Biz hazırda müstəqil bir dövlətdə yaşayırıq. Əlbətdə ki, bizim öz dilimiz, öz dinimiz, öz adət-ənənələrimiz vardır. Və biz əlimizdən gəldikcə onları qoruyur, dilimizə, dinimizə, adətlərimizə hörmət edirik. Məsələn, hər il öz milli bayramlarımızı qeyd edirik - Novruz bayramı, Bayraq bayramı və s. Həm də özümüzü “əsl” azərbaycanlı sayırıq. Bəli ”əsl” azərbaycanlı. Ancaq hansısa çatışmazlıq var axı?! Dilimiz... Niyə? Bir anlıq düşünün, biz azərbaycanlılar hər zaman Azərbaycan dilindəmi danışırıq? Hazırda demək olar ki, Bakı əhalisinin əksəriyyəti rus dilində danışır. Əlbəttə, başqa dil bilmək pis iş deyil. Əksinə, olduqca yaxşıdır. Amma biz, bu dili artıq öz ana dilimizə çevirmişik sanki. Əslində çoxlarını qınamaq olmaz. Çünki biz azərbaycalılar illərlə SSRİ-nin tərkibində yaşamışıq. Bu da bizim dilimizə, adət-ənənəmizə təsir edib. Valideynlərimiz, hətta nənə-babalarımız, qohum-əqrəbalarımızın əksəriyyəti rus dilini bilirlər.
Axı indi mustəqil dövlətik. Niyə hələ də rus dilində danışırıq? Hansısa bir mağazaya girsəniz, oradakı satıcıların əksəriyyəti rus dilində danışır. İçəri girənə rus dilində “salam”, çıxana rus dilində “sağ ol” deyir. Sanki bura Azərbaycan deyil. Hələ Azərbaycan dilində danışanlara yuxardan aşağı baxanlar da az deyil. Bütün bunlar yalnız satıcılara aid deyil, ümumilikdə xalqımıza adiddir. Bir də səviyyə məsələsi var əlbəttə. Hansısa bir məkan necə deyərlər “rusdilli” dirsə, orada Azərbaycan dilində danışanda insana elə baxırlar ki, elə bil nə isə pis bir hadisə baş verib. Cəmiyyət arasında insanlar var ki, tam bilmədiyi halda rus dilində danışır, bununla da özlərini daha səviyyəli, daha savadlı göstərməyə çalışırlar. Lakin anlamırlar ki, kənardan çox gülünc görünürlər.
Ulu öndərimiz Heydər Əliyev cənablarının bir kəlamı heç vaxt yadımızdan çıxmamalıdır: "Mən fəxr edirəm ki, azərbaycanlıyam." Əlbəttə, hər birimiz bununla fəxr etməli, dilimizi sevməli və qorumalıyıq. İnsan nə qədər çox dil bilərsə, bir o qədər yaxşıdır. Bununla biz dövlərimizə, xalqımıza xeyirli vətəndaş ola bilərik. Ancaq bu o demək deyil ki, başqa dili biliriksə, öz dilimizi unutmalıyıq. Əksinə, dilimizə hörmət etməli, bütün dillərdən uca tutmalıyıq. Çünki bu dildə analarımız bizə layla deyib, bu dildə sevib, bu dildə əzizləyib, bu dildə nağıllar söyləyib. Azərbaycan dili bizim ana dilimizdir.
Nə olur-olsun, kim nə deyir-desin, gəlin öz adət ənələrimizi və dilimizi qoruyaq! Əsl Azərbaycan vətəndaşı kimi də yaşayaq!