Qadin.NET / Qan ağlayan Kəlbəcər...

Qan ağlayan Kəlbəcər...

Qan ağlayan Kəlbəcər...

Qədimilik, tarixi keçmiş, zəngin mədəniyyət deyərkən ağıla ilk gələn rayonlar içində Kəlbəcər də xüsusi yer tutur. Çox heyflər olsun ki, erməni quldurlarının əlinə keçdikdən sonra Kəlbəcər viran olundu. Tarixi abidələr qarışıq hər şey talan oldu. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.Bunlar hamısı bir xalqın tarixini sübuta yetirən nümunələr idi. Nankor əli bu abidəlirin məhvini çoxdan gözləyirdi sanki...

Qan ağlayan Kəlbəcər...

1993-cü il aprel ayının 2-də erməni silahlı birləşmələri Azərbaycan xalqına növbəti ağır zərbəni vurdu. Bu hücum zamanı Kəlbəcər rayonu sanki vəhşiliyin qurbanı oldu. Qana susamış düşmən 511 nəfər rayon sakini, 55 hərbiçini öldürmüş, 321 nəfəri girov götürmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzu və s. düşmən işğalında qalmış, talan edilmiş və erməni xislətinə uyğun şəkildə dağıdılmışdır. 

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. 

Qan ağlayan Kəlbəcər...

Artıq 20 ildir Kəlbəcərin füsunkar gözəlliyə sahib olduğu dağları, onun yamacındakı buz bulaqları, düzlərində bitən al-əlvan, min bir dərdin dərmanı çiçəkləri doğma insan nəfəsinə möhtac qalıb. Yaran dərindir, Vətən! Bu yarana məlhəm olacaq igid oğulların harayına yetişəcək, səni yad nəfəsindən, qədirbilməz caynağından xilas edəcək bir gün. Gözlə igidlərinin yolunu...

 

Kədərdə bulunur, dərdli Kəlbəcər,
Dərbədər düşmüsən, ay Vətən oğlu.
Tanrıdan, taledən, yoxsa Fələkdən,-
De, kimdən küsmüsən, ay Vətən oğlu?

Laçınlar oylağı laçınsız qalıb,
Qarsıyıb güneyi, daşı da yanıb.
O cənnət diyarlar yağıya qalıb, 
De, necə dözürsən, ay Vətən oğlu?

Tərlanın yuvası quzğun, sardadır,
Zirvədə dolaşan qara qarğadır,
İsmətin, namusun, arın tapdanır,
Hardadır qeyrətin, ay Vətən oğlu?

Köç edib ellərin, torpaq əmanət,
Məzarlar əmanət, ruhlar dardadır.
Sücaət, Bəhmənin söylə hardadı,
Yaslıdır dağların, ay Vətən oğlu.

Qalıbmı nişanə, qalıbmı əsər,
O dilbər guşədən kim verər xəbər,
Sazı da susmayır, ötür sərasər.
Dillərdə bayatı, ürəkdə kədər, 
Döz indi bu hala, gəl, Vətən oğlu.

 

Qan ağlayan Kəlbəcər...



2 aprel 2013
GO BACK