Uzun intizardan sonra Azərbaycan bayrağı zirvədəki yerini tutdu. Hər bir Azərbaycan vətəndaşının fəxr etdiyi bir məqam: Londonda keçirilən Olimpiadadan bir gündə iki qızıl medalı qazandıq. Bu sevinci, bu xoşbəxtliyi və fəxr hissini bizlərə yaşadan Toğrul Əsgərov və Şərif Şərifov oldu.
Sevindiricidir ki, bu günə kimi aktivində qızıl medalı olmayan Azərbaycan üçün 2 çempionluq birdən yaşanıb. Toğrul Əsgərov və Şərif Şərifov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Londonda himnimizi səsləndirib, üçrəngli bayrağımızı göylərə qaldırıblar. Bununla da ölkəmizin Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.
60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi, 19 yaşlı Toğrul Əsgərov finalda Rusiya təmsilçisi, 4-qat dünya çemponu Besik Kuduxovu məğlub edərək Olimpiadanın qızıl medalını qazanır!. İdman Akademiyasının 4-cü kurs tələbəsi bununla da London Olimpiadasında ölkəmizə ilk qızıl medalı qazandıraraq tarix yazıb.
Sərbəst güləş üzrə yarışda 84 kq çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycan güləşçisi Şərif Şərifov finalda Puert-Riko təmsilçisi Hayme Espinalı məğlub edərək Olimpiadanın çempionu oldu. Qazanılmış medalların sayına görə ölkələr arasında 30 -cü yerdəyik.
Azərbaycan bayrağı belə kişilik simvolu olan güləş yarışında göyə qalxanda insan ikiqat sevinir...
Vətən sizinlə fəxr edir. Sizi, bizi, bütün Azərbaycanımızı təbrik edirik. Azərbaycan daima var olsun. Yalnızca irəli və yenə də irəli addımlasın!