Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9635 AZN

Nəğmələrində göründüyümüz müğənni

 

Nəğmələrində göründüyümüz müğənni



 

Haqqında  nə qərəzli, nə də qeyri-səmimi yazacağım  bir kəs yoxdur. Sadəcə, doğru və yanlış bildiyim məqamlar var ki, onları vurğulamağı çox sevirəm. Yazdığım hər cümlə naqil dirəklərə bərkidildiyi qədər qəlbimə bağlıdır. Səmimiyyətimə inanın. Daha bunu bir də  heç bir yazımda xüsusi vurğulamayacam.  Qəlbimlə beynimin arasında baş verən qısa qapanmadan yaranan qığılcımları qələm tutub saxladıqca məni yaxından tanıyacaqsınız. Ətrafa sıçrayan hər nə varsa ( ideya, amal, niyyət və s.) bilin ki, əqidəmin göstəriciləridir. Vəssalam.

  Yaxşı insanların yaxşılığından, pislərin də pisliyindən, mənəvi dəstəyini əsirgəməyənlərin gözəl keyfiyyətlərindən, qarşında tikanlı məftil kimi dayananların da “ tikanlarından” bəhs etməkdə qəbahət görmürəm. Əksinə belə hallardan yazılı bir nümunə qoymaq, kimlərinsə oxuyub ya özünü görməklərinə, ya da nəticə çıxarmaqlarına səbəb olmaq  lazımdır. Bəzən, narahat olduğunu hiss edib qəlbimə tərəf boylanıram. Orda baş verənləri gözlə görmək mümkün olmadığı üçün Allah-təala qələmi insanlara bəxş edib ki, açıb baxa bilmədiyi qəlbində nələr baş verdiyini yazıb göstərə bilsin. Qələm güzgüyə çevrilir, daxili dünyanı açıb göstərir. Bu güzgüdən istifadə etməyi həddən çox sevirəm. Əsl güzgüyə vaxt ayırmasam da qələm güzgüyə günlərimi ayırır, bundan zövq alıram. Daxilimdən xəbərdar olduğum, ürəyimi yaxşı tanıdığım üçün orda baş verənləri izah etməkdən çəkinmirəm.  İnanıram ki, yazdıqlarımı oxuyan hər kəs o yazıların səmimiliyinə inanacaq, hansı məqsədlə ərsəyə gəldiyini elə ilk cümlələrdən duyacaqlar.  Bu arxayınçılıqla yazıram, yazdığım hər şeyi. Bunları yazarkən gözümdən nur əskildikcə sevinirəm. Bununla sevdiyim insanlara təmənna güdmədən sevgimi izhar etdiyimi düşünürəm.  Hələ ki, gözümdə nurum qalıb. Onu da sonuncu zərrəsinədək torpağımızı düşməndən azad edənlərin yolunda tökəcəm. O anları böyük ümidlə gözləyirəm. Hələliksə sizli, bizli sevdiyimiz, nəğmələrindən doymadığımız bir müğınnidən yazıram.

 

Nəğmələrində göründüyümüz müğənni

 

Gecə küsdü ay da batdı

 Yuxusuna haram qatdı,

 Ürəyimi dərd oyatdı

 Mən gözlədim, sən gəlmədin.....

Yazıda  o səsi və ahəngi vermək mümkün olmasa da elə misralardanca Qədir Məmmədovu tanıdınız. Bir qaranlıq gecədə hamıdan gizlənib sevgilisinin yolunu gözləyənlər,  yaxud əzabları ilə zülmət gecələrdən fərqlənməyən gündüzün birində gözləri yolda qalanlar bilməzmi bu mahnını kim oxuyub?

 Yollarında itib qaldım

 Döngəsində bitib qaldım,

Tənha qaldım, yetim qaldım

Mən gözlədim, sən gəlmədin.

Sevgidə yetim qalanların sanki  “Qədir Qızılsəs”dediklərini eşitdim .

Elə bu hicranın təsirindən ayrıla bilməyən həmin yetim  insanın ümidsiz halda dinlədiyi daha bir mahnıdan-

Bilsəm gələrsən, durub yol üstə

 Sən gələn o yollara çiçək səpərdim

Bu ayrılığa əlvida deyib

Qaçıb ayaq izlərindən də öpərdim.

yanğısından da Qədir Məmmədov boylanmırmı? Bu səs nələr oxuyur, bu səs nələri xatırladır... Səslə sözlər bir-birinə necə qarışırsa onları seçmək çətin olur. O elə oxuyur ki, adam elə bilir ki, müğənni bunları həmin an yaşayır. Bəzən də adama elə gəlir ki, o sənin hisslərini nəğmə şəklində oxuyur. Heç

 Qayıt şeirimin sətrinə qayıt

 Qayıt ömrüm-günüm yanıma qayıt

 Qayıt ikimizin xətrinə qayıt

deyə göz yaşı tökmədinizmi? Onun oxuduqlarını bir-bir xatırlatsam həsrətiniz təzədən nəqərat-nəqərat təzələnəcək, xatirələriniz nəğmə-nəğmə pərən-pərən düşəcək. Səpələnən hislərinizi yığın, həmdəm olun bir-birinizə. Baxın sizin kimi nə qədər sevgisi pelik düşmüş adamlar var. Onlar Qədir oxuyanda baş-başa verirlər.



 

Son dövrlərdə götürdüyü “ Qızılsəs” təxəllüsü Qədir Məmmədov imzasına kölgə salmadı. Onda o cür, indi də bu cür sevilir. Mənimsə uşaqlıqdan qulağımda ilişib qalan Qədir Məmmədov adı oldu.  Məmmədbağır Bağırzadə ilə birgə evimizin ən sevimli qonağı  idi. Onları ekranda  görəndə aləm bir-birinə dəyirdi.

Nənəm həmişə xanəndələrə söz çağıranlar deyirdi. Bizim də həm o, həm də bu zamanlar söz çağıranlarımız çox olub. Amma  Allahdan gizli olmayanı sizdən niyə gizlədək, bu zamanda yaxşı söz çağıranlaımız azdır. Az-çox yaxşılar ötən illərin musiqi ab-havasını almışlardır.

  Bizim pis bir xüsusiyyətimiz var. Sağlığında heç kəsə dəyər vermirik. Əksinə paxıllıq edirik. Gözləyirik ki, o dünyasının dəyişsin, biz də nekroloq yazaq və yaxud da ondan sonra tərifləməyə başlayaq.  Məhəbbət Kazımov necə ki, sağ idi elə saytlar,  jurnalistlər vardı ki, onu heç xatırlamırdılar. Bəlkə də, belə bir müğənni olduğunu da unutmuşdular. Bir səhər oyanıb gördük ki, bütün səhifələr, saytlar qan-yaş tökür ki, M. Kazımov dünyasını dəyişidi. Təbii ki, onun sevilməyinə, bir çox saytların onun ölümünə təəssüflənməyinə şübhəm yoxdur. Amma rəhmətlik sağ olanda bircə dəfə də olsun ondan yazmayanlar həmin gün ancaq ondan  yazırdı. Məhəbbət Kazımov ancaq xəbər rolunu oynayırdı. Onun adını oxuyanlar üçün bu təsirli olacaq və sayta daxil olub oxuyacaqdılar. Söhbəti bu qədər uzatmaqda bir məqsədim var. Demək istəyirəm ki, mən sevdiklərim üçün vaxtında yazmağı sevirəm.  Sevdiklərim arasında Qədir Məmmədov da var. Onun mahnıları həmişə mənə  sirr kimi görünüb. Özüm də sirrimi bu nəğmələrdə gizlətmişəm. Onun səsilə bildim ki, həsrətin, hicranın da səsi olurmuş. İfasıyla tanıdım sevgisi qəlbində daşa dönənləri. Unudulanları, unutmayanları, gəlməyənləri, kədərdən qopmaq istəyənləri Qədirin nəğmələri nişan verdi bizə. Sevgini ötəri hislərlə ayıra bilməyənlərə bir nümunədir- onun yanıqlı səsilə canlanan nəğmələr. Dinləyin bu mahnıları, kədərdən qorxmayın, o sizə çox şeyi anladacaq, eyforiya dalınca qaçaraq hər şeydən uzaqlaşmısınız.

 

Səsini eşidib üzünü görmədiyim müğənnimizə sağlamlıq arzulayıram. Yazımı isə mahnılarından aldığım zövqə görə təşəkkür məktubu hesab etməyini istəyirəm.

Pərvanə Bayramqızı

23 sentyabr 2018

Səslərin sayı: 2
3
270
Digər yazılar
Şərhlər
Offline
SARA91
HƏR ZAMAN SEVİLƏN MÜĞƏNNİLƏR OLUBLAR.
28 sentyabr 2018 22:04
Offline
Sima
Mən gözlədim, sən gəlmədin.....
23 sentyabr 2018 14:13
Offline
Xəyalə Murad
90-cı illər yenidən gözümdə canlandı. Heç o nəğmələri unutmaq olar? Xatirələrimizi təzələdiniz, Pərvanə xanım
23 sentyabr 2018 09:33
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış