Xəyalə Murad- "Zülmət"(hekayə)
Vüsalı ilk dəfə birinci kursun ilk dərs günündə Tibb Universitetinin qarşısında görmüşdüm. Yanımda yenicə tanış olduğum qrup yoldaşlarım vardı. Vüsalın Universitet həyətinə ilk girişi yadımdadı. Ayağını çəkə-çəkə, yaxasının düyməsini yoxlaya-yoxlaya gəlirdi. Məndən fərqli olaraq çəlimsiz idi. Pilləkən kənarında oturan tələbə yoldaşım olacaq Qasım bütün ilk kurs tələbələrinə xas olan lovğalıqla danışır, yanımızdan ötən hər kəs haqqında özünəxas fikirlər səsləndirirdi. Vüsalı görəndə istehza ilə: “Baxın, Universitetimiz necə zəngdir... Hətta topalımız da var.”-dedi. Sözün düzü o an mən də yanımdakılar kimi gülmüşdüm və indi bu hərəkətimi xatırlayıb xəcalət çəkirəm. Ən təsirlisi ilə budur ki, Vüsal Qasımın dediklərini eşitmişdi. Əvvəl köksünü ötürüb qapıya doğru getdi, daha sonra kənara çəkilib Qasımın hər böyründən keçənə bir söz qoşmasını müşahidə etdi. Bizim gülüşümüz, özünü göstərmək üçün etdiyimiz bu uşaqlıq Vüsalı çilədən çıxartmışdı. Tamamilə təsadüfən geri dönəndə qapı qarşısında dayandığını gördüm. Üz-gözündən qəzəb yağırdı. Bütün diqqətini bizə yönəltmişdi. Əllərini sinəsində çarpazlayıb qapıya söykənmişdi. Ara bir hirsindən dodaqlarını gəmirirdi. Onun yeni ləqəbini eşitdiyinə şübhəm qalmamışdı. Udqundum və dərindən nəfəs alıb Qasımın çiyninə toxundum:
-Deyirəm, bəlkə ara verəsən, hə?
-Sən qorxursan?- Qasımın bu dəfəki hədəfi mən oldum. –Kişi ol! Heç kimdən çəkinmə.
-Axı sənin çatana ad qoymağın kişilikdən deyil! –o an heç özüm də bilmirəm cəsarəti haradan tapmışdım.
-Nə dedin?-Qasım ayağa qalxdı.
-Nədir? Nə baş verib?
-Heç... yuxuda danışırdın. -dedim
Sanki ilk dəfə eşitmirmiş kimi vecsiz uzandı, ancaq gözləri boşluğa yönəlmişdi. Nəsə düşünürdü.
-Bu yuxu deyil, həqiqətdir.-dedi.
Udqundu. Gözucu mənə nəzər salıb yenə boşluğa baxdı. Susurdu. Cavabsız qalmaqdan çox onun güvənini hələ də qazana bilmədiyimə üzüldüm. Dinməz-söyləməz çarpayıma uzandım. Pəncərədən ulduzlu səmanı seyr edirdim. Adətən bu davranış yuxu əvvəli heç nə haqda düşünməməyimə kömək olurdu. Bir-bir ulduzları incələdim, saydım. Bu vaxt Vüsalın çarpayısından çıxan cırıltıya diksindim. Rayonumuzdan uzaq düşəndən bəri yaman çox diksinirdim. Heç özüm də bilmirdim bu ürkmələr nədəndir. Atamdan səbəbini soruşanda “Yad yerə alışanadək belə olur”- demişdi. Gözucu Vüsala baxdım. Üstündəki yorğanı kənara çəkib ayağa qalxdı. Əynində idman şalvarı və ağ yay köynəyi vardı. Sağ ayağını darta-darta stola yaxınlaşdı və heç gözləmədiyim anda dilləndi:
-Kənardan baxıb insan haqqında hər hansı fikrə sahib olmaq çox asandır. Elədir?
-Elədir.-dedim.
Susdu. İlk dəfə idi ki, Vüsal dərsdən başqa nə isə danışırdı. İndi isə susdu. Davam etməsi üçün mən də çarpayımda dikəldim. Yatağın kənarındakı lampanı yandırdım. O məni görürdü. Ancaq həm də görmürdü. Başqa, tamamilə başqa yerə baxırdı.
-Dünən kimi yadımdadır. –Gözləri parıldadı- Evimizdə təmir işləri getdiyindən atamla-anam məni tək-tənha yaşayan babamın evinə- Xocalıya göndərmişdilər. Nənəm öləndən bəri kimsə onu evi satıb burdan köçməyə razı sala bilmirdi. Babam Xocalıya bütünü ilə bağlı idi. Burada doğulub, burada yaşayıb, burada da ölmək istəyirdi. Hətta nənəmin qəbrinin yanında özü üçün yer də saxlamışdı.... Biz Ağdamda olurduq, dayımgilsə Şuşada yaşayırdı. Artıq dörd gün idi ki, Xocalıda- babamın evində qalırdım. Ara bir atışma səsləri eşidəndə babamın gözlərinə baxardım. “Əsgərlərimiz təlim keçirlər”deyirdi. Ancaq küçəyə çıxmağa da qoymurdu. Hətta həmin gün evin ikinci mərtəbəsinə çıxmağı da qadağan etmişdi. Canım sıxıldığından odun peçinin böyründə kitab oxuduğum yerdəcə yatıb qalmışdım. O gecə babam məni oyatdı ki, cəld əynimi geyinib küçəyə çıxım. Əvvəl heç nə anlamadım. Key-key ətrafa boylandım. Elə o an ilk dəfə güllə səsini belə yaxından eşitdim.-Əllərini qulaqlarına tutub stulda oturdu- Nəfəsim xirtdəyimdə dayandı. Gözlərim bərələ qaldı. Babam “Qorxma, bala! Artıq yekə oğlansan. Cəld ol!” dedi. Əynimi geyindiyimdə yaxınlaşıb qalın papağımı başıma taxdı. –pəncərəni göstərdi- “Bayırda qar yağır, uzağa getsək üşüyərsən” dedi. Uzağa... o uzağın nə qədər olacağını heç onda təsəvvür belə etməzdim.-barmaqlarını bir-birinə keçirdi. Dırnaqlarını incələyirmiş kimi diqqətlə tamaşa edirdi. Mənsə yataqda oturub dostumun içdən gələn etirafına qulaq asırdım. Hər hansı bir sual vermək istəmirdim. Bu heç lazım da deyildi. Nə də olsa, onu daxilən incidən vacib məsələdən danışırdı.
-Babam tüfəngini doldurub patron ehtiyyatını cibinə qoydu. Əlimdən möhkəm yapışıb hasar qonşusu Əhmədgilə keçdi. Məni Əhmədin üç uşaqlı xanımına tapşırıb alnımdan öpdü. “Onlarla birlikdə rayona evinizə get. Mən də arxanızca gələcəm. Lazım gəlsə, var gücünlə qaç və nə olur-olsun geri qayıtma. Eşidirsən, Vüsal? Qayıtma!...” dedi. Əhmədin qarşısına keçib yola düzüldük. Onun da əlində tüfəng vardı. Dörd bir yandan bizi qorumağa çalışırdı. Uşaqlarla əl-ələ verib var gücümüzlə qaçırdıq. Anam deyərdi “Soyuq havada qaçsan tərləyib sətəlcəm olarsan”. O an anamın o qadağasını da xatırlamırdım. Əhməd hara desə, ora dönərdik. Bizi meşə yolu ilə Ağdama aparırdı. Sıx meşənin içi ilə, dizədək yağmış qarda zülümlə hərəkət edirdik. Ara bir başqa ailələr də bizə qoşulurdu və birlikdə eyni istiqamətə qaçırdıq. Əhməd meşəbəyinin oğlu olduğundan buralara yaxşı bələd idi. Bunu digər sakinlərə deyəndə eşitmişdim. Özüm isə artıq yorulmuşdum, ancaq dayanmırdım, dayana bilməzdim. Ayaqlarımı, əllərimi hiss etmirdim. Sanki bu dəqiqə barmaqlarım qopub düşəcəkdi. Şaxta və dizədək qar bir yandan, arxamızda gələn erməni dığaları bir yandan. Məntiqlə düşünəndə dərk edirdim ki, dayansam ya şaxta öldürəcək, ya da erməni gülləsinə tuş gələcəm. Mənimsə cəmi on üç yaşım vardı. Ölüm barədə düşünəcək yaşda deyildim. Bizə qoşulan digər ailələrdən bir uşaq ağlaya-ağlaya dedi ki, anasını gözləri qabağında vəhşicəsinə öldürdülər. Uşağın gözlərinə baxa bilmirdim. O məndən balaca idi, ancaq necə vahimə içində idisə, onun nifrəti mənə keçdi. Qeyri-ixtiyari babamı düşündüm. Çox güman ki, onu da ...-Susdu. Gözündən bir damla yaş yanağında iz qoyaraq əlinə düşdü. Udqunub:
-Hələ də davam etməyimi istəyirsən?
Vüsal haqlı idi. Bu dəhşətli faciəni o zülmət gecənin şahidi olmayanlar anlaya bilməzlər. Bizim tamamilə fərqli uşaqlıq xatirələrimiz vardı. Lakin onun xatirələri bütün Azərbaycan xalqının sağalmaz yarası idi. O gecə Vüsalın etirafını dinləməklə təkcə otaq yoldaşımı yaxından tanımış olmadım, eyni zamanda Xocalı soyqırımına xəyalən nəzər salmış, o faciəni “yaşamış” oldum. Bu əhvalat qəlbimdə yatmış Vətən sevgisini, torpaq eşqini alovlandırdı. Vüsalla birlikdə Xocalı soyqırımının gənclər arasında unudulmaması naminə Universitet daxilində bir çox layihələr, tədbirlər həyata keçirdik. Universiteti bitirdikdən bir müddət sonra həkim olaraq fəaliyyət göstərəcəyimiz hərbi hissədə vəzifəmizi şərəflə yerinə yetirəcəyimizə and içdik. Yaralı əsgər və zabitlərimizi müalicə etdikcə onların daxilindən gələn mübarizliyi, Vətən eşqini duymamaq mümkün deyildi. Məhz gələcəyimizə inanaraq Qarabağımızın heç də uzaq olmayan bir gündə geri qaytarılacağına inanmağa başladıq. İndi isə Vətən övladı, istedadlı həkim və ilk növbədə vətənpərvər gənc kimi inanırıq ki, xalqımızın Xocalı adlı böyük yarası ona qovuşduqdan sonra tamamilə sağalacaq.
XƏBƏR LENTİ
Gənc xanımlar üçün geyimlər
Bu simptomları varsa, dərhal həkimə müraciət edin
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Ketrin Zeta-Cons 14 yaşlı qızı ilə
Plastik əməliyyatlar Məryəmi belə dəyişdi - fotolar
HAVA necə olacaq?
Fransız senatordan Bakıdakı siyasətçilərə çağırış
Mehmet Ali Erbildən xəbər var-FOTO
Türkiyədə Təhlükəsizlik Şurasının iclası başlayıb
Ruhu yaşından böyük
Bakı telefonlarında internet olacaq
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
ABŞ-dan Qarabağ döyüşləri ilə bağlı açıqlama
Bilmək faydalıdır
Başqası üçün sən
Günün ulduz falı
Koronavirusu dünyaya yayan Uhandan şok görüntülər - FOTO
Əhalinin sayı açıqlandı
Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapıldı
Cennifer Lopez hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktrisa məsxərəyə qoyuldu-FOTO
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Adi ərzaqların qeyri-adiliyi
Qozlu bükmə (foto resept)
Görməniz lazım olan yerlər (2)
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
"Qadın.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (2)
Emili izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu il ən çox pul qazanan müğənnilər - SİYAHI
Hava haqqında
“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat edib
Dünyanın ən qədim şalvarı tapıldı
Gülben Ergenin keçmiş yoldaşı AÇIQLAMA verdi
İnstaqramda Yenilik
Noxudlu burger (foto resept)
Ebru Polat ərə gedir
Kakao işçi yaddaşı yaxşılaşdırır
Xoşbəxtəm, çünki... - I hissə
Cazibədar ziyafət donları
Lana Del Reydən limonla saça qulluq
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
Qızıl və gümüş ucuzlaşıb
Bakıda dünya çempionatı olacaq
3D Yataq dəstləri(2)
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Evdə yaradıcı iş otaqları
Hava limanlarında maraqlı dizaynlar
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Avropanın ən həyacanlı əyləncə parkı açıld
- ŞƏRHLƏR