Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
14 noyabr 19:27Surayye Gözəl bacılar haralardaydiz? Niyə iki gündü görüşmüşük
39437

Tahirə Qürrətül-Eyn - 200 (V hissə)

 

Tahirə Qürrətül-Eyn - 200 (V hissə)

1960-cı ildə Bakıda müəllifi Fuad Əbdürrəhmanov, memarı Mikayıl Hüseynov olan “ Azad qadın “ abidəsi ucaldılır

Çox təəssüflə qeyd etmək istəyirəm ki, şərəfli tarixə və fövqəlbəşər əhəmiyyətə malik olan bir missiya üçün ucaldılan abidə ətrafdakı göydələnlərin əhatəsində əzəmətini nəzərə çarpacaq dərəcədə itirib. Heykəlin Cəfər Cabbarlının məşhur qəhrəmanı Sevilin prototipi olduğu söylənilsə də, bu informasiyanı kanıtlayan heç bir yazılı sənəd yoxdur. Bu mövzuda əsər yazmaq dramaturqa dövlət tərəfindən sifariş edilmiş və tamamilə yazıçının təxəyyülünün məhsuludur. Filmdə Sevil obrazını yaradan İzzət Orucova Azərbaycanın həm ilk aktrisası, həm də ilk qadın neft mühəndisi olmaqla bir növ həm Sevil rolunun, həm də Azad Qadın abidəsinin prototipi olmağa ən layiqli namizəddir. İzzət xanım isə Tahirə Qürətül-Eynin pərəstişkarı və davamçısı olmuşdur. O, bu haqda öz xatirələrində yazmışdır. ( Bu, başqa bir araşdırmanın mövzusudur ) Əgər xatırlayırsınızsa, abidənin arxasındakı uğursuz yerdə tikilmiş göydələndə uzun illər İran Milli Bankı fəaliyyət göstərib.Və cənublu qonşularımız hər pəncərədən baxdıqlarında Tahirənin ruhu abidədən boylanaraq qanlı keçmişi onların yadından çıxarmağa izn vermədi.
“ Sevil “ filminin ikinci rejissoru erməni olmuş və baş rolda erməni aktrisanın çəkilməsi üçün əlindən gələni etmişdir. Bütün çətinliklərə baxmayaraq, bu rolda bir türk qızının çəkilməsini uğurla həyata keçirməyi bacaran Cəfər Cabbarlıya isə nə qədər minnətdar olsaq da, azdır.

İlahi ədalətin bərqərar olması üçün ya bu abidə həqiqi sələfinin adını daşımalı, ya da Zərrintac-Tahirənin şərəfinə layiqli bir abidə-kompleks ucaldılmalıdır.

Tahirə Qürrətül-Eyn - 200 (V hissə)

Xatırlatmaq istəyirəm ki, M.F.Axundzadə “ Kəmalüddövlə məktubları “ fəlsəfi traktatında Tahirədən bəhs edib. Sovet dövründə isə Sabir Gəncəli onun haqqında məlumat verib.
Azərbaycanda Tahirəyə daima diqqət göstərən, araşdıran və layiqli qiymətini bilən tək alim görkəmli yazıçımız professor Əzizə Cəfərzadə olub. Onun Tahirə ilə tanışlığı 1947-ci ildən, aspiranturada oxuduğu vaxtdan başlamış və həyatının sonuna qədər davam etmişdir. Tarixi roman janrında qələmə aldığı son əsəri - “ Zərrintac-Tahirə “ ni Qürrətül-Eynə həsr etmişdir. ( 1996 cı il ) Bundan başqa 2005-ci ildə nəşr olunmuş Nigar Rəfibəylinin ön sözünü yazdığı “ Azərbaycan qadın şairləri antologiyası “nda da ondan bəhs edilir. Yazıçı ömrünün sonuna qədər bu mövzunu diqqətdə saxlamış, bütün mümkün variantlarda onun adının unudulmaması üçün əlindən gələni əsirgəməmişdir. “ Bir güllə yaz olmaz “ deyimi bu hadisə ilə necə də həmahəng səsləşir. Elə bu səbəbdəndir ki, Əzizə xanım dünyasını dəyişdikdən sonra Tahirə mövzusu tamamilə unudulub, yaddan çıxmışdır. Buna görə də deyə bilərik ki, Tahirə Şimali Azərbaycanda Əzizə Cəfərzadə ömrü yaşadı. Onunla anıldı, onunla da unuduldu... Belə olmasaydı tarixi romanın çapından dörd il keçməmiş 2009 - cı ildə nəşr edilmiş 656 səhifəlik “ Cənubi Azərbaycan ədəbiyyatı antologiyası “ nda Zərrintac-Tahirəyə bir səhifə olsun yer ayrılardı...
Vaxt gələcək Tahirə Qürrətül-Eynin şərəfinə cəmiyyət yaradılacaq, ictimai birlik təsis ediləcək, küçə, xiyaban salınacaq, məktəb, teatr fəaliyyət göstərəcək. Onun şanlı həyat yolu haqqında tamaşalar oynanılacaq, filmlər çəkiləcək. Əlahəzrət ədalət yerini tapacaq. Amma xalq öz qəhrəmanına sahib çıxmasa, tariximiz ən şanlı səhifələrindən birini həmişəlik itirə bilər.
1965-ci ildə Azərbaycan Dövlət Dram Teatrında Janna Darkın həyatından bəhs edən "Orlean qızı" ( F. Şiller ) pyesi tamaşaya qoyulub. Əlbəttə ki, Arklı Janna buna layiqdir. Amma “ Şərqin Janna Darkı “ və çox vaxt “ Jannadan daha üstün “ adlandırılan Tahirə Qürrətül-Eyn isə nədənsə teatrlarımızın repertuarına salınmayıb.
İstedadlı Avstriya şairəsi Marie von Najmajer Tahirə haqqında 1870-ci ildə özünün ən gözəl poemasını yazmışdır. Avstriya prezidentinin anası və Yeni Qadın hərəkatının banisi Marianna Hainsisch 1925-ci ildə yazırdı: “ Mənim bütün həyatım boyu ən böyük qadınlıq nümunəsi Qəzvinli Tahirə olmuşdur. Onun həyatı və ölümü barədə eşidəndə mənim cəmisi on yeddi yaşım vardı, amma mən onda dedim: “ Mən Avstriya qadınları üçün o şeyləri etməyə çalışmalıyam ki, onları İran qadınları üçün etmək naminə Tahirə həyatını qurban verdi “. Bunlar da tərcüməçilərin yolunu gözləyən işlər sırasındadır.
Qərbdə, Rusiyada ilk dəfə Babın tarixi haqqında kitab Sankt-Peterburq universitetinin şərqşünas professoru Mirzə Məhəmmədəli Kazım bəy tərəfindən ( 1802-1870 ) çap edilmişdi. Bu əsərdə Tahirə Qürrətül-Eynə dəyərli bir paraqraf həsr edilib. Böyük əks-səda doğuran bu əsərdən sonra xeyli sayda tədqiqatçı, yazar bu mövzuda yazıb yaratmağa başladı. Məşhur rusiyalı aktrisa Sara Bernhart Tahirənin həyatı haqda eşidib, dramaturq Catulle Mendesdən ona pyes həsr etməsini xahiş edir.
23 yanvar 1904-cü ildə, axşam 19:30 da Sankt-Peterburq şəhəri Bədaye teatrında “ Bab “ pyesi tamaşaçılara təqdim olunur. Pyesin müəllifi Sankt-Peterburqda çalışan, polyak İzabella Arkadyevna Qrinevskaya idi. Anşlaqla keçən tamaşa dörd dəfə oynanıldıqdan sonra, senzura ona beş illik qadağa qoyur. 1917-ci ildə Petroqradda xalq teatrı yenə də bu tamaşaya müraciət edir. Pyes alman, fransız, tatar dillərinə tərcümə edilərək səhnə həyatı yaşayır. Lakin Tahirənin türk olması, mənsub olduğu xalq haqqında heç zaman heç bir fikir səsləndirilmir.
Bəlkə də Tahirənin taleyi XIX əsr İran qadınları barədə ən yaxşı sənədləşdirilmiş bir həyatdır. Onun həyat fəaliyyəti qısa olduğu kimi göz qamaşdırıcı, hadisələrlə zəngin olduğu kimi faciəvi idi.
Qürrətül-Eyn Tahirə dünya dinlərinin tarixi salnaməsində şanlı bir mövqe tutur.
O mistik baxışlı və inqilabi ideallara can atan böyük istedada malik bir qadın idi.O, cəsur, şücaətli, namuslu idi və doğru hesab etmədiyinə “yox” demək cəsarətinə və dürüstlüyünə malik idi. O, əsrlərlə yaranmış ziyanlı ənənələrə meydan oxudu və öz ölkəsinin qadınlarının azadlığı üçün əməli addımlar atdı, onlara şərəfə, azadlığa və firavanlığa çatmağın yeni yollarını göstərdi. O, nəinki şərqdə, eləcə də dünyada kişi və qadınlar arasında bərabərlik bayrağını qaldıran və üzündən niqabı götürən ilk qadın oldu.
ABŞ da qadınların İnkişafı naminə “ Tahirə Assosiasiyası “, “Tahirə Ədalət Mərkəzi “, Braziliyada “ Tahirə Təhsil Kollegiyası “ fəaliyyət göstərir. Vətənində isə nə yazıq ki, adını belə bilmirlər.
O, cəmiyyətində cərəyan edən inancları tənqid edirdi. O həbs edildi. Daşlandı. Sürgün edildi. Kafir elan edildi. Əmlakı qarət edildi. İran məlakəsi olmaq təklif aldı. Amma Tahirə nə bu vəhşiliklərdən çaşdı, nə də hakimiyyət və məqam təkliflərindən şirnikləndi. O, ölümə qalib gələrək zəfər qazandı. Onun böyüklüyünün sirri məhz bu cəsarət və möhkəmlikdədir.
Edavard Q. Braun : “ Qürrətüi-eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır- xeyr, demək olar, bir möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında bənzərsizliyi və ölümsüzlüyü ilə də irəli çıxır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması kifayət edərdi”.
Əbdül Bəha : “ Bəlağətdə o əsrin fəlakəti, məntiqi mühakimədə dünyanın bəlası idi “.
Jules Bois : “ İranın Janna Darkı, şərq qadınının azadlıq lideri... o kəs ki, həm orta əsrlər Heloisiesini, həm də neoplatonik Hipatiyanı xatırladırdı”.
Kedlestonlu Lord Kurzon: “ Sevimli, lakin talesiz Qəzvin şairəsi Zərrintacın qəhrəmanlığı müasir tarixin ən təsirli epizodlarından biridir”.
M.F.Axundzadə: “ Qürrətül-Eyn...Atəşin təbə malik qeyrətli, hümmətli və öz zəmanəsinin gözəli olan qız idi. Onun həyatı dastanlara layiqdir. Bir çox vuruşmalarda o, igidlik və qəhrəmanlıq nümunələri göstərmişdir. İran dövlətinə qarşı babilər hərəkatından başlanan üsyanların çoxunda Qürrətül-Eyn başçılıq vəzifəsini üzərinə götürmüşdür “.
Mirzə Kazım bəy: “ Demək istəyirəm ki, qadına azadlıq ideyası necə möhkəm, dönməz ruh, necə möhkəm iradə yerləşdirir! Bizim qəhrəman Qürrətül-Eyn, başqa sözlə Tahirə ...misilsiz nümunədir!..Qəzvin müctəhidinin qızı, qeyri-adi dərəcədə yüksək təhsil almış, hətta alim idi, sözə hakim idi, bütün bunların üzərində onun təsvirəgəlməz gözəlliyi parlayırdı...”
Comte de Gobineau: “ Birmənalı olaraq bu hərəkatın ən diqqətəlayiq və maraqlı təzahürlərindən idi... Qəzvində o bütün mənalarda bir möcüzə idi... Onun həyatının müxtəlif dövrlərində onu tanıyan və onu eşidən çoxlu insanların hamısı ... mənə deyirdilər ki, o danışanda insanın ruhu dərinliyinə kimi ehtizaza gəlirdi, heyranlıqla dolurdu və göz yaşları çıxarırdı “.
Ser Valentin Chirol : “ Onun xatirəsindən daha dərin heç bir xatirə daha ehtiramla anılmır, ya daha böyük şövq doğurmur və həyatı dövründə onun göstərdiyi təsir bu gün də qadınlara təsir etməkdə davam edir ”.
Abbas Amanat: “ Əzm və həyat eşqi ilə dolu bir qadın olan Qürrətül-Eyn üçün Qəzvində Baraqaninin qapalı və sakit evindən onun 1848-ci ildə Bədəşt yığıncağında çadrasız görünüşünə qədər keçən yol uzun bir yol idi, o, çoxlu ictimai-sosial maneələri və dini tabuları keçməli omuşdu “.
İqbal Tahirəni “ Xatuni- Əcəm” adlandırmışdır. Və onun şərəfinə çox möhtəşəm bir poema həsr etmişdir.
Xacə Məsud: “ Tahirəyə İqbalın onu “ Xatuni-əcəm “ adlandıraraq göstərdiyindən daha böyük ehtiram göstərilə bilməzdi. O, bütün qadınlara, bütöv bəşəriyyətə bir mayak kimi dayanır və onları ənənəçilikdən və ehkamçılıqdan tamamilə azad olacaqları bir gələcəyə çağırır, o gələcək ki, onlar orada yeni azadlıq, bərabərlik və qardaşlıq dünyası quracaqlar. Bu bir dünya olacaq ki, orada qadınlar kişilərlə çiyin-çiyinə məyus insanlığın göz yaşlarını siləcəklər “.
Süleyman Nazif: “ O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, o qədər böyükdür ki, Həvvadan tutmuş onun doğulacaq son qız övladına qədər, bu nəcib icmanın ( müsəlman ) hər bir üzvünün, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə...
Belə gözəllik və cəsarətə əlavə olaraq, o elə iffətli və ismətli idi ki, hətta onun amansız qatı düşmənləri belə onun mühakimə bayrağı altında toplananların ona verdikləri “ Tahirə “ ( olduqca saf, pak ) sifətini sual altına ala bilmirlər. Hər kəslə cürətlə ünsiyyət edən bu iffət rəmzi ehtiras çirkinliyindən ləkələnməmiş qaldı.
Onun məziyyətləri ilə yalnız səfillər, zəlillər və möhtaclar deyil, həm də o zamanın böyükləri də ovsunlanmışdı. Hətta Tehranın ən yüksək çinli polisi ciddi-cəhdlə bu misilsiz qəhrəmanın dustaqlığını yumşaltmaq və onu tamamilə azad etməyə çalışırdı. Lakin o, qətiyyətli və ləyaqətli idi, bu planlaşdırılmış amnistiyanı qəbul etmədi, öz qüruruna sadiq olduğu qədər də nəcib prinsiplərinə vəfalı qaldı.
Dünyanın tarixi çətin ki, nə vaxtsa bu cür faciəvi ölümü bu cür ruh ucalığı ilə qarşılayan Zərrintac kimi bir qadının, hətta kişinin belə tarixini yazmış olsun. Zərrintac gözəl doğulmuşdu, Qürrətül-Eyn isə şərəfi və böyük bir ölümlə ölmək istədi “ .
Tahirə Asiyada qadınların azadlığına, kişi və qadın bərabərliyinə çağıran ilk qadındır.
Tahirə o dövrün bərabəri olmayan bir xanımıdır. O, dühası və mühakiməsi, cəsarəti və hünəri, biliyi və ayıqlığı ilə şərqin və qərbin məşhur şəxsiyyətlərinin heyranlığını qazanmışdı. Tahirənin məşhurluğunu göstərən fakt budur ki, İranın tarixi, babilər hərəkatı, yaxud qadınların azadlığı haqqında istənilən dildə yazılan, demək olar ki, hər bir kitabda Tahirəyə istinad edilmişdir.
İran qadınlarının azadlığından böyük mükafat ola bilməzdi və bu təəccüblü deyil ki, İran Qürrətül-Eynə görə son əsrdəki ədəbiyyatı ilə qürurlanır.
Tahirənin həyatı bütünlüklə Allaha məhəbbətə bağlanmış, XIX əsrdə bütünlüklə qadınların emansipasiyasına həsr edilmişdir.
Heç bir düşünən kişi və qadın insanlıq üçün nəsə etmədən ölmək istəmir. Tahirənin ən gözəl xasiyyəti həqiqəti axtarmağa sədaqəti idi. O hələ kiçik qız ikən həqiqəti axtarmağa başladı və şəhid olana qədər heç vaxt təslim olmadı.
Belə nəhəng şəxsiyyətin həmvətəni olmaq nə qədər qürurverici olsa da, ona sahib çıxmamağımız bir o qədər heyrətdoğurucudur.

Beş qitə boyunca alovlu heyranları olan qəhrəman qadının vətənində - Azərbaycanda da tanınmasının zamanı çatmayıbmı?

 

Araşdırma müəllifi: Jurnalist-Kəmalə Əliyeva

Səslərin sayı: 1
2
1045
loading...
Şərhlər
Offline
Surayye
Bu sonuncu hissedir? Cox beyendim. Hec tanimirdim
23 fevral 2018 13:22
Offline
Xəyalə Murad
Kəmalə xanımın sayəsində xanımlarımız Tahirə xanımın həyat və fəaliyyəti ilə tanış oldu. Bu gün olmasa da, yaxın zaman içində bu məlumatlar öz layiqli çox dəyərini tapacaq. Geniş və ətraflı araşdırmanızı Qadin.Net saytına etibar etdiyiniz üçün sizə təşəkkür edirəm.
23 fevral 2018 11:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )