Qadin.NET / Qarabağın ilkin adları

Qarabağın ilkin adları

Qarabağın ilkin adları 

Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi  XII—XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq mövcud olmuş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər onu Albaniyanın ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada Qarqarların özlərinə məxsus eyniadlı şəhəri də mövcud olmuşdur. Qarqarların etnik mənsubiyyəti haqqında elmdə üç əsas fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu iddia edirlər. Digər tədqiqatçılar, (xüsusilə erməni tarixçilərinin bir hissəsi) Qarqar toponiminin erməni dilində olduğunu və «daşın döşü» mənasını verdiyini iddia edirlər. Üçüncü fikrin sahibləri qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edirlər və bir növ albanlarla eyniləşdirirlər. Hətta K. V. Trever qarqarları Albaniyada ən geniş yayılmış küp qəbirləri mədəniyyətinin sahiblərindən biri hesab edir. Əgər nəzərə alsaq ki, çar Arsvaqanın dövründə yerli ziyalı Beniamin ümum Alban ölkəsi üçün əlifbanı da məhz çoxlu boğaz səslərinə malik qarqarların dili əsasında tərtib etmişdir, onda üçüncü fikrin həqiqətə daha uyğun olduğunu söyləmək olar. Çox təəssüflə qeyd edək ki, Qarqarlara məxsus arxeoloji abidələr hələ də kifayət qədər öyrənilməmişdir. Yalnız bir həqiqət məlumdur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşdığı halda, sonralar düzən hissəyə enmiş və oturaq həyatla məşğul olmuşlar. Albaniyada xristianlığı da ilk qəbul edən tayfalardan biri məhz qarqarlar olmuşdur. Həmdullah Qəzvini özünün «Nüzhət əl-Qülub» əsərində göstərir ki, Qarqar ərazisində taxıl, pambıq və meyvə yetişdirilirdi.

Qarabağın ilkin adları

Qarabağın digər bir hissəsi Uti adlanmışdır. Utilər də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş bir ərazini əhatə etmişdir. Bəlkə elə buna görədir ki, Utinin Qarabağdakı hissəsi «Xüsusi Uti» və ya «Mərkəzi Uti» adlanmışdır. Yazılı mənbələrdə Uti, Utik, Otena, Udin və s. adlanan bu tayfa əfsanəyə görə albanların mifik əcdadı olan hökmdar Arranın nəslindən əmələ gəlmişdir. İnzibati cəhətdən 7 əyalətə bölünmüş Utinin ən iri əyaləti «Xüsusi Uti» məhz Qarabağda olmuşdur. Mənbələr Bərdənin də Uti şəhəri olduğunu qeyd edirlər. Hal-hazırda udinlərin qalıqlarına Qarabağda, Qəbələ və Oğuz ərazilərində də təsadüf olunur. Uti sözünün mənşəyi və mənası barədə geniş tədqiqat işi aparılmamışdır. Yalnız akademik N. Y. Marr vaxtilə Uti sözü üzərində dayanmış və bu sözün «Qara adamlar» mənasını kəsb etməsi ehtimalını irəli sürmüşdür. Qeyd etmək maraqlı olardı ki, hazırda Qarabağda böyük bir tayfa «Qaralar» adlanır və bu tayfanın ən böyük ziyarətgahı Qaraman baba ocağıdır.

Bütün bu etnonimlərin əlaqəsi xüsusi tədqiqat tələb edir. Qeyd etməliyəm ki, VI—VII əsrlərdən etibarən Qarqar sözü coğrafi və etnik bir məfhum kimi öz əhəmiyyətini itirmişdirsə, həmin dövrdən etibarən, Qarabağın bütün düzən hissəsi Uti adlanmışdır. Bunun səbəbi çox güman ki, bütün ərazinin bir neçə inzibati dairədə birləşməsi ilə əlaqədar olmuşdur. Belə ərazi bölgələrinin yaranması mümkün idi, çünki artıq III—IV əsrlərdən bütün Albaniyada olduğu kimi Qarabağda da feodal münasibətləri inkişafa başlamışdır. III—IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə və ya xüsusi hökmdarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçılar onu Çində Tanrı dağı ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu iddia edirlər. Yeri gəlmişkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir.

Qarabağın ilkin adları

Qarabağın Xaçın və Tərtər çaylarının dağlıq hissəsi bir müddət, yəni XII əsrdən sonra Xaçın da adlanmışdır. Burada XII əsrin sonundan eyni adla xüsusi feodal hökmdarlığı belə mövcud olmuşdur. Bu ad həmin ərazidən axan eyni adlı çayla əlaqədar yaranmışdır.

Bəs Qarabağ adı bu əraziyə nə vaxt verilmişdir? Qeyd etməliyik ki, «Qarabağ sözünü erməni dilinə tərcümə olunmuş halda ilk dəfə XII əsrdə yaşamış Anili Samuel «Sev ayqi» (Qara bağ) deyə işlətmişdir. Bir qədər ondan sonra yaşamış tarixçi Tovma Ardsruni isə Qarabağ sözünü tərcümə etmədən olduğu kimi «Qarabağ» deyə işlətmişdir. Beləliklə, aydın olur ki, artıq XII—XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür. Lakin bu heç də o demək deyildir ki, Qarabağ sözü XII—XIV əsrlərdə yaranmışdır, çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri arasında işləndikdən sonra yazılı ədəbiyyata ş. Bu əraziyə Qarabağ adının verilməsi səbəblərinə gəlincə belə bir ehtimal var ki, onun birinci hissəsi, yə'ni «qara» sözü qədim türkdilli xalqlarda «çox», «böyük», «geniş» mənalarında işlənmiş, ikinci hissəsi «bağ» sözü isə fars dilində olub təsərrüfatda bağçılığın geniş inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Doğrudan da, hal-hazırda olduğu kimi, hələ beş min il bundan əvvəl Qarabağda bağçılığın geniş inkişaf etdiyi elmi dəlillərlə sübut edilmişdir. Lakin «Qarabağ» sözünün Peçeneq—Kəngərli tayfalarından birinə məxsus olduğunu söyləyənlər də vardır. Yuxarıda göstərdiyimiz toponimlərdən fərqli olaraq Qarabağ daha geniş ərazini, yəni qədim Paytakaran, Uti, Haband, Arsax və Qarqar vilayətlərinin bir hissəsini birləşdirərək Araz və Tərtər çayları arasını əhatə etmişdir.

Beləliklə, biz Qarabağ ərazisinin tarixin müxtəlif dövrlərində başqa-başqa adlar daşımasının şahidi oluruq, bunun səbəblərini bir tərəfdən əgər yerli əhalinin etnik tərkibində tarixən baş vermiş dəyişikliklərlə əlaqələndirmək olarsa, digər tərəfdən də həmin ərazidə feodal pərakəndəliyi dövründə baş vermiş bir sıra siyasi-inzibati dəyişikliklərlə bağlamaq lazımdır.

 

(Tarix elmləri doktoru, professor Rəşid Göyüşovun

"Qarabağın keçmişinə səyahət" kitabından)

 

1 aprel 2014
GO BACK