Qadin.NET / E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2

E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2

 

E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2

Ardı...

Müxtəlif taxta qurğular, od izləri və xüsusilə atların dəfn olunması Azərbaycanın step kurqanlarının səciyyəvi cəhətləridir. Cənubi Qafqazın və İranın daha erkən dövrlərinin mədəniyyətlərində kökləri olmayan bu adət tam müəyyənliklə Cənubi Rus çöllərinin mənəvi dünyası ilə bağlıdır. Cənubi Rusiya çöllərindən çıxmış, atların dəfn olunması adətini yaşadan gəlmələrin adı çəkilmiş ərazinin hüdudlarından kənarda İran nitqinin yayıcıları olduğunu arxeoloji dəlillərlə yaxşı uzlaşan linqvistik dəlillər də təsdiq edir. Şimali Qafqazda, Cənubi Qafqazda, eləcə də Azərbaycanda, habelə İran yaylasının şimal-qərb qismində aşkar olunmuş, e.ə. II minilliyin sonuna-I minilliyin başlanğıcına aid olan at qəbirləri Cənubi Rus çöllərindən Orta Asiyaya, Dağıstan və Şimali Azərbaycan vasitəsilə cənuba hərəkət etmiş ilk irandilli miqrantların yolunu aşkarlayır.

Biz Cənubi Qafqazın İrandilli tayfalarının sonrakı taleyi haqqında heç nə bilmirik. Güman etmək olar ki, onların bir qismi bu ərazidə yaşamaqda davam etmiş, sonralar isə etnik simasını itirmişdir. Güman ki, erkən irandilli gəlmələrin bir qrupunun Qafqaz yolu ilə bütövlükdə bir neçə yüzillik ərzində davam etmiş və arxeoloji cəhətdən aşkarlanan hərəkəti bu cür yerdəyişmələrin nə formalarını, nə də marşrutlarını məhdudlaşdırmır. Lakin şübhəsizdir ki, bu yol Cənubi Rus çöllərinin İrandilli sakinləri tərəfindən hələ e.ə. II minilliyin sonlarında I minilliyin başlanğıcında, bəlkə də daha əvvəlki dövrdə istifadə edilmişdir. İran yaylası ərazisinin yuxarıda adları çəkilmiş arxeoloji kompleksləri onların Cənubi Qafqazın və Ermənistan yaylasının mədəniyyətləri, habelə Şimali Qafqazın və Cənubi Rusiyanın çöl mədəniyyətləri ilə əlaqələndirilməsi üçün imkan verən səciyyəvi xüsusiyyətlərə malikdir. Bu baxımdan o da çox əhəmiyyətlidir ki, nəinki

İran yaylasının şimal-qərb vilayətlərindən, habelə Sialkdan əldə olunmuş materialların Qafqaz materialları ilə yaxınlığı arxeoloji cəhətdən sənədləşdirilmişdir. Bu komplekslər Şimali Azərbaycan materialları ilə bilavasitə əlaqədardır.

Məhz Azərbaycan ərazisində Son Tunc dövrünün böyük kurqanlar qrupunun materiallarında onların aşkar uyğunluğu daha çox nəzərə çarpır. Əlbəttə, ola bilər ki, irandilli tayfa qrupları Cənubi Rusiya çöllərindən İrana Xəzər dənizinin həm şərq, həm də qərb sahilləri boyunca sahilboyu torpaqlarda məskunlaşaraq, təxminən eyni zamanda-e.ə. II minilliyin II yarısının hüdudlarında irəliləmişlər.

Beləliklə, arxeoloji materiallar və mixi yazılardan məlum olmuş dəlillər e.ə. II minilliyin sonunda-I minilliyin ilk əsrlərində Araz çayından cənubda olan vilayətlərdə də mədəniyyətin yeni elementlərinin və onların daşıyıcıları olan İrandilli tayfaların meydana gəldiyini göstərir. İran yaylasındakı vilayətlərdə yeni gəlmələrin meydana gəlməsi məişətdə, təsərrüfat həyatında, xüsusilə dəfn adətlərində, ayinlərdə nəzərə çarpır. Məhz bu tayfalar Cənubi Azərbaycan vilayətlərinə sonralar zərdüştilikdə ("Avesta" onun müqəddəs kitabı idi), habelə müxtəlif "bidətçi" təlimlərdə öz əksini tapmış yeni dini təlimlər gətirmişdilər. Atəşpərəstlik, mazdaizm, dualizm həmin dini təlimlərin elementləri idi. Çevik süvari tayfalar olan gəlmələr özlərinin yeni yaşayış yerlərinə qərarlaşmış, spesifik yerlilərdən fərqlənən məişət vərdişləri, yeni silah, geyim, atçılıq ləvazimatı və yalnız özlərinə xas olan dəfn adətləri gətirmişdilər. Maddi mədəniyyətdə, dulusçuluqda və metal emalı texnikasında yeni cəhətlər aşkara çıxmışdı. İncəsənət abidələrində bu cəhətlər yaxşı müşahidə olunur. Təsərrüfatçılığın yeni formaları yaranır, hərbi işdəki dəyişikliklər diqqəti xüsusilə cəlb edir. Hərbi işdə at minmə, silahların yeni kompleksi geniş şəkildə tətbiq olunmağa başlandı. İrandilli tayfaların gəlişi ilə İran yaylasının vilayətlərində, xüsusilə Azərbaycan ərazisində tədricən təsərrüfatçılığın yeni formaları meydana gəlməyə başladı. İrandilli tayfalar əsasən atçı və süvari idilər. Onlar yerli əhali ilə müxtəlif cür münasibətlər yaradırdılar. Bu münasibətlər bəzən düşmənçiliklə, bəzən isə sülhpərvərliklə səciyyələnirdi. Lakin şübhəsizdir ki, aborigenlərlə gəlmələr bir-birinə təsir edir, bir-birindən öyrənir, qarşılıqlı surətdə zənginləşirdilər.

E.ə. I minilliyin başlanğıcında İran yaylasının şimal-qərb vilayətlərində İran nitqinin yayılması bu bölgə əhalisinin mədəniyyətinin başlıca cəhətlərinin əsaslı dəyişiklərlə müşayiət olunduğunu iddia etməyə əsas verir. Bu dəyişikliklər məişətdə, təsərrüfat həyatında, hərbi işdə, dində, sosial strukturda, siyasi institutlarda nəzərə çarpırdı. Yerli və gəlmə etnik elementlərin uzunmüddətli birgə yaşayışı ümumiyyətlə

və bütövlükdə avtoxton qrupların irandilli əhali tərəfindən assimilyasiyaya uğradılması ilə müşayiət edilirdi.

 

E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2

 

 

İran yaylasının şimal-qərb hissələrinin sakinləri vahid dil birliyi təşkil etmirdilər. Onlar iqtisadi, siyasi, mədəni cəhətdən bir-birilə az əlaqədar olan ayrı-ayrı tayfalardan və tayfa qruplarından ibarət idilər. Onlar bir-biri üçün az anlaşılan və yaxud anlaşılmayan müxtəlif dillərdə danışırdılar. Yalnız Urmiyaətrafı hövzənin Manna dövlətinə daxil olmuş ərazisinin əhalisi arasında müəyyən etnik konsolidasiya

əlamətləri nəzərə çarpırdı. Güman etmək olar ki, Araz çayından cənubda yerləşmiş torpaqların aborigenlərinin ictimai və mədəni səviyyəsinin ümumi artımı, artıq qeyd olunduğu kimi, əvvəllər orada olmamış, hamı tərəfindən anlaşılan dilin qəbul olunması zərurətinə aparıb çıxarırdı. Məhz gəlmə tayfalar bu və ya digər ərazini mənimsəyərək, bu və ya başqa şəkildə orada öz dillərini yayırdılar. Bütün dəlillər əsasında demək olar ki, yerli dillər geniş məkanda az və ya çox dərəcədə bir-birinə bənzər formalarda yayılmış maldarların dilləri (dialektləri) ilə rəqabət apara bilmirdi. Ayrı-ayrı aborigen qrupların dil baxımından, sonra isə mədəni cəhətdən tədrici assimilyasiyası onları son nəticədə etnik assimilyasiyaya aparıb çıxarırdı. 

Belə zənn edilir ki, dil insan davranışının ən mühüm formalarından biridir. Dilin dəyişməsinin nisbətən tez bir zamanda (bəzən ikinci və yaxud üçüncü nəsildə) insan qruplarının etnik mənsubiyyətinin dəyişməsinə, yəni assimilyasiyaya səbəb olması halları çox təsadüf olunan hadisələrdir. Məsələn, Hindistanda, Orta Asiyada, Əfqanıstanda və b. yerlərdə bu cür olmuşdur. Son antik dövr Avropasının bir çox ərazilərinin (İspaniyanın, Portuqaliyanın, Qalliyanın, Mezo-Dakiya vilayətlərinin) qədim əhalisi romanlaşmaya məruz qalmışdır. Erkən orta əsrlər dövründə Britaniyanın əhalisi əsasən germanlaşmışdır. Biz yazılı mənbələr üzrə məlum olan dövrlər ərzində bu və ya digər bəzən isə geniş vilayətlərin əhalisinin öz dilini bir neçə dəfə dəyişməsinə dair nümunələrlə tanışıq. Kiçik Asiyanın etnik-dil görkəmi son 4-5 min il ərzində ən azı 3 dəfə dəyişmişdir. Kiçik Asiyanın əhalisi orta əsrlərdən etibarən artıq yeni, türklərin gətirdiyi dildə danışmağa başladı. Keçmiş Sovet İttifaqının, Amerika qitəsinin geniş ərazilərinin və s. yerlərin sakinləri özlərinin etnik-dil görkəmlərini  dəyişmişlər.  Planetin  ən  qədim  mədəniyyətlərindən  birinin qurucularından olmuş qədim Misir əhalisi də bu cür dəyişmələrə məruz qalmışdır. Xeyli sayda belə nümunələr göstərmək olar.

Araz çayından və Urmiya gölündən başlamış müasir Türkmənistanadək az və ya çox dərəcədə oxşar formalarda geniş məkanda yayılmış maldarların İran dilləri icmalararası, tayfalararası ünsiyyət vasitəsinə çevrilirdi. Beləliklə, bu dilin o dövrün ictimai-siyasi və mədəni şəraitində nisbətən çoxsaylı, güman ki, qarşılıqlı münasibətlərdə anlaşılmayan yerli dillərə nisbətən ictimai baxımdan daha mühüm olduğu aşkarlanır. Qeyd etmək lazımdır ki, gəlmələrin gətirdiyi təsərrüfatçılıq formaları, ictimai, siyasi və digər institutlar bəzi hallarda aborigenlər arasında hakim olmuş cəhətlərə nisbətən daha mütərəqqi idi. Şübhəsizdir ki, başqa hallarda qədim əkinçi əhalinin ictimai formaları daha çox inkişaf etmişdi. Lakin həmin əhalinin hamı tərəfindən anlaşılan ümumi dili yox idi və o, icmalararası, tayfalararası münasibətlərdə irandilli tayfaların ləhcələrindən istifadə etməli olurdu. 

Beləliklə, e.e. II minilliyin sonunda-I minilliyin başlanğıcında Şimal-Qərbi İranın ərazisinə irandilli əhalinin gəlişi sayəsində artıq e.ə. I minilliyin II rübündə Qərbi İran yaylası vilayətlərinin xeyli qismi, xüsusilə Cənubi Azərbaycan əhalisinin dilləri iranlaşmaya məruz qalmağa, İran yaylası isə irandilli tayfaların yeni, ikinci metropoliyasına çevrilməyə başladı. Həmin dövrdə təşəkkül tapmaqda olan irandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi. Onlar aborigenlərin nəinki maddi mədəniyyətini və təsərrüfat nailiyyətlərini mənimsədilər, habelə müəyyən dərəcədə yerli əhalinin antoropoloji tiplərinin də varisləri oldular. Yuxarıda deyilənlərdən aydın olur ki, bizi maraqlandıran bölgənin əhalisinin irandilliləşməsi hələ Mannanın madalılar tərəfindən işğalına qədərki dövrdə başlanmışdı. Mannanın madalılar tərəfindən işğalından sonra Cənubi Azərbaycanın yerli əhalisinin İran dilini qəbul etməsi prosesi kəskin surətdə gücləndi.

İqrar Əliyev

26 oktyabr 2016
GO BACK