Qadin.NET / Haray çəkən Şuşam, ağla...

Haray çəkən Şuşam, ağla...

 

Haray çəkən Şuşam, ağla...

 

1992-ci il mayın 8-də "Şuşa işğal olundu" sözü beynimə elə həkk olub ki, üzərindən 21 il keçməsinə baxmayaraq dünənki gün kimi yadımdadır. Mənim uşaqlıq illərim məhz həmin o ağrılı-acılı illərə təsadüf edir, televizordan gördüyüm darmadağın olunmuş rayonlarımız, kəndlərimiz, anaların ah-naləsi, körpələrin acizanə göz yaşları və nəhayət şəhidlər xiyabanı, qan ağlayan qərənfillər...

Mən o zamanlar uşaq olduğum üçün bunların dərinliyini anlamasam da gördüklərim insanların halından bu bəlli idi. Oğlu şəhid olmuş analar sanki bir gecədə qocalmışdılar, şəhid atalarının beli bükülmüşdü, nişanlısı döyüşə gedən qızlar isə mühafizəsiz solğun çiçəkləri xatırladırdılar.
Şuşanı sevmək üçün şuşalı olmaq yox, azərbaycanlı olmaq lazımdır. Bu gün gənc nəslin böyüklərin gördüklərinə, eşitdiklərinə, bildiklərinə çox-çox ehtiyacı var, tariximizi bilmək hər birimizin haqqıdır. Onu böyüklərdən öyrənmək üçün saytımızın müəyyən qədər yaşı olan və nəsihət verməyi bacaran simalarına müraciət etdim, gəlin onların yazdıqları hər bir kəlməni yaddaşımıza həkk edək! 
 Fatma xanım (Ekspert) 
Gənclərə sözüm budur ki bizim torpağımız bizim namusumuzdur, qoy onlar "Qarabağ alınmalıdır" devizi ilə böyüsünlər, orda canlarından keçən qəhramanların qanını almaq üçün yaşasınlar, əsgər gedən də vətən üçün "canımdan keçərəm yox, torpağın hər qarışı üçün bir düşmən qanı tökərəm" deyə and içsinlər. 
Haray çəkən Şuşam, ağla...
Günel Əsədova (Yaqut)  
 Gənclərimizə vətənimizi sevməyimlə örnək olmaq istərdim. İstərdim ki gənclərimiz vətənimizi, onun adət-ənənələrini sevməyi öyrənsinlər, Azərbaycan qadını adını daima uca tutsunlar, qadınlarımıza xas olan müsbət xarakterləri qoruyub saxlasınlar. Bax o zaman vətən də əziz olar, onun hər qarışı da. Qarabağ uğrunda daim mübarizəyə çağırıram gənclərimizi. Onu geri qaytarmaq üçün hər birimiz əlimizdən gələni etməliyik məncə.  
Louis Vuitton (Ekspert) 
Qarabağ torpağı neçə illərdir ki, düşmən tapdağı altındadır. 100 minlərlə insan öz ata-baba yurdundan, öz əli ilə qurduğu, nəfəsi ilə isitdiyi ev-eşiyindən ayrılmağa məcbur edilib… "Taya üstə yabaları, yarımçıq şumda belləri" sancılı qaldı o qaçhaqaçda. Öz qayğısız günlərini yaşayan uşaqların oyun yerləri-oyuncaqları qaldı o yurdda... "5-45" kalibrli güllə yağışında quşlar perik düşdü, Xarı bülbülümüz, xınalı kəkliklərimiz uçub getdilər…Neçə sevgini məzara gömdük göz yaşlarımızla… Neçə illərdir öz vətənlərində "yurdsuz" nisgili yaşadı bu insanlar. Gələndə 100 minlər ildi… İndi 200 minlərlədir… Azərbaycanın bütün rayonlarında dünyaya gəldi füzulilimiz, şuşalımız, laçınlımız, zəngilanlımız, kəlbəcərlimiz, qubadlılımız, xocalılımız... Bu müharibənin ən böyük dəhşəti bəlkə də budur. Bu gün böyük bir nəsil yetişib ki, onlar Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Füzulidə, Ağdamda, Xocalıda doğulmalı idi, amma "qaçqın uşağı" kimi göz açdılar dünyaya...
Artıq onlar böyüyüb, hamısı ömürlərində görmədiyi o yerlərə can atırlar: 
Şuşam, sənin daş barmaqlı,
Əllərindən öpəydim kaş.
Qollarını qucaqlayıb,
Güllərindən öpəydim kaş…
 
Allah bu ahı yerdə qoymayacaq.. 
Zaman ən yaxşı təbibdir... Onun sağaltmadığı dərd yoxdur. Biz nə vaxtsa o torpaqlara qayıdacağıq. Zəhmət çəkib, tər töküb torpağımızı yenidən dirçəldəcəyik… Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Xocalı yenidən öz ahənginə qayıdacaq… Amma yuxarıda söylədiyim acılar sağalmayacaq. Üstü qaysaq bağlayacaq, amma indiki nəsillərin qəlbində ta məzaracan gedəcək…
Gənclərimiz bu hisslərdən heç vaxt ayrı düşməməlidirlər. Bu hadisələrdən nəticə çıxarmalıyıq biz. Vətəni sevmək azdır…onun üçün nəsə etmək lazımdır. Bunun yolu birlikdən keçir, daşı daş üstə qoymaqdan keçir. Yüksək biliklərə yiyələnməkdən keçir. Azərbaycanın iqtisadi qüdrətini daha da möhkəmləndirməkdən keçir... Müasir ordudan, çevik texnologiyalardan keçir… Gənclər bunlara yiyələnməlidir… Biz bu dərdi bir daha istəmirik:  
Bu gün dərdə yaramayan kəslərin,
Bircə yara sarımayan kəslərin,
Torpağını qorumayan kəslərin,
Haqqı yoxdur “Vətənim var” deməyə. 

Haray çəkən Şuşam, ağla...

 Afət (Redaktor) 
Qarabağ-qəlbimizdəki qanayan yaramız, ürəyimizdəki nisgilimizdir. Hamımızın ürəyində ortaq bir arzumuz var – torpaqlarımızın tezliklə azad olunması. Bir azərbaycanlı olaraq hamımız bu amal uğrunda öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik. Uşaqların vətəndaş kimi böyüməsində ailənin rolu danılmazdır. Uşaqlar vətəndaş kimi ilk tərbiyəni öncə ailədən alır. Övladlarımızı vətənpərvər ruhda, düşmənə nifrət hissi ilə böyütmək evdə biz anaların, məktəbdə isə müəllimlərin üzərinə düşür. Elə uşaq çağlarından övladlarımıza Qarabağ uğrundə şəhid olmuş oğullarımızın həyatı, onların qəhrəmanlıqla dolu həyat yolu haqda mütləq danışmalıyıq. Milli adət-ənənlərimiz, tariximiz, tarixi şəxsiyyətlərimiz, Azərbaycan xalqının yetişdiriyi qəhrəmanlar haqda mütləq onlara məlumat verməliyik. Uşaqlarımıza Vətən sevgisi, torpağa məhəbbət hisslərini aşılamalıyıq. Qaçqınların yaşadığı ağrılı-acılı həyat, Xocalı faciəsi haqda eşitdikləri onlarda bu hissləri daha da alovlandıracağı üçün mütləq bu haqda onlara videolar nümayiş etdirilməli, şəkillər göstərilməli, məlumat verilməlidir. Sözüm analaradır: 20 Yanvar günü, Xocalı faciəsi günü televizoru söndürməyin, kanalları dəyişməyin, qoyun övladlarınız erməni vəhşiliklərini öz gözləri ilə görsün, qəlbindəki nifrət daha da alovlansın. Uşaqlarınızı kiçik yaşlarından Şəhidlər Xiyabanına aparın, şəhidlərın həyatı haqqında onlara hekayələr danışın. Gələcəyin Vətəni qoruyan igid oğullarını yetişdirmək biz anaların ən ümdə vəzifəsi olmalıdır. 

Gulshen_q (Yazar) 
1994-cü il idi... Orta məktəbi bitirməyimə hələ vardı. Eşidirdik ki, hansısa məktəbin 11-ci sinif şagirdləri,oğlanlar hamsı bir yerdə könüllü cəbhəyə yola düşüblər. Həm də məzun olmalarına bir neçə ay qalmış. Attestatı belə almağı gözləmədən (Hərbi xidmətə yaşı düşməyən bu yeniyetmələri orduya qəbul etsələr də ön cəbhəyə hələ göndərməmişdilər deyəsən). Bu xəbər günlərcə beynimdən çıxmadı... Cəbhəyə qaçmaq arzusu ürəyimdən çıxmırdı. Amma bunu edə bilmədim. Çünki elə həmin il, az sonra atəşkəs oldu və cəbhədə olanların bir qismini də geriyə, evlərinə göndərdilər. O illərdə artıq gənc qız kimi diqqət çəkməyə başlamışdım. Hər gün baxışları ilə məni izləyənlərdən birinə mənim də meylim vardı. Zahirən çox yaraşıqlı idi. Tam ürəyimcə idi. Məcburi köçkün idi.
Ondan xoşuma daha çox gələn utancaqlığı idi. 2 il ərzində bir dəfə də olsa mənimlə üzbəüz danışmadı. Ancaq söz göndərirdi bacısı ilə. Və baxışlarımız "danışırdı"... Həm də ali məktəbə hazırlaşdığımı bildiyi üçün istəmirdi fikirlərimi qarışdırsın, dərslərimə mane olsun. Tam iki il gözlədi məni. Universitetə daxil olan kimi elçilərini göndərdi... Amma bu iki ildə çox şey dəyişmişdi. Fərqimiz onun yarımçıq orta təhsili və məcburi köçkün olması deyildi... Bunlar mənim üçün səbəb ola bilməzdi. Əslində ailəm də onu bəyənirdi. Ona "Yox" deməmin səbəbi başqaydı. Cəbhəyə qaçıb gedə bilməsəm də müharibənin ilk günlərindən ən böyük arzum "Əsgər sevgilisi" olmaq, əsgər yolu gözləmək idi. Hər gün pəncərədən baxanda bir-birilə halallaşıb sağollaşan cütlüklər, gözlərində kədər qarışıq qürur olan əsgər sevgilisi qızları görəndə onların yerində olmaq istəyirdim mən də... Hələ şagird olmama baxmayaraq bunu çox arzulayırdım. O isə mənim arzumu puç, xəyallarımı alt-üst etdi. Hərbi çağırışda vətəni qorumağa getmədi. Əslində elə də qorxaq oğlan deyildi. Bəlkə də düşünüb ki, onu gözləmərəm, başqasına könül verərəm. Bilmirəm, nə düşünüb. Mənimçün maraqlı deyildi. Onun hərbi xidmətdən yayındığını eşidən kimi gözümdən elə düşdü ki. Çox adiləşdi mənimçün. Mənə də çətin oldu. İki il düşündüyüm, ürəyimdə saxladığım, uzaqdan da olsa sevdiyim birindən birdən-birə üz döndərmək asan olmadı. Amma bunu etdim. Ona gözləmədiyi cavabı verib onu alçaltmış sayıldım bəlkə də. Başqa cür bacarmazdım. Bunu ona görə yazdım ki, o tək deyildi. Ondan sonra bir neçə "namizəd"ə sırf bu səbəbdən "Yox" cavabı vermişdim... Kişilik məktəbindən keçməyən kişinin kişiliyi mənim üçün şübhəlidir (Əlbəttə hamıya aid deyil. Üzrlü səbəbdən olanlara dəxli yoxdur).
Sonda xanımlarımıza, gənc qızlarımıza onu demək istəyirəm ki, unutmayın! Vətəni sevən valideynini də sevər. Valideynini sevənsə öz ailəsini sevməyi bacarar. Bu gün Vətənə xəyanət edən, sabah anasına, o biri gün öz ailəsinə nankorluq edər. Vətən-hamımızın anasıdır. Anamızı sevməyəni siz də sevməyin. 
Haray çəkən Şuşam, ağla...
Almaz (Redaktor) 
Qarabağ xalqımızın ən ağrılı yeridir. Bu adı eşidəndə elə bir insan yoxdur ki, kədərlənib köks ötürməsin. Doğma yurdun namərd düşmən tərəfindən zəbt olunması, orda yaşayan insanların öz doğma yurdlarından didərgin düşməsi və artıq xeyli zaman keçməsinə baxmayaraq hələ də o torpaqların azad olunmaması hamımızı çox narahat edir. Uzaqgörən dövlət başçımız məsələni sülh yolu ilə həll etmək üçün danışıqlar aparır, çalışır. Mən də çox istiyərdim bu məsələ sülh yolu ilə həll olunsun. Lakin artıq bu məsələnin çox uzanması da bizi narhat edir. Belə olduqda bunun bir çıxış yolu qalır-müharibə. İndi artıq kifayət qədər güclü və qüdrətli ordumuz var. Elə bir ordu ki, inşAllah qısa müddətdə düşməni yerlə-yeksan etmək gücünə malikdir. Lazım gəlsə nəinki Qarabağı, hətta dədə-babalarımızın qədim yurdu olun İrəvan mahalını da o qəsbkarlardan təmizləmək lazımdır. Əsrlər boyu bir qarış torpaqlarımızı oğurlaya-oğurlaya özlərinə dövlət qurdular bu nadanlar. Bütün bunları həyata keçirtmək üçün gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək lazımdır. Yeni nəslə vətənə sevgini aşılamaq, yaşadığımız acıları unutmağa qoymamaq bizim başlıca vəzifəmizdir. Ən başlıcası düşmənlərinin kim olduğunu yaxşıca bilmək, onların haqqında ətraflı bilgiyə malik olmalıdırlar. Belə bir deyim də var, düşmənə qalib gəlmək üçün, onu yaxşı tanımaq lazımdır. Mən öz adıma deyirəm ki, vətənpərvərəm. Çox sevirəm vətənimi, xalqımı, torpağımı, dəyərlərimizi. Lazım gəlsə özüm də silaha sarılaram. Düşmənə qarşı içimdə elə bir nifrət var ki, özü də illərdən bəri qəlbimdə yığılıb qalmış nifrət... Onların dinc xalqımıza divan tutması, elədikləri vəhşilikləri insan ağlı qəbul edə bilmir. İnsanın çarəsiz qalması çox pisdir. Hələ ki gözləyirik. Gün gələcək etdiyi hər əmələ görə cavab verəcəklər. O gün gələcək. Hamımızın bir ümumi arzumuz var. Tezliklə haqq-ədalət öz yerini tutsun, şəhidlərimizin qanı yerdə qalmasın. 
İceBerg (Yazar) 
Gəncliyi indiki dövrə təsadüf edənlərin Qarabağ haqqında məlumat alması yalnız yazılan tarixi ya bədii əsərləri oxuması ilə mümkündür... Buna görə də ən yaxın keçmişimiz haqqında məlumatlı olmaq baxımından gənclərimizin bu səpgidə olan yazıları oxuması vacibdir. Həm də bunu təkcə zərərçəkən bir ölkənin vətəndaşı olaraq yox, bir dünyəvi ölkənin tarixini bilməyin gətirdiyi avantaj baxımından da faydalı olduğunu dəqiq bilsinlər.  
Haray çəkən Şuşam, ağla...

Ilham Idrisoğlu (Yazar)

 

Qarabağa aparan yol 

Qarabağa aparan yol
Çöhrəsinə buludlardan,
Dumanlardan pərdə salır.
Hərdən baxır oğrun-oğrun.
Küskün-küskün haraylayır.
 
Qarabağa aparan yol
Əl eyləyir "burdayam mən"
Bəs vəfanız haradadır?
Özgəsinə könlüm yatmır,
Mənim sevgim Qarabağdır:
  
Seyrə dalaq o dağları
Bir baş çəkək bulaqlara.
Sərinləsin ürəyimiz.
Sonra düşək yaylaqlara.
 
Yox-yox, çirkin deyiləm mən
Kimlər üçün sığal çəkim?
Yuyunuban yağışlarda
Sağ-soluma güllər əkim?

Qarabağa aparan yol 
Nifrətindən qanqallanıb.
Əzab dolu, qan qarışıq
Körpə ayaq izlərinin
Dəhşətini gizlətməkçün.
Anaların yerdə donan
Heyrətini gizlətməkçün,
Babaların tapdalanmış
Qeyrətini gizlətməkçün.

Qarabağa aparan yol
Gördüyüylə barışmaqçün
Tənhalığı sirdaş seçib.
Dəhşətlərdən yanmamaqçün
Neçə qanlı yaşlar içib.

Qarabağa aparan yol
Tək dolanır obaları.
Yovşan yığıb dəstə-dəstə 
Hey çiləyir babaların 
Qəribsəyən qəbri üstə.

Qarabağa aparan yol
Görür Ağdam xarabadır
Sona bülbül çoxdan köçüb.
Kəlbəcərdən bir əsər yox.
Sularından düşmən içib.

Qarabağa aparan yol
Baxışıyla hey soruşur:
Nə söyləyək Füzuliyə?
Deyək nədən belə oldu?
Arazımın sahilləri
Axı necə qanla doldu? 
Necə deyək Xan babaya
Şuşa tara həsrət qaldı?
Xarı bülbül düşmənlərin
Tapdağında sındı soldu?
Bu tənhalıq, bu ayrılıq
Yazımıdır yığvalımda?
Yağı hələ çox gəzəcək
Qubadlımda, Laçınımda?
Qarabağa aparan yol
Zəngilanda, Cəbrayılda
Susuzluqdan yanan dil tək
Neçə yerə paralanıb.
Baxmayın ki fəryad dolu
Nalələrlə çox sulanıb.

Qarabağa aparan yol
Xocalının fəryadına
Qış səhəri tək yollandı.
Namərdlərin sözlərinə.
Inaninca tez allandı.

Qarabağa aparan yol
Necə dözdü, kül olmadı?
Nəalac qalıb boylananda
Sinəsində ana-bala
Qucaqlaşıb uyuyanda.

Qarabağa aparan yol
Qayalara qısılaraq
Ümid ilə işıqlandı.
Ünü yetib əl verincə
Gördüyündən bir də yandı.

Qarabağa aparan yol
Kitabdır ki vərəqləri
Nalələrlə cilalanıb.
Hər sətrinə, kəlməsinə
Neçə haqsız qan bulanıb.

Qarabağa aparan yol
Hey boylanır Kürə sarı.
Toylar üçün qəribsəyib.
Üzə vurmur ürəyində
Qərənfilllər dəstələyib.

Qarabağa aparan yol
Xatırlayır, hey kövrəlir
Sürüləri, otlaqları
Qayalardan süzüb gələn
Tütək səsli ovqatları.

Qarabağa aparan yol
Sevinirdi, kövrəlirdi
Qayıdanda el yaylağa
Necə dözsün on illərdən
Körpü salan ayrılığa?

Qarabağa aparan yol
Düşkünlüyə düçar olub.
Yoğrulduqca yaşda, qanda
Halsız düşüb, elə bil ki
Aralanıb ürək candan...

Qarabağa aparan yol
Hey qoruyur ürəyində
Bir arzunu, xoş niyyəti
Bir-bir evə ötürəcək
Geri dönən bu milləti.

Hicran dağlar ürəyini bu yolun,
Düşmən sıxıb biləyini bu yolun.
Ulu Tanrı, ətəyindən tuturuq,
Yerə salma diləyini bu yolun.
8 may 2013
GO BACK