Qadin.NET / "Vətənin hər qarışı dəyərlidir" deyənlərə...

"Vətənin hər qarışı dəyərlidir" deyənlərə...

Vətən... Minlərlə insanın daim işlətdiyi kəlmə - "Vətən"... Üzərində bizim və dədə-babalarımızın yaşadığı ulu torpaqlar... Nədir Vətən? Bir ovuc torpaqmı? Yoxsa babalarımız- Babəkdən, Cavanşirdən, Nəbidən, Qoç Koroğludan qalan miras?...

Bəzi nankorlara görə bir ovuc torpaqdır Vətən. Amma Babək üçün, Cavanşir üçün, Nəbi üçün, Həcər üçün, Qoç Koroğlu üçün doğma torpaq idi... Elə bu günün Qoç Koroğluları üçün də doğma torpaqdır Vətən... 

İstərdim o qoçlardan biri haqqında danışaq. Hansı ki, bəzilərinin "Bir ovuc torpaq üçün ölməyə dəyməz" deməsinə baxmayaraq Vətən sevgisini hər şeydən üstün tutanlardandır.

 

Əliyar Yusif oğlu Əliyevin dekabrın 14-də ad günü oldu. Əgər həyatda olsaydı 56 yaşı tamam olardı. Yox. Səhv etdim. O yaşayır. Axı qəhrəmanlar ölmürlər.

Onu tanıyanlar deyir: İgid, mərd insan idi. Heç vaxt, heç bir işdən qorxmazdı. Özünü pak, qarısındakı dostunu napak bilən lovğalardan deyildi Əliyar... Bircə düşmənə və satqınlara nifrəti vardı... Şücaəti dosta da, düşmənə də bəlli idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı.. Həlim xasiyyəti ilə qəlblərdə yer tapmışdı özünə. Lakin erməni cəlladları torpaqlarımıza göz dikəndən bəri gözünə yuxu getmirdi. Erməni vəhşiliklərinə göz yummayan digər Vətən oğulları kimi Əliyar Əliyev də göz yummadı. Qubadlıda ilk könüllü hərbi dəstəni yaratdı.

Bir neçə döyüşdə ermənilərə ağır zərbələr endirmişdilər. Hərbi dəstəsi də özü kimi idi. İgid, tutduğunu qoparan.

Az qalmışdı. Artıq demək olar ki, bütün işğal olunmuş torpaqlarımızı işğaldan xilas etmişdi Əliyar və onun qəhrəman dəstəsi...Laçın rayonunun mərkəzində gedən döyüşlər. Onun adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən danışırdılar.

1992-ci il oktyabrın 3-ü. Şurumbaşı yüksəkliyi. Yenə qanlı döyüşlər, yenə Əliyar, yenə o müdhiş şücaət... Əliyar Əliyevin dəstəsi "Tikanlı zəmi" deyilən dağa qədər irəliləmişdilər. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdı. Lakin o, yüksəkliyə çata bilmədi. Düşmən gülləsinə tuş gələrək şəhid oldu..

Qubadlının və bütün Qarabağın göz nuru idi Əliyar... Məzlumlar, çarəsiz xalq ona dikmişdi gözünü. Ona bağlamışdı millət ümidini.

Qardaşları Rüzgar Əliyev və Vəliyar Əliyev, bacıları gözlərində dərin kədər, dillərində hüzn, qəlblərində qürur qarışıq hisslərlə anırlar Əliyarı... Hamımız anırıq. Həm Əliyar Əliyevi, həm də digər Milli Qəhrəmanlarımızı.  Çünki onlar həqiqətən də anılmağa layiq insanlardır.

 

Məndən çox vaxt uşaqlar

Soruşur sevgi nədir?

Min suala bir cavab,

Gəlin biz də axtaraq.

Yuxusuz gecələrin,

Uzun illərin işi

Suala cavab tapmaq.

Ağlımız kəsəndən

Hey axtarmışıq.

İtirə-itirə

Bir yol gəlmişik.

İtkimiz çox olub

Tapdığımız az,

İllərin sınağı

yıxmayıb bizi,.

Qırmayıb, əzməyib

iradəmizi.

Sevmək öyrənmişik

uşaq yaşından.

Eşqimiz böyüyüb

Özümüz qədər.

Hopub ruhumuza

Vətən sevgisi.

Torpağın qədrini

Sevənlər bilər.

Vətən dara düşsə,

Qurbanlar istər.

Ölüm də ucadır

Vətən yolunda.

Ayrı da düşəndə

doğma elimdən

Sevgisi özümlə

Gəzibdir qoşa.

Mənim həyatım da,

Özüm də Vətən.

Dediyim hər kəlmə sözüm də

Vətən!

"Vətənin hər qarışı dəyərlidir" deyən insanlar əbədi yaşayırlar...

16 dekabr 2013
GO BACK