmışlar. Osmanlı qoşunları və onların müttəfiqi olan Krım xanlığının qoşunları faktik olaraq Təbriz də daxil olmaqla Azərbaycanın əksər ərazilərini zəbt etmişdilər. Zəbt edilmiş ərazilərdə, ilk növbədə Şimali Azərbaycanda osmanlılar öz inzibati-ərazi və iqtisadi sistemlərini yaradır, buranı bütövlüklə səfəvilərdən qoparmaq məqsədi güdürdülər.

İqtisadi gerilik nə müharibə aparmağa, nə də islahatlar keçirməyə imkan vermirdi. Ayrı-ayrı qızılbaş feodal qruplaşmalarının bir-biriləri ilə toqquşmaları onsuz da zəif olan ordunu daha da zəiflədirdi. Belə şəraitdə 1587-ci ildə şah Məhəmməd Xudabəndənin ölüm xəbəri yayıldı. Onun oğlu, igid və bacarıqlı sərkərdə Həmzə Mirzə hələ atasının sağlığında öldüyündən hakimiyyətə Səfəvi nəslinin digər qollarından olan nümayəndə gəlməli idi. Belə namizədlər çox idi, lakin sonda ustaclı və şamlı tayfa əmirlərinin dəstəyinə arxalanan və 1587-ci ilədək Xorasanda yaşayan 16 yaşlı şahzadə Abbas şah elan edildi.

Qızılbaş əyanları ilə keçirilmiş ilk müşavirə göstərdi ki, ölkəni məhv olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa edilməlidir. Bunlara nail olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın tərəqqisinə xüsusi diqqət verilməli idi. Bunun üçün isə feodal pərakəndəliyinə son qoyulmalı idi. Daxili problemləri həll etmək üçün vaxt qazanılmalı idi və bu vaxtı qazanmaqçün şah osmanlılarla danışıqlara başladı.

1590-cı ildə tərəflər arasında imzalanan  İstanbul sülhü çox ağır oldu: Cənubi Azərbaycanın Ərdəbil şəhəri ətrafında olan bir neçə vilayəti istisna olmaqla digər Azərbaycan torpaqları, həmçinin, əvvəllər bütünlüklə Səfəvilərə məxsus Gürcüstan və Ermənistan (Van gölü ətrafında olan torpaqlar nəzərdə tutulur) osmanlılara verilirdi.

Dövlətin baş vəziri Hatəm bəy Ordubadi ilə birlikdə islahatlar planı hazırlayan şah onları həyata keçirməyə başladı. Səvəfı əmirlərindən ibarət qoşunlar düşmənlə müharibədə igidliklər göstərsələr də, ayrı-ayrı feodallara qarşı mübarizədə zəif iştirak edirdilər, çünki onların bir-birlərinə qohumluqları çatırdı. Mərkəzi hakimiyyəti gücləndirmək üçün isə itaət göstərməyən feodalların müqaviməti mütləq qırılmalı idi. Odur ki şahın əmri ilə 15 min nəfərlik qulamlar korpusu təşkil edildi. Atabəylər dövlətində məmlüklər korpusunun formalaşma

prinsipini əsas götürən şah qızılbaş tayfalarına heç bir aidiyyəti olmayan oğlan uşaqlarını toplamaq və şaha sədaqət ruhunda tərbiyələndirmək əmri verdi. Qulamlar şahın qvardiya qoşunu rolunu oynayırdı.

Müasir müharibədə odlu silahların əhəmiyyətini yaxşı dərk edən şah top hissələri yaratmağa başlayır. Ölkə daxilindəki ustalarını səfərbər edən, Avropa dövlətləri və Rusiyadan əlavə mütəxəssislər dəvət edən və avadanlıq alan şah qısa müddət ərzində 500 topu olan güclü topçu hissələri yaratmağa müvəffəq olur. Bundan başqa ölkənin əhalisi siyahıya alınır, xüsusi siyahılara əsasən vilayətlərdən müəyyən sayda döyüşçülər toplanmağa başlanır. Onlar şahın hesabına təmin və təchiz edilir, tüfənglərlə silahlandırılır. 12 minlik tüfəngçi korpusuna şahın əmri ilə qızılbaş tayfalarının döyüşçüləri götürülmürdü ki, tüfəngçiləri də pərakəndəlik yaradan feodallara qarşı mübarizədə istifadə etmək mümkün olsun.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-26

 

Bu tədbirlərdən sonra qızılbaş əmirlərinə qarşı amansız mübarizəyə başlayan şah mərkəzi hakimiyyətə tabe olmayanları məhv edirdi. Beləliklə, tədricən ikitirəlik, pərakəndəlik yaradan əmirlər aradan götürüldü, onların təmsil etdiyi tayfalar zəiflədildi. Bundan sonra qızılbaş süvari hissələrində islahatlar keçirildi. 116 minlik güclü süvari qoşunu yaradıldı, onlardan 44 mini daimi qoşun siyahılarına salındı. Daimi qoşunların yaradılması o dövr üçün mütərəqqi addım idi.

Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə imkan verdi. Keçirilmiş maliyyə tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi, məhsuldar qüvvələr canlandı. I Şah Abbasın rəhbərliyi ilə Səfəvi dövləti tədricən dirçəldi.

Fəal xarici siyasət yürüdən şah Avropa və Rusiya ilə ticarət əlaqələrindən başqa, hərbi-siyasi danışıqlar da aparırdı. Almaniya və İspaniya osmanlılara qarşı başlanacaq müharibədə səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.

1597-ci ildə şah dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürür. Bu isə İranın mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaradır. 

İslahatları keçirəndən sonra 1599-cu ildə I Şah Abbas Şərqə yürüş edir. Özbək Şeybani dövləti ilk döyüşlərdəcə məğlub edilir, Xorasan və ətraf ərazilər yenidən Səfəvi torpaqlarına qatılır, Orta Asiya və Əfqanıstanın bir çox əraziləri şahın təsiri altına keçir.

1601-1602-ci illərdə şah portuqallara qarşı əməliyyatlara başlayır. İngilislərlə danışıqlar apararaq onlardan hərbi gəmilər almış şah həm dənizdən, həm də qurudan portuqalların əlində olan və Fars körfəzinə çıxışları bağlayan limanlara hücum edir. Portuqalların burada möhtəşəm istehkam yaratmalarına baxmayaraq, onların qalaları tutulur, özləri isə bu ərazilərdən qovulurlar. Şah bir sıra Bəhreyn adalarını da tutmağa müvəffəq olur.

1603-cü ildə I Şah Abbas çoxdan bəri hazırlaşdığı müharibəyə-osmanlı qoşunlarına qarşı müharibəyə başlayır. 1603-1607-ci illər əməliyyatlarında Azərbaycan bütünlüklə osmanlı qoşunlarından azad edilir. Doğrudur, ölkəyə bu çox baha başa gəlir. Bir çox şəhərlər viran olur, əkin sahələri, bağlar, suvarma kanalları məhv edilir. Üstəlik, "yandırılmış torpaq" taktikasından geniş istifadə edən şah düşmən hərəkət edən ərazilərdə bütün maddi varlıqları məhv edir, su hövzələrini zəhərləndirir, əhalini isə ölkənin dərinliklərinə, İsfahan ətrafına köçürür. Köçürmə elə böyük miqyasda aparılır ki, hətta əhali arasında "Böyük sürgün" adını alır. Osmanlılar bir neçə dəfə itirilmiş torpaqları qaytarmağa cəhd etsələr də, yenə də məğlub edilir, Səfəvi qoşunları Kərbəla, Nəcəf, Mosul, Kərkük, Bağdaddan tutmuş Qara dəniz sahillərinə qədər olan əraziləri tuturlar. 1621-ci ildə Qəndəhara yürüş edən I Şah Abbas Əfqanıstanı tutmaqla öz dövlətinin sərhədlərini Hindistan hüdudlarına çatdırır.

Xalqın yaddaşında keçirdiyi islahatları, uğurlu hərbi əməliyyatları, köçürmə siyasəti ilə bərabər I Şah Abbas apardığı geniş quruculuq işləri ilə də qalmışdır. Onun dövründə müharibədən əziyyət çəkmiş bölgələrin iqtisadiyyatı qısa müddət ərzində bərpa edilmiş, minlərlə yeni-yeni bina inşa olunmuşdur.

Qeyd etmək lazımdır ki, I Şah Abbasın fəaliyyətinin müsbət tərəfləri ilə bərabər mənfi tərəfləri də var idi. Belə ki, "Böyük sürgün" nəticəsində Azərbaycandan İsfahana köçürülmüş minlərlə usta və sənətkar ailəsinə müharibə qurtarandan sonra vətənlərinə qayıtmaq icazəsi verilməmişdi. İranın daxili rayonlarının iqtisadiyyatının inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının zəiflədilməsi hesabına həyata keçirilmişdi. Üstəlik qızılbaş əmirlərinə qarşı aparılmış mübarizə dövlətçilik baxımından labüd addım olsa da, azərbaycanlıların dövlətdə tutduqları mövqeyə zərbə vurulmuşdu. Məlum olduğu kimi qızılbaş əmirlərinin əksəriyyətini məhz azərbaycanlılar təşkil edirdi. Yeni qoşun növlərində azərbaycanlıların sayının az olması, vəzifələrə məhz qızılbaşlara heç bir aidiyyəti olmayan şəxslərin təyin edilməsi son nəticədə dövlətin farslaşmasına gətirib çıxarmışdı.

I Şah Abbas 1629-cu ildə vəfat etmişdir.

16 avqust 2015
GO BACK