Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-19

Azərbaycan tarixindən yüz şəxsiyyət-19

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

 

Mahmud Şirvani

(XIII əsrin II yarısı - XIV əsrin əvvəlləri)

Nisbətən sabit ərazi olan Şirvanda iri təhsil ocaqlarının mövcud olması, monqol yürüşlərindən qaçan yüzlərcə alimin bu mərkəzlərdə fəaliyyət göstərməsi burada təhsil alanların dərin biliklərə sahib olmasına imkan yaratmışdır. 1260-cı ildə Mahmud ibn İlyas "Təbabət haqqında elmi kitab" şərti adı ilə tanınan böyük elmi əsər yazmışdır. Bilmədiyini öyrənməyi eyib saymayan Mahmud Şirvani hər səyahətdən çoxlu sayda kitab və qeydlərlə qayıdarmış. Belə səyahətlərinin biri haqqında o yazırdı: "Mən çox şeyi gördüm, çox şeyi duydum".

Çox vaxt vətəni Azərbaycandan və onun tərkib hissəsi olan Şirvandan ayrı düşən Mahmud Şirvani qeydlərin birində təsadüfən yolda Kafiəddin Şirvani adlı həmyerlisi ilə görüşünü xatırlayır, onunla "doğma torpağın xatirələrini vərəqləməyin necə sevindirici olmasını" yazır. Digər bir qeydində isə o yazır: "Bu dövrdə Şirazda olsam da, vətənim Şirvanı düşünürəm". Mahmud ibn İlyas Şirvaninin əsəri 4 hissədən ibarətdir: nəzəri təbabət, təcrübi təbabət, ümumi təbabət, kompleks təbabət. Əsərin girişində o qeyd edir ki, digər tibbi əsərlərdən fərqli olaraq onun əsərində xəstəliklər təsvir edilmir, onun məqsədi tibbi bilikləri sistemləşdirmək, nəzəri və təcrübi xüsusiyyətləri öyrənməkdən ibarətdir. "Təbabətin köməyi ilə biz insan orqanizminin vəziyyətini öyrənir, diaqnozu müəyyən edirik, həmçinin bu elmin köməyi ilə orqanizmin xəstəlik nəticəsində itirdiyi maddələri bərpa edir və bu yolla sağlamlığı qaytarırıq". Müəllifin fikrincə, "nəzəri təbabət təbii və qeyri-təbii olanları hərəkətdə öyrənir, onların səbəb və dövranlarını müəyyən edir". O, xəstəliklərin səbəblərini çox soyuq və ya çox isti iqlimdə, çirkli və tüstülü mühitdə, nə ilə isə zəhərlənməkdə, həddindən artıq işləməkdə, tənbəllikdə və boş-boşuna vaxt keçirməkdə, yemək və içməkdə hüdud bilməməkdə və s.-də görürdü. 

Mahmud ibn İlyas bildirirdi ki, "Təcrübi təbabət faydalı olanların necə tətbiq edilməsini, zərərli olanların necə çıxarılmasını, sağlamlığın necə qorunmasını, müxtəlif xəstəliklərdən necə qurtulmağı" öyrənir. Onun təklif etdiyi və uğurla həyata keçirdiyi xəstəliklərin diaqnozunun düzgün müəyyənləşdirilməsi texnikası əslində ona qədər tətbiq olunan bir neçə metodikanı özündə birləşdirmişdir. Xəstə xaricdən yoxlanılmalı, onun nəbzi və hərarəti müəyyən edilməli, gözlərinin, dilinin vəziyyəti, hərəkət etmək qabiliyyəti və s. yoxlanılmalıdır. Müəllif müxtəlif növ nəbzlərin təsvirini vermiş, onların hansı xəstəliklərin əlaməti olmasını vurğulamış, nəbz formalarını sistemləşdirmişdir. Kitabın 3-cü fəsli tibbi-izahlı lüğətdən ibarətdir, 4-cü hissədə tibb sisteminin qurulması prinsipləri öz əksini tapıb. 

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-19

 

Mahmud Şirvani İbn Sinanın təklif etdiyi tibbi ocaqlar ideyasını dəstəkləmişdir. Belə ki, İbn Sina tibb ocağında həkimləri və tibbi kitabxanaları cəmləşdirməyi təklif etmişdir. Mahmud ibn İlyas bu ideyanı davam etdirmiş və tibb ocağında hospitallar, tibbi kitabxanalarla bərabər, tibbi ləvazimat istehsal edən emalatxanalar, tibb universiteti, dərmanlar hazırlayan əczaxanaları cəmləşdirməyi təklif etmişdir. Hülakülərin saray həkimi təyin edilən təbib qısa müddət ərzində dövlət başçısı Qazan xanın və onun vəziri, əvvəllər həkim olan Fəzlullah Rəşidəddinin etimadını qazanmış və dövlətin tibb xidməti rəisi təyin edilmişdir. 

Mahmud ibn İlyas Şirvaninin təklifı ilə ölkədə "Dar üş-şəfa" ("Şəfa evləri") adlanan tibbi ocaqlar yaradılmağa başlanmışdır. Birinci və eyni zamanda ən böyük belə tibb ocağı Təbrizdə açılmış və qısa müddət ərzində elmi-təcrübi mərkəzə çevrilmişdir. Bütün Şərqdən bura ən məşhur alim və həkimlər dəvət edilmiş və Təbrizin tərkib hissəsi olan "Rəbi Rəşidiyyə" qəsəbəsində yerləşdirilmişlər. 500-dən artıq alim və həkim burada dövlət hesabına yaşayış yeri, ərzaq, paltarla təmin edilirdi. Müalicə ilə bağlı xərclər, hər xəstənin sağaldılmasına

görə həkimə verilən pul mükafatı, yeni elmi əsərlərə görə qonorarlar dövlət hesabına verilirdi. Rəbi Rəşidiyyədə məscidlər, xəstəxana və hospitallar, rəsədxana, kağız və tibbi ləvazimat istehsalı üzrə emalatxanalar, karvansaralar inşa edilmişdi. Kitabxanada 600 mindən atıq nadir kitab toplanmışdı. Tibbi kadrların hazırlanması məqsədi ilə burada 6000 tələbənin təhsil aldığı universitet açılmışdı. Tələbələr "hücrə"-lər adlanan yataqxana kompleksində yaşayır, onların da xərcləri dövlətin hesabına ödənilirdi. Hospital və xəstəxanalarda qəbul otaqları, müalicə otaqları, əməliyyat otaqları, meyitxana təşkil edilmişdi. Dünyada ilk dəfə olaraq hospitallarda ventilyasiya sistemi qurulmuş, təmizliyə riayət olunması üçün kompleks tədbirlər həyata keçirilmişdi. Hospital binası yaxınlığında həkimlərin istirahət otaqları, mühazirə otaqları və əczaxana açılmışdı. Əczaxana nəzdində böyük bağ var idi ki, burada tibbi bitkilər becərilirdi. Bütün tibbi kompleksin idarə edilməsi bilavasitə Mahmud ibn İlyas Şirvaniyə tapşırılmışdı.

Mahmud Şirvani öz əsərində hər bir tibbi peşə sahibinin göstərdiyi köməkliyə görə hansı məbləğlə qiymətləndirildiyini qeyd etmişdir. Həmçinin xəstəxana xərclərinin adları və miqdarı da göstərilmişdir. Belə ki, xəstəxanaya dövlət tərəfindən pul aşağıdakı maddələrlə ayrılırdı: işçilərin məvacibi, tələbələrin müavinətləri, tibbi avadanlığın alınması, qeyri-tibbi avadanlığın alınması, xəstələr üçün həblər, dərmanlar hazırlanması üçün, gündəlik düyü, ciyər yeməkləri hazırlanması üçün, dini ayinlərin icra edilməsi, kəfənlərin alınması üçün vəsait.

Təbriz "Dar üş-Şəfa"-sı əsasında dövlətin müxtəlif yerlərində 67 eynitipli tibb ocağı açılmışdı. Maraqlıdır ki, tibb ocaqlarının birinin nəzdində təkcə müalicə vasitələri ilə deyil, təbiət təsiri ilə müalicə də nəzərdə tutulurdu. Ətraf mühitdən divarlarla ayrılan, böyük bağlarla əhatələnən bu tibb ocağına "Baği Rəşidabad" ("Rəşidabadın bağları") deyilsə də, xalq arasında ona "Kuçe mualicun" ("Müalicə həbsxanası") deyilirdi. Ən böyük əczaxana "Fəthabad" əczaxanası idi ki, burada olan bağlarda dünyanın on nadir bitkiləri becərilir, onlardan hazırlanan dərmanlar ölkə əczaxanalarına göndərilirdi. 

Qərbi və Şərqi Avropada, Afrikada, Cənub və Cənub-Şərqi Asiyada mütəmadi olaraq başlayan epidemiyalar yüz minlərlə insanın həyatına son qoyduğu bir dövrdə Hülakülər (Elxanilər) dövlətinin ərazisində bir dəfə də olsun epidemiya qeydə alınmamışdı və bunun səbəbi dövlətdə tibb xidmətinin yaxşı səviyyədə qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, Fəzlullah Rəşidəddin Mahmud Şirvanini "dövrün Əflatunu (Platonu) və əsrimizin Ərəstunu (Aristoteli)" adlandırırdı.

18 aprel 2015
GO BACK