Giriş
Bağla

Gülüş günü

Həyat tərzi / Müxtəlif

Gülüş günü

1 Aprel beynəlxalq bayram kimi qeyd edilməsə də, dünyanın bir sıra ölkələrində adətən əyləncə və aldatmaq günü kimi qeyd olunur.

Qeyd edək ki, 1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı.

 

Gülüş günü

 

 

Bir çoxları bu bayramı qədim Roma tarixi ilə bağlayırlar. Lakin burada “Axmaqlar bayramı” aprelin əvvəlində deyil, fevralın 17-də qeyd edilirdi. Bəzi tədqiqatçıların fikrinə görə isə, bu ənənə qədim Hindistanda yaranıb. Amma burada da “Gülüş günü” aprelin 1-də deyil, martın 31-də qeyd olunurdu. Başqa fərziyyəyə görə isə 1 aprelin kökləri orta əsrlər Avropa karnavallarında nümayiş etdirilən küçə tamaşalarına gedib çıxır.

Daha geniş yayılmış versiya budur ki, aprelin ilk günü aldatma günü kimi ilk dəfə 1564-cü ildə Yulian təqvimindən Qriqorian təqviminə ilk keçən Fransada qeyd olunub. Belə ki, həmin vaxtdan başlayaraq kral IX Karlın fərmanı ilə Fransa yeni ili aprelin 1-də deyil (həmin dövrdə fransızlar yeni ilin gəlişini aprelin 1-də qeyd edirdilər), yanvarın 1-də keçirməyə başlayıb. Bu dəyişikliklərdən xəbəri olmayanları və ya bunu qəbul etməyənləri isə aprelin 1-də ələ salır və onlara yalançı hədiyyələr göndərirmişlər. Bununla da “1 aprel axmaqlarını” aldatmaq və onlara gülmək dəbdə olub.

 

Gülüş günü

 

 

İngiltərədə isə bu bayram bir qədər gec- XVIII əsrin əvvəllərindən qeyd edilməyə başlanıb. Şotlandiyada onu “ququ quşu ovu”, bunları aldatmağı bacaranları isə “aprel ququ quşu” adlandırıblar. Fransada onlara “aprel balığı” deyirmişlər. Çünki bu vaxtlar Günəş Balıqlar bürcünü tərk edirmiş. Aldadılan şəxslərin belinə kağızdan hazırlanmış balıq yapışdırırmışlar. Flamand adət-ənənəsinə görə, bu gün uşaqlar müəllimlərini və valideynlərini otaqda bağlayaraq, dadlı rüşvət tələb edə bilərdilər.

Qeyd edək ki, gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Rusiyada isə bu gün tam başqa əlamətdar hadisə ilə əlaqədardır. Bir dəfə Peterburq əhalisi səhər tezdən yanğından xəbər verən həyəcan siqnalının səsinə yuxudan oyanır. Amma yanğın siqnalı yalandan verilmişdi və həmin gün də 1 aprelə təsadüf etmişdi. Yalançı həyəcan siqnalının qəsdən verilib verilmədiyini bilməsək də, bir məsələ aydındır ki, bundan sonra Rusiyada da 1 aprel günü zarafat günü kimi qəbul edilib.

Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur. Bu günün qeyd edilməsi ənənəsi isə bizə Rusiyadan “miras” qalıb.

Hazırda dünyanın 70 faiz əhalisi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Qəbul olunmuş qeyri-rəsmi qaydalara görə, bu gündə olunan zarafatlar və aldatmalardan heç kəs inciməməlidir. Həm də gərək elə zarafatlar edəsiniz ki, sonradan bu, mənfi sonluqla, arzuolunmaz hallarla nəticələnməsin.

Bu gündə hətta ciddi qəbul olunan yalanlar da olub ki, onlardan çoxu sonradan lətifəyə çevrilib. Məsələn, 1957-ci ildə BBC-nin “Panorama” proqramında xəbər verilib ki, qışın soyuq keçməsi səbəbindən İsveçrə fermerləri ağacda spagetti becəriblər. Xəbəri dinlədikdən sonra yüzlərlə adam redaksiyaya zəng edərək ağacda makaron yetişdirilməsinin texnologiyasını öyrənməyə çalışıb.

Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür. Sizdə çalışın ki, bu gündə dost-tanışlarınızla mümkün qədər çoxlu zarafatlar edib, gülüb, əylənəsiniz. Ancaq çalışın ki, özünüz başqalarının gülüş hədəfinə çevrilməyəsiniz.

Nərmin Nəsirli



Şərhlər (3)

laleler5 laleler5 1 April 2020 23:29 Cavab yaz

Karantində oturub heç güləcəyim yoxdu
Milana.M Milana.M 1 April 2019 14:07 Cavab yaz

1 Aprel beynəlxalq bayram kimi qeyd edilməsə də, dünyanın bir sıra ölkələrində adətən əyləncə və aldatmaq günü kimi qeyd olunur.
Iceberg Iceberg 1 April 2019 10:32 Cavab yaz

Bu gün aftobuslar zarafat elədi deyəsən mənimlə, həmişə boş olanlar adam sallana sallana keçdi yanımızdan, mən də evə qayıtdım))))

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика