Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9828 AZN
17:55Ayla Ayla Salam Xəyalə xanım 17:51Xəyalə Murad Xoş gəldiz, Ayla xanım. İstirahət günüdür) 17:48Ayla Ayla Qızlar bu gün nə səssizlikdi belə? Gəzməyə getmisiz
38887

"BakıKart"

 

"BakıKart"

 

Avtobusun təkərləri ağırlıqdan əzilə- əzilə fırlanır, işini candərdi yerinə yetirirdi. Çox çəkmədi ki, avtobus dayanacağa çatdı və qapılar açılar-açılmaz adamlar bir- birinə macal vermədən içəri keçməyə başladılar. Əvvəlcə gənc bir qız çantasından kartını çıxarıb ekrana toxundurdu. Bundan sonra iki- üç nəfər də kartı ekrana toxundurub arxaya keçdi. Sürücü qızına pay boxçası yığan analar tək sərnişinlərin çoxluğundan doymur, minənləri gördükcə üzü gülürdü. Amma sevinci uzun çəkmədi. Sərnişinlərin çoxu gediş haqqını ödəmədən keçdiyindən qanı qaraldı. Ayağa durub ödəniş etmədən arxaya keçənlərə tərəf boylanıb hövsələsiz halda

- Ay bacım, ay qardaşım, gediş haqqlarınızı ödəyin sonra əyləşin.- dedi. Sürücünün etirazını səbirsizliklə gözləyirmiş kimi qadınlardan biri

- Düşəndə verəcəyik də - deyə qışqırdı.

- Dedim ki, kartınızı vurun keçin.-deyə sürücü bir az da sərtləşdi. Qadın yenə də sürücüdən də bərk acıqlanaraq daha uca səslə

- Nə kart? Bu da təzə çıxdı?- deyə gözlərini bərəltdi.

 

"BakıKart"

 

 

- Hə indi belədir –dedi sürücü .- Gediş haqları bu cür ödənilir.

Avtobusu səs-küy götürdü. Digər sərnişinlər də qadına qoşulub etiraz etməyə başladılar.

- Niyə qoymursuz rahat yolumuzla gedək. Düşəndə iyimi qəpiyimizi verəcəyik də .

- Ay xanım, axı onun ixtiyarı yoxdur qəpik götürməyə - deyə bir sərnişin də sürücünü müdafiə etdi. Onun sözü qadını lap dəliyə döndərdi. Boğazını kişiyə tərəf uzadaraq bağırdı.

- Sən xalqı müdafiə etməlisən , sürücünü yox - dedi.

- Qanunlara riayət etmək lazımdır. - kişi təmkinini pozmadan cavab verdi.

“ Qanun “ sözünü eşidən qadın elə bil cərəyan keçirdi. Başı qeyri – ixtiyari əsməyə başladı. Çənəsi əsəs-əsə deyindi.

- Nə qanun? Qanun bircə mənə baxır?

- Gündə bir qanun çıxır Hansına əməl edək ?

Bunu isə başqa bir sərnişin dedi. Digər sərnişinlər də söhbətə qarışdılar.

- Hansı tələb olunursa ona əməl edin.

Aləm bir- birinə qarışdı. Hər kəs çığıra-çığıra öz fikrini söylədiyindən heç kimin dediyi aydın başa düşülmürdü. Əbəs yerə boğazlarını ağrıdırdılar. Onları başa sala bilməyən sürücü bu dəfə hövsələsini basıb mülayim tərzdə

– Ay xanımlar, ay bəylər, adət eləyin buna, xahiş edirəm. – dedi – indi qayda belədir, kartınızı vurun rahat çıxıb gedək.

- Düşəndə verəcəyik pulumuzu . Həmişə necə indi də elə - deyə sərnişinlər höcətlik edirdilər.

Kişili-qadınlı hərə bir söz dediyindən xor yaranmışdı. Heç kim sürücü ilə razılaşmırdı. Bu mənasız qışqırıqlardan bezən bir kişi ayağa durub sərnişinləri sakitləşdirməyə çalışdı.

- Sakit olun,xahiş edirəm. Mən ödəyəcəm hamının əvəzinə.- deyib qabağa keçdi. Bir az hirsli bi az da gərginliyi aradan qaldırmaq məqsədilə üzünə güclə təbəssüm verib öz kartını dalbadal ekrana toxundurdu və

- Bax bu bir, bu iki, bu üç,...- deyə saymağa başladı. Sonra camaata tərəf çönüb

- Keçin, əyləsin, sakit çıxaq gedək-dedi. Sürücü isə ona etiraz edərək -

- Yox ey qardaş, bu məsələnin həlli deyil axı. Hər gün sən ödəməyəcəksən ki? Hər kəs özünə kart alsın. Bundan belə gediş haqları bu cür ödəniləcək.

- Bu yazıq neynəsin ey, düşmüsüz üstünə- deyə növbəti dəfə sürücünü müdafiə etdilər .- Buna deyiblər bu cür işlə bu da dedikləri kimi işləyir.. Gedin sözünüzü nəqliyyat nazirliyinə deyin.

- Nə deyəcəklər, ay qardaş, nəqliyyat nazirliyinə?- Bayaqdan sakit oturub baş verənlərə tamaşa edən cavan oğlan dilləndi .- Deyəcəklər ki, niyə kart sisteminə keçmisiz? Sən kartını al da, səndən kim nə istəyir. Qəribə adamlarsız ey vallah. Yeni bir şeyi qəbul edincə yenilik lap köhnəlik olur.

- Mənim kartdan- zaddan başım çıxmır mən rayondan gəlmişəm, indi neynəyim yolda qalım?

Yaşlı kişinin sözlərinə cavanlar gülüşdülər. Bir nəfər isə buna acıqlandı.

- Nəyə gülürsünüz, ağsaqqal düz deyir də.

- Belə çaş-baş vəziyyətə ikinci dəfədir düşürəm-deyə ağsaqqal sözünə davam etdi.- İlk dəfə sovet hökuməti dağılıb yerində müstəqil dövlət qurulanda da belə məəttəl qalmışdım.

Adamlar gülüşdülər. Cavanlardan biri- Ağsaqqal, sizi elə Sovet hökuməti çaş – baş salıb də- dedi. - Soveti niyə pisləyirsiz ey , o vaxtlar...

Cavan oğlan səbirsizlik edib onun sözünü kəsdi-

- Hə ağsaqqal, o vaxtlar necə olduğunu babam hər gün danışır. “ Bizim zaman sizin zamandan daha gözəl idi, hamı bərabər yaşayırdı.və s. və ilaxır.” Bildiyiniz bircə budur.Yaxşı yemisinizsə məsələ həll olunub demək. İtirdiyiniz vecinizə də deyil.

- İndi cavanlarda böyüyə hörmət qalmayıb ey vallah- Kişilərdən biri təəssüflənərək başını yellədi.- İmkan vermədi kişi sözünü tamamlasın.

Onun sözünü eşidib oğlan arxaya tərəf çöndü və acıqlanan ağsaqqala sərt tonla

- İndi mən hörmət göstərmək üçün durub ağsaqqalın mouzələrinə qulaq asmalıyam?- dedi.

- Get bala, get mən mouzə demirəm. Canın sağ olsun get. – deyə ağsaqqal daha dərinə getmədi. – Qınamıram səni.

- On – on beş nəfər sərnişini bir araya gətirmək olmur, o da qala bu boyda xalq ola , sonra da prezidenti qınayırlar- deyə sarısaç kök qadın yarızarafat yarıgerçək dilləndi. –

- Hamısı da bir kartın üzündən – deyə qızlar gülüşdülər.

- Yox ey, məsələ kartda deyil. – deyə sürücü razılaşmadı. – öyrəşmişik hər şeyə narazılıq etməyə. Bütün günümü beləcə mübahisə ilə başa vururam.

- Evə gedəndə hirsini evdəkilərə tökürsənmi, qardaş? Vallah mən belə edirəm. Neynəyim, yoxsa sakitləşə bilmirəm.

Orta yaşlı bir kişinin yarızarafat, yarıgerçək dediyi bu sözə gülən də oldu, narazılıq edən də.

Ən çox qadınlar

- Evdəkilər yazıq deyillər?- deyə kişini qınadılar.- Onların nə günahı var?

- Bu qədər adamlarla çənə döymək olar? Elə yaxşısı evdəkilərdir- deyə bayaqkı kişi yenə də eyni şuxluqla zarafat etdi.

- Ağsaqqal, bir gün sizi evə buraxmayacaqlar .

Baş- başa verib bayaqdan öz aralarında danışıb- gülən oğlanlardan biri bu dəfə kişinin zarafatına reaksiya verdi.

- Onsuz da başımı götürüb qaçmağa yer axtarıram, bala.

Görünür, adam zarafat etməyi xoşlayırdı. Yoxsa niyyəti bu cür olan adam məqsədini açıb-ağartmaz.

Növbəti dayanacaqda avtobusa bir nəfər əlil mindi. Bu dəfə cavan oğlanlardan biri irəli gəlib onun əvəzinə gediş haqqını ödəmək istədi. Lakin əlil ona etiraz etdi. Cibindən çətinliklə kartını çıxarıb gediş haqqını ödədi və heç kəsi narahat etməmək üçün çəkilib bir kənarda dayandı. Heç kəsin ona yer verməsinə də razı olmadı. Nə Bakıkartdan şikayət etdi , nə də görkəmindən. Ətrafindakı insanlara sakit- sakit tamaşa edirdi. Üzündə heç nədən inciklik duyulmurdu. Çöhrəsindəki kədərin içindən sanki təbəssüm görünmək üçün özünü irəli atırdı. Növbəti dayanacağadək dinib- danışmadı. O avtobusa minəndən hamı susmuşdu. Elə bil bu dəqiqə hamı onu düşünürdü. Gizlicə boylanıb baxanlar da vardı. O isə üzərində hiss etdiyi baxışlardan qətiyyən narahatçılıq keçirmirdi. Kiminin ona yazığı gəlir , kimi də diksinib üzünü yana tutmuşdu.

O ya bu cür münasibətlərə alışmışdı , ya da özünü heç kəsdən əskik saymırdı. Çox sərbəst görünürdü. Ən əsası odur ki, başqalarının qəbul edə bilmədiyi çox şeyi o qəbul etmişdi.

Bu qədər sağlam adamların arasında təkcə onda pozitivlik duyulurdu. Üzündə elə bir ifadə vardı ki, sanki ətrafındakı hər kəsə minnətdar idi. Aqressiv olmağa böyük səbəbi olduğu halda, olduqca xoş təsir bağışlayırdı. O hər şeyi: özünü , tələb edilən qaydaları və həyatın amansızlığını olduğu kimi qəbul edirdi. Daxilən sərbəst olması ilə hamıdan yüksəkdə dururdu. Düşüb gedərkən heç kimin alışmadığı bir hərəkət də etdi.

- Salamat qalın- deyib çətinliklə düşərək yoluna davam etdi. Bu alqış sadəcə, xudahafizləşmək deyildi. O özünün ən çox ehtiyacı olduğu şeyi insanlara arzulayaraq gedirdi. İnsanlar onun arxasınca baxırdılar. Elə bu anlarda qarşı tərəfdən yola böyük bir avtobus çıxdı. Hamı boylanıb maraqla avtobusa tamaşa etməyə başladı. İndiyəcən belə bir avtobus görməmişdilər. Qəribədir, içəridə sürücü yox idi. Avtobus öz- özünə gəlirdi.Hələ bir dayanacaqda saxladı da. Qapılar da insanların təmasından taybatay açıldı. Hamı təəccüblə bir- birinə baxdı. Küçədəki adamlar da çaşıb qalmışdılar. Dayanacaqdakılar da elə bil minməyə cəsarət etmirdilər. Bayaqdan kart sisteminə narazılıq edən sərnişinləri yenə də bir sual düşündürürdü.-Görəsən, bəs bu qəribə avtobusun gediş haqqı necə ödənilir?

Pərvanə Bayramqızı

Səslərin sayı: 1
1
2595
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Müşahidəçi kimi mükəmməlsiniz. Əslində həyat YOLUnun gediş haqqını necə ödəcəyimizi də bilmirik. Yazının əsil mahiyətini xatırlatdığınız üçün, düşündürücü yazı üçün çox sağ olun, Pərvanə xanım.
15 iyun 2018 15:42
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış