Giriş
Bağla

Azərbaycan coğrafiyasının inkişaf tarixi-3

Bizimdir! / Virtual dərslər / Coğrafiya

 

 

Ardı...

20-ci illərin sonlarında Azərbaycan coğrafları arasında Qafur Rəşad Mirzəzadə xüsusi seçilirdi. O öz müşahidələri əsasında Azərbaycan coğrafiyasına aid qiymətli məlumatlar toplamış, Azərbaycan dilində coğrafi ədəbiyyat fondu yaratmağa başlamışdı. Onun 1910-cu ildəçapdan çıxmış "Qafqazın coğrafiyası" kitabı azərbaycan dilində yazılan ilk dərslik idi. Bu kitabda müəllif müfəssəl və ardıcıl olaraq Azərbaycan coğrafiyasını işıqlandırmış, onun quberniyalarının təbii, iqtisadi şəraitindən söhbət açmışdır. 1916-cı ildə Azərbaycan dilindənəşr etdiyi "Ümumi coğrafiya" adlı ali məktəb dərsliyində də Qafur Rəşad Azərbaycan coğrafiyası timsalında ümumi coğrafi anlayışlara toxunmuşdur. Qafur Rəşad digər elmlərlə yanaşı coğrafiyanı öyrənməyin həyatı əhəmiyyətindən danışır və xalqını buna çağıraraq yazırdı: "Coğrafiyanın öyrənməyin faydası böyükdür. Yer insanın məskəni olduğuna görə coğrafiyanı 

öyrənmək Yeri öyrənmək deməkdir. Bir adama evinin içini, məhəlləsini, küçələrini bilmək dəxi o dərəcədə lazımdır. Buna görə də insanlara gündəlik işlərində coğrafiyanıbilmək lazımdır" (Ümumi coğrafiya, Bakı, Azərnəşr. 1924, səh.5).

Qafur Rəşad uzun müddət əvvəl Lahıcda, sonra isə Bakı məktəblərində coğrafiyanı tədris etmişdir. Ana dilində ilk coğrafiya dərslikləri ilə yanaşı, milli coğrafiya terminologiyasının yaradılmasında məhz onun adı ilə bağlıdır.

Yusif Vəzir Çəmənzəminli (1887-1943) bədii yaradıcılıqla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası və iqtisadiyyatı ilə dərindən maraqlanmış və bunlarla məşğul olmuşdur. Azərbaycanı dünyaya tanıtmaq cəhdi və bu işdə coğrafiyanın, xəritənin oynadığı əvəzsiz rolu haqqında onun dəyərli fikirləri bu günümüz üçün də öz aktuallığını və əhəmiyyətini saxlamaqdadır.

Azərbaycan Demokratik Respublikasını tanıtmaq istiqamətində yazdığı məqalə və kitablarında göstərirdi ki, dünyada ən böyük qüvvələrindən birisi əfkari-ümumiyyətlə (dünya ictimai fikri mənasındadır). Topdan, tüfəngdən və zirehlərdən də bu növ böyükdür, odur ki, hər kəs istər ki, bu növü əldə saxlasın.

İqtisadi, sosial və siyasi dayaqların ölkənin inkişafı və tanınmasında əhəmiyyətini nəzərə alan müəllif bunlar haqqında 1921-ci ildə İstanbulda çap etdirdiyi "Tarixi coğrafi və iqtisadi Azərbaycan" kitabında geniş məlumat vermişdir. İki hissədənibarət olan bu kitabın birinci hissəsi Azərbaycanın sərhədlərinə həsr olunub. O, Azərbaycanı şimali-cənubi vahid sərhədlər daxilində bütöv bir tam kimi götürərək oradakı şəhərlərin tarixini, coğrafi mövqeyini və iqtisadi inkişafını araşdırır. Kitabın ikinci hissəsində söhbət Azərbaycanın iqtisadiyyatından gedir.

Azərbaycanın iqtisadi potensialına, təbii ehtiyatlarına yüksək qiymət verən Y.V.Çəmənzəminli  onu "Qafqaziyada mütəşəkkil dövlətlərin iqtisadi baxımdan ən qüvvəlisi" adlandırmışdır. Bakı neftinin dünya əhəmiyyəti olmasını və bundan başqa ipək, pambıq və yun məhsullarımızın da az olmadığını göstərirdi. Müəllif üstəlik Xəzər dənizinin balıq və kürüsünü, mismədənlərimizin nurlu gələcəyə malik olduğunu xatırladırdı. Milli qüvvələrin yetişdirilməsi, bir çox fabriklərin açılması-düzgün iqtisadi siyasətin yeridilməsi millətimizin yüzdə doxsan beşinin sərvət sahibi olacağına zərrə qədər də şübhə etmirdi.

1920-ci ildə Azərbaycanda iqtisadi coğrafiyaya aid M.Vəliyevin (Baharlının) ana dilində ilk kitabı nəşr olunmuşdur. Kiyev Universitetinin yetirməsi olan alim Azərbaycanın ilk ali təhsilli iqtisadi coğrafiya mütəxəssisi idi. Vaxtilə dövlət planlaşdırma işində onun kitabından geniş istifadə edilmişdir. Coğrafi cəhətcə bitkin əsər olan həmin kitabda Azərbaycanın ümumi coğrafi səciyyəsi, təbii şəraiti və təbii ehtiyatları, ümumi iqtisadi icmalı, təsərrüfatın inkişaf imkanları və sərvətlərinin qiymətləndirilməsi, əhalisinin coğrafiyası və s. məsələlər geniş işıqlandırılmışdır.

 

Azərbaycan coğrafiyasının inkişaf tarixi-3

 

Kitabda xalq təsərrüfat sahələrinin ərazi potensialına, bu sahələrin inkişaf perspektivlərinə  xüsusilə geniş yer verilmişdir. Kitabın bəzi nöqsanları var idi. Əsər Den məktəbinin təsiri ilə yazılmışdır. Bununla belə müəllif təkcə statistik məlumatları sadalamaqla kifayətlənməmiş, müəyyən mənada təbii şəraitin və təbii ehtiyatların təhlilinə və iqtisadi cəhətdən qiymətləndirilməsinə, fiziki-coğrafi cəhətlərə xeyli fikir vermişdir ki, bu da onu Den məktəbindən müəyyən qədər uzaqlaşdırmışdır. Bəzi məhdudiyyətlərinə baxmayaraq Baharlının kitabı respublikanın coğrafiya tarixində mühüm rol oynamışdır.

1921-ci ildə Q.R.Mirzəzadənin "Azərbaycan coğrafiyası" adlı tədris vəsaiti nəşr olunmuşdur. 20-ci illərdə Q.R.Mirzəzadə və H.B.Əliyev tədris vəsaitləri ilə yanaşı, coğrafiyaya aid bir sıra elmi-kütləvi ədəbiyyat da nəşr etdirmişlər. 1920-ci illərdə Azərbaycanda milli inzibatı quruculuq işləri aparılır. Yerli əhali arasında keçirilən sorğu nəticəsində onların razılığı ilə 1923-cü ildə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradıldı.

Muxtar vilayət o zamanlar Rusiyanın təkidi ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarında yaradılmışdır. Düzən və Dağlıq Qarabağın ənənəvi köçəri otlaq heyvandarlıq təsərrüfat tipinin yayıldığı qışlaq və yaylaqların ortasında və dağ-aran yolları üzərində qondarılan buvilayət uzun illər geniş bir regionun normal həyat ahəngini pozmuş və sonralar da (1988-ci ildə) ölkəmizdə böyük bir münaqişəmərkəzinə çevrilmişdir.

30-cu illərdə Mərkəzin inzibatı idarəçilik və amirlik siyasəti gücləndi, elmin, elmi-tədqiqat işlərinin, dərsliklərin və metodik vasitələrin yazılmasının mərkəzləşdirilməsi başqa respublikalarda olduğu kimi Azərbaycanda da milli müəlliflərin yaradıcılıq imkanlarını boğdu. Təsadüfi deyil ki, 1930-1950-ci illər arasında Azərbaycan SSR-də ana dilində sanballı bir coğrafiya kitabı və dərsliyi çap edilməmişdir. 1947-ci ildə nəşr olunmuş və Azərbaycanın coğrafiyasına həsr edilmiş yeganə iri həcmli əsər isə rus dilində yazılmışdır.

XX əsrin birinci on illiklərində Azərbaycanın əsl mənada sistemli coğrafi tədqiqatlar mərhələsi başlanır. Onun geologiyası, faydalı qazıntıları, torpaq-iqlim şəraiti, geobotanikası, sosial-məişəti və iqtisadi xüsusiyyətləri hərtərəfli öyrənilir. Azərbaycanın iqlimini İ.V.Fiqurovski, torpaqlarını S.A.Zaxarov, bitki örtüyünü  A.A.Qrosheym, geoloji quruluşunu V.V.Boqaçov, heyvanlar aləmini A.N.Vereşşagin tədqiq etmişdir.

1925-ci ildə Azərbaycan SSR MİK-in xüsusi qərarı ilə kənd təssərüfatını səmərəli inkişaf etdirmək üçün Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Respublika Rayonlaşdırma Komissiyası yaradılmışdır. Bu komissiya 1935-ci ilədək respublikanın iqtisadiyyatına, torpaq örtüyünə, iqliminə, bitki heyvanlar aləminin məskunlaşmasına aid sanballı tədqiqatlar aparmış, rayonlaşmaya dair materiallar nəşr etmişdir. Rayonlaşdırma Komissiyası Azərbaycanın yeni inzibatı-ərazi bölgüsünün yaradılması istiqamətində intensiv işlər görməyə başladı. Hər şeydən əvvəl Azərbaycanda mövcud olan köhnə bölgülərin (quberniya, qəza, nahiyə) yeniləri (rayon, dairə, kənd sovetləri) ilə əvəz edilməsinə başlandı.

Qeyd etmək lazımdır ki, köhnə bölgülər Şimali Azərbaycanın 1828-ci ildə Rusiyanın tərkibinə qatıldıqdan sonra keçmiş xanlıqların yerində yaradılmışdır. Hələ 1846-cı ildə Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı və sonralar Bakı quberniyasına daxil edilmişdir. Onun tərkibində isə Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran sonralar isə Qaryagin, Quba, Göyçay, Cavad qəzaları yaradılmışdır. 1867-ci ildə Yelizavetpol quberniyası (Gəncə) təşkil edilir. Digər Azərbaycanərazilərində İrəvan quberniyası onun tərkibində isə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz qəzaları ayrılmışdır.

Ümumən 1920-ci illərdə Azərbaycanın sahəsi 114 min km2-dən çox olmuşdur. Sovet hakimiyyətinin ilk illərində Göyçə, Zəngəzur, İncə dərəsi və digər 28 min km2 tarixi Azərbaycan torpaqları kəsilib Ermənistana verilmişdir. Onun iradəsinin əksinə olaraq tərkibində hazırda erməni qoşunları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağ vilayəti yaradılmışdır.

1925-ci ildə Azərbaycanda aparılan yeni rayonlaşdırma işlərində onun ərazisinin təbii və təsərrüfat xüsusiyyətləri, əhalisinin yerləşməsi, körpülər, yollar, ətraf əraziləri özünə meyl etdirəcək perspektivli yaşayış mərkəzlərinin olması və s. amillər nəzərə alınırdı.

Belə bölgüləri apararkən Azərbaycan ərazisinin dağlıq xüsusiyyətlərinə də diqqət yetirilirdi. Rayonlaşdırma bölgüsü elə aparılırdı ki, çaydərəsi ilə bir-birinə bağlı olan dağ ətəyi və dağ kəndləri bir inzibatı rayonun tərkibinə daxil olsunlar. Böyük və Kiçik Qafqaz, Talış dağlıqərazilərində yerləşən inzibati rayonların əksəriyyəti bu prinsipə uyğun olaraq ayrılıb. Məlumdur ki, dağlıq ərazilərdə dərəboyu uzananköç yolları (sonralar şose yolları ilə əvəzlənib) həmişə dağı aranla birləşdirib və təsərrüfatların yaylaq-qışlaq əlaqələrini təmin edib.

Rayonlaşdırma üç taksonomik sistem-okruq–dairə–kənd sovetləri üzrə aparılır. Ümumi mülahizələr nəzərə alınmaqla 1930-cu ildə Azərbaycan ərazisində 63 dairə (rayon) ayrılmışdır. Sonralar bu dairələr kiçik dəyişikliklərlə Azərbaycanın bu gün mövcud olan kənd inzibatı rayonlarını təşkil etdilər.

2000-ci ilin əvvəlinə Azərbaycanda 65 kənd, 13 şəhər rayonu, 69 şəhər, 132 şəhər tipli qəsəbə, 1314 kənd ərazi vahidləri və 4242 kənd olmuşdur. 1999-cu ilin sonuna yaxın Azərbaycan tarixində ilk dəfə olaraq onun ərazisində demokratik özünüidarə üsulu olan 2664 bələdiyyə vahidi yaradıldı. Bələdiyyə qurumu–bəlli olan sərhədlər daxilində, müəyyən səlahiyyətləri, bələdiyyə mülkiyyəti, yerli büdcəsi,yerli özünü idarəetmə orqanları olan şəhər, kənd və yaxud bir neçə kənd yaşayış məntəqəsi ərazisində həyata keçirilən idarəetmə formasıdır. Belə ərazi vahidləri mahiyyətcə vətəndaşların yaşayış yerlərinə görə ərazi təşkili və idarə olunmasının demokratik formasıdır.

Azərbaycanın iqtisadi rayonlaşdırılması işlərinə də elə 20-ci illərdən başlanmışdır.

1928-ci ildə ümumi rayonlaşdırma prinsipləri əsasında respublika ərazisinin iriləşdirilmiş okruqlara ayrılması layihəsi işlənib hazırlanmışdır. Gələcəyin iqtisadi-coğrafi rayonu kimi nəzərdə tutulan bu okruqlar aşağıdakılar idi: Bakı, Gəncə, Şirvan, Quba, Lənkəran, Nuxa-Zaqatala, Naxçıvan, Qarabağ (Dağlıq Qarabağ Muxtar Vilayəti ilə birlikdə).

Sonralar bu okruqların iriləşdirilib vilayətlərə çevrilməsi nəzərdə tutulurdu. 1952-ci ildə hətta Bakı və Gəncə vilayətləri də yaradılmışdır. Lakin dövlət və partiya quruculuğunun o dövrdəki tələbatına cavab vermədiyinə görə Azərbaycanda vilayət bölgüsü yaradılmadı və bu ikivilayət də 1953-cü ildə ləğv edildi.

Komissiya 1935-ci ilədək müntəzəm nəşr etdirdiyi toplularda  Azərbaycanın təbii-iqtisadi rayonlarına həsr edilmiş qiymətli məlumatlar verirdi. Bu toplular təbii-iqtisadi rayonlar üzrə tərtib olunur və nəşr edilirdilər. Topluda müəlliflər ərazinin iqlimini, fauna və florasını, təsərrüfatının xüsusiyyətlərini nəzərə alaraq, təbi-iqtisadi rayonların sərhədlərini təyin etmiş, hər bir rayonun torpaq-iqlim xüsusiyyətlərini, kənd təsərrüfatının vəziyyətini nəzərə alaraq onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdilər.

Hər rayonun xüsusiyyətləri respublika miqyasında müqayisəli verilmiş, rayonlaşma ümumi respublika tədqiqatının nəticəsində aparılmışdır. Təbii-iqtisadi rayonlaşma və onun geniş təhlili respublikada aparılan ilk qiymətli praktiki tədqiqat işinin nümunəsi idi.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, zəngin məlumatların çox ciddi nəticələri coğrafi cəhətdən ümumiləşdirilmədi. Bəlkə də ona görə ki, komissiyanın işində bilavasitə coğrafiya ilə məşğul olan mütəxəssislər az idi. Tədqiqatçılar əsas etibarilə təbiətşünas, torpaqşünas və iqtisadçılardan ibarət idi. Bununla belə komissiyanın topladığı və nəşr etdirdiyi materiallar ölkə coğrafiyasının qızıl fondunu təşkil edir. Komissiyanın bəzi üzvləri bu materiallardan istifadə edərək xüsusi kitablar nəşr etdirmişlər (H.Sultanov "Azərbaycanda bəzi sənayesahələrinin qısa oçerkləri»; M.N.Avdeyev «Kür-Araz ovalığında kənd təsərrüfatının inkişaf imkanları" və s.). M.N.Avdeyevin kitabındaKür-Araz ovalığı coğrafi zonalara bölünmüş, hər zonanın təbii şəraiti və xüsusiyyətləri göstərilmiş, burada kənd təsərrüfatının inkişafıyolları müəyyənləşdirilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan coğrafları sırasına əvvəllər bu komissiyada fəal iştirak edən H.B.Əliyev, M.N.Avdeyev, B.N.Mixels və b. alimlər də daxil olmuşlar. 30-cu illərin əvvəllərində respublika ərazisində Mingəçevir su qovşağının tikilməsi ilə əlaqədar geniş tədqiqat işi aparılması tələb olunurdu. Qovşaqda SES-in  fəaliyyəti, Kür-Araz ovalığı torpaqlarının suvarılması və mənimsənilməsi problemləri və s. öyrənmək lazım idi. Bu işin aparılması üçün xüsusi tədqiqat qrupu təşkil olunmuş, buraya bəzi coğrafiyaçılar da daxil edilmişdir.

İkinci dünya müharibəsindən sonrakı dövrdə Bakı sürətlə inkişaf edirdi. Onun artmaqda olan əhalisini ərzaq və su ilə, sənayesini isə xammalla təmin etmək üçün səmərəli yollar axtarılırdı. Bu məqsədlə Abşeronda kənd təsərrüfatı istehsalını artırmaq, şəhərətrafı təsərrüfat yaratmaq və yeni güclü ərzaq bazası təşkil etmək üçün dövlət səviyyəsində Samur-Dəvəçi kanalının çəkilməsi məsələsi qaldırıldı. Kanalın çəkilməsi, onun suyundan Bakı sənaye rayonunun şəhəryanı kənd təsərrüfatını su ilə təmin etmək probleminin həlli üçün iqtisadi-texniki əsaslandırmalar lazım idi. Bu işin aparılmasında coğrafiyaçılar da fəal iştirak etdilər.

Aparılan tədqiqatlar Bakının su təchizatının yaxşılaşması və şəhəryanı təsərrüfatın yaradılması işlərinin həyata keçirilməsinə xeyli kömək etdi. Bu tədqiqatlar əsasında coğrafiyaçı H.B.Əliyev 1935-ci ildə "Bakıətrafı təsərrüfatın inkişafının iqtisadi-coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Bu, Azərbaycanda iqtisadi-coğrafiya üzrə yazılmış ilk dissertasiya idi.

30-cu illərin ikinci yarısından başlayaraq respublikada quruculuq işlərinin həcmi xeyli genişlənir, yeni sənaye və kənd təsərrüfatı mərkəzləri yaranırdı. Respublikanın ərazisində yeni neft və qaz yataqları aşkar edilir,  suvarma şəbəkələri yaradılır və min hektarlarla xam torpaqlar mənimsənilirdi. Bütün bunlar respublika ərazisində geniş fiziki və iqtisadi coğrafiya tədqiqatlar aparmağı tələb edirdi. Lakin belə böyük həcmli  tədqiqat aparmaq üçün ölkənin elmi-tədqiqat mərkəzləri yox idi. Respublikada elmi mərkəzlərin yaradılmasına və bu mərkəzlərdə işləmək üçün coğrafiya ixtisası üzrə ali təhsilli mütəxəssislər hazırlanmasına ehtiyac duyulurdu.

Həyatın tələbatına cavab olaraq 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ilk coğrafiya fakültəsi açıldı. Bu fakültəyə coğrafiya elmləri namizədi H.B.Əliyev rəhbərlik edirdi. O, fakültənin iqtisadi-coğrafiya tədrisi problemlərini, Kazan Universitetinin yetirməsi N.Xelfin isə fiziki-coğrafiya tədrisi məsələlərini həll edirdi. İnstitutun iqtisadi və fiziki coğrafiya kafedraları ilk tədqiqat mərkəzlərinə çevrilmişdi. Çox keçmədi ki, ali məktəblər üçün ana dilində ilk tədris vasitələri hazırlanmağa başlandı, ilk elmi məqalələr nəşr edildi.

Beləliklə, respublikada daha yüksək tipli tədqiqat mərkəzləri yaratmaq üçün xeyli mütəxəssis yetişdirildi.

Onlardan professor: N.Kərimovu, H.Sadıxlını; dosent: O.Osmanovu, S.Şükürovu, M.Zülfüqarovu, İ.İbrahimbəylini, İ.Osmanovu və b. alimləri göstərmək olar.

1937-ci ildə SSRİ EA-nın Azərbaycan filialının nəzdində coğrafiya bölməsi yarandı. Bu bölmənin təşkili ilə respublikada elmi-tədqiqat mərkəzi meydana gəldi. Bölmənin nəzdində ümumi fiziki coğrafiya, xəritəşünaslıq, iqlimşünaslıq və hidrologiya şöbələri var idi.

1939-cu ildə Azərbaycanda coğrafların ilk ictimai təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyəti yarandı. Onun ilk sədri İ.Fiqurovski seçilmişdi. 1990-cı ildən onun prezidenti akad. B.Ə.Budaqov seçilmişdir. Yeni yaranmış cəmiyyət bütün coğrafiyaçı qüvvələri öz ətrafına toplamış, respublikada coğrafi biliklərin yayılması və s. məsələlərilə məşğul olmuşdur. Cəmiyyət coğrafi tədqiqatların aparılması, tarixi-coğrafi gecələrin keçirilməsi, dünya, sovet vəAzərbaycan coğraflarının yubileylərinin təşkili, orijinal elmi-tədqiqat işlərinin nəticələri və nəşr edilmiş kitabların müzakirəsinin təşkili iləməşğul olmuşdur.

Hazırda Azərbaycan Coğrafiya Cəmiyyətində 8 bölmə vardır: 

1. Fiziki coğrafiya;

2. İqtisadi coğrafiya; 

3. Məktəb coğrafiyası;

4. Xəzər dənizi;

5. Hidrometeorologiya;

6. Xəritəçilik; 

7. Təbiəti mühafizə;

8. Tibbi coğrafiya.  

Cəmiyyətin Bakı, Gəncə, Naxçıvan, Şəki və s. şəhərlərdə şöbələri var. Onun 1300-ə qədər üzvü əsasən elmi işçilər, müəllimlər və ali məktəblərin yuxarı kurs tələbələrindən ibarətdir.

1943-cü ildən Azərbaycan Dövlət Universitetində fəaliyyətə başlayan geologiya-coğrafiya fakültəsi nəzdində 1944-cü ildə coğrafiya şöbəsi açıldı, nəhayət bu şöbə 1991-ci ildə  ilk müstəqil coğrafiya fakültəsinə çevrildi. Onun birinci dekanı dos. V.Ə.Əfəndiyev olmuşdur. 1999-cu ildən prof. M.A.Müseyibov seçilmişdir.

1948-ci ildə fakültənin ümumi coğrafiya kafedrası əsasında fiziki və iqtisadi coğrafiya kafedraları təşkil olunur. Daha sonra 1960-cı ildəSSRİ-nin İqtisadi coğrafiyası, Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedraları müstəqil fəaliyyətə başlayırlar.

1945-ci ildə Azərbaycan EA nəzdindəki coğrafiya bölməsi Akademiyanın Coğrafiya İnstitutuna çevrildi və orada fiziki, iqtisadi coğrafiya və xəritəçilik şöbələri təşkil edildi. İnstitutun elə ilk illərindən başlayaraq elmi- tədqiqat planınarespublikanın coğrafiyası, Xəzər dənizi səviyyəsinin tərəddüdü, ölkənin iqtisadi rayonlaşdırılması və sonralar isə daha iri həcmliproblemlərin həlli daxil edilmişdir.

Təxminən 50 ildən artıq bir müddət ərzində fəaliyyət göstərən Azərbaycan EA Coğrafiya İnstitutu kiçik kollektivdən iri elmi mərkəzlərindən birinə çevrilmişdir. Coğrafiya institutunun direktoru vəzifəsini Azərbaycanın görkəmli alimləri – H.B.Əliyev, Ə.A.Mədətzadə, Ə.M.Şıxlinski, Q.G.Gül, S.H.Rüstəmov, H.Ə.Əliyev yerinə yetirmişlər. Uzun illərdən bəri bu vəzifəni akademik B.Ə.Budaqov icra edir. İnstitutun digər aparıcı elmi kadrlarından B.A.Antonovu, V.Q.Zavriyevi, Ş.C.Əliyevi, N.Ş.Şirinovu, Ə.C.Əyyubovu, B.T.Nəzirovanı, Ə.V. Məmmədovu və b. göstərmək olar.

Zaman keçdikcə təsərrüfat sahələrinin, elm və texnikanın inkişafı coğrafiya elmində fundamental istiqamətləri dövrün tələbləri səviyyəsinə qaldırdı. Uzun illər coğrafiyada hökm sürən sadə təsvir üsulundan tədricən fundamental və konstruktiv elmi təhlil səviyyəsinə keçid başlandı. Belə keyfiyyətli keçidi akademiya səviyyəli coğrafiya institutu təmin edə bilərdi. Respublikamızda yeni yaradılan Coğrafiya İnstitutu bütöv təbiətin və sosial-iqtisadi həyatın  kompleks coğrafi mənzərəsini ardıcıl şəkildə öyrənən bir qərargaha çevrildi.

Elmin və tədrisin fəal təşkili və inkişafında ali məktəblərin, xüsusilə Bakı Dövlət Universitetinin coğrafiya kafedraları da önəmli yer tutdular. Coğrafiya İnstitutunda da bu elmin tədricən geniş şaxəli sahələri: iqtisadi və sosial coğrafiya, landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya (Xəzər şöbəsi), torpaqşünaslıq, ətraf mühitin mühafizəsi (coğrafi ekologiya), toponimika, kartoqrafiya şöbələri yaradıldı.

 

Təsdiq olunmuş (1993-cü il) struktura görə Coğrafiya İnstitutunun 10 şöbəsi, 17 bölməsi, 1 laboratoriyası və Pirqulu stasionarı vardır (şəkil 17). 1945-ci ildə yəni institut təsdiq olunarkən onun cəmi 25 əməkdaşı var idisə, artıq 2000-ci İlin əvvəlinə işçilərin sayı 241 nəfərə çatdırılmışdır. Hazırda institutda çalışan elmi əməkdaşların 1 nəfəri Azərbaycan EA həqiqi(B.Ə.Budaqov), 1 nəfəri müxbir üzvü (Ə.V.Məmmədov), 12 elmlər doktoru, 56 elmlər namizədidir. İnstitutun əməkdaşları EA "Yer elmləri haqqında" "məruzələr" və (sonralar "Xəbərlər" məcmuəsi) "Elmi əsərlər" toplusunu nəşr etdirirlər.

Ölkədə coğrafiya elminin və kadr hazırlığının iri mərkəzlərindən biri də Bakı Dövlət Universiteti olmuşdur. Özü də burada elm və kadr hazırlığı həmişə yüksələn xətt üzrə getmişdir. Yuxarıda qeyd etdiyimiz kimi 60-cı illərə qədər burada cəmi üç kafedra–fiziki coğrafiya, xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası və iqtisadi və sosial coğrafiya (1991-ci ilədək SSRİ-nin iqtisadi coğrafiyası) kafedralar ıfəaliyyət göstərirdisə, hazırda həm kafedraların və həm də ixtisasların sayı xeyli artırılmışdır. Kartoqrafiya, hidrometeorologiya və təbiətin mühafizəsi üzrə ixtisaslı kadrlara respublikanın artan tələbatı nəzərə alınaraq 1972-ci ildə kartoqrafiya, 1973-cü ildə hidrologiya (sonralar bu kafedra hidrometeorologiya adlandırıldı), 1980-ci ildə ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəsi kafedraları açıldı.

Hazırda coğrafiya fakültəsində çalışan professor və müəllimlərin ümumi sayı 65 nəfərdir. Bunlardan 7 nəfəri c.e.d., professor, 34 nəfəri dosent, qalanları müəllim və baş müəllim vəzifələrində çalışırlar. Göstərilən kafedralar tədrisin müasir tələblər səviyyəsində təşkili ilə yanaşı coğrafiyanın geniş istiqamətləri üzrə elmi tədqiqat işləri də aparırlar. Bu işdə Bakı Dövlət Universitetinin elmi xəbərlərinin 1997-ci ildən "Təbiət elmləri seriyası" adı altında bərpa olunması və orada ayrıca coğrafiya bölməsinin olması müsbət rol oynadı. Seriyada coğrafiyanın aktual problemlərinə aid məsələlər, problemlər, məlumatlar və s. çap edilir.

Coğrafiya fakültəsinin 1991-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində elmi cəhətdən olduqca maraqlı sahədə tədris-təcrübə və elmi-tədqiqat bazası fəaliyyət göstərir. Bu baza çöl tədris-təcrübə işlərinin kompleks  təşkilində, coğrafi müşahidəçilik səriştəsinin inkişafında müstəsna rol oynayır.

Müstəqil Azərbaycan Respublikası təhsil sistemini Avropa standartlarına yaxınlaşdırmaq məqsədilə 90-cı illərdən başlayaraq ali təhsiliniki pilləsinə–bakalavr və magistr coğrafiyaçı kadrların hazırlığına keçildi. Hazırda respublikada belə kadrlar Bakı, Gəncə, Naxçıvan vəLənkəran universitetlərində hazırlanırlar.

1997-ci ildən respublikanın bir sıra ali məktəblərində müxtəlif istiqamətli magistr-coğraf və b. yüksək təhsil pilləsi təşkil olundu. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində üç istiqamət və 11 ixtisas üzrə magistratura fəaliyyət göstərir.

Son illər Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərin müvafiq kadrlarında coğrafiya elminin aşağıdakı prioritet istiqamətləri: geomorfologiya və onun konstruktiv istiqamətləri (sürüşmələr, zəlzələlər və s. təbii fəlakətlərə qarşı mübarizə), hidrologiya, suehtiyatları və onların qorunması, Xəzərin kompleks coğrafi problemləri (fiziki, iqtisadi, geosiyasi) coğrafi-ekologiya, coğrafirayonlaşdırma, Azərbaycan Respublikasının yeni dövrdə (1991-ci ildən sonrakı) iqtisadi, sosial və geosiyasi problemləri, regional inkişafın tarazlı aparılması, əhalinin məskunlaşmasınıncoğrafiyası və s. üzrə aparılan geniş tədqiqatları və tərtib edilən kompleks xəritələr və atlasları Azərbaycan coğrafiya elmi tarixininböyük nailiyyəti hesab etmək olar.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inkişafının elmi təminatı ilə bağlı olaraq son illər hazırlanan beynəlxalq proqramlarda və qrantlarda respublikamızın coğrafiya alimləri və təşkilatları da yaxından iştirak edirlər. Ölkəmizin yeni təsərrüfat quruculuğu və regional inkişafının təşkilində və tədrisin aparılmasında əhəmiyyəti nəzərə alınaraq rayonlaşdırma problemlərinin öyrənilməsi coğrafiya elminin daim diqqət mərkəzində olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycanda fiziki-coğrafi rayonlaşdırma məsələləri ilə Ə.M.Şıxlinski, V.Q.Gül, N.K.Kərimov, B.Ə.Budaqov,M.A.Müseyibov və b. alimlər məşğul olmuşlar. Azərbaycanın elm cəhətdən əsaslandırılmış mükəmməl fiziki-coğrafi rayonlaşdırılması 1974-cü ildə kənd təsərrüfatının təbii şərait potensialının müəyyən edilməsi ilə əlaqədar olaraq B.Ə.Budaqov və M.A.Müseyibovtərəfindən aparılmışdır. Onlar Azərbaycanın geomorfoloji strukturunu, landşaftının ərazi differensiyasını və kənd təsərrüfatının təbiipotensialını nəzərə alaraq onu iki ölkəyə, beş vilayətə və 19 fiziki-coğrafi rayona bölmüşlər. Bu və ya digər kiçik dəyişikliklərlə həmin şəbəkə indiyədək tədris və təsərrüfat quruculuğunda geniş istifadə olunur.

Ölkənin ilk mükəmməl iqtisadi-coğrafi rayonlaşdırılması və ayrılan 9 rayon şəbəkəsi haqqında məlumatlar Azərbaycan EA Coğrafiya İnstitutunun bir qrup əməkdaşları tərəfindən (Ə.M.Şıxlınski, H.B.Əliyev və b.) 1950-ci ildə orta məktəbin coğrafiya dərsliyində verilmişdir (Abşeron-Qobustan, Quba-Xaçmaz, Lənkəran-Astara, Kür-Araz, Şəki-Zaqatala, Kirovabad-Daşkəsən, Kəlbəcər-Laçın, Naxçıvan MR, Dağlıq Qarabağ MV).

Azərbaycanın keçmiş Dövlət Plan Komitəsi 1969-cu ildə 13 iqtisadi rayon ayırılmış və bu şəbəkə 1995-ci ilədək fəaliyyət göstərmişdir (bəzi təşkilatlarda müəyyən dəyişikliklərlə indi də qalmaqdadır).

Ardı var...

Taptıq Həsənov

Əbdürrəhim Hacızadə

"Coğrafiya tarixi"



Şərhlər (8)

qeribe qeribe 6 April 2015 17:41 Cavab yaz

Təşəkkürlər Agat bacim. Sayəndə çox maraqlı elmi biliklərə yiyələnirik biz buradan.
spy007 spy007 1 April 2015 05:56 Cavab yaz

Təşəkkür. cox sag olun minnetdariq
Ellada84 Ellada84 30 March 2015 00:11 Cavab yaz

1997-ci ildən respublikanın bir sıra ali məktəblərində müxtəlif istiqamətli magistr-coğraf və b. yüksək təhsil pilləsi təşkil olundu. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində üç istiqamət və 11 ixtisas üzrə magistratura fəaliyyət göstərir.
Deniz84 Deniz84 29 March 2015 23:43 Cavab yaz

30-cu illərdə Mərkəzin inzibatı idarəçilik və amirlik siyasəti gücləndi, elmin, elmi-tədqiqat işlərinin, dərsliklərin və metodik vasitələrin yazılmasının mərkəzləşdirilməsi başqa respublikalarda olduğu kimi Azərbaycanda da milli müəlliflərin yaradıcılıq imkanlarını boğdu. Təsadüfi deyil ki, 1930-1950-ci illər arasında Azərbaycan SSR-də ana dilində sanballı bir coğrafiya kitabı və dərsliyi çap edilməmişdir. 1947-ci ildə nəşr olunmuş və Azərbaycanın coğrafiyasına həsr edilmiş yeganə iri həcmli əsər isə rus dilində yazılmışdır.
lamiye..... lamiye..... 29 March 2015 20:24 Cavab yaz

Maragli idi sag olun.
Shari Shari 29 March 2015 19:47 Cavab yaz

1928-ci ildə ümumi rayonlaşdırma prinsipləri əsasında respublika ərazisinin iriləşdirilmiş okruqlara ayrılması layihəsi işlənib hazırlanmışdır. Gələcəyin iqtisadi-coğrafi rayonu kimi nəzərdə tutulan bu okruqlar aşağıdakılar idi: Bakı, Gəncə, Şirvan, Quba, Lənkəran, Nuxa-Zaqatala, Naxçıvan, Qarabağ (Dağlıq Qarabağ Muxtar Vilayəti ilə birlikdə).

Təşəkkür Agat.
virtual dərslər virtual dərslər 29 March 2015 18:54 Cavab yaz

Cox eziyyet cekmisiz bu boyda yazi yazmisiz.Yarisini oxuya bildim.Qalaninida davam edecem.Tesekkur eziyyet ucun
Fatma Fatma 29 March 2015 18:04 Cavab yaz

"Qafqaziyada mütəşəkkil dövlətlərin iqtisadi baxımdan ən qüvvəlisi" adlandırmışdır. Bakı neftinin dünya əhəmiyyəti olmasını və bundan başqa ipək, pambıq və yun məhsullarımızın da az olmadığını göstərirdi. Müəllif üstəlik Xəzər dənizinin balıq və kürüsünü, mismədənlərimizin nurlu gələcəyə malik olduğunu xatırladırdı. Milli qüvvələrin yetişdirilməsi, bir çox fabriklərin açılması-düzgün iqtisadi siyasətin yeridilməsi millətimizin yüzdə doxsan beşinin sərvət sahibi olacağına zərrə qədər də şübhə etmirdi.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика