Giriş
Bağla

Ernesto Sabato - Tunel

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

Ernesto Sabato - Tunel
İnsanın dünyaya və digər insanlara yadlaşması, dünyayla arasına daşdan, keçilməz bir divar hörüb öz dünyasına çəkilməsi ədəbiyyatda ən çox işlənən mövzulardandır. Kamyunun "Yad"ı, Hessenin "Yalquzaq"ı bu saydığım xüsusiyyətləri özündə cəmləşdirən ən tanınmış əsərlərdir. İnsanlar arasında yalnız qalmağı seçən bu qəhrəmanlar - ətrafına, hətta anasının ölümünə belə yad, laqeyd münasibət göstərən Mersault, ruhundakı yalquzağın qaranlıq dünyasındakı labirintdə vurnuxan Herman bizə insan ruhunun qaranlıq tərəflərini göstərməklə qalmayıb,  içimizdəki qaranlığa təslim olmamağı da öyrədir.
   Ümumiyyətlə müasir ədəbiyyatda insanın varolma problemi, yaşam və qaçınılmaz ölüm kimi məsələlər varloşçuluq cərəyanı və onun nümayəndələrinin əsərlərində tez-tez qarşımıza çıxır. Ernesto Sabatonun " Tunel" romanı da varoluşçu ədəbiyyatın ən mühüm əsərlərindən biri hesab olunur. Təsadüfi deyil ki, vaxtilə A.Kamyu bu əsəri fransız dilinə tərcümə etmək üçün böyük  təşəbbüs göstərib. 1948-ci ildə nəşr olunan bu roman Argentina ədəbiyyatının təməl əsərləri sırasında mühüm yerə sahibdir.
  Ernesto Sabatonun məşhur üçləməsinin ilk kitabı olan "Tunel" in baş obrazı Xuan Pablo Kastel özünəməxsus xarakterə sahibdir. Nə qədər yuxarıda adlarını çəkdiyim roman qəhrəmanları ilə oxşar cəhətləri olsa da bir o qədər də özünəməxsusdur. Rəssam olan Kastel həm əsərin qəhrəmanı həm də hekayəni bizə danışan şəxsdir. Romana Mariya İribarne adlı qadını öldürən rəssam olduğunu etiraf etməklə başlayır və oxucu roman boyunca Kasteli bu cinayətə sürükləyən səbəbləri oxuyub öyrənir.
Ernesto Sabato - Tunel
Kastel öz "qaranlıq və yalnız" tunelində insanlarla arasına qalın divarlar hörərək yaşayırdı. Qeyd etdiyim kimi rəssamdır,  sənəti tənqidçilər tərəfindən sevilir, yüksək qiymətləndirilir amma bu onu sevindirmək əvəzinə qəzəbləndirirdi. Tənqidçilərin, eləcə də rəsmlərini bəyənən digər insanların onu başa düşmədiklərini iddia edirdi və bu səbəbdən də onlara qarşı içində bir nifrət yaranmışdı. Bu nifrət insanlardan uzaqlaşdığı ölçüdə böyüyürdü. Dünyanı və insanları heç vaxt sevmədiyini deyən Kastel yeganə qurtuluş yolunun ölüm olduğunu düşünsə də intihar etməmək üçün özünə görə səbəbləri vardı. Ölümün əbədi bir boşluğa, heçliyə oyanmaq olduğunu düşünən Kastel intihar etməməsinin səbəbi kimi bu həqiqəti dəyişə bilməməyin çarəsizliyini göstərirdi.
Günün birində Kastel öz qaranlıq tunelində bir işıq görür, ya da gördüyünü düşünür. Bəlkə də bu bir aldatmaca, bir ilğım idi. Axı insan oğlu ümidsiz yaşaya bilməz, Kastelin də bir ümidə ehtiyacı vardı və bu ümidi Mariya İribarnenin simasında tapdığını düşünür. Sərgilərinin birində çəkdiyi rəsmə uzun müddət diqqətlə baxan bu qadının onu anlayan yeganə insan olduğu qənaətinə gəlir. Uzun müddət onu yenidən görmək arzusu ilə yaşayır və görür də, hətta onun sevgilisi olmağa da nail olur. Amma o, öz iç dünyasındakı qaranlıqdan xilas ola bilmir. Öz qaranlıq tunelindəki labirintdə doğru yolu tapa bilmir, azıb qalır. Şübhə və qısqanclığın pəncəsindən xilas ola bilməyən Kastel Mariyanı - tapdığı yeganə işığı, ruh əkizini, ümidini öldürür. (P.S. Kastel bunu romanın ilk cümləsində etiraf etdiyi üçün əsərin sonunu dediyimi düşünməyin. ) Bəlkə də peşamandır, bəlkə də yox. Bəlkə Mariya düşündüyü kimi onunla paralel tuneldə addımlamırdı. Sonda dediyi kimi Mariya həqiqi, geniş, sərhədləri olmayan dünyaya, tunellərdə yaşamayanların dünyasına aid idi.
  Ernesto Sabato romanında təmtəraqlı cümlələrdən, söz oyunlarından, geniş təsvir və metaforlardan istifadə etməyib. Kastel hekayəsini olduqca sadə bir dillə oxucuya danışır. Dilinin sadəliyinə baxmayaraq özündə dərin mətləblər barındıran bu roman insan və onun iç dünyası, sevgi, qısqanclıq, yadlaşma kimi mövzularda oxumaq istəyənlər üçün əla seçim ola bilər.
Aybəniz 


Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика