Giriş
Bağla

Orhan Pamuk-Qar

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

 

Orhan Pamuk-Qar

 

Qar oxucusundan səbr tələb edən kitabdır. Bəzən yorucu təsir bağışlasa da, bu yorğunluq darıxdırıcı yox, düşündürücü yorğunluq oldu mənim üçün. Yazıçının dilinə alışmaq zaman aldı amma romanın sehrinə düşmək uzun çəkmədi. Kitab qarmaqarışıq siyasi hadisələr fonunda irəlilədiyi üçün sabit bir süjet xəttinə malik deyildir. Dünyadan tədric olan Kars anlaşılmaz siyasi hadisələri, dayanmadan yağan qarı, buz bağlayan yolları ilə ümidsiz bir görkəmə bürünür oxucunun gözündə. Şəhərin küçələri, dalanları, binaları xırdalıqlarına qədər təsvir edilir. Əsər boyunca davam edən qar yağışı qəribə bir hüznlə yanaşı, eyni zamanda qeyri-adi bir rahatlıq və huzur bəxş edir sanki. 

Ka(Kerim Akakuş-şair) Almaniyadakı yalnızlığından və monoton həyatından xilas olmaq üçün Türkiyəyə qayıdır. Karsda baş verən intihar(hicab qadağasına görə) hadisələrini araşdırmaq və qəzetdə haqqında yazı yazmaq üçün yola çıxsa da, əsl istəyi tələbəlik illərindən bəri sevdiyi Ipeyi tapıb, onunla evlənib Frankurta geri dönməkdir. Lakin burda baş verənlər, seçki qabağı yaşananlar Kanın bu sevgini yaşamağına heç cür imkan vermir. 

Siyasət, din, tanrı, hicab qadağası, laiklik, demokratiya və.s mövzulara toxunan Pamuk bütün bu hadisələrin ortasına bir vaxtlar siyasi etiqadına görə ölkəni tərk edib, Almaniyaya getməyə məcbur olmuş Kayı qoyur. Ka sanki bu hadislərin hər birinə bu və ya digər şəkildə təsir göstərmək üçün xüsüsilə göndərilmiş təsiri bağışlayır. Yazıçı romanın bəzi yerlərində əvvəlki və sonrakı zamanlara gedib-gəldiyi üçün bu hissə qapıldığım çox oldu. Cərəyan edən bəzi hadisələr ya obrazlardan birinə, ya Kaya, ya da elə yazıçının özünə ayan olmuş kimi qələmə verilirdi. Hamının bir-birini, dindarların atesitləri, teroristlərin demokratları və nəhayət dövlətin hər kəsi dinlədiyi bu şəhərdəki siyasi oyunlar, fırıldaqlar, saxta xəbərlər, yalançı şeyxlər bəzən iyrəndirici dərəcədə dözülməz idi. Azad düşüncəyə sahib olduqları ilə öyünən hər obraz istər dindar, istər terorist, istər demokrat öz sərbəst fikrinin yox, mənsub olduğu birliyin, qurumun siyasi və dini görüşünün boyunduruğu altında şüursuzca hadislərin iştirakçısına çevrilə bilirdi. Ipək, bacısı Kadife, atası Turgut bey, Lacivert, Necip, Fazıl, Sunay və başqa obrazlar romanda fərqli siyasi və dini etiqadları təmsil edir. Diqqət etdiyim və bəyəndiyim nüanslardan biri də hər obrazın psixoloji cəhətdən dəqiqliklə işlənməsidir. Hər biri azad düşüncəyə sahibdir. Eyni ailəyə, eyni çevrəyə mənsub olsalar da, eyni süfrə arxasında əyləşib öz fikirlərini rahatlıqla ifadə və müdafiə edə bilirlər. Ən əsası bir-birinə zidd idealogiyalara inansalar da qarşılarındakı insanın fikirlərinə hörmət etməyi bacarırlar. 

 

Romanda ən çox təsirləndiyim şey Kanın qar haqqındakı düşüncələri oldu. Uzun zamandan bəri ilk dəfə şeir yazmağa başlayan Kaya qarın yağması Allahı düşündürürdü. Onun Allah haqqındakı fikirləri, görüşləri fikrimcə kitabın ən önəmli hissələrindən biridir. 

-Istanbulda, Nişantaşında sosyetik bir çevrede büyüdüm. Avrupalılar gibi olmak istiyordum. Kadınları çarşafın içine sokup, yüzlerini örttüren bir Allah ile Avrupalı olmaya aynı anda inanmayacağımı anladığım için dinden uzak geçti hayatım. Avrupaya gidince sakallı, irticai, taşralı tiplerin anlattığından bambaşka bir Allah olabileceğini hissettim. 

-Avrupada başka bir Allah mı var? dedi Şeyh şakacı bir havayla, Kanın sırtını okşayarak. 

-Huzuruna çıkmam için ayakkabılarımı çıkarmam, birilerinin elini öpüp dizlerimin üstüne çökmem gerekmeyen bir Allah istiyorum ben. Benim yalnızlığımı anlayacak bir Allah .

Süjet xətti hörümçək toruna bənzəyən hadislərin qarışıqlığından baş çıxarmaq oxucunun öhdəsinə buraxılır. Bax bu yerdə oxucudan əvvəldə bəhs etdiyim səbr tələb olunur. Bəzən təsadüflər, bəzən biri-biri ilə heç əlaqəsi olmayan şeylər əsərin əsl mahiyyətini anlamaqda çətinlik törədir. Kitabda anlıtılan, təbliğ edilən, müdafiə edilən bəzi düşüncələrə haqq versəm də, bir çoxuna etiraz etdim. Kitab boyunca davam edən hadisələrin bir bir nəticəsini gözlədim amma sonda anladım ki, yazıçının anlatmaq istədiyi elə bu qarmaqarışıqlığın özüdür. 

Qar Pamukla ilk tanışlığım oldu. Bu kitabdan yeni çox şey öyrəndim. Onu da yəqin etdim ki, nə Qar hər kəsin bəyənəcəyi bir romandır, nə də Pamuk hər oxucunun sevimli yazıçısı ola bilər. Yazıçı bu kitaba görə çoxları tərəfindən sərt şəkildə tənqid edilb. Amma məncə onun burdakı əsas məqsədi "Dünyanın sonu" adlandırdığı Karsın və Kars əhalisinin yaşadığı çətinlikləri, şəhərdəki işsizliyi, dini məcburiyyətlərə, hicaba görə insanların əks qütblərə bölündüyünü göstərmək, qadınların həyatının bir yaylıqdan daha önəmsiz olduğuna inananların cahiliiyini vurğulamaqdır. Pamuk bir çox təzyiqlərə məruz qalıb və bu hal hələ də davam etməkdədir. Mən isə düşünürəm ki, belə bir əsər yazan bir yazıçı vətənini də, millətini də ən qatı vətənpərvərdən daha çox sevir. Çünki Kar kimi bir roman yazmaq hər yazıçının cəsarət edə biləcəyi bir şey deyil.

Aygün Ələkbərova



Şərhlər (4)

S U SE N S U SE N 22 April 2016 11:40 Cavab yaz

GUZEEEL ELLERINE SALIK girl_ang
Fatma Fatma 18 April 2016 17:31 Cavab yaz

Bu komplar telefonlar çıxannan kitab oxumağıda unutduq
Deniz84 Deniz84 15 April 2016 08:25 Cavab yaz

Yazıçı bu kitaba görə çoxları tərəfindən sərt şəkildə tənqid edilb. Amma məncə onun burdakı əsas məqsədi "Dünyanın sonu" adlandırdığı Karsın və Kars əhalisinin yaşadığı çətinlikləri, şəhərdəki işsizliyi, dini məcburiyyətlərə, hicaba görə insanların əks qütblərə bölündüyünü göstərmək, qadınların həyatının bir yaylıqdan daha önəmsiz olduğuna inananların cahiliiyini vurğulamaqdır. Pamuk bir çox təzyiqlərə məruz qalıb və bu hal hələ də davam etməkdədir.

Haqqı, reallığı yazdığına görədir. Doğru deyəni 9 köydən qovarlar misali.
Ceylan Mumoglu Ceylan Mumoglu 14 April 2016 20:13 Cavab yaz

Orhan Pamukun hər yeni çıxan əsərini qaynatam alıb gətirir, oxuyub da bitirir, mən tənbəl də üzülürəm ki, görəsən mən nə zaman vaxt edib oxuyacam)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика