Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu
38071

Tərbiyədə-doğru bildiyimiz yanlışlar

 

Tərbiyədə-doğru bildiyimiz yanlışlar

 

Bütün valideynlər düşünürlər ki, onlar övladlarından ağıllı və uzaqgörəndirlər. Bu cür təfəkkür tərzinə elə alışmışıq ki, əksini heç cür qəbul edə bilmirik və bu cür düşünənləri də qınayırıq. Yaş səviyyəsi baxımından və valideynlərin həyati təcrübəsi nöqteyi- nəzərindən yanaşdıqda övladın ata- anasına nəsihət verməsi normal qarşılanmaz. Çünki uşaqların görüb – götürməli , öyrənməli olduqları hələ çox şeylər var. Amma sentmentallığa varanda vallah- billah övladlarımız bizdən qat- qat üstündür. Onların saf və böyük hissləri ilə müqayisədə bizim düşünərək atdığımız addımlar belə heç nədir. Xülasə, uşaqlar böyüklərdən böyükdür.  İnanmırsınızsa müşahidələr aparın, fərqi görəcəksiniz. İndi mən bu mövzuda yazı yazmaq istəyirəm. Yazıma hələ təzə başlayıram elə hesab edin ki, əvvəli  heç oxumamısınız .

Yazsam ki, övlad böyütmək nə qədər şərəfli və gözəl vəzifə olsa da bir o qədər də çətin və məsuliyyətli bir işdir, oxuyanda deyəcəksiniz ki, bunu hamımız bilirik. Növbəti cümləm- elə övlad böyüdəsən ki onunla daima fəxr edəsən- fikri ilə davam etsə yenə deyəcəksiniz ki, bu hamımızın arzusudur.- Yaxşı nümunəni uşaqlara ilk növbədə gərək özümüz göstərək- deyə yazımı bir az da genişləndirsəm əminəm ki, oxuyub başınızı yelləyib”- burada heç bir yeni fikir yoxdur”- deyə deyinəcəksiniz. Onda bu hissəni də oxumamış hesab edin. Burdan o yana yazdıqlarımı -- hə bunu da bilirik- deyə düşünsəniz onda deməli, bu yazını nahaq yerə vaxt sərf edib yazmışam.

    Uşaqlardan həmişə yazmaq istəmişəm, amma psixoloq kimi yox, sadəcə, bir qələm adamı kimi. Uşaqları müşahidə etmək, onların nə düşündüklərini bilmək xoşuma gəlir. Bəzən çox yazıçının demədiyi sözü uşaqlar deyir, aqillərin göstərmədikləri yolu uşaqların göstərdikləri anlar olur. Qəribədir, bu gün uşağı döyüb – söyüb, heysiyyətinə toxunub, böyüyəndə isə onu qürurlu bir şəxsiyyət kimi görməyi arzulayırıq. Düşünmürük ki, o qüruru bu gün-“ burnun girməyən yerə başını soxma”- deyərək öldürürük. Böyüklərə aid məsələləri uşaqlara səbrlə, daha yumşaq, onun başa düşə biləcəyi şəkildə izah etmək lazımdır. Bir çox ailələrdə uşaqlarla heç də düzgün olmayan şəkildə davranılır. Uşaqları qorxaqlığa alışdırırlar, sərbəst düşünmələrinə hər vasitə ilə mane olurlar. Az- çox cəsarətli uşaqların etirazına isə “üzə ağ olma” kimi pis qiymət verirlər. Valideynlər özlərinin buraxdıqları səhvlərin fərqində olmadan hər an övladlarında nöqsan axtarır, hər şeyin üstündə onları danlayırlar. Hətta qonşu uşağı evlərinə  gətirdiyi üçün danlanan uşaqlar da var. Etirazı təhqir sayan valideynlər övladlarının peşə arzusuna da qarışırlar. Rəssam olmaq istəyən övaldını ya həkim, ya da hüquqşünas kimi görmək istəyirlər. Bəzən uşaqların maraqla verdiyi sualın cavabını belə ona izh etməkdə tənbəllik edən valideynlərə də rast gəlirik. Onlar unudurlar ki, indi övladına verəcəyi doğru və yaxud yanlış cavab onun gələcəyini müəyyənləşdirməkdə böyük rola malikdir. Bu zaman uşaqlar istər yaxşı, istərsə də pis tərəfdən istiqamətlənmiş olurlar. Odur ki, özünüzü yox, övladlarınızı düşünün. Övladlarını düşünmək təkcə onlar üçün maddi sərvət toplamaq demək deyil, valideyn borcu bununla bitmir. Maddi sərvətlərdən qiymətli o qədər mənəvi dəyərlər var ki... ( özünüz bilirsiniz)

    Siz heç övladı ilə məsləhətləşən valideynlər görmüsünüzmü? “ Uşaq haqlıdır”  düşüncəsinə önəm verən valideynlər tanıyırsınızmı?  (cavabınız müsbətdirsə sevinməyə dəyər).

 

Tərbiyədə-doğru bildiyimiz yanlışlar

 

 

Bütün hisslərimizlə uşaqlara bənzəsəydik, hər şeyi onların gözü ilə görsəydik həyatda bu qədər çirkinliklər olmazdı. Bu dünya özü belə bir uşaq aləmi qədər gözəl deyil. Parkdakı heyvan fiqurlarına onu incitməmək üçün minməyən saf uşaqlardan ibrət götürsəydik...

Çoxları özünü öyür ki, mən övladlarımı yaxşı tərbiyə edirəm. Bu yaxşı sözünə nələrin daxil olduğu məlumdur. Təbii ki, hər bir valideyn övladına oğurluğun, əxlaqsızlığın, adam öldürməyin pis əməl və yaxud cinayət olduğunu daima təbliğ edir. Bu əməlləri övladlarına yasaq etməklə tərbiyə sistemini çoxları məhdudlaşdırır. Lakin – “heç kəsin  cibinə göz dikmə”, “ucuz şöhrət dalınca qaçma”, “başqasının işinə qarışma”- kimi tövsiyyələri isə elə-belə xırda şeylər hesab edirlər.” Tərbiyənin əsası budur” - fikrinə o qədər də önəm verməyən valideynlər hətta paxıllıq hissini belə özləri övladlarına aşılayırlar. Bəli, bu belədir özü də çox asanlıqla bunu edirlər. Etiraz etməyin, bunu bütün analar edir. Öz övladlarını sevdiklərindən ,başqasının övladına isə biganə olduqlarından analar belə edirlər.

Övladının hər cür nazına dözüb, etirazına məhəl qoymadan, onu zorla yedirən anaları hamımız görürük. Ana yeməkdən imtina edən uşağı hər vasitə ilə şirnikləşdirir, onun bir qaşıq da artıq yeməsi üçün dəridən – qabıqdan çıxır.-“ Bunu da ye babana dəyməyə gedək, bunu da yesən sənə konfet verəcəm” -deyə uşağı dilə tuturlar . Ən pisi isə- “tez ol ye, bax, yoxsa gəlib o biri uşaqlar yeyəcək. Bax görürsən filankəs çox yeyir, deyə o səndən sağlamdır”- kimi qorxulu ifadələrin işlədilməsidir. Çünki bununla da analar övladlarında paxıllıq hissinin bünövrəsini qoyurlar. Bəli,” sən ye yoxsa başqası yeyəcək.” Pislik, bir –birini sevməmək, başqasının uğurunu qəbul etməmək - istiqamətini.burdan alır. “ Qoy hər şey mənim olsun”- deyə hər kəs düşünür.

Çünki uşaq ikən hamının anası ona- “ye yoxsa başqası yeyəcək”- söyləyir. Ona görə də bu gün hamı çox yeməyə çalışır, hamı sahib olduğu hər şeyi başqası ilə bölüşmək istəmir (təkcə kədərindən başqa)

“Filankəsin uşağı ac qurd kimi yeyir” tövsiyyəsi ilə böyüyən uşaq sonra ac qurda dönür, gözü heç nədən doymur, xüsusilə də əlinə vəzifə düşəndə. Bir də dəcəllik edən uşaqları həkim və iynə ilə qorxutmağı doğru sanmaq olmaz. Bu pis təbliğatdır, uşaqları tibbdən uzaq salır.- “Sakit dur, yoxsa həkim gəlib iynə vuracaq” - Bu da bizim millətə məxsus tərbiyə üsullarından biridir. Uşaqlara həkimi və iynəni xeyirxahlığın, sağlamlığın rəmzi kimi təbliğ etmədiyimizdən də həkimliyi yalnız gəlirli peşə kimi sevirik.

Uşaqları əvvəlcə valideynləri, sonra isə cəmiyyət korlayır. Yaltaqlığı evdə ata anasından öyrənən uşaq böyüyəndə sosial təbəqə baxımından özündən üstün olan kəslərə yaltaqlanırlar.

Fərdi keyfiyyətləri ilə başqalarına nümunə ola biləcək övlad böyütmək üçün gərək özümüz onlara gözəl nümunə olaq. Ailəmizdə övladlarımızçün gözəl mənzərə yaratmalıyıq ki, onlar hər şeyi öz tablolarına al- əlvan rənglərdə köçürsünlər. Valideynlər özləri nəzakətli və mülayim davranmalıdırlar ki, övladları da öz yoldaşları ilə bu cür rəftar etsinlər. Ata – anasını qonşu ilə savaşan görməyə adət edən uşaqlar da məktəb yoldaşları ilə yol getmirlər. Büdrəyib yıxılan övladına üstəlik bir şillə də vuran valideynin böyütdüyü vətəndaş heç kəsə qayğı göstərməyəcək. Övladı ilə dost olmayan valideynlərin uşaqlarının yanlış dost seçməsi çox asandır. Bu cür böyüyən uşaqlar əsl dostun necə birinin olduğunu anlamayacaq, bəlkə də, onu uçuruma aparan birinə əl uzadacaq. Analarından qorxub sirrini rəfiqəsinə açan qızlar sonda tənha qalırlar.

 

Tərbiyədə-doğru bildiyimiz yanlışlar

 

 

Qəribədir, uşaq ikən övladını döyüb- söyən, alçaldan valideynlər sonralar kürəkəninin və yaxud gəlninin yanında övladının hüquq müdafiəçisinə çevrilirlər. (Fikirlərim sətirlərdə valideyn haqqını inkar etmək üçün cəmləşməyib. Sadəcə, müşahidələrimin bir qismini qələmə almışam- etiraz əlaməti olaraq)

Bütün bu cəhətlərilə bərabər hər kəs öz valideynlərini sevir təbii ki.

Uşaqların çatışmaz cəhətlərinin səbəbkarı kimi təkcə valideynləri göstərmək də haqsızlıq olar. Bu movzuya uşaqların özlərinin fərdi keyfiyyətlərini və ailədən kənarda gördüklərini də qatmaq olar. Bir də evə gələn qonaqlar və qonaq  getdiyimiz  ev sahibləri bu çatışmazlıqda xüsusi yerlərdən birini tuturlar. Məsələn, stolun üstündəki konfetlərə baxıb ağzı sulanan uşağa ana allergiya səbəbindən onu yeməyə icazə vermirsə kənardan biri həmən o konfetləri uşağın ovcuna qoyur və- “uşaqda işin olmasın qoy yesin”- deyərək yersiz müdaxilə edir. Bu hal heç də səxavətli olmaq demək deyil. Burada pis yönəltmə var. Digər bir nümunə - Qonaqla görüşməkdən çəkinən uşağı buna məcbur edirlər, ya da qonaq özü uşağı yanına çağırmaq üçün ona nəsə verəcəyini söyləyir. O “nəyinsə” marağı uşağı bayaq istəmədiyi adamın yanına çəkib gətirir. Bu da rüşvətə doğru atılan ilk addımdır .

Heç sevmədiyim bir məqam da var ki, onu yazmasam bu qədər yazdıqlarım ürəyimə yatmayacaq. Bu da uşaqları danışdırmaqdan ötrü onlara verilən mənasız suallardır. Bu sualın ən pisi –“atanı çox istəyirsən yoxsa ananı?”  – deyə verilən sualdır. Bu sual uşaqların aləmində ata- ana fərqinə maraq oyadır. O özü də müqayisəyə başlayır. “Atanla anan savaşırmı? ” – bu sualı isə uşaqlara mədəni insanlar vermirlər. Əgər kimsə uşağı bu tərəfdən danışdırmaq istəyirsə o adamın heç nəyi çatmır.

Bir tip adamları da müşahidə etmişəm. Bunlar lap gülüncdürlər. Ona görə gülüncdülər ki, beş yaşlı uşağın avtobusda əyləşməsi onları qıcıqlandırır. Özünün ayaq üstə getməsindən çox uşağın rahatlığı onu narahat edir.” Sən dur uşaqsan  qoy mən əyləşim” deyə onları qaldırırlar .

Bu kimi halları nəzərə alaraq, xahiş edirəm, ay böyüklər, sizin hər kəsə hər şeyə gücünüz çatır. Siz öz ayaqlarınızın üzərində dura bilirsiniz- istər həyatda istər nəqliyyatda. İmkan verin uşaqlar mənzil başına rahat və sağlam çatsınlar. Bu “mənzil başı” kəlməsi təkcə informativ məna daşımır. Bu sözü obrazlı şəklə salsaq daha çox məna tapacağıq. Demək istəyirəm ki, övladlarımızı  elə böyüdək ki, mənəvi yoxsulluqdan nə özləri əziyyət çəksinlər, nə də başqaları bu yoxsulluğun yükünü daşısın.

      “Bunlar həqiqətdirmi? “ sualının cavabını mənim kimi siz də bilirsiniz, hörmətli oxuyanlar. Onları siz də tanıyırsınız, siz də görmüsünüz. Lakin heç hansımız başqa ailələrin işinə qarışa bilmirik. Alacağımız kəskin cavabı bəri başdan düşünüb susuruq. Hansı valideynə bu cür rəftarı biz qadağan edə bilərik? Bunun üçün ancaq təbliğat aparmaq lazımdır. Kim necə bacarır o şəkildə. Belə məqamların gələcəkdə səbəb ola biləcəyi pislikləri mən də bax beləcə- sözün qüdrətinə arxalanıb  aradan qaldırmaq istəyirəm. Demək istəyirəm ki, uşaqlara düzgün tərbiyə metodu tətbiq edilməlidir, daha hər kəsin “ öz bildiyi kimi yox!”

         Bu fikirləri etiraz etməyə  mənəvi haqqım çatan tanışlarıma, bu tövsiyələrə daha çox əməl etməyə ehtiyacı olan adamlara hər hansı bir  vasitə ilə   çatdırmaq istəyərkən, ağlıma belə bir fikir gəlir. Bəzən küçədə müxtəlif firmaların məhsulunu reklam etmək məqsədi ilə istəyənin olub- olmamasından asılı olmayaraq məcburi şəkildə adamlara müxtəlif cür təbliğat vasitələri göstərirlər. Adamlar baxır, bəyənir. Bəyənməyənlər belə məlumat almış olurlar. Bəlkə, mən də “Tərbiyənin vacib şəkilləri” adlı bər-bəzəkli  bir yazı yazıb, bax o adamlar kimi əhaliyə paylayım? Nə qədər olmasa beş-on nəfər alıb baxacaq, oxuyacaq. Bəlkə, elə bu cür yazını öz ünvanına çatdırım. Ola bilsin ki, kimsə oxuyub dəyişdi. Kitab deyil ki. oxumayalar, elə-belə balaca bir yazıdır. Hə, kitab demişkən, daha bir çatışmazlığı xüsusi vurğulamaq istədim. Adamın lap ağlamağı gəlir... Övladına ən bahalı geyim və oyuncaqlar alan bir çox valideynlər kitab almaqda yaman xəsislik edirlər. Əslində bu xəsislik də deyil. Nəsə dəhşətli bir çatışmazlıqdı. Sözdən söz çıxarmıram, amma oyuncaq deyəndə də bir şey yadıma düşdü.  Oyuncaq həsrəti ilə yanan uşaqlar var ey... Onların valideynləri  bu istəyi heç cür anlaya bilmir “oyuncağa pul verməyi” də mənasız bir şey sayırlar. Axı niyə oyuncağa öz yaş səviyyələri ilə yanaşırlar. Bir uşaq üçün bunun dəyəri çox böyükdür. Daxilində hansı hisslərin mövcud olduğu uşaqların oyuncaqla necə rəftar etdiyindən bəlli olur. Həm də axı bu onların sevinclərinin bir parçasıdır. Bir uşağı sevindirməyə nə var ki.. Bir oyuncaq və yaxud bir təzə paltar sevinci ilə onlara həyatı sevdirmək asandır. Kaş bu sıraya kitab hədiyyəsi də daxil olsun, uşaqları elə təbliğ edək ki, onlar oyuncaqlar kimi kitabları da sevsinlər, alınmasını istəsinlər. Bu yazı vasitəsilə özünün yuxarıda qeyd etdiyim şəkildə olan tərbiyə üsulunu “normal” hesab edənlərə demək istəyirəm ki, “Böyüklük haqqınızdan ağa kimi yararlanmayın, övladlarınızı alçaltmayın. Siz onlara üzü gələcəyə doğru getdikləri yolda  düzgün istiqamət göstərin. Övladlarınızda insanlığa hörmət hissi oyadın. Əsəbi anlarınızda bir-birinizi təhqir edib onları bu səhnəyə tamaşaçı etməyin, alqışsız qalacaqsınız. Bir vaxt gələcək onlar sizə hər buraxdığınız səhvi bir əməl şəklində göstərəcəklər. Unutmayın ki, tərbiyə 3-4 adət etdiyimiz vərdişlər deyil. Əsl tərbiyə insan yetişdirməkdir. Bu gərəksiz tərbiyə vasitələri ilə insanlığı məhv etməyin. Uşaqlara alovun təhlükəli olmasını öyrətdiyiniz tək  ədalətsiz olmağın da dəhşətlərini izah edin. “Valideynəm” deyə zəif cəhətlərinizi övladlarınıza kortəbii surətdə sevdirməyin. Elə edin ki, uşaqlar sizi insan olduğunuzçün  sevsinlər, bioloji bağlılığın məcburiyyətindən yox.

 Pərvanə Bayramqızı

Səslərin sayı: 2
4
1411
loading...
Şərhlər
Offline
Emma Svon
Oyuncaq almayan valideynlər də var? Dəhşətdir...
1 iyul 2017 16:25
Offline
Iceberg
Çox faydalı mövzuya toxunmusunuz.
1 iyul 2017 01:22
imza: shafaabdulla.blogspot.com
Offline
Editor1
Bütün hisslərimizlə uşaqlara bənzəsəydik, hər şeyi onların gözü ilə görsəydik həyatda bu qədər çirkinliklər olmazdı. Bu dünya özü belə bir uşaq aləmi qədər gözəl deyil. Parkdakı heyvan fiqurlarına onu incitməmək üçün minməyən saf uşaqlardan ibrət götürsəydik...
30 iyun 2017 23:19
Offline
Xəyalə Murad
Bu yazını ilk olaraq bir valideyn kimi oxudum. Özümü görməsəm də, allergiya ilə bağlı hissə tam bizə aid idi. Düzdür oğlum allergiyasının zərərindən xəbəri var deyə heç bir süfrədəki şokolada əl uzatmır. Ancaq olur bəzən allergiyanı "adi" xəstəlik hesab edib, mənə "uşağı hər şeyə həsrət qoyma" deyirlər. Halbuki onun yeyə bildiyi şokolad da var (alıram yeyir), şirniyyat da(şəkəri, yumurtası, südsüz olanı) var. Onları yeyə bildiyinə görə bu hər kəsin ovuca sıxdığı şokoladlara ehtiyac görmür. Onları dilinə də vurmur. Çünki əks halda nə vəziyyətə düşəcəyini yaxşı bilir. Heç xoş hal deyil. Allergiyanın yer üzündə olmamasını istərdim, ancaq istəyimlə yox olan deyil.
İkinci olaraq bir cəmiyyətin üzvü kimi oxudum. İki əlli dəstəkləyirəm. Fikirlərin hər birində həqiqət en qədərdir. Xüsusən də kitab almaq vərdişini aşılamağı alqışlayıram. Pərvanə xanımdan yeni yazılar gözləyirəm! give_ros
30 iyun 2017 21:00
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır