Bakıda hava 12°
USD 1.7000 AZN
EUR 2.0862 AZN
16:12Ayla Ayla Yox, Sürayye xanım vitamindi 11:13Surayye O nedi ki el? Parasokdu 11:13Surayye Ay sabahin xeyir Peri -Sima necesiz? 10:40PERI qizlar mumia isledeniz olub? necedir? 10:40PERI salam qizlar 10:07Sima peri sureyya men sizden tez geldim 10:07Sima gunaydin herkese 09:52Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
38453

İldırım Daşı - (fantastik macəra) - I hissə

 

İldırım Daşı - (fantastik macəra) - I hissə

 

Proloq

 

            Dağların arası ilə gedən kiçik yük avtomobili kələkötür yolları rahatca aşıb keçirdi. Maşında 4 nəfər cavan oğlan var idi. Sükan arxasında oturan qarabuğdayı oğlan, sağ tərəfində əyləşən orta yaşlı adama səsləndi:

     - İmran, sən əminsən ki, düz yolla gedirik? Bura bizi mağaraya çatdıracaq?

     - Artıq, çatdırdı. – deyə, İmran fəxrlə gülərək uzaqdakı iri mağaranı göstərdi. Bir xeyli yol gedən maşın onlara lazım olan yerin qarşısında dayandı. Dördü də avtomobildən düşüb mağaraya yaxınlaşdılar. Mağara, sanki, təbiətin yaratdığı bir mənzərəyə oxşamırdı. İçəri daxil oldular. Mağara yolu uzanaraq qaranlığa qərq olmuşdu. İmran fənəri yandırıb ətrafa nəzər yetirdikdən sonra dilləndi:

     - Bura əslində mağara deyil. – Bir daha nəzərdən keçirib intonasiya ilə ucadan dedi. – Bu səyyahın məktubunda söylədiyi itkin düşən həmin o məqbərədir. Əzim Hadi məqbərəsi...

Asta addımlarla mağaranın yolunu izlədilər. İmran öndə, digəriləri onun arxasınca gedirdi. Bir qədər getdikdən sonra nəhəng bir daşa rast gəldilər. Bu daş, mağaranın yolunu bağlamışdı. İmranın yoldaşlarından biri:

     - Əla... Bu da, sənin macəran. – deyə, gileylə səsləndi. – Bu qədər yol sərf elədik. Sonda heç nə tapa bilməyəcəyimizi bilirdim.

     - Yanılırsan, Nicat. – İmran etiraz etdi. – Axtardığım şey elə burdadır. Daşın digər tərəfində.

     - Tutaq ki, sən deyən kimidir. – Nicat istehza ilə gülüb dedi. – Bəs daşın o tərəfinə necə keçəcəksən. Bəlkə, belə bir mutantlığın var, biz bilmirik? – Sonra əlini sallayıb, - Bunun bir sonu yoxdur. Sadəcə, məktubu yazan səyyah kimləsə zarafat etmək istəyib... – deyərkən, sözü yarımçıq qaldı. Çünki, İmran:

     - Qaçın! – deyə, əlindəki alışan dinamiti daşın altına atdı. Sonra, arxaya tərəf qaçdılar. Güclü partlayış səsi sanki ətrafı silkələdi. Sonra sakitlik çökdü. Nicat hiddətlə İmranın üstünə qışqırdı.

     - Axmaq, nə edirsən? Birdən bu mağara dağılsaydı nə olardı, bilirsən? Hamımız daş altında qalardıq.

     - Hələ də, anlamırsan ki, bura mağara deyil? – İmran təmkinlə cavab verdi. – Bura, “Latos”un qorunduğu ən etibarlı möhkəm sığınacaqdır. Bu məqbərəni, Əzim Hadi özü tikdirmişdi. Sərvətinin gələcək nəsilləri üçün qormaq istəyirmiş. Və təbii ki, “Latos”u da. Məqbərəni, dağların arasında tikdirməkdə məqsədi o idi ki, tapmaq çətin olsun. Üstündən iki yüz ildən çox keçməsinə baxmayaraq, məqbərə hələ də sağ-salamatdır. Sadəcə, torpaq sürüşmələri və dağıntılar nəticəsində genişlənən dağ, məqbərəni öz daxilində gizlədib. İnanmırsansa, yolu davam edək. Sən də, bax və əmin ol.

Nicat heç nə deməyib başını yellədərək razılaşdı. Daşın yanına tərəf getdilər. Daş parça-parça olub dağılmışdı və ortalıq duman da olsa, qarşıda yol olduğunu görmək mümkün idi. Çox getməmişdilər ki, geniş bir əraziyə çıxdılar. Burada yaşı 500-dən çox olan ağaclar var idi. Bilinirdi ki, günəş işığına həsrət qalsalar belə, hələ də canlı qalmışdılar. Yerdə xeyli sayda insan cəsədlərinin skeleti qalmışdı. İmran yanılmamışdı. Bura, 200 ildir ki, itkin düşən Əzim Hadi məqbərəsi idi.

     - Lənət şeytana.. – deyə, sarışın və uzun olan gənc təşfişə düşdü. – Bura nədir belə?

     - Daha doğrusu, burda nə baş verdi? – İmran, yoldaşının verdiyi sualı düzəltdi. – Bu savaşa bənzəmir, Əvəz. – deyə, cəsədləri göstərdi və davam etdi. – Bunlar məqbərənin qoruyucularıdırlar. Və, ən maraqlısı da odur ki, “Latos”un sirri ilə birlikdə, onların da yox olmasını istəyiblər. Bu nə deməkdir, başa düşürsən? – Sualı verən İmran, sonra, yoldaşlarına baxaraq öz verdiyi sualı özü cavablandırdı. – Bu o deməkdir ki, partlatdığımız daş orada təsadüfən düşməmişdi. Daş, yolun üstünə qəstdən qoyulmuşdu ki, buradan heç kim qaça bilməsin və görünüşə görə, onları tez alışa bilən zəhərli qazla birlikdə bu məqbərəyə həbs ediblər. Ona görə, zavallı əsgərlər daşı partlatmaq istəməyiblər. Qısaca desək, sən demə, Əzim Hadi çox xəsis və şərəfsiz bir adam imiş.

     - Bayaqkı sözümü geri götürürəm. – deyə, Nicat güldü. – Bəs, bu əfsanəvi “Latos” hardadır?

     - Yəqin ki, orada, içəridə bir yerdədir. – İmran qapını göstərdi. Onlar qapıya doğru getdilər. Qapı daşdan yonulmuşdu. İmran, hamıya dərhal geri çəkilməyi tapşırıb, özü də onlarla geri çəkildi. Sonra yerdən uzun bir dəmir parçasına doğru gedib qaldırmağa çalışdı. Tək bacarmayıb, yoldaşlarını da köməyə çağırdı. Birlikdə dəmiri qaldırıb ucunu qapıya doğru uzadaraq qapını itələyib açdılar. Bu vaxt, daş döşəmənin qapının düz qarşısındakı hissəsi aşağıya doğru taybatay şaqqıltı ilə açıldı. İmran üzünü dostlarına çevirib dedi:

     - Latos kimi qiymətli xəzinə, heç vaxt tələsiz qapı arxasında ola bilməzdi.

Qapının yanındakı boşluğa yaxınlaşıb baxdı. Çox dərin bir quyu idi. Sonra, birlikdə quyunun üzərindən atlayıb qapıdan içəri girdilər. Gördüklərindən heyrət içərisində donub qaldılar. Otaq qızıl pullar, qızıl və müxtəlif qiymətli daşlarla yaradılmış əsrarəngiz əşyalarla dolu idi. Otağın ortasında isə, həcmi təqribən bir kub metr olan, qızıldan düzəldilmiş “Latos” çiçəyinin büstü dayanmışdı. İmran, gözlərinə inana bilmirdi. “Latos”a yaxınlaşıb baxdı. Büst onun təsəvvür elədiyindən də gözəl idi. Hər ləçəyinin kənarları yaqut, zümrüdlərlə bəzədilmişdi və hər birinin üzərində bir fərqli işarə var idi.  İmran sadəcə özünün eşidəbiləcəyi bir tonda pıçıldadı:

     - Sən, həqiqətən də, varmışsan. Bu qədər axtardığıma baxmayaraq, idniyə qədər əfsanə, adi bir uydurma bilirdim səni.

 

 

1-ci hissə 

 

             Qırmızı parçaya bükülmüş “Latos” büstünü və xəzinə dolu bir neçə çuvalı avtomobilə yükləyib, avtomobilə minərək oradan uzaqlaşdılar. İmran bu macəradan çox məmnun qalmışdı. İçində fəxr və sevinc qarışığı kimi bir hissin həddi hüdudu yox idi.

            Dağlıq yolu çıxmağa az qalmış, qarşıda xeyli silahlı adamlarla rartlaşdılar. İmran məcbur qalıb maşını saxladı. Adamlar onlara avtomobildən çıxmaqlarını işarə etdilər. İmran və yoldaşları maşından çıxdıqdan sonra, İmran soruşdu:

     - Buyurun. Nə lazım idi?

     - Siz lazımsınız, İmran Nəcəfov – deyə, arxadan qalın kişi səsi gəldi. İmran səsə doğru döndükdə, haradasa 40-45 yaşlarında bir adamın ona yaxınlaşdığını gördü. Qara saçlarının aralarında xeyli ağ tüklərin də olduğu sezilirdi. Geyindiyi qəhvəyi rəngli köynək və qara kostyum onu zövqlü və dövlətli göstərirdi. Adam ona yaxınlaşıb əl uzadıb Salam verdi. İmran Salamı alıb, maraqla soruşdu:

     - Biz tanışıq?

     - Əlbəttə ki, yox. – Kişi gülümsündü. – Sizi qorxutdumsa, üzr istəyirəm. Amma, etiraf edim ki, adınızı eşitdikdən sonra, sizi axtarıb tapdım və izləməyə başladım.

     - Bəs, mən sizin adınızı nə vaxt eşidəcəm?

     - Əlbəttə. Üzrlü sayın. – Adam başını buladı. – Özümü təqdim etməyi unutdum. Adım Spartak...

     - Spartak Zərbəliyev. – İmran onun kim olduğunu anlayıb, sözünü kəsərək təqdimatı tamamladı. – Bakı muzeylərindən bir neçəsinin sahibi.

Spartak gülümsünüb dedi:

     - Düz bildiniz. O, mənəm.

     - Haqqınızda çox eşitmişəm. Sizin kimi iş adamı olan birinin, mənim kimi sıradan birinə nə ehtiyacı ola bilər? – deyə, İmran maraqlandı.

     - Özünüzü bu qədər sıradan bilməyin, İmran bəy. Sizin kimi tarixçilər, nəinki ölkəmizdə, hətta, dünyada çox nadir tapılır.

     - Bəlkə, mətləbə keçəsiniz?

     - Haqlısınız. – Spartak razılaşıb dedi. – Uzun zamandır “Latos”un izində olduğunuzu və nəhayət ki, tapdığınızı bilirəm.

     - Bunu hardan bilirsiniz? – deyə, İmran Spartakdan soruşub, sonra, şübhə ilə yoldaşlarına baxdı. Əvəz, sakitcə onlardan aralanıb, Spartakın adamlarının tərəfinə keçdi və dedi:

     - Bağışla, İmran. Amma, onu axıra qədər dinləsən, niyə belə etdiyimə haqq verəcəksən.

Əvəzin gözlərinə qəzəblə baxan İmran, sadəcə, dişlərini sıxıb susdu. Spartak Əvəzin sözünü təsdiqlədi:

     - Yoldaşına hirslənmə. O, mənim adamım deyil. Sadəcə, bir çeçə gün əvvəl, ona təklifimi izah edib, məni səninlə görüşdürməsini istədim. Lakin, sənin hər kəsə güvənmədiyini öyrəndikdə, ondan xahiş etdim ki, atdığın hər addımdan məni xəbərdar etsin. İnan mənə, əgər məni axıra qədər dinləsən, tarixin ən dəyərli xəzinəsini tapmaq şansını əldə edəcəksən. “Latos”dan milyon dəfə dəyərli bir xəzinədən bəhs edirəm.

İmran bir qədər düşünüb soruşdu:

     - Mənə şansdan başqa nəsə qalacaq?

     - Nə istəsən. – Spartak əminliklə cavab verdi. – Söz verirəm.

     - Yaxşı. – deyə, İmran tərəddüd etsə də, razılaşdı. – Bəs, bəhs etdiyin xəzinə nədir elə?

     - Mümkünsə, mənim evimə gedək. Orada daha ətraflı söhbət edərik. Həm də, görməyini istədiyim bəzi şeylər var.

Qarşılıqlı razılıqdan sonra, İmran digər iki yoldaşı ilə birlikdə avtomobilə əyləşdi. Maşını işə salıb, öndə gedən Spartakın dəstəsinə aid maşınları izləməyə başladı.

            Xeyli yol getdikdən sonra, nəhayət böyük darvazası olan bir həyətə daxil oldular. Həyət olduqca geniş və uzun idi. Həyətə girən maşınlar hündür və dörd mərtəbəli bir evin qarşısında dayandı. İmran avtomobildən düşüb evi diqqətlə nəzərdən keçirdi. Evin çöl divarları sarı və açıq qəhvəyi rənglərinin qarışığı olan rəngə boyanmışdı. Divarın kənarlarından dama qədər tünd qırmızı zolaq uzanırdı ki, bu özü evə xüsusi yaraşıq verirdi. Spartakın adamlarından biri İmrana yaxınlaşıb dedi:

     - Spartak bəy sadəcə sizinlə danışmaq istəyir. – Sonra, üzünü digərilərinə tutub dedi: - Siz isə, mümkünsə, bizimlə qəhvəyə qonaq olun.

İmran mühavizəçilərlə birlikdə evə daxil oldu. Onu evdə geniş qonaq otağı qarşıladı. Döşəməyə böyük yaşıl xalı sərilmiş, və xalının tən ortasında divan, kreslolar və bir neçə oturacaqlar var idi. Otağın dizaynı İmranın çox xoşuna gəldi. Ev, onun mükəmməl sandığı evlərdən idi. Divanın arxasında yuxarı mərtəbələrə qalxan geniş pilləkən var idi. Mühafizəçi İmranla birgə ikinci mərtəbəyə qalxıb, onu Spartakın şəxsi otağına tərəf apardı. Qapının yanında dayanıb, İmrana içəri girməsini xahiş etdi:

     - Spartak bəy, istədiyiniz kimi otağa tamaşa etməyinizi, özünüzü evinizdəki kimi hiss etməyinizi xahiş etdi. Birazdan, özü də yanınıza gələcək.

İmran təşəkkür edib, otağa daxil oldu. Otaqda gördükləri onu heyrətə gətirdi. Bu otaq digər otaqlara bənzəmirdi. Burada çox sayda qədimi əşyalar və müxtəlif antik parçalar var idi. Otağa nəzər yetirərkən, otağın mərkəzindəki masanın üstündə asanlıqla gözə çarpan bir şey onun diqqətini çəkdi. Masaya yaxınlaşıb üstündəki əşyaya diqqətlə baxdı. Bu digər daşlara bənzəməyən, azacıq şəffaflığı olan tünd boz rəngli daş parçası idi. İmran anladı ki, Spartak qəsdən o parçanı İmranın görəbiləcəyi yerə qoyub. Parçanı əlinə alıb daha yaxından baxdıqdan sonra, öz özünə dedi:

     - Bu daş dünyaya aid ola bilməz...

     - Tamamilə haqlısan, İmran bəy. – deyə, otağın qapısını yeniçə açmış Spartak, fərəhlə İmranın sözünü təsdiqlədi. – O daş yerə səmadan düşüb. Həm də, əsrlər əvvəl.

     - Anlamadım. – İmran çaşqınlıq içində dilləndi. – Necə yəni, əsrlər əvvəl?

     - On dördüncü əsrin əvvəllərində, bir oğlan uşağı yerdən bir daş tapdı. – Spartak İmranın əlindəki daşa işarə edib, sözə başladı. – O daşın nə olduğunu bilməyən oğlan, daşı, özündən xeyli aralıda otlayan inəyə tərəf tulladı. Daş inəyə dəyməyib, yanından keçdi...

     - Lakin, inək o anda yanıb köz oldu. – deyə, İmran Spartakın sözünü kəsərək, cümləni özü tamamladı. Sonra, heyrət içərisində Spartaka baxıb dedi. – İldırım daşı. Koroğlu əfsanəsindən.

     - Elədir ki, var. – Spartak gülümsündü. – Bu, həmin o daşın kiçik bir hissəsidir ki, onu mən tapdım. Səndən istədiyim isə, daşın qalan hissəsini mənə gətirmək.

Bunu eşidən İmran, gah daşa, gah da Spartaka baxıb çaşqınlıqla dilləndi:

     - Misri qılınc!..

     - Koroğlu əfsanə deyildi, İmran bəy. Heç vaxt da, əfsanə olmadı. – Sonra, Spartak əlindəki daşı göstərib davam etdi. – Hətta, “Misri qılınc” da. Kitablar bu haqqda yazmasa da, onun bir oğlu var idi. Koroğludan sonra, “Misri qılınc” nəsildən-nəsilə əsrlərlə qorundu. Lakin, on altıncı əsrdə, qəflətən yoxa çıxdı və nə qədər axtarılsa da, bir də onu görən olmadı.

     - Sənin məndən istədiyin şey, necə mümkün ola bilər? Axtardığın şey nə vaxt və harda yoxa çıxıb bilmirik. Əlimizdə olan tək şey isə, bu daş.

    - Tək bu deyil. – Spartak stolun siyirtməsini açıb oradan sarı parçaya bükülmüş bir şey götürüb İmrana uzatdı. – Məncə, buna göz gəzdirsən pis olmaz.

İmran bükülü əşyanı alıb örtüyü açdı. İçərisindən bir neçə əsr əvvələ aid olan bir dəftər çıxdı. Dəftəri açıb vərəqlədi. Dəftərin səhifələri bir çox işarələr, yazılar və xəritələrlə dolu idi. Bunların hamısı qələmlə yazılmışdı. Bu “Misri Qılınc” ilə bağlı günlük idi. İmranın bu işə olan marağı daha da artdı.

     - Bütün bunlar əlinə hardan keçdi? – deyə, təəccübünü gizlədə bilmədi.

     - Bir neçə ay əvvəl, muzeylərimin birində baş verən bədbəxt hadisədən xəbərin var, yəqin ki?

     - Var. – İmran cavab verib, sonra aydınlıq gətirdi. – Muzeyin xadiməsi ehtiyatsızlıq ucbatından elektrik cərəyanının qurbanı olmuşdu.

     - Bəli. O hadisə. – Spartak təsdiq etdi. – Amma, onu elektrik cərəyanı vurmamışdı.

     - Anlamadım.

     - 3 il əvvəl apardığım qazıntıların birində daş büst taptım. Bu büst bir at başının büstü idi. Hadisə, o büstün yerləşdiyi muzeydə baş verdi. Həmin gecə, xadimə muzeyi təmizləyərkən, ehtiyyatsızlıq edib, büstü yerə saldı. Büstün içindəki bu daşın ətrafa saçdığı nəhəng qığılcımlardan biri qadına tuş gəldi. Səhəri gün, mən muzeyə gəldikdə, kömür rənginə dönmüş qadın yerdə hərəkətsiz uzanmışdı və ətrafına büstün parçaları səpələnmişdi. Büstün içərisindən daşdan əlavə, bu günlük və bir məktub da çıxmışdı. Bundan heç kim xəbər tutmasın deyə, hər kəsə elektrik cərəyanı deyə yalan məlumat verdim.

     - Məktub? – İmran qaşlarını çatdı.

     - Dəftərin arasındadır. İstəsən, aç oxu.

İmran dəftərin arasındakı məktubu tapıb oxumağa başladı.

 

“Göndərdiyin əmanət bir lənət olub bütün adamlarımı məhv etdi. Hər yerdə məni axtarırlar. Sonumun yaxınlaşdığını hiss edirəm. Bu səbəbdən, Qılıncla bağlı bütün izləri bu dəftərə köçürdüm və digərilərini yox etdim. Səndən istədiyim tək şey, açarın səndə olan parçasını heç kimin tapa bilməyəcəyi bir yerdə gizlət. Mən Allahın qucağına sığınıb, sonuna qədər səni orda gözləyəcəm. Amma, əvvəlcə, açarın digər parçasını... ” 

 

İmran vərəqin digər üzünə baxdı. Heç bir yazı yox idi. Məktub yarımçıq idi.

     - Bəs qalanı?

     - Mən də, bilmirəm. Məktub daşın içərisindən bu halda çıxmışdı.

 

Ardı Var...

 

Səslərin sayı: 0
0
802
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )