Qadin.NET / Günəşimdir mənim dilim!

Günəşimdir mənim dilim!

 

Günəşimdir mənim dilim!

1999-cu il noyabr ayında keçirilmiş  baş konfransda YUNESKO-nun qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili günü elan edilmişdir. 

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz dil vasitəsi ilə çatdırır. Rus pedeqoqu K.D. Uşinskinin dediyi kimi, "Bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir". Elə buna görə də tarix boyu yurdumuza hücum edən yadellilər ilk əvvəl dilimizi məhv etməyə çalışmışlar. Biz də məhz bu səbəbdən dilimizi qorumalı, ona sahib çıxmalıyıq.  

Dilimizin inkişafında, onun uşaqlara sevdirilməsində kitabların, şeirlərin və sayı-hesabı olmayan əsərlərin böyük rolu vardır. Lakin ən önəmlisi, hər bir körpəyə öz anasının dilindən səslənən laylanın rolu böyükdür. Ana laylası ana südü vasitəsi ilə körpənin qanına keçər, onun necə gözəl olduğunu aşılayar. Körpənin hər baxışında ana sevgisinə, ana səsinin məlahətinə, ana dilinin gözəlliyinə ehtiyac duyular. 

30-cu illərdə repressiya zamanı minlərlə milli düşüncəli ziyalılarımız, o cümlədən  Əhməd Cavad (1892-1937), Hüseyn Cavid (1882-1941), Mikayıl Müşfiq (1908-1938), Y.V.Çəmənzəminli (1887-1943),  Seyid Hüseyn (1887-1938), Tağı Şahbazi (1892-1937) kimi vətənpərvər yazıçı və şairlərimiz məhv edildi. Repressiya millətimizə, milli şüurumuza və milli hərəkatımıza böyük bir zərbə idi. Lakin bu da son olmadı. Sonrakı dövrlərdə – II Dünya Müharibəsindən sonra da xalq arasında milli düşüncəli ziyalılar yetişməyə başladı. O cümlədən Mirzə İbrahimov (1911-93),  Şıxəli Qurbanov (1925-67), Xəlil Rza Ulutürk (1932-94) Tofiq Bayram (1934-1991), Bəxtiyar Vahabzadə (1925-2009) kimi milli dəyərlərimiz uğrunda mübarizə aparan yazıçı və şairlər nəsli yetişdi. Gəlin məhz  hər kəlməsi misri qılınc kimi kəsən, dilimizi sözün əsl mənasında sevən və yeni nəslə sevdirən sehirli misralara sahib şeirləri oxuyaq. Bununla da bir daha ana dilimizə olan sevgimizi birə beş artıraq. Çünki Ana dilimiz bizim bugünümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir. Ana dili bizim müstəqilliyimiz, əbədiliyimizdir. Onu qorumaq və nəsildən-nəsilə ötürmək hər birimizin borcudur.   

 

Ana dilim

Layla dedim yatasan, 
Qızılgülə batasan... 
- Hardan gəlir bu səs-səda? 
Bəlkə illər arxasında 
layla çalır gəlin ana?
Dörd qulac ip 
bir yüyrüyü bənd eləmiş kəhkəşana. 
Layla çalır gəlin ana, 
Layla axır, çocuq baxır. 
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib, 
İndi ana ruhu əmir.
İllər ötdü, yaşa doldum. 
Anladım ki, mənim dilim,
ürəyimdən çıxmaz mənim!
Anladım ki, sinəmdəki sözlər deyil.
Babaların nəfəsidir.
Çənlibeldə at oynadıb,
şimşəklərlə qoşa gedən 
İgidlərin nərəsidir.
Sağdır dilim, 
demək, sağdır ləyaqətim, şərafətim. 
Sağdır demək milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm 
Sabirin hər sətrini mən
Salxım-salxım nuş etmişəm 
Şəhdini mən, ətrini mən. 
Kim qorumur öz yurdunu-yuvasını
Udmasın yurd havasını!!!
Kim qorumur öz dilini 
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili bu sahilə birləşdirən,
Polad körpüm qılıncımdır, günəşimdir
Mənim dilim!!! 

 

Xəlil Rza Ulutürk

 

 

 Ana dili

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun.


Bəxtiyar Vahabzadə

 

 

 

Ana dilim

Qalxıb Şahdağına söz istəyirəm, 
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm -
Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir -
Öz ana dilini bilməyənlərə!

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərindən acıdır dilim -
Öz ana dilini bilməyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur -
Öz ana dilini bilməyənlərə!

Mən qədim "Qarabağ şikəstəsi" yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm -
Öz ana dilini bilməyənlərə!

Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən heç vaxt silinməz.
Füzuli şeirdə kimdir bilinməz -
Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi, ana öyüdü,
Əsilsiz yaşayıb o küt böyüdü,
Görüm haram olsun ananın südü -
Öz ana dilini bilməyənlərə!

Yad əllə bir çiçək, gül dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer verilməsin -
Öz ana dilini bilməyənlərə!

Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi -
Öz ana dilini bilməyənlərə!

Bu dildə bir qızmış pələngəm, şirəm,
Aslanlar döşündən mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm -
Öz ana dilini bilməyənlərə.

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə.

Birinə əslini danıb desələr,
Bu nifrət ölüncə ona bəs edər,
Bir gün öz övladı qənim kəsilər -
Öz ana dilini bilməyənlərə.

Qədrini bilməsə kamanın, neyin,
Saman çuvalıdır o baş, o beyin
Bu ana torpaqda fərari deyin -
Öz ana dilini bilməyənlərə!

Övlad ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalət ömürlük olur.
Vicdan da, qeyrət də artıq yük olur -
Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam -
Öz ana dilini bilməyənlərə!

Şairəm, adım da Tofiq Bayramdır,
Bu dil cəngi səsim, ana laylamdır.
Vətəndaş sözünü demək haramdır,
Vətənin karına gəlməyənlərə.
Bu qanun ən ağır bir ittihamdır -
Öz ana dilini bilməyənlərə!

 Tofiq Bayram

21 fevral 2014
GO BACK