Bakıda hava
USD AZN
EUR AZN
4 aprel 19:16Feride Aysel biz kitab krasvord nə tapsaq eliyirik
41589

Şərq komandalarının Avropa "dominantlığı"

 

Şərqi Avropa təmsilçilərinin UEFA-nın keçirdiyi turnirlərdə həmişə fərqli bir motivasiyayla oynadığını deyirlər. Bu həqiqətən də doğrudumu? Onlar nüfuz baxımından Qərbi Avropa komandalarından geri qaldığı üçün daim avrokubokları özləri üçün bir növ tanınma, reklam yeri kimi görürlər. Odur ki, şərq təmsilçilərinin UEFA-nın turnirlərinə əlavə motivasiya ilə çıxdığı şübhəsizdi. Mirça Luçesku "Şaxtyor" Donetsk klubunun baş məşqçisi:  "Şərq klubları UEFA kubokunu qazanmaq üçün əlavə motivasiyayla oynayırlar, püşkdə onların bizimlə çıxmasını heç vaxt istəmərəm" Xüsusilə Avropa Liqasında son 10 ildə bir Şərq hakimiyyəti olduğu fikri beyinlərə kök atıb. Gəlin Avroliqada bir Şərq hakimiyyəti olduğu arqumenti doğrudurmu, birlikdə araşdıraq. Son 10 ili götürsək, şərq ölkələrinin turnirdə 3 çempionluğu var: "Zenit" (Rusiya. 2005), ÇSKA (Rusiya. 2008) və "Şaxtyor" (Ukrayna. 2009). Son 10 ildəki digər çempionluqlar isə bu komandalara qismət olub: "Valensiya" (İspaniya. 2004), "Sevilya" (İspaniya. 2006 və 2007), "Atletiko" (İspaniya. 2010 və 2012), "Portu" (Portuqaliya. 2011), "Çelsi" (İngiltərə. 2013). Yəni qərbin son 10 ildə Avroliqada 7 kuboku var. Üstəlik turnirdə ciddi bir İspaniya dominantlığı olduğu görünür. Belə ki, 10 kubokun 5-i bu ölkə klublarının muzeyinə gedib. Bu nöqtədə yalnız son matçı qazananların siyahısına deyil, ümumi finalçıların siyahısına da nəzər salmaq yerinə düşəcək (adı ilk yazılanlar çempion olanlardı): 

2004 "Valensiya" (İspaniya) - "Olimpik" M (Fransa) 
2005 ÇSKA (Rusiya) - "Sportinq" (Portuqaliya) 
2006 "Sevilya" (İspaniya) - "Midlzbro" (İngiltərə) 
2007 "Sevilya" (İspaniya) - "Espanyol" (İspaniya) 
2008 "Zenit" (Rusiya) - "Reyncers" (Şotlandiya) 
2009 "Şaxtyor" (Ukrayna) - "Verder" (Almaniya) 
2010 "Atletiko" (İspaniya) - "Fulhem" (İngiltərə) 
2011 "Portu" (Portuqaliya) - "Braqa" (Portuqaliya) 
2012 "Atletiko" (İspaniya) - "Atletik" (İspaniya) 
2013 "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) 
İspaniya finallarda da dominant ölkədi: 7 finalla birinci sıradadı. Təqibçiləri isə 4 finalla Portuqaliya, 3 finalla İngiltərə, 2 finalla Rusiya və hərəyə 1 finalla Almaniya, Şotlandiya, Fransa və Ukraynadı. Yəni şərq qazandığı 3 finalın xaricində heç vaxt finala komanda çıxara bilməyib. Yaxud da son 10 ilin 20 finalçısından 17-i Qərbi Avropanı təmsil edib. Yeganə təsəlli verici nöqtə şərq təmsilçilərinin çıxdığı hər üç finalda kuboku qazanan tərəf olmasıdı. Yaxşı vəziyyət belə ikən niyə "Avroliqada şərq ölkələri ağalıq edir" fikri var? Sualın cavabına keçmədən əvvəl eyni dövrdə Çempionlar Liqasındakı finallara da baxaq (adı birinci yazılanlar çempion olanlardı): 
2004 - "Portu" (Portuqaliya) - "Monako" (Fransa) 
2005 - "Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) 
2006 - Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) 
2007 - "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) 
2008 - "M.Y." (İngiltərə) - "Çelsi" (İngiltərə) 
2009 - "Barselona" (İspaniya) - "M.Y." (İngiltərə) 
2010 - "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) 
2011 - "Barselona" (İspaniya) - "M.Y." (İngiltərə) 
2012 - "Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya) 
2013 - "Bavariya" ( Almaniya) - "Borussiya" D (Almaniya) 
ÇL-ə baxanda ən "şərqli" çempion kimi "Bavariya" görünür. Amma İspaniya və İngiltərənin son 10 ildə aşkar üstünlüyü var. Bu ölkələr üç kubokla liderdi. İtaliya iki, Portuqaliya və Almaniya isə hərəyə bir kubokla adını siyahıya yazdırmağı bacarıb. İspaniya futbolunun milli komanda çərçivəsində də çox önəmli səviyyəyə gəldiyi bu dövrdə hər iki avrokubokda üstün olması faktı nəzərdən qaçmır. Bu özlüyündə yuxarıdakı sualın bir cavabıdı. Çünki aşkar görünür ki, UEFA-nın təşkilatçılığı ilə keçirilən iki nəhəng turnirdə də Qərbi Avropa təmsilçilərinin dominantlığı var. Bəzən bizə elə gəlir ki, Avroliqa və ÇL bir-biriylə əlaqəsiz komandalar arasında oynanılır. Məsələn, ötən mövsüm "Çelsi", "İnter" kimi klubları Avropa Liqasında görəndə insana qəribə gəlirdi. Əslində bu həm də onları daim ÇL-də oynadığını görməyə alışdığımızdan qaynaqlanan psixoloji bir nüansdı. Amma yaxşı ki, hərdən bu iki kubokda da çempionluq yaşayaraq onların "eyni dam altında" keçirildiyini bizə xatırladan klublar var. Məsələn "Portu" 2004-cü ildə ÇL-i, 2011-ci ildə Avroliqanı, "Liverpul" 2001-ci ildə UEFA kubokunu (indiki Avroliqa), 2005-ci ildə ÇL-i qazanaraq bu kateqoriyaya uyğun gələn komandalardandı. Üstəlik ÇL-in qruplarını 3-cü pillədə tamamlayan komandaların mübarizəni Avroliqada davam etdirməsi reqlamenti də bu turnirlərin bir-birinə olan bağlılığını unutmamaqda bizə kömək edir. ÇL-in son 10 ildəki finalçılarına baxanda "Bavariya", "M.Y.", "Barselona" üç dəfə, "Milan", "Liverpul", "Çelsi" iki dəfə, "Portu", "İnter", "Monako", "Borussiya" (Dortmund) və "Arsenal" hərəyə bir dəfə həlledici matça vəsiqə qazanmaqla diqqət çəkir. Ölkə olaraq bölüşəndə isə İngiltərə 8, Almaniya 4, İspaniya və İtaliya 3, Portuqaliya və Fransa isə 1 finalçı çıxara bilib. Yenə də ən "şərqli" olaraq Almaniya görünür. Son 10 ildə ÇL və AL-in ümumi 40 finalçısına baxdıqda hər iki turnirə aid olduqları hissini verə biləcək komandalar "Portu", "Liverpul", "Valensiya", "Monako" və "Atletiko" kimi görünür. ÇL-in daimi iştirakçısı olub Avroliqada top qovmağı unudan "Real", "Barselona", "M.Y." və "Bavariya" kimi komandalar isə iki kubokun obrazını bir-birindən ayrı tutmaqda önəmli rol oynayırlar. 
Problem nədədi? Yuxarıdakı faktlar göstərdi ki, şərq komandaları əlbəttə ki, Avroliqada hökmranlıq etmir. Sadəcə olaraq onu qazanmaq iqtidarındadılar. Çempionlar Liqasında isə yarımfinal görmə şansları belə olmur. ÇL-in həlledici anları daim "böyük beşliy"in nəhəng təmsilçiləri arasında dönür. Bəli, bu tənqid yeni bir tənqid deyil. Mişel Platini bu vəziyyətə müdaxilə etmək üçün maliyyə feyr-pleyini qüvvəyə mindirsə də, nəticə çox da dəyişmişə bənzəmir. İki turnirin son 10 ildəki 40 finalçısına baxanda İngiltərə 11, İspaniya 10, Almaniya və Portuqaliya 5, İtaliya 3, Fransa və Rusiya 2, Şotlandiya və Ukrayna isə 1 təmsilçi ilə nəzərə çarpır. 40 finalçının yarısından çoxu iki çempionatdan - İspaniya və İngiltərədəndi. 3-ü şərqdən, 37-i qərbdəndi. Statistika belə olunca final səviyyəsində ən kiçik bir şərq varlığının ağıllarda olduğundan daha çoxmuş kimi həkk olması normaldı. Çünki hazırda elə bir ab-hava var ki, yoldan keçən birinə "son illərdə Avroliqanı kim qazanır?" deyə soruşsan, "ruslar və ukraynalılar" deyə bilər. Üstəlik son üç ildə finala belə çıxa bilməmələrinə rəğmən. 
Təkcə son 6 AL finalçısının 5-i Pireneydən, biri isə Britaniyadandı. Əslində Platininin praktikası çox şeyi dəyişdirməsə də, fikirləri dəyişə bilib. Qitənin fərqli çempionatları Avropa Liqasını öz liqaları olaraq görmək istəyirlər. Bir dəfə bir skandinav komandası finala çıxsa, bütün şimal özünü bu klubun azarkeşi hiss edir. Yaxud da bir Balkan yarımadası təmsilçisi. 
Adicə özümüzdən götürək. Türkiyə klublarının bu turnirdəki çıxışını digər komandalara nisbətən daha maraqla izləyirik. Düzdü, 2000-ci ildəki "Qalatasaray"ın qazandığı çempionluqdan bəri hələ ki, "ay-ulduzlular" final görə bilməyib. Amma qardaş ölkənin təmsilçiləri bir mərhələ keçən kimi şərhçilər yazmağa başlayır: "final xəyal deyil". Amma ötən il "Fənərbaxça"nın oynadığı yarımfinalı çıxmaq şərtiylə 2000-ci ildən bəri türklərin də heç bir uğuru yoxdu, əksinə qalmaqal - turnirdən kənarlaşdırma var. İşin gözəl tərəfi isə burada mənfi hadisələrin tez unudulduğu halda, uğurların daha uzun müddət xatırlanmasıdı. Məsələn, illər boyu bu turnirin seçmə mərhələlərində ilişib qalan Azərbaycan klubları 2012/13 mövsümündə "Neftçi"nin qrup mərhələsinə vəsiqə qazanması ilə sindromu qıra bildi. Hansı ki, həmin ana qədər olan bütün uğursuzluqlar unuduldu və hər kəs "flaqman"ın bu uğurundan danışmağa başladı. Avrokuboklara finalçı çıxarmağın şərq ölkələri üçün nə qədər böyük hadisə olduğunu statistika dəqiq şəkildə göstərir. Amma bu yalnız şərq üçün keçərli deyil. Məsələn, DÇ-2010-un finalçısı olan, DÇ-2014-ün seçmələrini məğlubiyyətsiz başa vuran qərb ölkəsi Hollandiya son 10 ildə nə ÇL, nə də AL-ə finalçı çıxara bilməyib. Son olaraq ötən mövsüm ÇL-də ən çox irəliləyə bilən şərq komandası "Qalatasaray" idi ki, onu da 1/4 finalda "Real" devirdi. Amma həmin vaxt turnirin maraqlı bir tərəfi də başqa bir ÇL nəhəngi olan İngiltərənin 1/4 finala komanda çıxara bilməməsiydi. Təbii ki, "ingilis komandaları haradadı?" sualının cavabı Avroliqanın 1/4 finalçılarına baxanda aydın olacaqdı. İngiltərənin 3 iştirakçı ilə təmsil olunduğu bu mərhələdə "Rubin" və "Fənərbaxça" şərq təmsilçisi kimi 8 komanda arasına düşə bilmişdi. İsveçrə "Bazel"inin də bu səhnədə istisna kimi dayandığı deyilə bilərdi. ÇL-i də işə qatsaq, hər iki kubokda mərhələlər keçdikcə qərbin hakimiyyətinin artdığı sezilirdi. Belə ki, 16 1/4 finalçının cəmi üçü şərqdən idi. Qərb-Şərq kimi mübahisəli anlayışlar bir tərəfə, UEFA-nın iki mötəbər turnirində yüksək səviyyəli liqaların fəallığı əsas faktordu. Şərq komandalarının Avropa Liqasında ÇL-ə nisbətən daha çox görünmə şansları olduğu üçün futbolsevərlərin beynində onların bu turnirdə favorit olduğu düşüncəsi yaranır. Amma həqiqətdə şərq klublarının burada da böyük bir rolları yoxdu. 

Mənbə: Milli.Az

Səslərin sayı: 0
0
830
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )