Bakıda hava 22°
USD AZN
EUR AZN

Jeleznikovun “Müqəvva”sında uşaq psixologiyasına baxış

 

Jeleznikovun “Müqəvva”sında uşaq psixologiyasına baxış

 

Vladimir Jeleznikov "Müqəvva" romanına Nikolay Nikolayeviçin xatirələri ilə başlayır. İllər sonra evinə qayıdan qoca evindəki rəsmlərlə danışmağa başlayır.

O evindən elə bəhs edir ki, sanki canlı bir varlıqla danışır. Elə bil, Nikolay Nikolayeviçlə həmin köhnə evdə oturub onun söhbətinə qulaq asırsınız. Onun keçdiyi ömür yoluna nəzər salıb bir anlıq kədərləndim. O cümlələrdə sanki gələcəyi gördüm və bu günüm üçün darıxdım...

 

Sonra Nikolay Nikolayeviçin nəvəsi balaca Lenka ilə tanış oluruq. O, məktəbdə sinif yoldaşları ilə mübahisə və anlaşılmazlıqlar yaşayır. İlk baxışda bunlar hər sinifdə yaşanılan sıradan şeylər kimi görünür. Lakin səhifələr irəlilədikcə gözlərimiz qarşısında açılan dəhşətli səhnələrlə sarsılırıq. Kiçik uşaqların içində yatan xəbisliyə, xainliyə, nadanlığa şahid oluruq. Hər birinin necə vəhşiləşdiyini, insanlıqdan uzaqlaşdığını görürük. Əslində bu, heç də yad mənzərə deyil bizə. Son dövrlərdə yaşanan şagird intiharlarını xatırlayın. Onlar Lenka qədər güclü olmadıqları üçün cəmiyyətimizin “Müqəvva”sına çevrilib göylərə ucaldılar. Günahkar axtarmaq isə əbəsdir. Əgər Lenka da həmin yolu seçsəydi, müqəssir onu tonqalda yandırmaq istəyən sinif yoldaşları olmayacaqdı? Onların arasında həm də günahsız olduğunu bilən sinif yoldaşları da var idi.

 

Jeleznikovun “Müqəvva”sında uşaq psixologiyasına baxış
Xəyalə Muradın Azərbaycan dilinə tərcümə etdiyi əsərdə məni ən çox təsirləndirən səhnə nə uşaqların Lenkanı yandırmaq istəkləri, nə Lenkanın babasından ayrılıb getmək arzusu, nə də Dimkanın xəyanəti oldu. Məni sözün əsl mənasında sarsan Lenkanın Dimkaya sonsuz inamı oldu... Gör, necə geniş, necə gözəl qəlbi varmış bu balaca qızcığazın... “Baba, onun ağzını bağlayıblar. Onu məcbur edirlər ki, məni qorxutsun. Baba, o boğula bilər ”bu cümlələr necə müqəddəs, saf və təmiz bir inamı ifadə edirdi təsəvvür edə bilməzsiniz...

 

Uşaqlıq hamının xartirində həm yaxşı, həm də pis xatirlərlə yadda qalıb. Mütləq hamımızın uşaqlığının Dimkası, Kürəni, Valkası, Tüklüsü olub. Bəlkə də Marqarita İvanova kimi bir az məsuliyyətsiz, ancaq özünü düşünən müəlliməmiz də olub. Lenkanın həyatında isə onların hamısı var idi. Göstərilən təzyiqlərə Dimkaya olan inamı ilə qarşı çıxır, sanki bu inamla özünü müdafiə edirdi. Əsərdəki səhnələr o qədər canlı təsvir olunmuşdu ki, Lenkanın yerinə mən çırpınırdım sanki...

 

Bu kitab uşaqların, valideynlərin və ən önəmlisi müəllimlərin oxumalı olduğu əhəmiyyətli əsərlərdəndir. “Müqəvva” Rusiyada orta məktəb dərsliklərində tədris olunur. Sevindiricir ki, Lenkanı artıq azərbaycanlı uşaqlar da tanıyacaq.

 

Nədənsə bu kitabı oxuyarkən Uilyam Qoldinqin “Milçəklər tanrısı”nı xatırladım. Uşaqlar arasındakı oxşarlıqdan irkildim. Çünki o uşaqlar da, bu uşaqlar da elə bizim uşaqlarımızdır. Hərəsi bir evin, bir ailənin təmsilçisidir. Onların cəmiyyətə yararlı, mədəni, mərhəmətli, yaxşı insan kimi böyüməsi və ya tamamilə əksi bizim əlimizdədir. Elinaların müqəvvalaşmasının qarşısını uzaqda yox, elə evdə övladımıza yaxşılığı və sevgini öyrədərək ala bilərik. Parlaq gələcək yalnız bizim əlimizdədir, əziz valideynlər!

 

 


 

Aygün ƏLƏKBƏROVA

Səslərin sayı: 2
1
1061
loading...
Şərhlər
Offline
Feride
Bu kitab uşaqların, valideynlərin və ən önəmlisi müəllimlərin oxumalı olduğu əhəmiyyətli əsərlərdəndir. “Müqəvva” Rusiyada orta məktəb dərsliklərində tədris olunur. Sevindiricir ki, Lenkanı artıq azərbaycanlı uşaqlar da tanıyacaq.

Mən də oxumuşam
15 iyul 2019 16:15
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!