Giriş
Bağla

Azərbaycanın ilk qadın opera ifaçısı

CƏMİYYƏT / Tanınmışlar / Mədəniyyət xadimləri

 

Azərbaycanın ilk gözəl Karmeni

 

Fatma Muxtarova dünya opera sənətinin ulduzlarından bir idi...

Azərbaycanın ilk gözəl Karmeni və cəsarətli Dalilası "Muxtarova hər şeydən əvvəl alovlu, vulkanik temperament deməkdir. Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm. Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Muxtarova kimi o da sadə bir adam, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya, ən yüksək həqiqətləri kəşf etmək vergisi". Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.

Azərbaycanın ilk qadın opera ifaçısı

Milli səhnəmizdə vokal ifaçılığın, klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk səhnə qaranquşlarından biri də Fatma Muxtarovadır. Onun messo-soprano səsi olub və bu səs sinədən gəlib, bulaq kimi qaynayıb, bütün not düzümündə sərbəst gəzişə bilib. Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Əvvəlcə Rostovda yaşayıblar və bir neçə ildən sonra Peterburqda məskunlaşıblar. Burada tale ailəyə qəfil zərbə vurur, Səttar kişi gözlənilmədən vəfat edir. Atasının ölümündən sonra, onun atalığı çalıb oynayaraq qəpik-quruş qazanan qızı qazanc dalınca demək olar ki, küçələrə qovurdu. Zaman keçir və Fatma böyüyürdü. Artıq o, (qatarda gizlənərək) Volqa boyunun Həştərxandan tutmuş Yaroslavla qədər bütün şəhərlərini müstəqil olaraq gəzə bilirdi. Bir qədər pul toplayaraq o, özünə xalq arasında nəvazişli "katerinka" adlandırılan şarmanka alır. Elə məhz buna görə də şarmançı Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başladılar. 1912-ci ildə Saratovda musiqi məktəbinin bazasında Konservotoriya yaradılmışdı. Musiqi təhsili almaq üçün Katya Muxtarova Konservatoriyaya müraciət etməyi qərara alır. "Saratov konservatoriyasının bütün professorları, mənim yeddi notdan ibarət şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər". Yalnız professor M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı qərara alır. Möcüzə elə göz qabağında baş verirdi, təbiətən istedadlı olan qız heyrətləndirici müvəffəqiyyətlər əldə edir, hər iki gündən bir diapazonda növbəti not meydana gəlirdi. "Artıq iki həftədən sonra Mixail Yefimoviç məni öyrətməyi öhdəsinə götürdü və mən hələlik xəzinə hesabına oxumağa qəbul edildim". Dərs ilinin sonunda o, Rubinşteynin "Çöllər qızı" operasından ariyanı oxuyurdu. Konservotoriyanın tələbəsi olduğu müddətdə Fatma hələ öz ailəsi ilə yaşayırdı. Yay tətillərində Fatma Muxtarova konservatoriyadan qovulmaq təhlükəsi altında qazanc dalınca müxtəlif antreprenyorlarla "Qaraçı romansları və rus mahnıları ilə" qastrollara getməyə məcbur idi. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli "Kaspi" qəzeti xəbər verir: "Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək".

Azərbaycanın ilk qadın opera ifaçısı

Bir neçə gündən sonra "Kaspi" qəzetində yenə bir elan verilmişdi. "Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert verəcək (kontralto). Konsertlə bağlı şəhərdə vurulan afişalarda şarmankanın sədaları altında süzən qəşəng qız təsvir edilmişdi. Bakıda verilən konsertlərlə yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi yer tuturdu, onlar müsəlmanların vokal sənətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdilər. Ancaq, Katya Muxtarovanın çıxışına, müğənninin vokal qabiliyyətləri və səhnə ustalığı kifayət qədər təfsilatla təhlil edilən musiqi tənqidçisinin rəyi həsr edilmişdi. Fatma Muxtarovanın konsertinə Azəbaycan incəsənətinin qabaqcıl xadimləri (M.Maqomayev və H.Sarabski) diqqət yetirirlər və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək etməyi qərara alırlar. "Hələ onda müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə çox enerji və işgüzarlıq göstərir. Fatma Muxtarovanı H.Z.Tağıyevin bağına gətirirlər, o bağın təmtərağına heyran qalır və H.Z.Tağıyev üçün akkompanement altında bir neçə mahnı oxuyur. Ancaq Şövkət Məmmədovanın İtaliyada təhsil alması üçün əvvəlcə təqaüd ayırmış, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə məcbur olmuş Tağıyev acı təcrübədən sonra gənc müğənniyə Saratov konservotoriyasında təhsil haqqını ödəməkdə yardım göstərməkdən imtina edir".

 

Onda H.Sarabski digər Bakı mesenatına Fatmanın eyni soyadlısı Murtuza Muxtarova müraciət etməyi qərara alır. Hacı Zeynalabdin Tağıyevdən fərqli olaraq Murtuza Muxtarov bu məsələdə daha cəsarətli olur və müntəzəm olaraq Saratova təqaüd göndərir. Fatma Muxtarova Saratov konservotoriyasını müvəffəqiyyətlə bitirərək Moskvaya köçür və orada ərinin qohumlarının köməyi və məsləhəti ilə məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. Gənc müğənnini dinləyən F.İ.Şalyapin onun vokal imkanları barədə çox yüksək fikir söyləyir və onu Moskva opera teatrlarından birinin sahibkarı S.Ziminlə tanış edir. Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi, baş rolda Şalyapinin çıxış edəcəyi, V.Serovun "Yudif" operasında ona Oloferni partiyasını ifa etməyi tapşıranda baş verdi. Bu, Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı idi və onun taleyi bu kiçik roldan asılı idi. Səhnəyə çıxandan sonra o, özünü yüngül və sərbəst hiss edir tamaşanın bütün iştirakçılarının diqqətini cəlb edən metso-soprano səsini bütün gözəlliyi ilə nümayiş etdirməyi bacarır. Fasilədə onu alqışlayanlar arasında Şalyapin də var idi. Bu tamaşadan sonra o, Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda işləyir. Əgər dünya vokal üslubu haqqında məsələyə tarixi nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, Yaxın və Uzaq Şərq ölkələri arasında vokal üslubunu mənimsəyənlər sırasında məhz Azərbaycan müğənniləri birincidirlər. Bu məsələdə nadir ifa edilən partiyaların seçilməsində Azərbaycan müğənnisi Muxtarovanın nümayiş etdirdiyi cəsarət qiymətsizdir. Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Çar gəlini" operasından Lyubaşanın partiyası, "Xovanşina" operasından Marfanın partiyası, "Faust" operasından Zibelin partiyası və bir çox baş qaları qeyd oluna bilər. Ancaq müğənninin yaradıcılığında Azərbaycan səhnə sənəti tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer tutur. Bir dəfə 1923-cü ildə Bakıya gələn gözəl rus rəssamı İ.Brodski opera teatrında J.Bizenin "Karmen" tamaşasında iştirak etmişdir. Karmen rolunu Muxtarovanın ifasında dinləyərək o, F.Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırmışdı.

 

Azərbaycan teatr səhnəsində 15 il ərzində Fatma Muxtarova ilə çıxış edən artist Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı) öz xatirələrində yazırdı: "Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub getmişdir. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova qəhrəmanın daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi". "Karmen" operası ilk dəfə Azərbaycan dilinə gözəl Azərbaycan şairəsi - Nigar Rəfibəyli tərəfindən tərcümə edilmişdir və Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Q.Qarayev "Karmenin" Azərbaycan dilinə tərcüməsinə yüksək qiymət vermiş, eyni zamanda F.Muxtarovanın vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi. F.Muxtarovanın nadir ifa edilən partiyaların seçimində cəsarəti barədə danışanda Sen-Sansın "Samson və Dalila" operasından Dalilanın partiyası nəzərdə tutulur. Gürcü rejissoru İ.Kvaliaşvili öz xatirələrində yazırdı ki, "Sen-Sansın "Samson və Dalila" operası bizim opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin ki, buna səbəb Dalila rolunun ləyaqətli ifaçısının olmaması idi. F.Muxtarova sanki bu rol üçün yaranmışdır. Onun insanı heyran edən ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu rolu ifa etmək üçün bəxş edilmişdir". Aktrisanın böyük xidməti ondadır ki, nə ona qədər, nə də ondan sonra mistik və dini mövhumatı kənara qoyaraq Dalilanın əsl, canlı obrazını yaratmağa kimsə nail ola bilməmişdi. Hətta Dalilanın səhnədə yarımçılpaq vəziyyətdə göründüyü məqamları da aktrisa yüksək estetik və bədii taktla oynayırdı. Yalnız 1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir. Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür. Fatma Muxtarova 1953-cü ildə son qastrol səfərinə çıxır. Əslində bu, qastrol səfəri deyildi. Nə qədər üzüntülü olsa da o, səhnəylə vidalaşmaq istəyirdi. Ancaq Bakı operasında bu mümkün deyildi. O, təqaüdə göndərilmişdi. Buna görə də Tiflisə gedir. Bu şəhərdə onu çox sevirdilər. Gürcüstan radiosu həmin vida axşamını lentə almışdı. Fatma xanım deyirdi: "Əziz Tiflisim səhnəylə vidalaşdığım gündə də mənə böyük sevinc bağışladı. Mənim heç yerdə bu qədər dostum olmayıb. Gürcüstan mənim ikinci vətənimdir".

 

O, özünü əsl Amneris, Karmen və s. kimi hiss edə bilməsəydi, yəqin ki, heç nə alınmazdı və heç kəs də onun oyununun səmimiyyətinə inanmazdı. Fatma xanım Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.

 

 

 

Ülviyyə Tahirqızı

Mənbə: http://www.anl.az/down/meqale/xalqcebhesi/2014/mart/358230.htm

 



Şərhlər (1)

Ayla Ayla 5 April 2020 17:36 Cavab yaz

80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика