Bakıda hava 10°
USD AZN
EUR AZN

İradə Tuncayla ortaq dərdimiz

 

İradə Tuncayla ortaq dərdimiz



 

İradə Tuncayla ortaq dərdimiz

Bu yazıya nə Məmməd Arazın, nə də İradə Tuncayın ehtiyacı yoxdur. Mənə gəlincə də şeirlərini sevə-sevə oxuduğum şairin haqqında qələmimin gücü çatdığı qədər bir neçə kəlmə yazıb sakitləşəcəm. Əsərlərini ruhuma yaxın bildiyim söz adamlarının dərdlərini özümünkü sanıb, uzaqdan-uzağa ürəyimdə çəkmişəm. Bu gün o hissləri vərəqə köçürüb həmin ağrılarla üz- üzə dayanmaq istədim. Oxucularla yazarlar ən yaxın adamlar olduqlarından onlar bir-birilərini sətirlərdən, misralardan duyurlar. Sevincləri də, dərdləri də eyni olur.

Dərd dedim yazını yazmaq səbəbini xatırladım.

Hərənin bir dərdi olanda mənimki mindir. Təkcə ölkəmizdə deyil, Yer üzündəki insanların sayına nəzər salanda dərdimin nədən çox olması bəlli olur. Hərədən bir ürək dərd çəkməkdən sinəmdə Məmməd Arazın vəsf etdiyi dağlartək dağlar əmələ gəlib. Dərdin də doğması olur. Söz adamlarının dərdlərini də özləri kimi çox sevirəm.

Yüzlərlə oxucular kimi sevdiyim şairləri görmək, onlarla söhbət etmək arzum olsa da qismət olmadı. Gözümdə qalan bu arzunun acısını beləcə, sevgimi izhar etməklə ovutmaq istəyirəm.

Dərdin birini sinəmə Xəlil Rzanın ürəyindən qopan ağrı verib. Təbriz dərdi! Xalqın hayına çatdı, oğlunun dadına yetə bilmədi Xəlil Rza. Bircə kəlmə sözü məlhəm edib yarasına səpsəydim bir azca rahatlıq tapardım. Amma şairə verməyə təsəllim olmadı. Nə deyəcəkdim ki. Bizim bəxtimiz belədir. İtirdiyimiz Təbrizi bir də qaytara bilmirik.

Cabir Novruz gözəl-göyçək şeirlərini ruhumuza hopdurdu, bizə nəyin daha dəhşət olduğunu söylədi. Millətin faciəsindən yazıb, özününkünü isə sevənlərinin öhdəsinə buraxdı. Bu da mənə bir dərd oldu.

 

İradə Tuncayla ortaq dərdimiz



 

Elə dərdim də var ki, onu İradə Tuncayla birgə çəkirik. Mənmi ona, ya omu mənə ortaq olduğunu dəqiq deməyə çətinlik çəkirəm. Oxucu sevgisinin övlad sevgisindən üstün olduğunu demək olmaz. Elədirsə bəs niyə uşaqlıqdan bu qüssəni daşımışam? Ekranda Məmməd Arazı görəndə sevincək televizorun önündə dayanıb onun şeirlərini öz səsilə səsləndirəcəyini gözləyib və bu baş verməyəndə niyə qanım qaralıb? Niyə onun bircə dəfə dinib-danışmasını görmək üçün günlərimi həsrətlə ötürmüşəm? Ailəmizin istəkli üzvü kimi sevmişəm Məmməd Arazı. Bu sevgini məndə ilk dəfə “Duman, salamat qal”

şeiri oyadıb. Dağı, aranı, leysanı, çobanı sevmək, bu cür tərənnüm etmək kiməsə adi görünə bilər. Amma o kimsə nə şair ola bilməz, nə də həssas insan. Təbiətlə insanın doğmalığından söz açan, dağdan-daşdan, hətta leysandan ayrıldığına xiffət edən bir insanı necə sevməyəsən? Ən incə hisslərlə yazılmış bu şeir şairin özünü də dağa döndərdi – sinəsində dərdi cığır salan, amma dinməyən dağa!

Coğrafi baxımdan Naxçıvanla Bakıdan çox-çox uzaqda yerləşən Gədəbəydə bir məktəblinin bu şeiri sevməsi Vətən sevgisinin bünövrəsi idi ki, onu da çobana “Bu qoca dağların biri də sənsən, Şairi də sənsən, şeiri də sənsən” deməklə insanın ucalığını göstərən Məmməd Araz qoymuşdu. Susduğu üçün həmişə qınadığım şairin dinməyini, sən demə, ailəsi də arzulayırmış. Bunu bilmirdim. Elə bilirdim ki, Məmməd Araz dünyaya təkcə oxucuları üçün gəlib və onun – “tutqun Arazının” dərdini təkcə biz çəkməliyik. Dinmədiyinə görə onu qınayaraq şeirlərini beləcə küsülü şəkildə oxuyurdum. Dünyanı, dağı-dumanı, çobanı Məmməd Araz sevdirirdi mənə. Yaşımın az vaxtlarında daşları qaldırıb orada Məmməd Arazı görəcəyimi də zənn etmişdim. Axı özü belə demişdi. Həmin daşın necə daş olduğunu isə yalnız böyüyəndən sonra bildim, bundan sonra şairi kitablarında axtarıb tapdım. Şeirlərini oxuyub dərk etdim ki, Məmməd Araz Azərbaycandır, onun daşı, torpağıdır.

İllər sonra öyrəndim ki, bu böyüklükdə ürəyin, bu dərəcədə qüdrətli sözün sahibi xəstəliyə məğlub olubmuş, onu susmağa xəstəlik məcbur edirmiş. Məmməd Araz düşündüyüm kimi “ağzına su alıb” oturmayıbmış, sözü dilinin ucunda lal-dinməz qalıbmış. Söz adamının danışa, yaza bilməməsi necə də ağrılıdır. Məmməd Araz bu dəhşəti özü də yaşayıb, sevdiklərinə də yaşatdırıb. Biləndə ki, danışmağını özü də, ailəsi də arzulayırmış lap xəcalət çəkdim. Axı həmişə onu susduğu üçün qınamışdım. Sən demə, atası ilə söhbət etmək arzusuyla şairin səsini eşitmək arzusu İradə xanımla mənim ortaq dərdimiz imiş. Hər gün atasının yanında olduğu halda onunla söhbət edə bilməyən övladın iztirablarını yaşamaq çox çətindir. Oxucu bundan bu dərəcədə məyus olubsa ailəsinin əzabını ifadə etməyə söz tapmaq olmur. (Özüm də bilmədən hansı sevginin üstün olduğunu söylədim) Sən demə, bu illər ərzində evdə əzizləri, ekranın qarşısında da mən eyni ağrını yaşayırmışıq. Bəlkə də, danışmağı bacarıb sussaydı bu qədər sevilməzdi. Məmməd Araz danışmaya-danışmaya nələr söyləmədi, nələri izah etmədi bizə. “Məndən ötdü qardaşıma dəydi” deyə millətin ən böyük eybini göstərdi. Bir ömrü susub yaşadıqca əvəzindən qələmi danışdı. Harda ki onun şeiri səsləndirilir təsəlli tapıram, Məmməd Arazı gördüyümü düşünürəm.

 

Uzaqdan-uzağa xoşuna gəlsəm,

Məni dindirməyə tələsmə hələ.

Tanımaq istəsən məni, əzəl sən

Tanış ol bu kiçik nəğmələrimlə.

 

Məni şeirimdə gəz insan kimi

Qəlbimdə nə varsa ona demişəm.

Anadan- bacıdan gizlətdiyimi

Kağızdan, qələmdən gizlətməmişəm.

 

Gözündə yanmayım bir ulduz kimi

Gəlib keç yanımdan səssiz- səmirsiz.

Açıb varaqları qapımız kimi

Görüşək sətirlər arasında biz.

 

Bu misralar Məmməd Araz deyilmi?

Bir də İradə Tuncay danışanda təsəlli alıram. Elə bilirəm Məmməd Araz demədiklərinin hamısını ona söyləyib gedib.

Pərvanə Bayraqmqızı

Səslərin sayı: 0
1
878
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Oxucularla yazarlar ən yaxın adamlar olduqlarından onlar bir-birilərini sətirlərdən, misralardan duyurlar. Sevincləri də, dərdləri də eyni olur.

Necə dəqiq və gözəl vurğuladınız!
15 oktyabr 2019 09:29
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )