Qadin.NET / 10 mart - Milli Teatr Günüdür!

10 mart - Milli Teatr Günüdür!

10 mart - Milli Teatr Günüdür!

Azərbaycan  milli  teatr sənətinin kökləri xalqın məişəti, fəaliyyəti,  həmçinin, şənlik və toy ənənələri, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı vaxtdan realist xüsusiyyətlər daşımışdır. 1873-cü ilin martın 10-da M.F.Axundovun "Lənkəran xanın vəziri" və “Hacı Qara” tamaşaları ilə əsası qoyulmuşdu.  Azərbaycan teatrı zəngin keçmişə malik olub, zamanın mühakiməsində öz yerini tapmışdır. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər İttifaqı" yaradılması peşəkar teatrın inkişafına yol açdı. Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, H.Vəzirov, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə və başqalarının pyesləri ilə zənginləşməklə yanaşı, rus  və Qərbi Avropa dramaturqlarının əsərlərinə də yer verildi. V.Şekspir,  H.Heyne, F.Şiller, J.B.Molyer, İ.S.Turgenev, N.V.Qoqol, L.N.Tolstoy kimi klassiklərin əsərləri ilə səhnəmiz zənginləşdi. Azərbaycan teatrı yarandığı ilk andan bəri maarifçilik və demokratik ideyalara sadiq qaldı.

10 mart - Milli Teatr Günüdür!

Çox keçmədən teatra olan tələbata görə 1906-cı ildə Bakıda Cahangir Zeynalovun rəhbərli altında "Müsəlman dram artistləri" şirkəti yaradıldı.  Maddi çətinliklərə, müxtəlif təqiblərə baxmayaraq, şirkət bir birindən maraqlı tamaşalar hazırlayır, öz repertuarını genişləndirirdi. 1905-ci il inqilabından sonar bir sıra mədəni ocaqların yaradılması teatr həyatında mühüm rol oynadı. Onlardan biri də “Nicat” idi.  1908-ci ildən bu cəmiyyətdə S.Ruhulla, Ə.Vəli, H.Ərəblinski kimi peşəkar aktyorlar birləşdirildi. Yeni ruhda, yeni məzmunda, yeni ideyada olan əsərlər teatra tamaşaçı axını bəxş etdi. Truppa hər həftə Tağıyev teatrında və fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", N.Neynenin "Əlmənsur",  N.Nərimanovun "Nadir şah",  "Ağa Məhəmməd şah Qacar", Ş.Saminin "Qaveyi ahəngar", N.Vəzirovun "Pəhləvanani-zamanə", F.Şillerin "Qaçaqlar", N.V.Qoqolun "Müfəttiş", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu. 1910-cu ildə "Səfa" adlı yeni Mədəni Maarif Cəmiyyəti və teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Qısa zamanda "Nicat"ın aktyorları "Səfa"ya keçdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan A.M.Şərifzadə, C.Zeynalov  fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan M.A.Əliyev, H.Sarabski, S.Ruhulla, H.Ərəblinski  və başqaları dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməklə yanaşı, teatın inkişafı üçün mədəni-maarif işləri görürdü.

10 mart - Milli Teatr Günüdür!

1910-cu ildə  C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppası eyni zamanda Azərbaycanın şəhər və kəndlərində, hətta Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya, Həştərxanda, Kazanda və s. qastrol tamaşaları təşkil edirdi. "Nicat" və  "Səfa" cəmiyyətlərinin Azərbaycan teatrının inkişafında və yaradıcılıq baxımından möhkəmlənməsində xüsusi rolu oldu. 1908-ci il yanvar ayındaBakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları  nümayiş edilirdi. Beləliklə, repertuarlarını zənginləşdirmək məqsədi ilə Z.Hacıbəyovun "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay", musiqi komediyaları, M.M.Kazımovskinin "Vurhavur" musiqili komediyası, M.C.Əmirovun "Seyfəlmülk" operası, M.Maqomayevin "Şah İsmayıl" və başqalarının əsərləri göstərildi. Ayrılıqda repertuara malik olmasına baxmayaraq,  musiqili teatrda peşəkar ifaçılara ehtiyac çox idi. Musiqili tamaşalarda M.Məmmədov, Ə.Ağdamski, H.Hacıbababəyov, H.Sarabski,  H.Terequlov, M.Bağırov kimi opera müğənniləri ilə yanaşı, dram aktyorları Ə.Hüseynzadə, H.Ərəblinski, H.Abbasov, A. və R.Darablı, Ə.Anaplı, Y.Olenskayalar  və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü yox idi. Repertuarında həm dram, həm də musiqili əsərlərə yer ayrılmışdı. Onu da qeyd edim ki, 1910-cu  illərdə musiqili tamaşalar daha çox üstünlük təşkil edirdi. 

1916-cı ildə Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən, mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənən tamaşa səhnələşdirildi. Bu C.Məmmədquluzadənin "Ölülər" komediyası idi. 

Tezliklə "Müsəlmən artistləri ittifaqı" (1917) yaradıldı. A.M.Şərifzadənin başçılığı altında bütün teatr dəstələri yoldaşlıq münasibətləri əsasında tamaşalar verməyə başladı. Lakin bu ittifaq cəmi bir il ömür sürdü. Mayılov teatrının anterprenyorları eyni binada Azərbaycan aktyorlarının çıxış etməsinə mane olurdular. Aktyorların çoxu qastrola çıxırdı. Təkcə Ü. və Z.Hacıbəyov qardaşlarının truppası digərlərinə nisbətdə demək olar ki, müntəzəm fəaliyyət göstərirdi. Burda dram, opera və operetta artistləri qabaqcıl, demokratik ideyalarla bağlı tamaşalar göstərərək xalqın mədəni inkişafında mühüm rol oynayırdı. Bütün bunlara baxmayaraq, həmin illərdə  teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı. 

Azərbaycan Demokratik Cumhuriyyəti dağıdıldıqdan sonra 1920-ci  il 1 iyul tarixli qərara əsasən  Birləşmiş Dövlət Teatrı yaradıldı. Həvəskar aktyor və peşəkak aktyorların cəmləşdiyi bu truppa öz fəaliyyətini davam etməyə başladı. Lakin 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil oldu. Eyni ildə M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşda tamaşaya qoyulması ilə Azərbaycan Dövlət Dram Teatrının möhtəşəm açılışı oldu. Dramaturgiyanın inkişafında xüsusi rolu olan, teatr sənətinin inkişafında böyük xidmətlər göstərən N.Vəzirov, C.Məmmədquluzadə, S.S.Axundov, Ə.Haqverdiyev  kimi realist-demokrat yazıcıların fəaliyyəti milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin göstərilməsində xüsusi rol oynamışdır. 

XX əsrin 20-ci illərində tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək  məqsədi ilə tərcümə pyeslər, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, xüsusilə C.Cabbarlının pyesləri səhnələşdirilirdi. Həmin illər "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı),  "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Müfəttiş" (N.V.Qoqol), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Həyatın dibində" (M.Qorki),  "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu. 

Həmin illərdə aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, İ.Hidayətzadə, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, R.Təhmasib, K.Ziya, M.Mərdanov, Ə.Məmmədova, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım), Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və başqaları fəaliyyət göstərirdilər. 1935-1941-ci illər isə  Azərbaycan Dövlət Dram teatrının yetkinlik dövrü hesab edilir. Çünki həmin illərdə teatrda müasir mövzuda "Həyat" (1937, M.İbrahimov), "Qaçaq Nəbi" (1940, S.Rüstəm), "Toy" (1939, S.Rəhman) pyesləri, "Vaqif", "Xanlar" (1938, 1939, S.Vurğun) tarixi qəhrəmanlıq dramlar göstərilirdi. 

Azərbaycan teatrının 75 illik yubileyi  1949-cu ildə keçirlmişdi. SSRİ Ali Sovetinin Fərmanına əsasən teatra “Qırmızı Əmək Bayrağı” Ordeni təqdim olundu.  S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər. Eyni zamanda rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. 

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə", "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə, və s. Bunlarla yanaşı həmin illərdə teatrda milli və xarici ölkə dramaturqlarının bir sıra əsərləri  tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s.

10 mart - Milli Teatr Günüdür!

Teatr sənət sahəsinin intibah dövrü məhz 1970-ci illər  hesab olunur. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında dəstək olan Heydər Əlirza oğlu Əliyevin köməyi nəticəsində milli teatr sənətimiz  inkişaf yoluna qədəm qoydu. Azərbaycan teatrının 100 illik yubileyi 1974-ci ildə xüsusi təntənə ilə qeyd olundu. Məhz həmin ildə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər.  Teatr eyni zamanda Lenin ordeni ilə də  təltif edildi. S.Vurğuun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşaları səhnələşdirildi.

!980-ci illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, , R.Əzimov, N.Əliyev, Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, M.Mirzəyev, M.Novruzova, A.Vəlixanlı, H.Qurbanov, A.Pənahova,  R.DadaşovƏ.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər.

1988-ci ildə  Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.

10 mart - Milli Teatr Günüdür!

Azərbaycan teatrına müsair dövrümüzdə dövlət tərəfindən xüsusi diqqət ayrılmışdır. Teatrları Azərbaycan Prezidenti  İlham  Əliyev Sərəncamına əsasən təmir və bərpa etdirilir. Bu proses ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur. Bu gün Azərbaycan teatrı böyük ruh yüksəkliyi ilə Milli Teatr Gününü qeyd edir. Xüsusi olaraq, qeyd edək ki, teatrın belə bir səviyyəyə yüksəlməsində peşəkar aktyorların da rolu müstəsnadır. 

Cəlil Məmmədquluzadənin "Ölülər"  dramı -Akademik Milli Dram Teatrının təqdimatında.

Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdimatında.

"Hicran" tamaşası Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təqdimatında

10 mart 2014
GO BACK