Giriş
Bağla

"Bülbülü öldürmək"Harper Li

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

 

"Bülbülü öldürmək"Harper Li

 

Mənə nə zaman sual edilsə ki “Oxuduğun kitablardan sənin həyatına ən çox təsir edən kitab hansıdı?” , mütləq ilk cavabım “ Bülbülü öldürmək “ olar. Yanlış anlamayın, bu kitabdakı cümlələr birbaşa həyat fəlsəfəsindən bəhs edən qəliz cümlələr deyil. Bu kitab 8 yaşlı bir qızcığazın dilindən danışılan, həyata uşaqların gözü ilə baxan, uşaqların dili ilə həyatı anladan, valideyn- övlad münasibətlərindən tutmuş müəllim-şagird, hakim-məhkum, varlı-kasıb və ən əsası isə ağdərili və qaradərili münasibətlərinədək hər şeyə uşaq gözü ilə baxaraq, bütün bunları böyüklərin anlatdıqlarından daha yaxşı başa salaraq öyrədən bir kitabdır.

Əvvəlcə sizə əsərin yazarı və tarixi haqda qısaca məlumat verim. Xanım Harper Li, 1926-cı ildə ABŞ-ın Alabama ştatında anadan olub. Hal-hazırda 88 yaşındadır və ABŞ-da yaşayır. Xanım Li indiyədək elə bircə roman yazıb və elə bu roman da onu məşhur edib. Əsər özü 1960-cı ildə yayımlanıb və bir il sonra “Pultizer” ədəbiyyat mükafatını qazanıb. Ondan da bir il sonra isə əsərə çəkilmiş eyni adlı film “Oskar” mükafatı almışdır.

Əsərin özü və məzmununa gəldikdə isə onu deyim ki, əsərin ana xətti irqçilik əleyhinə nəzərdə tutulub. Belə ki, Alabama ştatının Meykomb adlı kiçik şəhərində yaşayan “İtigöz “ ləqəbli Skott adlı 8 yaşlı qız və qardaşı Cim, bir gün xəbər tuturlar ki, onların atasına, şəhər məhkəməsində vəkil işləyən Attikus Finçə bir zəncini müdafiə etmək həvalə olunub. Təsəvvür edin ki, hadisələr ötən əsrin 30-cu illərində cərəyan edir və hər birimizə məlumdur ki, həmin dövrdə ABŞ- da hələ zəncilərin hüquqları indiki kimi qorunmurdu. Onlar indiki kimi azad deyidilər və istənilən məhkəmə işi zəncilərin məğlubiyyəti ilə nəticələnirdi. Cimlə Skott balacadırlar, onlar məsələnin bu tərəfini özləri tam dərk edə bilmirlər. Amma ətrafda hər kəsin heyrətli, təəccüblü və təəssüf dolu danışıqları uşaqları narahat edir və onlar öz uşaq zehinləri ilə nəsə ciddi bir hadisənin baş verdiyini dərk etməyə başlayırlar. Bəli, məsələ doğrudan da ciddidir! Bir ag dərili vəkil, bir zəncini müdafiə edəcək. Bütün şəhər artıq indidən Attikusa nifrət püskürür. Kimsə ağlına ikinci bir variant gətirmək belə istəmir: zənci günahkardır vəssəlam! Məhkum zənci Tom, əslində çox sakit və namuslu bir insandır. O ömründə kimsəni incitməyib, Attikus və uşaqları bunu çox gözəl bilirlər. Bir ağdərili qız, guya Tomun onu zorladığını iddia edir və atası Tomu məhəməyə verir. Attikus ela vəkildir, bütün dəlilləri toplayıb, dəlillər hamısı Tomun günahsız olduğunu sübut edir. Ancaq görəsən Attikus Tomu xilas edə biləcəkmi?

Əsərdə Attikusun tez-tez işlətdiyi və uşaqlarına dediyi bir cümlə var : “Əgər qarşındakını yaxşı başa düşmək istəyirsənsə, özünü onun yerinə qoy, bir muddət o cür gəz, dolan… Onda daha yaxşı anlayarsan”. İndi siz əziz oxucular, özünüzü bir neçə dəqiqəlik Cimlə Skottun yerinə qoyun. O cür şərtlər altında, o cür cəmiyyətdə yaşadığınızı düşünün . 8 – 10 yaşlarındakı uşaqların məktəbdə, küçədə, məhəllədə, şəhərdə hansı təzyiqlərlə rastlaşdıqlarını, necə ağır sözlər eşitdilərini təsəvvür edin. Təsəvvür etdinizmi əziz oxucular? İndi isə lütfən, ozünüzü bu uşaqların atasının yerinə qoyun. Övladlarını anasız böytməli olan , onlara təkbaşına tərbiyə verərərək böyüdüb boya- başa çatdıran Attikusun yerinə… Skott anadan olandan bir qədər sonra Attikusun həyat yoldaşı vəfat edib və o vaxtdan bəri Attikus uşaqları özü böyütməli olub. Ona bu yolda kömək edən, tam Attikusun istədiyi tərbiyəni aşılayan, uşaqlara göz bəbəyi kimi baxan ise qulluqçuları, yaşlı zənci qadın Kelpurniya olub. Yəqin anladınız ki, bu ailənin nə başçısı, nə də onun övladları nəinki irqçi, zəncilərə nifrət edən ola bilməzdilər, hətta əksinə zənciləri oz valideynlərindən ayırmayacaq qədər çox sevirdilər. İndi düşünün bu ata nələr çəkməli olacaq. Özünə qarşı bütün mahalda baş qaldıran nifrət bir yana, o həm də övladlarını qorumalıdı, onları bu vəziyyətdən elə çıxartmalıdı ki, həm onlara yalan danışmalı olmasın, doğrunu aşılasın, həm də ki onları alacaqları mənəvi zərbələrdən qorusun… Bir gün Skott atasına deyəndə ki, ( Yeri gəlmişkən, əsərdə uşaqlar atalarına birbaşa adı ilə müraciət edirlər) “ Attikus, sən yəqin ki haqlı deyilsən. Axı bütün Meykomb səni qınayır, səni haqsız hesab edir”, Attikusun 8 yaşlı qızına cavabı bu olur : “Bu iş insafımıza qalıb. Onların fikrinə sözsüz ki hörmət etməliyik. Ancaq insanın daxilində elə bir hiss var ki, o kimsənin sözünə etina etmir. Bu, onun VİCDANIDIR!”.

 

"Bülbülü öldürmək"Harper Li

 

 

Bütün əsər 8 yaşlı Skott- un dilindən danışılır. Uşaq xəyallarının tərənnümü ilə zəngindi bu əsər. Uşaqların xəyal dünyasının nələrə qadir olduğunu göstərən, uşaqlarla davranış qaydalarını elə uşaqların öz dili ilə böyüklərə oyrədən bir əsərdir. Bir gün dəcəl bibisi oğlunu, Attikusu söydüyünə görə kötəkləyən Skott, əmisi Cekin haqsız iradı ilə qarşılaşır və əmisi tərəfindən cəzalandırılır. Atasından ömrü boyu belə haqsızlıq görməyən Skott sarsılır və otağa girərək qapını arxadan bağlayır. Mədəni bir centlmen olan əmisi birtəhər onu dilə tutaraq yanına girir və Skottla olan qisa söhbətdən sonra bu dəfə əmisi sarsılaraq otaqdan çıxır, Attikusa “qardaş, mən heç vaxt evlənməyəcəm. Birdən uşağım olar. Sənin qızın indicə mənə elə bir dərs verdi ki, hələ də özümə gələ bilməmişəm” deyir… O səhnəni oxuduqdan sonra, uşaqlarla davrnışlarınızda köklü dəyişikliklər olacağndan əminəm. Cəmiyyətdə hər şey heç də göründüyü kimi deyil, belə ki bir gün Skott heyrətlə şahid olur ki, hər kəsin əyyaş kimi tanıdığı insanın içdiyi əslində adicə Koka Kola imiş…

Əsərdən bir çox nəticələr çıxarmaq mümkündür. Bütün nəticələri saymaq istəsəm, gərək bu yazını bir bu qədər də artıram, ancaq onsuz da ağrıtdığım başınızı bir az daha ağrıtmaq istəmirəm. Əsərin ana fikri mənə görə məhz VİCDAN məsələsidir. Yüz faiz məğlubiyyətlə üzləşəcəyini bilə- bilə bu müdafiəni boynuna götürməyə insanda dağ boyda vicdan gərəkdi, hansı ki Attikus öz cılız, sısqa bədənində o dağ boyda vicdanı daşıyırdı!

1863-cü ildə Harriyet Biçer Stou- nun “ Tom dayının daxması” əsəri zəncilərin azadlıq mübarizəsinə necə təkan vermişdisə, ondan yüz il sonra Harper Li- nin “Bülbülü öldürmək“ romanı da bir təkan oldu və 1963- cü ildə Martin Lüter Kinq-in simasında azadlıq fədailəri yetişdi.

Əsər azərbaycanca “ Quşcığaza qıymayın “ adı ilə sovet dönəmində bir dəfə nəşr edilib. Bakumoz kitab evi və “Facebook”da ən böyük kitab qruplarından biri olan “Kitabsevərlər” qrupunun fəallarının zəhməti sayəsində yenidən nəşr edilib. 

Nəşr edilməsi ilə oxucuların diqqətini cəlb edən kitab artıq bitib və yenidən nəşr edilməyi gözləyir.

Bu gözəl əsəri hər birinizin oxuması diləyi ilə sizə xoş mütaliələr diləyirəm!

Fariz Bayramov



Şərhlər (4)

Deniz84 Deniz84 19 November 2015 17:32 Cavab yaz

Sizin kitab haqqında yazdıqlarınız oxuduqdan sonra bu kitabı hələ oxumadığım üçün pis oldum. Təşəkkürlər Nəzrin xanım.
Emma Svon Emma Svon 19 November 2015 11:24 Cavab yaz

Bu əsəri oxumamışam, amma filminə baxmışdım. Kitabı isə mütləq alacam.
Ellada84 Ellada84 18 November 2015 22:32 Cavab yaz

Əsərdə Attikusun tez-tez işlətdiyi və uşaqlarına dediyi bir cümlə var : “Əgər qarşındakını yaxşı başa düşmək istəyirsənsə, özünü onun yerinə qoy, bir muddət o cür gəz, dolan… Onda daha yaxşı anlayarsan”.

Bu cümlə daha çox xoşuma gəldi.
Fatma Fatma 18 November 2015 19:23 Cavab yaz

Ay necə maraqlıdı heyif ki yazmamısız görüm ataları zəncini müdafiə edə bilirmi
Daha kitab oxuya bilmirəm gözlərim sözümə baxmır yoxsa alıb oxuyardım

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика