Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Azərbaycanın ilk pianoçu qadını -Xədicə Qayıbova

 

 

Azərbaycanın ilk pianoçu qadını -Xədicə Qayıbova

 

 

Azərbaycanın ilk pianoçu qadını - Xədicə xanım Qayıbova

Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbova represiya dövrünün musiqiçi qurbanlarından biri idi.

1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya altı övladın ən böyüyü olaraq göz açmışdı. Anası məşhur Terequlovlar nəslindən idi. (Bu, o Terequlovlar idi ki, onun iki qızı – Məlikə və Badigülcamal Üzeyir Hacıbəylinin və Müslüm Moqamayevin həyat yoldaşı idi).

Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Nə var ki, istəklər hər zaman asanlıqla həyata keçmir. Ata bunun üçün xeyli əziyyət çəkməli olur. Çünki öz maddi gücü buna imkan vermirdi. Elə bu vaxt tale onlara bir şans yetirir. Tiflisdə yerləşən “Müqəddəs Nina” qız məktəbinə daxil olan iki qızın dövlət hesabına oxuyacağı elan olunur. Ərizələrin qəbulu başlanır. Ancaq iki yerə 200 ərizə verilir. Püşkatma keçirilir və qəbul olunan iki qızdan biri olur balaca Xədicə.

İlk elementar musiqi biliklərinə “Müqəddəs Nina” qız məktəbində yiyələnən Xədicə xanım ilk musiqi təhsilini də L.N.Knini və Truskovskidən alır. Lakin onun təhsil illəri uzun sürmür, ailəsinə bədbəxtlik üz verir. Atası, qardaşı və bacısı vərəmdən ölür. Artıq təhsilini davam etdirə bilməyəcəyini anlayan Xədicə xanım 1911-ci ildə arzularına müvəqqəti fasilə verir. Bu məqsədlə “Müqəddəs Nina” qız məktəbindən ayrılır. Və həmin gün də Qafqaz Ruhani İdarəsinin baş müftisi, məşhur din alimi Hüseyn Əfəndi Qayıbzadənin oğlu, yol mühəndisi Nadir Qayıbova ərə gedir.

 

Azərbaycanın ilk pianoçu qadını -Xədicə Qayıbova

 

 

Həm Müftizadələrin, həm də Qayıbovların maarifpərvər, mədəni insanlar olması, ailə qurduqdan sonra da daha mükəmməl bir mühitdə yaşaması onun dünyagörüşünə təsirsiz ötüşmür.

Bir müddət Tiflisdə tatar məktəbində dərs deyən Xədicə xanım Qayıbova 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla Bakıya köçür. Bakı mühiti onun inkişafı üçün geniş imkanlar açır, o, qadın sənətçilərin az olduğu Bakıda ulduza çevrilir sanki. Burada tezliklə yeni mühitə uyğunlaşır, musiqi mədəniyyətinin fəal iştirakçısına çevrilir. “Deyirlər, Hacı Zeynalabdin Tağıyevin Xədicə xanıma xüsusi hörməti varmış. Hətta ona serviz və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıbmış…”

Bakıya gəldikdən sonra “İsmailiyyə”də fortepiano konsertləri ilə çıxış edən gənc və gözəl qadının Şah döngəsi 16 nömrəli evi sanki musiqi salonunu xatırladır. Onun qonaqları arasında Üzeyir Hacıbəyli, Fuad Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Hüseynqulu Sarabski, Bülbül və başqaları ilə yanaşı, Azərbaycan və Türkiyənin görkəmli dövlət adamları və ziyalıları da olurdu. Belə musiqi gecələri nə qədər əyləncəli olurdusa, o qədər də xalqın maariflənməsi, qadınların təhsilə, eləcə də, səhnəyə cəlb edilməsi ilə bağlı söhbətlərlə zəngin idi.

1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Şərq musiqi şöbəsinə müdir təyin olunan Xədicə Qayıbova “Qısamüddətli Şərq musiqi kursları” təşkil etməyə nail olur. Uşaq xoru yaradır. Şərq Konservatoriyasının əsasını qoyaraq, buraya bütün peşəkar musiqiçiləri toplamağa nail olur. “Şərq musiqi kursları” ləğv olunduqdan sonra o, təhsilini davam etdirmək qərarına gəlir. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə və bəstəkarlıq fakültəsinə daxil olaraq professor L. Abdan dərs alır.
Fortepianoda muğam improvizasiyaları ifa etməsi, dastanların toplanması və bu qəbildən olan “əməlləri” onun təqib olunmasına gətirib çıxarır.
Bildiyimiz kimi, repressiya illərinin ağır zərbəsi təkcə insanımıza qarşı deyil, həm də maddi və mənəvi abidələrimizə yönəlmişdi. Bu illərdə dastanlar, muğamlar, xalq musiqisi, milli alətlər “mürtəce” elan edilmişdi. Onlar “zərərli” kimi qiymətləndirilir, onların inkişafı yolunda çalışan hər kəs təqib olunurdu. Xədicə xanımın muğamlarımız və dastanlarımız üçün göstərdiyi xidmətlər rejimin planlarına uyğun deyildi. Ona görə təqib olunması da normal idi.

1933-cü il… Həmin il təqiblər həbslə nəticələnir. Əksinqilabçılıqda və türkçülükdə günahlandırılaraq üç ay həbs olunması sonrası heç bir sübut olmadığı üçün azad edilir. 1934-cü ildən etibarən Konservatoriyada müəllim kimi fəaliyyətə başlayır.
1934-cü ildə həyat yoldaşı Nadir Qayıbovdan ayrılmalı olur. Ayrılıq səbəbi isə qəribədir. Çünki Nadir Qayıbov Xədicə xanıma görə təqib olunur, 1934-cü ildə iki dəfə həbs edilir. Səbəb Mir Cəfər Bağırovun Xədicə xanıma olan anormal heyranlığıdır. Bu illərdə iki övlad anası və evli olan bir qadına qarşı manyak sevgisi M.C.Bağırova bütün yollara əl atmaq imkanı verirdi. Artıq həyat yoldaşının növbəti həbsdə öldürüləcəyini duyan qadın ondan ayrılaraq ikinci dəfə başqa bir Qayıbovla – Rəşid bəy Qayıbovla evlənir. Ancaq Rəşid bəy 1937-ci ildə əksinqilabçılıqda ittiham olunaraq güllələnir.

1934-cü ildəki həbsindən sonra 1938-ci il martın 18-də ikinci və sonuncu dəfə həbs olunan Xədicə xanımın geri qayıtmaq şansı olmur.
Anası həbs olunanda hələ 12 yaşı olan qızı Alanqu Sultanova anasının həbs olunduğu o məşum gecəni belə xatırlayır: “Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər…”
Xədicə xanım öncədən bilirdi ki, ona qarşı qondarma ittihamlar irəli sürüləcək və buna görə də cəzalandırılacaq. O, ən pis halda sürgün olunacağını gözləyirdi və psixoloji olaraq özünü buna hazırlayırdı. Heç bir halda güllələnəcəyini düşünmürdü, düşünə bilmirdi. Axı necə də düşünsün?! Axı o, həyat eşqi ilə dolu idi…

Sonradan onun haqda ictimai xadim, inqilabçı Sultan Məcid Əfəndiyevin həyat yoldaşı, “xalq düşməninin arvadı” kimi həbs olunmuş Zivər xanım Əfəndiyeva belə yazırdı: “Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam Qoy onlar sevinməsinlər…”
Ona qarşı irəli sürülən ittihamlar ağır idi. O, əksinqilabçılıqda, xarici kəşfiyyatın casusu olmaqda ittiham edilir. “Özünüzü müqəssir bilirsinizmi?” sualına cavabı “Mən əksinqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm” olur. O, hətta keçmiş ərinin qohumu Əliağa Şıxlinski ilə tanış olmaqda və birgə fəaliyyət göstərməkdə ittiham olunur.
Bundan başqa, sovetləşmədən sonra müsavat firqəsinin liderlərindən Mustafa Vəkilovun 10 - 15 gün onun evində gizləndiyi məlum olur. Xədicə xanım bunda heç bir məqsəd güdmədiyini desə də, bu, heç nəyi dəyişmir. O, eyni zamanda bildirir ki, Azərbaycan inqilabi komitəsinin sədri Davud Hüseynovun da bundan xəbəri olub.
Onu şərləməyin, inadını sındırmağın o qədər də asan olmadığını anlayan rejimin icraedici canlı mexanizmləri işgəncəyə əl atır. Dindirmələr, fiziki iztirablar onu yorur, ümidini üzür. Aqibətini dərk edən bu zərif məxluq artıq süqutunu qəbul edir…
Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab edilir.
Altı ay sonra isə Xədicə xanımı sarsıdan, və əbədi susduran qərar çıxarılır: “Qayıbova Xədicə Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!” On beş dəqiqəlik məhkəmə ilə hökm verilir və oktyabrın 27-də icra edilir.

1954-cü ildə Alanqu Sultanova anasının günahsız həbs olunması ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir. 1955-ci il aprelin 28-də Xədicə xanım Qayıbovanın günahsız həbs olunması ilə bağlı hökm çıxarılır. “Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilmişdir. Qərar ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.

Xədicə xanım həbs olunan gecə pal-paltarı yığılmış çamadanı götürməmişdi. “Mən pianoçuyam. Ağır şey qaldıra bilmərəm. Siz götürün” – demişdi. Ən dar günündə də piano çalan barmaqlarının qeydinə qalmışdı. Pianosuna yenidən qovuşacağı günün uzaqda olmadığı inancında idi. Lakin danışan dilləri susduran rejim onun pianonun ağ və qara dilləri üzərində gəzişən, ruha qida verən incə barmaqlarını da susdurdu.

Ədalət yerini tapanda gec idi. O bəraət alsa da, artıq olan olmuşdu. Zaman onu günahsız yerə cəzalandıranları cəzalandırsa da, artıq mənasız idi. O barmaqlar çoxdan susmuşdu. İki övlad isə yetim qalmışdı.

Səslərin sayı: 0
1
2475
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Bax bu məlumati hec bilmirdim.
4 iyul 2017 17:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )