Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-9

Azərbaycan tarixindən yüz şəxsiyyət-9

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Bəhmənyar ibn Mərzban
(?-1066)
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda yaranmış müstəqil feodal dövlətlərin hökmdarları elmin, maarifin inkişafina xüsusi fikir verir, dövrün qabaqcıl şəxsiyyətlərini saraylarına dəvət edir, onların yaradıcılığı üçün şərait yaradırdılar. Azərbaycanın Təbriz, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil və digər şəhərlərində açılmış mədrəsələr savadlı mütəxəssislər yetişdirirdilər. Sonradan onların bir çoxu Bağdad, Dəməşq, Qahirənin ali təhsil ocaqlarında təhsillərini davam etdirərək elmə yeni-yeni töhfələr verirdilər. Dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri sayılan Azərbaycanın Şimalla Cənubun, Şərqlə Qərbin kəsişdiyi yerdə yerləşməsi də burada elm və mədəniyyətin müxtəlif sahələrinin inkişafı üçün əlavə imkanlar yaradırdı. Əl-Biruni, İbn Sina, əl-Fərabi, Bələzuri, Məsudi, əl-İstəxri, İbn Havgəl, əl-Kindi və digər məşhur Şərq alimləri Azərbaycanın elmi-ədəbi mühiti ilə bilavasitə bağlı olmuşlar.
Azərbaycan tarixindən yüz şəxsiyyət-9

IX-XII əsrlərdə dünya mədəniyyətinə Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Ömər Gəncəvi, Yusif ibn Tahir, Fələki Şirvani, Mücirəddin Beyləqani, Xətib Təbrizi kimi ədəbiyyat xadimləri, Əcəmi Əbubəkr, Məsud ibn Davud kimi memarlar bəxş etmiş Azərbaycan mədəni oyanışın ən mühüm mərkəzlərindən biri idi. Bu dövrdə Azərbaycanın vahid dövlət sərhədləri daxilində birləşdirilməsi Azərbaycan ədəbi dilinin formalaşmasına səbəb olur və azərbaycanlılar vahid bir xalq kimi dünyada tanınır. Azərbaycan alimləri müxtəlif elm sahələrinin, o cümlədən təbabət, fəlsəfə, astronomiya, tarix və coğrafiyanın inkişafında dünya elminin önündə gedirdilər. Eynəlqüzzat Miyanəçi, Məkki əl-Bərdəyi, Səid əl-Əzdi kimi filosoflarımız, Əbu Miaz Əbdai Xoylu kimi təbibimiz, Əbubəkr Məhəmməd Şirvani kimi hüquqşünasımız, Fazil Fəridəddin Şirvani kimi astronomumuz "Azərbaycan İntibahı"-nın görkəmli nümayəndələridir.
"Azərbaycan İntibahı”-nın ilk görkəmli simalarından biri Bəhmənyar ibn Mərzban olmuşdur. Bəhmənyar Əbülhəsən ibn Mərzbanın uşaqlığı və gəncliyi barəsində məlumdur ki, o, Cənubi Azərbaycanda sadə azərbaycanlı sənətkar ailəsində anadan olmuşdur. Bir dəfə Azərbaycanda olan görkəmli Şərq alimi Əbu Əli İbn Sina sənətkar Mərzbanın emalatxanasının yanından keçəndə həyətdə oynayan uşaqlardan ona od gətirməyi xahiş edir. Səbadan od və ya kömür gətirmək üçün uşaqların qabı yox imiş, buna baxmayaraq uşaqlardan biri ovucuna torpaq tökdürür və közərən kömürləri bu torpağın üstünə yığdıraraq İbn Sinaya gətirir. Bu uşaq Bəhmənyar imiş. Uşağın ağlına heyrətlənən İbn Sina onun valideynləri ilə danışır və uşağı onun yanına göndərmələrini xahiş edir. Beləliklə, Bəhmənyar İbn Sinanın şagirdi olur.
Həm İbn Sinanın qeydləri, həm də onun əsərlərini təhlil etmiş alimlərin fikrincə, görkəmli alimin bir çox nailiyyətləri onun gənc Bəhmənyarla apardığı söhbətlər və mübahisələr əsasında qazanılmışdır. Bir müddət keçdikdən sonra Bəhmənyara o dövrün əsas aparıcı elmlərindən ətraflı məlumatlar verən və onu istiqamətləndirən İbn Sina şagirdinin müstəqil çalışmasına icazə verir. Şərqin ən məşhur mədrəsələrində dərs deməyə başlayan Bəhmənyar sonda vətəni Azərbaycana qayıdır və burada özünün on məşhur əsərlərini yazır. "Metafizika elminin mövzusuna dair traktat" adlı folsofi əsərində Bəhmənyar qədim yunan və Roma filosofiarının əsərlərini təhlil etmiş, onların nəticələrini XI əsr elmi səviyyəsindən yoxlamış, fərziyyələrinə qiymət vermişdir. Bəhmənyar hərəkət, məkan və zaman anlayışlarının fəlsəfi şərhini vermiş, onların vəhdətini, bir- birindən ayrılmazlığını göstərmişdir. 
"Məntiqə dair zinət kitabı" adlı digər əsərində Bəhmənyar o dövrdə fəlsəfənin tərkib hissəsi kimi təzəcə formalaşmağa başlayan məntiq və onun qanunları araşdırmış, onun anlayışlarının tərifini vermişdir. O özünə qədərki Şərq fəlsəfəsini dərindən öyrənmiş, onun nailiyyətləri ilə yaxından tanış olmuş, məntiqdə anlayış, hökm, istiqlal anlayışlarını geniş işıqlandırmışdır "Mövcudatın mərtəbələri" adlı növbəti fəlsəfi əsərində Bəhmənyar dünya, onun qanunlarını, yaranma və inkişafetmə səbəblərini araşdırmış, insanın bu dünyada tutduğu yeri və oynadığı rolu nəzərdən keçirmişdir. O, idrakda hiss və rasional məqamların əlaqəsini vermişdir. Bəhmənyarın "Təhsil kitabı" adlı əsəri də əhatəliliyinə, məzmun dərinliyinə görə onun yaradıcılığında xüsusi yer tutur.
Bəhmənyar fəlsəfi əsərlərində bildirir ki, hər şeyin əsasını on ümumi mənada varlıq təşkil edir. Varlıq, onun fikrincə, iki formada olur: vacib varlıq və mümkün varlıq. Vacib varlıq zəruridir, mütləq mövcuddur, səbəbsizdir, heç kim tərəfindən yaradılmayıb, əbədidir, mümkün varlığı yaradandır. Mümkün varlıq qeyri-mövcud və mövcud fərz ediləndir, onun varlığı və yoxluğu birsəbəblidir, daha doğrusu, o, nəticədir. Bəhmənyar yazırdı ki, Allah məxluqatdan zamanca qabaqdır. Onun fikrincə, nəticənin dərk olunması ilk səbəbin dərk olunmasına aparıb çıxarır. Bəhmənyarın bu fikirləri müsəlman alimləri tərəfindən müsbət qarşılansa da, mütəkəllimlər (ortodoksal filosoflar) onun "səbəbin varlığından nəticənin varlığının hasili vacibdir", habelə "ilk səbəb zaman etibarilə nəticəyə bərabərdir" fikirlərini qəbul etmirdilər.
Bəhmənyarın etik baxışları toplandığı "Gözəllik və səadət kitabı", həmçinin bir çox təzkirələri də bizə qədər gəlib çatmışdır. "Musiqi kitabı" adlı əsəri etik-fəlsəfi xarakter daşıyır. Bəhmənyarın hal-hazırda Sankt-Peterburq və Daşkənd arxivlərində saxlanılan İbn Sina ilə fəlsəfi yazışması onun bir filosof kimi necə püxtələşməsini, kamilləşməsini öyrənməyə imkan verir. Maraqlıdır ki, hələ sağlığında Bəhmənyarın əsərləri Şərq filosofları tərəfindən dərindən öyrənilmiş, onlar üzü köçürülərək çoxaldılmışdır. Avropa Bəhmənyarın əsərləri ilə XIX əsrdə tanış olmuş və onların bir qismi Almaniyanın Leypsiq şəhərində çap edilmişdir. Onun XX əsrdə də aktuallığını itirməyən fəlsəfi əsərləri Tehranda və Qahirədə nəşr olunmuşdur.
Şərqin görkəmli alim və mütəfəkkirləri Əbül Abbas Ləvkəri, Əfzələddin Xünəci, Nəsirəddin Tusi, Siracəddin Urməvi fəlsəfə elmində özlərini Bəhmənyarın davamçıları hesab etmişlər.
İbn Sinanın şagirdi və davamçısı, Azərbaycan filosofu Bəhmənyarın orta əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında böyük rolu olmuşdur. Bəhmənyar ibn Mərzban 1066-cı ildə Cənubi Azərbaycanda vəfat etmişdir.
19 fevral 2015
GO BACK