Giriş
Bağla

Səbuhi Şahmursoy "Sükutun səsi"

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

Səbuhi Şahmursoy "Sükutun səsi"

Gənc yazar Səbuhi Şahmursoyun "Sükutun səsi" hekayələr toplusunu oxumağımın bir kiçik tarixçəsi var. Kitabsevərlər qrupu ilə keçən il 2014-cü ilin sonlarında tanış olmuşdum. Arada-sırada paylaşmalarını izləyirdim. Sonra məlum oldu ki, saytımızın redaktorlarından biri Güllü (AqatKris) xanım da çoxdandır həmin qrupun fəal üzvlərindən biridir. Güllü öz kitabsevər həvəsi ilə bizləri də ora cəlb etməyi bacardı. Hətta həvəslənib bir gün mən də həvəskar kimi hekayə yazdım və ilk olaraq Güllü ilə bölüşdüm. Sonra ikinci, üçüncü hekayələr də yarandı. Növbəti hekayələrimi oxuyanda Güllü dedi ki, "Ceylan xanım, sizin hekayə yazmaq üslubunuzu Kitabsevərlər qrupunun rəhbərlərindən biri Səbuhi Şahmursoyun üslubuna bənzədirəm". Bu fikir əvvəl mənə gülməli gəldi, dedim, ola bilməz. Çox güman ki, Güllü bunu mənə hekayə yazmağa davam etmək üçün motivə edir. "Hələ mən nə yazmışam ki, üslubum da ola". Güllü israr etdi ki, Səbuhi bəyin hekayələrini oxuyum. Dedim, yaxşı, oxuyaram. Həmin zaman səhv etmirəmsə, Səbuhi bəyin "Sükutun səsi" kitabının təqdimatı yeni olmuşdu, 8 fevral 2015-ci il tarixində. (Yazını yazmazdan əvvəl qrup arxivində gördüm). Səbuhi bəydən hekayələrini toplu halda istədikdə mənə cavabı belə oldu ki, profilimə daxil olub arxivdən oxuya bilərsiniz, orda pərakəndə halda var. Mən də profili axtardım, bir az eşələndim, bir hekayə tapıb oxudum və bəyəndiyimi bildirdim, hətta hekayənin mövzusunu oxucu fantaziyama görə "Alacaqaranlıq" filmi ilə də əlaqələndirmişdim. Digər hekayələri tapa bilmədiyimdən "Nə vaxt qismət olar, oxuyaram" deyib keçmişdim. Nəhayət bu günlərdə "Sükutun səsi" kitabını oxuyub bitirdim.  

Bilmirəm, çoxdandır ədəbi əsərlər oxumadığımdan, ya hekayələrin gerçəkliyə çox uyğunluğundanmı, axır ki, kitabın təsiri altında qala bilmişəm. İlk növbədə qeyd edim ki, Güllü haqlı imiş, həqiqiətən də iki hekayədə üslub oxşarlığı sezdim. Digər bir tərəfdən Səbuhi bəyin bütün hekayələrini oxuyub bitirdikdən sonra yazarı yenidən kəşf etmiş kimi oldum. İlk təsirləndiyim şey, yazarın hələ gənc qələm sahibi olmasına baxmayaraq hadisələrə müdrikcəsinə yanaşa bilməsi, onları yerli yerində, dəqiq təsvir etməsi, yaşından xeyli irəlini, uzağı görə bilmək qabiliyyətinin var olması oldu. Yəni elə şeylər var ki, bunlar həqiqətən müəyyən yaş mərhələsini yaşadıqdan sonra şüurlarda aydınlaşır. Səbuhidə bu aydınlığın artıq gənc yaşda başlamasını sezmiş oldum. Böyük uğurdur. 

Hekayələrin məzmununa gəldikdə, təbii ki, hər birinin bir başqa təsir gücü vardır. Burda yazıçı fantaziyası ilə oxucu fantaziyasının uzlaşması da vacibdir. Ola bilər mənə yeni hisslər, yeni baxış bucağı açan bir hekayə bir başqa fantaziyalı oxucuya "Aaaa, bunun nəyini bəyənib görəsən?" cümləsini dedirtsin. Odur ki, zövqlər və təsirlər müxtəlifdir. Bu səbəbdən oxucu hekayələrin mənasını, reallığa bağlılığını, emosiyaların hansı dərəcədə çatdırılmasını yalnız oxuyarkən hiss edə biləcək.

Səbuhi Şahmursoy "Sükutun səsi"

Düşünürəm ki, kitaba ad seçilməsində məhz "Sükutun səsi" hekayəsinin adının seçilməsi doğru addım olub. Çox maraqlı və təsirli hekayədir. Hekayəni bədii cəhətdən nəsrin bir forması kimi mistik və fantasmaqorik relaizmə daxil etmək olar. Hekayənin sonluğu Kafka əsərlərini də xatırladır. 

Bütövlükdə yazarın özünün də dediyi kimi müxtəlif illərdə və yaş dövründə yazılan “Yaradıcılıq yolunun impulsu” olan 13 hekayənin hər birindən yeni bir şey öyrənmək mümkündür. Yazıçı bu məqsədinə nail ola bilmişdir. Ədəbiyyatın tərbiyəvi əhəmiyyətini əsas götürərək hekayələrində fərdi tərbiyəyə səsləyib, onlara özlərini tapmaq üçün şərait yaratmışdır. "Görünməyən tərəflər", "Təlxək", "Qonşumuzdakı şəkillər" və "Sükutun səsi" ən çox bəyəndiyim hekayələr oldu. 

Ədəbiyyatın sirlərinə dərindən yiyələnmiş Səbuhi bəyi təbrik edir, ona gələcək ədəbi fəaliyyətində uğurlar arzulayıram. Ən başlıcası isə Səbuhi Şahmursoy qələmindən möhtəşəm bir roman gözləyirəm. 



Şərhlər (6)

Nezrin Nezrin 11 November 2015 15:28 Cavab yaz

Burdakı hekayələrin hər biri ayrı-ayrılıqda maraqlıdır. Təşəkkürlər :)
Fatma Fatma 8 November 2015 18:41 Cavab yaz

Bu hekayələrdən saytada yerləşdirin bizdə oxuyaq nə olar
S U SE N S U SE N 8 November 2015 11:24 Cavab yaz

ellerine salik tsk ceylan mumoglu give_ros
Ellada84 Ellada84 7 November 2015 23:01 Cavab yaz

Hekayə yazmağınıza bir stimul olub demək kitabsevərlər qrupu. Maraqlı gəldi oxumaq istərdim məndə. Səbuhi bəyə uğurlar arzulayıram. Qələminə qüvvət!
Milana.M Milana.M 7 November 2015 20:15 Cavab yaz

Bu kitab həqiqətən təsirli, gözaçan və öyrədəndir. Yazarı realda tanımaq özü də xoşdur. "Sukutun səsi olarmı"- deyirsizsə, mütləq bu kitabı oxuyun. İnanın ki, onun da öz səsi var, həm də çox güclü səsi var.
Ayka_m_ova Ayka_m_ova 7 November 2015 20:10 Cavab yaz

Yaxşı ki, kitabsevərlər qrupu ilə tanış olmusuz, hekayə yazmağınıza səbəb olub inşəAllah kitab da yazarsız, hekayələri oxumaq istərdim. Adları maraqlı gəldi. Ən çox sükutun səsi və qonşumuzdakı şəkillər adlı hekayələr marağımı çəkdi. Biz də profildən axtarıb oxuyarıq o hekayələri. Gənc yazarmıza uğurlar. :)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика