Qadin.NET / Möhsün Sənani

Möhsün Sənani

Azərbaycan incəsənətində öz dəst-xətti ilə seçilən sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də xalq artisti Möhsün Sənanidir. O, milli kinomuzun və teatrın inkişafına öz əvəzsiz tövhələrini verib.

1900-cü ilin 19 iyun tarixində Tiflisdə, azərbaycanlıların sıx yaşadıqları məşhur "Şeytan bazarı" adlı məhəllədə ruhani ailəsində dünyaya bir körpə gəlir. Valideynləri onu Möhsün adlandırır. "Sənani" onun təxəllüsü idi. Tam adı Möhsün Sadıq oğlu Cəfərovdur. Uşaqlığını çox çətin keçirir. 2 yaşında atasını, 5 yaşında anasını itirir. Bir müddət nənəsinin himayəsində böyüyür. Nənəsi onu da atası kimi ruhani görmək istəyir və mədrəsəyə yazdırır. 1908-ci ildə nənəsi də vəfat etdikdən sonra xalası Molla Zinyət onu və bacısını öz himayəsinə götürür. Lakin xalasına yük olmaq istəməyən Möhsün 1909-cu ildən işləməyə məcbur olur. Yeniyetmə yaşlarnda oxumağa, teatra maraq göstərən oğlan qastrol səfərlərinə gələn aktyorların tamaşalarını maraqla izləyir və onları özlüyündə təkrar edir, özündə həm aktyorluq, həm də oxumaq qabiliyyətini inkişaf etdirir. İncəsənətə çox böyük maraq göstərdiyindən 1912-ci ildə kiçik povestlər səhnələşdirən həvəskarlar dərnəyinə üzv olur. İlk rejissoru Mirzəxan Quliyev olur. Mirzəxan Quliyev Tiflis müsəlman artistləri dərnəyinin aktyoru idi. Onun kimi Mustafa Mərdanov, Mirzəli Abasov, Əli Qurbanov, Əşrəf Yüzbaşıyev və başqa istedadlı aktyorlar Möhsünun səhnə işlərini bəyənir, onun istedadını qiymətləndirirdilər.

Möhsün Sənani

Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Mərdanov qardaşları, Əli Tağızadə kimi istedadlı Azərbaycan mütəfəkkirləri bu teatra böyük maraq göstərir, onu təbliğ edir və xərclərini çəkirdilər. 1915-ci ildə Hüseyin Ərəblinskinin iştirakı ilə hazırlanmış  "Kaveyi-Ahəngər" tamaşasında dəmirçi Kəvənin oğlu rolunu çox məharətlə ifa edir. Bu rol onun teatr həyatında böyük irəliləyiş olur və gənc olmasına baxmayaraq bir-birinin ardınca ona "Arşın mal alan" tamaşasında Vəli, "Məşədi İbad"da hambal, "Nadir Şah" da Rzaqulu, "Otello"da Kasio rolları tapşırılır. 1921-ci ildən artıq gənc, aktyor Bakı tamaşalarında çıxışlar etməyə başlayır.

Möhsün Sənani

H.Cavid "Şeyx Sənan". M.Sənanı Serqo rolunda.

Möhsün Sənani

İ. Səfərli "Göz həkimi".  M. Sənani Həsənağa rolunda.

Möhsün Sənani

N.Dumbadze "Darıxma ana".  M.Sənani Vano dayı rolunda.

Təkcə teatrda deyil, kinoda da təkrarsız ifaları ilə yadda qalıb - "Bəxtiyar", "Sehrli xalat", "O olmasın, bu olsun", "Dağlarda döyüş", "Bir məhəllədə iki nəfər", "Bizim küçə", "Fətəli xan" və s. M.Sənani həyatının 50 ilini kino və teatra həsr edib, oxumaq, oynamaq, çalmaq bacarığı, aktyora lazım olan istedadı, sənətkarlıq qabiliyyəti, gənc nəslə qayğısı onu daima hörmətli şəxs, bənzərsiz insan kimi xatırladacaq. Çox təəssüf ilə qeyd etmək istəyirəm ki, varlıqları, yaradıcılıqları və həyatları ilə hər birimizə örnək olnan insanlar nədənsə doğum və anım günlərində yad edilirlər. Buna baxmayaraq, yenə də gənc nəslə onları tanıtmaq və unutdurmamaq gərəkdir. O, səhnə üçün yaşayırdı, səhnəni sevir, həyatını onun inkişafına həsr etmişdi. Elə buna görə də səhnədə bir dəfə büdrədikdən sonra bir daha ora dönmədi.

Dahi sənətkar 11 fevral 1981-ci ildə Bakıda vəfat etmişdir.

11 fevral 2014
GO BACK