Giriş
Bağla

Azərbaycan tarixindən yüz şəxsiyyət-46

Bizimdir! / Bütöv Azərbaycan!

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-46

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

İbrahim bəy Aslanbəyov

(1822-1900)

İbrahim bəy Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakı şəhərində zadəgan ailəsində doğulmuşdur. Tədqiqatçıların fikrincə, onun atası Allahverdi bəy Bakı xanları nəslinə mənsub olmuşdur. Oğlunu hərbçi görmək istəyən Allahverdi bəy onu Peterburqa aparır və Hərbi Dəniz Korpusuna qəbul etdirir. Bu məktəbdə Rusiya imperiyasının ən mötəbər ailələrinin uşaqları, o cümlədən imperator nəslindən olanlar təhsil alırdı. İbrahim bəy 1837-ci ildə adı korpusun "qırmızı lövhə"-sinə yazılmaqla oranı bitirir. Peterburq şəraitində müsəlman gəncin-"Qafqaz tatarı" adlandırılan Azərbaycanlının kurs müdavimlərini  qabaqlayaraq hərbi məktəbi fərqlənmə ilə bitirməsi onun istedad və qabiliyyətindən xəbər verir.

Təyinatını Baltik donanmasına alan Aslanbəyov freqat yelkənli, sürətli hərbi gəmilərdə zabit kimi xidmət etmişdir. 1842-ci ildə o, donanmanın ən yaxşı zabitləri sırasında Dənizçilik Məktəbi zabit sinfinə göndərilir. Buranı da fərqlənmə ilə bitirən Aslanbəyov Qara dəniz hərbi donanmasında "Elbrus" hərbi gəmisinin kapitanı vəzifəsinə təyin edilir. Bilikli dənizçi Aslanbəyov donanmanın komandanı məşhur rus admiralı P.Naximovun diqqətini cəlb edir. 1853-cü ildə Krım müharibəsi başlayanda Aslanbəyov öz gəmisi ilə vacib və təhlükəli tapşırıqları layiqincə yerinə yetirir. 1854-cü ildə biliyini və cəsurluğunu sübut etmiş kapitan-leytenant Aslanbəyov admiral Naximovu adyutantı təyin edilir.

Naximovun ölümündən sonra da Sevastopolu tərk etməyən Aslanbəyov şəhərə edilən son hücumu dəf edərkən yaralanır və kontuziya alır. Buna baxmayaraq o, müharibənin son gününədək döyüşən donanmanın tərkibində qalır.

Müharibədən sonra, 1856-cı ildə Aslanbəyov Qara dəniz donanmasının Nikolayev limanındakı 36-cı donanma ekipajının komandiri təyin edilir.

1861-ci ildə o, "Sokol" korvet gəmisinin kapitanı kimi Aralıq dənizində fəaliyyətə başlayır. Dəfələrlə Qara dəniz sahillərindən Baltik dənizinə reydlər edir.

1865-ci ildə Aslanbəyov "Retvizan" zirehli gəmisinə kapitan təyin edilir. O dövrdə zirehli gəmilər Rusiya donanmasının on ağır və möhtəşəm gəmiləri sayılırdı və donanmanın əsas zərbə qüvvəsi idi. Zirehli gəmiyə kapitanlıq etmək hər zabitə həvalə olunmurdu. Aslanbəyov bu vəzifədə özünü doğrultduğu və hərtərəfli bilik nümayiş  etdirdiyi  üçün  məşhur  rus  sərkərdəsi vitse-admiral Butakovun zirehli eskadrasına qərargah rəisi vəzifəsinə təyin edilir.

1872-ci ildə Rusiyada I Pyotrun anadan olmasının 200 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərində Aslanbəyov dəniz paradında  imperatorun avarlı gəmi dəstəsinin kapitanı kimi iştirak etmişdir.

1878-ci ildə İbrahim bəy Aslanbəyov kontr-admiral rütbəsinə layiq görülür və 8-ci donanma ekipajına rəis təyin olunur. 1879-cu ildə isə o, beş kreyserdən ibarət eskadranın komandiri təyin edilir. "Minin", "Knyaz Pojarski", "Hersoq Edinburqski", "Asiya" və "Afrika" gəmilərindən ibarət bu eskadra 1879-1882-ci illərdə dövr-aləm səyahətinə çıxır.

 

Səyahət zamam Aslanbəyov təcrübədən yeni-yeni taktiki fəndlər keçirir və ilk dəfə olaraq "uçan eskadra" ideyasını irəli sürür. Bu ideyaya əsasən Rusiya donanmasının tərkibində olan kreyser gəmiləri ənənəvi dəniz döyüşlərinə cəlb edilməməli, düşmən sahillərinə göndərilməli və onun dəniz ticarətini tamamilə məhv etməlidirlər.

Səyahətdən qayıdandan sonra Aslanbəyov məşhur rus admiralı A.A.Popovun əmri ilə ideyasını nəzəri cəhətdən əsaslandırmışdır. Sonralar onun ideyası 1904-1905-ci illər rus-yapon müharibəsində tətbiq edilmişdir. Məlumdur ki, bu müharibədə ənənəvi fəndlər tətbiq edən rus hərbi donanması Port-Artur və Susima dəniz döyüşlərində məğlub edilmişdir. Bu müharibədə rus donanmasının yeganə uğurları Aslanbəyovun ideyasını tətbiq edən Vladivostok kreyserlər dəstəsi tərəfindən qazanılmışdır. Bu dəstə "2 uçan eskadra" ideyasını tətbiq etməklə Yaponiya iqtisadiyyatına ağır zərbə vurmuş və onun ticarətini iflic vəziyyətinə salmışdır.

 

Zirehli eskadranı Sakit okeana gətirən Aslanbəyov 1882-ci ildə burada bir neçə kəşf etmişdir. Aslanbəyov tərəfindən Saxalin adasında kəşf edilən bir yarımada və Oxot dənizində bir körfəz indiyədək də onun adını daşıyır. Müasir xəritələrdə belə onlar "Aslanbəyov yarımadası" və "Aslanbəyov körfəzi" kimi işarələndirilir.

Donanmanın komandanlığı İbrahim bəy Aslanbəyovu 1884-cü ildə Baltik donanmasının kiçik flaqmanı təyin edir. Bu vəzifədə olarkən 1887-ci ildə ona vitse-admiral rütbəsi verilir və o, Baltik donanmasının flaqmanı təyin edilir. Ömrünün sonuna yaxın vitse-admiral Aslanbəyov Sevastopol dəmir yolunun çəkilməsi işlərinə başçılıq etmişdir.

Öz bilik və bacarıqlarını başqaları ilə bölüşməyə çalışan vitse-admiral Rusiya dənizçilərinin ən populyar jurnalı olan "Dəniz toplusu ("Morskoy sbornik") jurnalında silsilə məqalələrlə çıxış edir. O, həmçinin, admiral Naximovun adyutantı işlədiyi vaxtları xatırlayaraq Krım müharibəsi dövründə apardığı gündəliyi "Naximovun bioqrafiyası" adı ilə nəşr etdirir.

Qeyd etmək lazımdır ki, Naximovun bioqrafiyasının Sevastopol dövrünün tədqiqatçıları məhz Aslanbəyovun qeydlərini on doğru məlumat hesab edirlər.

Məşhur rus yazıçısı Lev Tolstoy Sevastopolun müdafiəsinə həsr olunmuş əsərlərini yazarkən Aslanbəyovla görüşmüş, onun xatirələrindən istifadə etmişdir. Tədqiqatçı V.Fridriks "Kontr-admiral Aslanbəyovun bayrağı altında üzən "Afrika" kreyseri" adlı əsərində Aslanbəyovun dövr-aləm səyahətini qələmə almışdır. 1889-cu ildə Sankt-Peterburqda "Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi" adlı əsər çap edilmişdir.

Aslanbəyovu xatırlayanlar bilik və bacarığından başqa, onun olduqca genişürəkli təbiətindən və Şərq əhvalatlarını söyləmək məharətindən xəbər verirlər. Onun danışdığı lətifələr tezliklə bütün donanmada yayılanmış fəaliyyətinə görə Aslanbəyov Rusiyanın  "Ağ qartal", "Müqəddəs Anna", "Müqəddəs Vladimir", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, qızıl qılınc, həmçinin, Serbiyanın "Takova", Yaponiyanın "Günəşin doğması", Havay dövlətinin "Kalakua" ordenləri ilə təltif olunmuşdur.

İbrahim bəy Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat etmişdir. Ölümünə qədər müsəlman və azərbaycanlı olması heç kimdə şübhə doğurmamışdır. Lakin ölümündən sonra maraqlı hadisələr baş verməyə başladı. Belə ki, məşhur Brokqauz və Lfron ensiklopediyasında Aslanbəyov soyadı "Aslanbeqov" formasında göstərildi. Daha sonra Sevastopol şəhər muzeyində onun portretini asıb altında  "Aslambeqov A.B. 1820-1900-cü illər" yazdılar.

Tədqiqatçı Ş.Nəzirlinin araşdırmaları sübut etdi  ki, sənədləri Sevastopol şəhər panoram-muzeyinin arxivində saxlanılan Aslanbəyovun tam adı, soyadı, milliyyəti və  dini əqidəsi göstərilən sənəddə rəsmi məlumatların üstündən xətt çəkilərək rəkkəbli qələmlə "Aslambeqov Avramiy Boqdanoviç. 1820-1900-cü illər, pravoslavmıy" sözləri yazılmışdır. Bu o deməkdir ki, çox keçməyəcək ermənilər Aslanbəyovu "erməni xalqının admiralı Avramiy Aslambeqov" kimi dünyaya tanıtmağa başlayacaqlar. Üzdəniraq qonşularımız unutqanlığımızdan istifadə edib bizim mədəniyyətimizi, tariximizi, torpaqlarımızı özününküləşdirdikləri kimi qəhrəmanlarımızı da özününküləşdirirlər. Gec də olsa, bunun qarşısı alınmalıdır.



Şərhlər (2)

Fatma Fatma 17 September 2015 10:43 Cavab yaz

Sağ ol heç tanımadığmızlar haqda bu qədər geniş məlumat verdin
Deniz84 Deniz84 17 September 2015 08:27 Cavab yaz

Səyahət zamam Aslanbəyov təcrübədən yeni-yeni taktiki fəndlər keçirir və ilk dəfə olaraq "uçan eskadra" ideyasını irəli sürür. Bu ideyaya əsasən Rusiya donanmasının tərkibində olan kreyser gəmiləri ənənəvi dəniz döyüşlərinə cəlb edilməməli, düşmən sahillərinə göndərilməli və onun dəniz ticarətini tamamilə məhv etməlidirlər.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика