Giriş
Bağla

Seyid Əzim Şirvani: şair, maarifçi, publisist

DİGƏR / Mütləq bilməlisiniz

 

Seyid Əzim Şirvani: şair, maarifçi, publisist

Seyid Əzim Şirvani: şair, maarifçi, publisist

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olub. Atası Seyid Məhəmməd Şamaxının tanınmış, mötəbər şəxslərindən olub. Atasını kiçik yaşlarında itirən Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında böyüyüb. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim Şamaxıda mədrəsədə orta ruhani təhsili alıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir.

 

Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyublar.

 

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan türkcəsində, digəri isə farsca olimaqla iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də var.

 

Şairin erkən yaradıcılığının çox hissəsini qəzəllər təşkil edir. Həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.

 

S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. Məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır. Maarifçi şair üçün "Əkinçi" bir xitabət kürsüsü idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. Şair "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

 

 

 

Bəs "Əkinçi" cəlalımızdır bizim,

 

Nasehi xoşməqalımızdır bizim.

 

Səy edək, ey guruhi-niksifat,

 

Etməsin ta bizim "Əkinçi" vəfat.

 

 

 

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr var ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarı ilə onun maarifçi şeirləri ilə birləşir. Mərdlik, dostluqda mətanət, çalışqanlıq və s. nəcib keyfiyyətlərin tərbiyə olunması bu əsərlərin əsas məzmununu təşkil edir:

 

 

 

Filhəqiqət dirəxti-nakamil,

 

Tərbiyət feyzinə olur şamil.

 

Növi-insan deyil ağacdan kəm,

 

Qabili-tərbiyətdi hər adəm.

 

 

 

S.Ə.Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.

Zəngin yaradıcılığı ilə ədəbiyyat tariximizdə görkəmli yer tutan S.Ə.Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib.

 

 

 

Mədəniyyət.- 2010.- 9 iyul.- S. 14.

 

Mənbə: http://anl.az/down/meqale/medeniyyet/2010/iyul/126726.htm



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика